Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4035/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, Cavabdeh1 nümayəndəsi Vəkil3 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli qətnaməsindən və 10 mart 2022-ci il tarixli əlavə qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı (üçüncü şəxs: Bakı şəhəri 24 saylı Notariat Ofisi) iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi 12 saylı fərdi yaşayış evinin X2 məxsus 1/2 hissəsindən iddiaçının miras payının müəyyən edilməsi və iddiaçının həmin evin 1/2 hissəsində müəyyən olunmuş payına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim N.Rzayeva, iş № 2(010)-304/22) iddia təmin edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli əlavə qətnaməsi ilə (hakim N.Rzayeva, iş № 2(010)-304/22) iddiaçının miras əmlakda müəyyən edilmiş 1/6 hissə payına köçürülmə tələbinə dair hissədə də iddia təmin edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermiş və şikayətində qətnamənin və əlavə qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1943-cü il təvəllüdlü X3 iddiaçının anasıdır. O, X6 ilə nikahda olmuş və bu nikahdan Gülnarə, Rəfail və Ramaya anadan olmuşdur. X9 19.01.1997-ci il tarixdə dünyasını dəyişmişdir. Mübahisəli evin 1/2 hissəsi anasının mülkiyyətindədir. Anası dünyasını dəyişməzdən əvvəl iddiaçı bu ünvanda yaşamışdır. Anası 15 iyun 2015-ci il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra da iddiaçı anasından miras qalan evdə yaşayırdı. Anasının vəfatından 3 ay keçməmiş iddiaçı miras qalan fərdi yaşayış evinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Bakı şəhəri 24 saylı Notariat Ofisinə müraciət etmişdir. Bundan sonra digər vərəsələr olan bacı və qardaşına miras əmlakda paylarının müəyyən edilməsini təklif etmişdir. Lakin qardaşı evin sənədlərini verməkdən imtina etmişdir. Bu hadisədən sonra bacısı Türkiyəyə getmiş, idiaçı isə 1 il bu ünvanda yaşamışdır. Lakin getdikcə qardaşının həyat yoldaşı tərəfindən də iddiaçıya qarşı təzyiqlər artdığından anasının vəfatından bir il sonra miras əmlakdan çıxmalı oldu. 2019-cu ilin sentyabr ayında bacısı Türkiyədən gələndən sonra iddiaçı yenidən miras evə köçərək orada yaşadı. 2021-ci ilin aprel ayında yenidən qardaşı və onun ailəsinin iddiaçıya qarşı olan təzyiqləri sayəsində məcburiyyət qarşısında qalıb anasından miras qalmış evdən çıxmışdır. Bundan sonra iddiaçı miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariat kontoruna müraciət etmiş və Bakı şəhəri 24 saylı Notariat ofisindən aldığı cavab məktubunda iddiaçıya bildirilmişdir ki, vərəsələr arasında mübahisə olduğu üçün qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyil və bununla bağlı məhkəməyə müraciət etməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi və əlavə qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apelyator şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı 1991-ci ildə ailə qurduqdan sonra ər evinə köçmüş və bir daha onlarla yaşamamışdır. Analarının müalicə və dəfn xərclərini özü qarşılamışdır. İddiaçının analarının sağlığında və dəfnindən sonra onlarla yaşaması tamamilə yalandır. İddiaçı qeyd etdikləri ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh1 nümayəndəsi Vəkil3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də, işdə iştirak edən digər şəxslər üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız Cavabdeh1 tərəfindən mübahisələndirildiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını yalnız həmin şəxsin şikayətinə münasibətdə yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli qətnaməsi və 10 mart 2022-ci il tarixli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, miras qoyan X3 15 iyun 2015-ci il tarixdə vəfat etmişdir. Mirasın kütləsinə daxil olan əmlak Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi 12 saylı fərdi yaşayış evinin X2 məxsus 1/2 hissəsidir. Mülkiyyətçi vəfat etdikdən sonra onun övladları İddiaçı, Cavabdeh1, Cavabdeh2 qanun üzrə birinci dərəcəli vərəsələridir. İddiaçı 12 sentyabr 2015-ci il tarixdə mirası qəbul etməsi və mübahisəli evə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair ərizə ilə Bakı şəhəri 24 saylı Notariat Ofisinə müraciət etmiş, ərizəsində özündən başqa həmçinin digər vərəsələri - X4, X1 göstərmişdir. Həmin halı Bakı şəhəri 24 sayıl Notariat Ofisinin məktubu da təsdiq edir, məktubda bildirilmişdir ki, İddiaçı vərəsəlik işinin açılması üçün yalnız doğum haqqında şəhadətnamə və ölüm haqqında şəhadətnamə təqdim etmiş və bildirmişdir ki, mülkiyyət hüququnu təsdiq edən sənədləri digər vərəsələr qardaşı və bacısı ona vermir. Tərəflər arasında mübahisə olduğuna görə notarius tərəfindən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Hazırkı işdə iddiaçının tələbi mübahisəli evin miras qoyana məxsus 1/2 hissəsindən vərəsəlik qaydasında ona düşən payın müəyyən edilməsi və müəyyən olunmuş həmin paya köçürülməsi barədə qətnamə çıxarılmasından ibarətdir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, həm iddiaçı tərəf, həm də cavabdehlər miras evdə yaşamaqla və torpaq sahəsindən istifadə etməklə mirası faktiki olaraq qəbul etmişlər və miras əmlak birinci dərəcəli vərəsələr kimi onların arasında bölünməlidir. Məhkəmə bütün vərəsələrin mirası faktiki olaraq qəbul edərək ondan istifadə etməsini və hər üç vərəsənin birinci növbədən olan vərəsə kimi bərabər hüquqlara malik olmasını nəzərə alaraq iddianın əsaslı olduğu qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi, Mülki Məcəllənin 1133.1, 1151.1, 1243.2, 1243.3, 1246, 1248.11300, 1301-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəlləyə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1246). Mülki qanunvericiliyin sadalanan normalarının mənasından göründüyü kimi iddiaçı mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə verməklə mirası qəbul etmiş sayılır. Belə ki, o, 12 sentyabr 2015-ci il tarixdə, mirasın açılmasından 3 ay müddət keçmədən mirası qəbul etməsi barədə ərizə ilə notariat kontoruna müraciət edərək miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, qanunla müəyyən edilmiş mirasın rəsmi qəbul edilməsinin son müddətini ötürməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı miras açılandan sonra miras evdə yaşamamış və mirası faktiki qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göründüyü kimi, qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyriformal) üsullarını müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini əsassız sayır və qeyd edir ki, qanunun mənasına görə iddiaçı miras açılandan sonra 3 ay ərzində mirasın qəbulu haqda ərizə ilə notarait ofisinə müraciət etməklə mirası qəbul etmiş sayılır (mad.1243.2). Belə olan halda qanun iddiaçıdan mirası rəsmi qəbul etməsi ilə yanaşı, həm də faktiki qəbul etməsini sübut etməyi tələb etmir. Belə ki, qanunla müəyyən olunmuş müddət ərzində mirasın qəbulu haqda rəsmi ərizənin verilməsi artıq mirasın qəbulu sayılır. Mirasın faktiki qəbulu o vaxt əhəmiyyətli sayılır ki, miras vərəsə tərəfindən rəsmi qaydada qəbul edilməmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mirası qanunla müəyyən edilmiş 3 ay ərzində rəsmi qəbul etdiyindən onun mirası faktki qəbul edib-etməməsi barədə dəlillər heç bir əhəmiyyət daşımır. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi miras əmlakda iddiaçı ilə yanaşı digər vərəsələrin də paylarını müəyyən etmiş, lakin həmin vərəsələr bu halı mübahisələndirməmişlər. Bu baxımdan Kollegiya həmin hallar üzrə araşdırma aparmır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin həm əsas, həm də əlavə qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə 09 fevral 2022-ci il tarixli qətnaməsi və 10 mart 2022-ci il tarixli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4035/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4035/2022
01.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver