Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4040/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 13 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflər arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Həmin müqavilə bağlandıqdan sonra iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə edilməsi aşkar edilmiş, bununla bağlı aktlar tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların və dəymiş ziyanın hesablanması dair eyni tarixli tələbnamələrin surətlərindən görünür ki, abonent kodu **********00012 sayla qeydiyyata alınmış abonent İddiaçı sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkar edilmiş və itirilmiş qazın dəyəri 50796 m3 həcmində (10728 x0,10 + 40068 x 0,12 = 5880,96 manat) dəymiş ziyan hesablanmışdır. Abonent saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00012 sayla qeydiyyata alınmış abonent koduna aktlar üzrə 583,20 manat, 489,60 manat, 1944,0 manat, 669,60 manat, 734,40 manat, 734,40 manat, 362,88 manat, 362,88 manat olmaqla, cəmi 5880,96 manat borc hesablanmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən tərtib olunmuş sözügedən aktın ləğvi və ona əsassız hesablanmış 5848,46 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən ******* saylı qaz sayxacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilməklə yeni sayğac iştiakı ilə ünvan 1 ünvanıma quraşdırıldı və ona həmin vaxt heç bir problemin olmadığını bildirdilər. Bu sayğacı da dəfələrlə müraciətindən sonra bu sayğacı quraşdırdılar. Sonradan qaz borcunu ödəmək istədiyi zaman görmüşdür ki, əlavə borc yazılıb. Ona bildirdilər ki, guya təbii qazdan qeyri qanuni kənar xətt ilə istifadə edir və akt yazılanda onu çağırsalar da, evdən çıxmamış, sonra da o, imza etməkdən imtina etmişdir. Lakin akt barədə məlumatı olmamışdır. Amma ki, belə bir hadisə olmayıb . Onlar araşdırmadan böyük məbləğdə cəriməni onun sayğacına hesablamışlar. O, hər ay istifadə etdiyi qazın borcunu vaxtında ödəmişdir. Akta əlavə edilmiş şəkillər təkcə qapının şəklidir . Bununla bağlı müvafiq olaraq Cavabdehə müraciət etmiş, həmin idarənin əməkdaşları tərəfindən ona bildirmişlər ki, sənə 5848,46 miqdarında cərimə yazılmışdır. Bu barədə cavabdeh təşkilata müraciət edərkən ona sayğaca müdaxilə edildiyi və bu səbəbdən cərimə yazıldığı bildirilmişdir. Halbuki, o, heç vaxt qaz sayğacına müdaxilə etməmiş, nə də sayğacdan kənar xətti olmayıb, daim istehlak etdiyi qaza görə borcunu ödəmişdir. Cavabdeh təşkilat qaz sayğacına müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. Mülki qanunvericiliyin qeyd olunan normalarından göründüyü kimi, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin onun qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və onun təqsirli olmağımı sübuta yetirməlidir.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-880/23 saylı iş üzrə 28 mart 2023cü il tarixli qətnaməsi ilə (hakim E.Məmmədli) iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu **********00012) hesablanmış 5460,48 manat məbləğində borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə hesab etmişdir ki, cavabdeh təşkilat tərəfindən iddiaçının sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə edilməsinə görə tərtib edilmiş aktlar əsasında İddiaçı 5880,96 manat ziyan hesablasa da iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq qaydada öz həmin məbləğdə ziyanın hesablanmasını əsaslandıran, yəni idiaçının məhz 5880,96 manat məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etməsi halı etiraf edilməklə məhkəmə araşdırması zamanı müəyyən edilsə də, ziyanın hesablanmasına zamanı ziyanın hesablanmasına əsas olmuş qaz avadanlıqları yerində müayinə zamanı qeyd oluan ünvanda mövcud olamamışdır. Həmin ünvanda sadə bir ədəd PQ2 qaz sobası olmuşdur. Belə olan halda məhkəmə qeyd etmişdir ki, xx.xx.2022ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı aktlara əsaslanmaqla itirilmiş qazın bərpası üçün dəymiş ziyan üçün 50796 m3 həcmində sərfiyyat hesablanmaqla dəyəri 5880,96 manat məbləğində ziyan qanuni və əsaslı hesab edilə bilməz. İddiaçının evində qanunsuz qaz xəttindən istifadə olunmuşdur. Lakin iddiaçı yaşadığı evdə qanunsuz qaz xəttindən istifadə etsədə həmin an hesablanarkən orta günlük iş rejimi 24 saat olaraq hesablansa da, məhkəmə orta günlük iş rejiminin 8 saat olaraq hesablanmasını ağlabatan və işin hallarına uyğun hesab edir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının 5.2, 6.5-ci bəndinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh İB apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması, eyni zamanda da sayğaca müdaxilə etməsi faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş və fotoşəkilləri çəkilmişdir. İşin halları ilə bilavasitə əlaqədar olan halların araşdırılması üçün ekspertiza təyin edilməsi zəruri və qaçınılmazdır. Bildiririk ki, abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur və tərəfimizdən heç bir səhvə yol verilmədiyini yoxlamaq məqsədi ilə ekspertiza və yerində müayinə təyin edilməsi məqsədəmüvafiqdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 385.1. Bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
15. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”:
16. Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.
17. Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı işdə iddia qismən təmin edildiyindən və qətnamə apellyasiya qaydasında yalnız cavabdeh tərəfindən mübahisələndirildiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını yalnız iddianın təmin olunmuş hissəsində yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən edib maddi hüquq normalarını düzgün tətbiq etsə də, iddianın təmin olunan hissəsinə münasibətdə ağlabatan məbləği düzgün müəyyən etməmişdir.
21. Cavabdeh məhz iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edildiyi, qəsdən zərər yetirildiyi barədə heç bir sübut təqdim etməmiş, iddiaya etirazını öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş rəy və aktlarla, subyektiv mülahizə və ehtimallarla əsaslandırmağa çalışmışdır.
22. İşin apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Tərəflər ekspert vəsatətində tələb olunan sənədləri ekspertizaya təqdim etməmiş, nəticədə ekspertizanın keçirilməsi baş tutmamışdır.
23. MPM-ə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər (maddə 97.5).
24. Kollegiya MPM-in 97.5-ci maddəsinin tələblərini rəhbər tutaraq ekspertizanın keçirilməsini tələb edən cavabdehin ekspertizanın aparılması üçün tələb olunan məlumatları təqdim etməməsini onun ekspertizanın keçirilməsində maraqlı olmaması, habelə onun keçirilməsinə maneə törətməsi kimi qiymətləndirir.
25. Kollegiya apellyasiya şikayətinin borc aktlarının mübahisələndiriliməsi hissəsinə münasibətdə qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir (maddə 13.8-1).
26. Qanunun tələbinə əsasən, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
27. Lakin iddiaçının sayğaca müdaxilə etməsi, bunun nəticəsi olaraq qazın talanmasında təqsirli olması sübuta yetirilmədən Cavabdeh iddiaçıdan vurulmuş zərərin ödənilməsini tələb etmiş, abonentin saldosuna həmin aktlar üzrə zərərin məbləğini daxil etmişdir.
28. Məhkəmə kollegiyası qeyd olunanları və “Qaz təchizatı haqqında” Qanunun 13.8-1ci maddəsinin 2022-ci ilin may ayından qüvvəyə mindiyini nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini 31 may və 30 iyun 2022-ci il tarixli aktlara münasibətdə əsassız sayır.
29. Bundan başqa kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının qanunsuz qaz xəttindən istifadəsinə görə hesabladığı zərərin məbləği ədalətli və ağlabatan deyildir. Belə ki iddiaçı həqiqətən də aktların tərtib edildiyi vaxt təbii qazdan qeyri-qanuni istifadə etdiyini etiraf edərək, aktlarda dəymiş zərərin düzgün hesablanmadığını bildirir. Bununla da, iddiaçı təbii qazdan qeyri-qanuni istifadə edilməsi hissəsində iddia tələbini qəbul etməklə cavabdehi bu hissədə sübut etmə yükündən azad etmiş, buna görə də həmin halların cavabdeh tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır.
30. Həmçinin, nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsinin qanunsuz qazdan istifadəyə görə tarifə uyğun olaraq qaz sərfiyyatını hesablaması düzgün deyildir. Çünki iddiaçının qazdan hansı müddətdə və nə qədər istifadə etməsini müvafiq sübutlar təqdim olunmadığına görə müəyyən etmək mümkünsüzdür.
31. Kollegiya tərəflərin şərait yaratmaması, ekspert vəsatətində tələb olunan sənədləri verməməsi səbəbindən iş üzrə ekspertiza keçirilməsinin mümkün olmadığını və iddiaçının qazdan qanunsuz istifadə etməsi ilə bağlı etirafını əsas götürməklə qeyd edir ki, qazdan qanunsuz istifadəyə görə dəymiş zərərin ağlabatan məbləği 1000 manat müəyyən edilməlidir.
32. Beləliklə, kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya qaz sərfinə görə (abonent kodu: **********00012 olan) hesablanmış 4880,96 (5880,96-1000) manat məbləğində borc silinməlidir.
33. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
34. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.
35. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır.
36. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
38. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
39. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-880/23 saylı iş üzrə 28 mart 2023-cü il tarixli qətnaməsi Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə X3 (abonent kodu **********00012) hesablanmış 5460,48 manat məbləğində borcun silinməsi hissəsində dəyişdirilsin və silinəcək borc 4880,96 (dörd min səkkiz yüz səksən manat, doxsan altı qəpik) manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.