Məhkəmə qərarları › İş №2(103)-4045/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4045/2024

10.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4045/2024 10.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 10 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçının yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2023-cü il tarixli akt tərtib olunmuşdur. Akt əsasında iddiaçıya 2798,16 manat məbləğində borc hesablanmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2798,16 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, heç vaxt qaz sayğacına müdaxilə etməmiş və daim istehlak etdiyi qaza görə borcunu ödəmişdir. Cavabdeh təşkilat qaz sayğacına müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o, təqsirinin olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1610/24 saylı iş üzrə 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim E.Məmmədli) iddia təmin edilmişdir.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından və qazın dəyəri tam ödənildikdən sonra cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından iddiaçı cavabdeh qarşısında məsuliyyət daşımır.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7, 4.8, 4.9, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Birliyin əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur.

9. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

14. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

15. Bənd 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

16. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

17. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

18. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

19. Maddə 13.8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

23. Cavabdeh məhz iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edildiyi, qəsdən zərər yetirildiyi barədə heç bir sübut təqdim etməmiş, iddiaya etirazını öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş rəy və aktlarla, subyektiv mülahizə və ehtimallarla əsaslandırmağa çalışmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-1-ci maddəsinin tələblərinə uyğun olaraq qanunsuz qoşulma halları aşkar etdiyi təqdirdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin yeni redaksiyasına görə də qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

26. Göründüyü kimi, Qanunun tələbinə əsasən istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Lakin hazırkı işdə iddiaçının sayğaca müdaxilə etməsi, bunun nəticəsi olaraq qazın talanmasında təqsirli olması sübuta yetirilmədən Cavabdeh iddiaçıdan vurulmuş zərərin ödənilməsini tələb etmiş, abonentin saldosuna həmin zərərin məbləğini daxil etmişdir.

27. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını müəyyən etməklə iş üzrə düzgün nəticəyə gəldiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

29. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə 25 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar