Məhkəmə qərarları › İş №2(103)-4034/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4034/2020

19.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4034/2020 19.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı "İddiaçı" ASC-nin X4 iştirakı ilə, iddiaçı "İddiaçı" ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6481/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı "İddiaçı” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxx 2018-ci il tarixli barışıq müqaviləsi üzrə 40000 manat və illik 5 faiz dərəcəsi ilə banka dəymiş zərər və əldən çıxmış fayda qismində 2685 manat məbləğinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 6481/2019 saylı xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2018-ci il tarixli barışıq müqaviləsi üzrə 40000 manat və 30 manat dövlət rüsumu tutularaq "İddiaçı” ASCnin xeyrinə ödənilməsi və iddianın tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 6481/2019 saylı x xxxxxx 2019-cu il tarixli qətnaməsinin qismən ləğv edilməsi və iddianın tam təmin edilməsi və 15 manat dövlət rüsumunun tutularaq "İddiaçı" ASC-yə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində MPM 385.1.2, 385.1.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 6481/2019 saylı x xxxxxx 2019-cu il tarixli qətnaməsi prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmişdir. Belə ki, məhkəmə iddia tələbində illik 5 faiz dərəcəsi ilə banka dəymiş zərər və əldən çıxmış fayda qismində göstərilən 2685 manatın tutulmalı olması iş materialları ilə subuta yetirilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir kimi əsaslandırmışdır. xx.xx.2018-ci il tarixli Barışıq müqaviləsinə əsasən borclu Cavabdeh 40000 manat vəsaiti 50 gün ərzində ödəməyi öhdəsinə götürmüş, lakin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Qeyd olunan Barışıq müqaviləsi üzrə xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək illik 5 faiz dərəcəsiilə banka dəymiş zərər və əldən çıxmış fayda qismində 2685 manat məbləğində müəyyən edilərək Cavabdeh tələb edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "İddiaçı" ASC-nin X7 apellyasiya şikayətini müdafiə edərək, banka dəymiş zərər və əldən çıxmış fayda qismində illik 5 faiz dərəcəsiilə razı olmadıqlarını bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İddiaçı "İddiaçı" ASC-nin X4 təqdim etdiyi xx.xx.2020-ci il tarixli M/71-3678 saylı arayışa əsasən, müqavilə müddəti bitəndən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5% dərəcəsi ilə dəymiş zərər və əldən çıxmış fayda qismində göstərilmiş 2685 manat aşağıdakı qaydada hesablanmışdır: 1.Tərəflər arasında bağlanmış barışıq müqaviləsi xx.xx.2018-ci il tarixində bitmişdir, məhkəməyə müraciət olunan zaman təqdim edilən iddia ərizəsində qeyd olunan 5% məbləğ xx.xx.2019-cu il tarixinədək hesablanmışdır. 2 müddət arasında 490 gün fərq olduğu; 2.Cavabdeh Barışıq müqaviləsi üzrə 40000 manat borcu vardır. Qeyd olunan məbləğin 5%-i 2000 (1 il-365 gün) manat təşkil etdiyi; 3. Yuxarıda göstərilən 2000 manatın hər gün üçün faiz məbləği 5.48 manat təşkil etdiyi (2000 manat/365 gün=5.48 manat); 4.Barışıq sazişinin müddəti bitdiyi gündən İddia ərizəsi verilən günə qədər müddət 490 gün olduğunu nəzərə alaraq cavabdehin illik 5% dərəcəsi ilə borcu xx.xx.2019-cu il tarixinə 2685 manat təşkil etdiyi müəyyən edilmişdir (490 gün x 5.48 manat=2685 manat). Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını MM-in 439-449, 739-744, 881; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 385, 386, 388 və 390-cı maddələrinə, cavabdeh tərəfindən mübahisələnditrilməyən kredit (barışıq) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, 1. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. 2. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. 3. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. 4. Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Apellyasiya şikayətinin təmin edilməyən “5 faizlə hesablanmış 2685 manat məbləğində əldən çıxmış fayda” hissədə tələbin təmin edilməməsinin əsassız olması qənaətinə gəlir. Belə ki, iddiaçı zərərin daha böyük olduğunu sübut edə bilmədiyi təqdirdə 5% bank uçot faizi ilə zərərin tələb edilməsində haqlıdır və bu qanunla müəyyən edilmiş imperativə dair əlavə sübutların təqdim edilməsinə zərurət yoxdur. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "İddiaçı" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6481/2019 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən -iddianın təmin edilməyən ”illik 5 faiz dərəcəsi ilə banka dəymiş zərər və əldən çıxmış fayda qismində 2685 manat” hissədə ləğv edilsin və həmin hissədə iddia tələbi təmin edilsin. İllik 5 faiz dərəcəsi ilə hesablanmış 2685 manat məbləğində pul vəsaitinin Cavabdeh "İddiaçı" ASC-nin xeyrinə tutulması təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar