Məhkəmə qərarları › İş №2(103)-4047/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4047/2021

01.04.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4047/2021 01.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, cavabdeh “xxxx” MMC-nin vəkili Vəkil2, qərardadın maraqlarına toxunduğunu irəli sürən Maraqlı şəxs nümayəndəsi (vəkili) Vəkil3 iştirakları ilə İddiaçı “xxxx” MTK-ya qarşı “tikintinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından Maraqlı şəxs nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanının qonşuluğunda MTK-nın apardığı tikinti işlərinin qanunsuz hesab edilərək sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçının iddianı təmin etmə tədbirinin görülməsinə dair ərizəsi təmin olunmuş, ünvan 2 ünvanının qonşuluğunda hər hansı təmir-tikinti işlərinin aparılmasının “xxxx” MTK-ya və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh MTK-nın və sonradan maraqlı şəxslər X1, X2 və X3 verdikləri şikayətlər Bakı Apellyasiya Məhkəməsinin müvafiq olaraq xx xxxxxxxx 2020-ci il və xx xxxxxx 2020-ci il tarixli qərardadları ilə təmin olunmamışdır. Sonradan sözügedən qərardaddan qərardadın maraqlarına toxunduğunu irəli sürən Maraqlı şəxs nümayəndəsi şikayət vermiş, şikayət birinci instansiya məhkəməsi tərəfindən təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, “xxxx” MTK Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı Qərarına əsasən qəzalı vəziyyətdə olan Tofiq Məmmədov küçəsi 1 və 3 ünvanındakı istismara yararsız tikililərin söküntüsünü həyata keçirməli və onun kimi mənzilsiz insaları yeni inşa olunacaq binada mənzillərlə təmin etməlidir; lakin məhkəmənin qanunsuz qərardadı bu prosesin həyata keçirilməsinə maneə yaratmaqdadır. Maraqlı şəxs məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil3 şikayətin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 120 saylı sərəncamı ilə Səbail rayonu, Tofiq Məmmədov küçəsi 1 və 3 ünvanında yerləşən mövcud yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında “xxxx” MTK-nın istifadəsinə verilməsi qərara alınmış, MTK ilə müvafiq müqavilə bağlanmışdır. MMC tərəfindən sözügedən ərazidə yaşayan vətəndaşlarla, habelə qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri ilə razılaşmalar əldə olunsa da, iddiaçı əsassız tələblər irəli sürərək MTKnın öz üzərinə götürdüyü öhdəliklərin icrasına maneələr yaratmağa başlamışdır. Hansı ki, iddiaçı, MTK tərəfindən ərazidə tikinti işləri başladıqdan sonra əmlakı satın almışdır və ona məxsus əmlak MTK-nın tikinti sahəsinə daxil deyildir. Nəzərə alınmalıdır ki, MTK dövlət sifarişini həyata keçirir və tikinti işlərinin dayandırılması nəticəsində müəyyənləşdirilmiş tarixdə binanı vətəndaşlara təhvil vermək öhdəliyi MTK-nın iradəsindən asılı olmayaraq pozulacaq, bu isə onun təmsil etdiyi şəxsin mənafeyinə ciddi xələl gətirəcəkdir. Məhkəmə işin qeyd olunan hallarını nəzərə almayaraq çoxsaylı vətəndaşların, o cümlədən şəhid ailələrinin hüquqlarının pozulmasına səbəb olan qərardad çıxarmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh MTK-nın nümayəndəsi də şikayəti müdafiə etdiyi bildirmiş, iddiaçının nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu və artıq Bakı Apellyasiya Məhkəməsi tərəfindən qərardadın iki dəfə yoxlanıldığını qeyd edərək onun dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddələrinə görə, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, həmçinin mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə iddianı təmin etmə tədbirləri görülə bilər. Kollegiya hesab edir ki, göstərilən növdə iddianı təmin tədbirlərinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən qorunan mübahisə obyekti məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilsin. İşin hallarından aydın olur ki, iddiaçı əmlak mülkiyyətçisidir; cavabdeh MTK-nın inşa etmək istədiyi tikintinin onun əmlakının yerləşdiyi ərazidə (yaxınlığında) aparılması planlaşdırıldığından o, həmin tikinti işlərinin qanunsuz hesab olunmasını xahiş etmişdir. Başqa sözlə, iddiaçının tələb etdiyi iddianı təmin tədbiri ilə onun iddiası təmin olunacağı təqdirdə qəbul ediləcək qətnamənin gələcəkdəki icrası arasında əlaqə mövcuddur. Belə ki, iddiaçının əmlakının sökülməsi əlavə mübahisələrə, tərəflərin və digər şəxslərin hüquq və mənafelərinin xələl görməsinə yol aça bilər; belə hal isə ədalət mühakiməsinin məqsədləri baxımından arzuolunan deyildir. Buna görə də kollegiyanın qənaətinə görə, mübahisələndirilən qərardad qətnamənin icrasının təmin edilməsinə yönəlmişdir, bu isə iddianı təmin etmə tədbirlərinin məqsədi ilə həmin tədbirlərin tətbiqinin zəruriliyi meyarlarına uyğun hesab edilməlidir. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, mübahisələndirilən qərardaddan əvvəllər cavabdeh MTK-nın və X1, X2 və X3 verdikləri şikayətlər Bakı Apellyasiya Məhkəməsinin müvafiq olaraq xx xxxxxxxx 2020-ci il və xx xxxxxx 2020-ci il tarixli qərardadları ilə təmin olunmamış, qərardad dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1318/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar