Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4047/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “kommunal xərclərin əvəzinin ödənilməsi tələbi haqqında” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 aprel 2025-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə apellyatorun özünün, onun nümayəndəsi (əri) X1 və İddiaçı sədri (qanuni təmsilçisi) X3 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı MMMC-nin sədri MMMC-nin adından iddia ərizəsi və "xxxx" ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, MMMC tərəfindən göstərilmiş kommunal xidmətə görə 1.430 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pulun cavabdehdən alınaraq MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Nəsimi rayonu, Abbas Səhhət küçəsində yerləşən 59/61 saylı yaşayış binası iddiaçı MMMC-nin idarəçiliyindədir. MMMC, həmin binanın mühafizəsini və kommunal təminatını həyata keçirir. Həmin binada cavabdehə məxsus 2 mənzil – 32 və 33 saylı mənzillər yerləşir. 32 saylı mənzilin sahəsi 105 kv.metr və 33 saylı mənzilin sahəsi 181 kv.metrdir. Cavabdeh, ümumi sahəsi 286 kv.metr olan həmin mənzillərə görə kommunal xərcləri vaxtında və lazımı qaydada ödəmir, baxmayaraq ki, cavabdehə şifahi və yazılı surətdə dəfələrlə müraciət olunmuşdur. MMMC-nin üzvlərinin qərarına görə mənzillərin hər 1 kv.metrinə görə 0,24 qəpik pul vəsaiti ödənilməlidir. Cavabdehin MMMC-yə 32 nömrəli mənzilə görə 2023-cü ilin yanvar ayından 2025-ci ilin yanvar ayına kimi 750 manat, 33 nömrəli mənzilə görə 2023-cü ilin iyun ayından 2025-ci ilin yanvar ayına kimi 680 manat, cəmi isə 1.430 manat məbləğində kommunal borcu yaranmışdır. b) cavabdehin iddia tələbinə qarşı münasibəti barədə məlumat
3. Cavabdehin nümayəndəsi (əri) Rayon Məhkəməsi verdiyi izahatda bildirmişdir ki, MMMC-nin sədri binadakı liftin təmiri üçün onlardan əlavə olaraq 150 manat pul almışdır. Onların həmin binada 2 mənzilləri olsa da, onlardan 2 mənzilə görə kommunal xidmət haqqının alınması düzgün deyil, çünki, o özü, arvadı olan cavabdeh və onların oğlu yalnız 1 mənzildə yaşayırlar. Buna görə də, hesab edirlər ki, iddia rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, kommunal xidmət haqqının əvəzi olaraq 890 manat məbləğində pulu, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin cavabdehə aid edilməsini, bu məqsədlə cavabdehdən 30 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçı MMMC-yə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli, 32 və 33 nömrəli MMMC İdarəetmə müqavilələrinə əsasən cəmiyyət mənzil mülkiyyətçisinə nümunəvi kommunal və mühafizə xidməti göstərməyi, bunun müqabilində mənzil mülkiyyətçiləri cəmiyyətin hesabına mənzilin sahəsindən asılı olaraq cari ayın 1-ci 15 günü ərzində müvafiq qanunvericiliyə uyğun olaraq ödəniş etməyi öhdələrinə götürmüşlər. İddiaçı MMMC tərəfindən göstərilmiş kommunal xidmətlərə görə haqq 105 kv.m üçün 30 manat, 181 kv.m üçün isə 40 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya yaranmış borc tam ödənilmədiyindən iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hazırda iddiaçı göstərilmiş kommunal xidmətlərə görə cavabdehin ona yaranmış 1.430 manat məbləğində borcunun və iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə görə çəkilmiş xərcin cavabdehdən tutulmasını xahiş edir. İddiaçı MMMC göstərilən xidmətlərin haqqını cavabdehdən tələb etməkdə qismən haqlıdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan mənzil-tikinti kooperativi üzvləri yaşayış sahəsinin saxlanması və təmirinə görə, habelə kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi daşıyırlar. Cavabdehə məxsus mənzilin yerləşdiyi binanın idarəedici təşkilat qismində iddiaçı tərəfindən idarə olunması, tərəflər arasında müvafiq müqavilənin olması, çoxmənzilli binanın sahə mülkiyyətçisi kimi cavabdehin kommunal xidmətlərə görə haqları iddiaçıya ödəməli olması və hətta əvvəllər müəyyən məbləğdə aylıq ödənişlər etməsi, hazırda da mənzilin cavabdehin mülkiyyətində olması məhkəmə tərəfindən hazırkı iş üzrə müəyyən edilmiş mübahisəsiz hallardır. O da qeyd edilməlidir ki, cavabdehin müqavilələri imzalamaqdan imtina etməsi və onları qəbul etməməsi, onun müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməməsi üçün əsas deyildir. Deməli, cavabdehin ümumi binanın saxlanmasına çəkilən xərclərə görə iddiaçıya müəyyənləşdirilmiş məbləğdə ödəniş etməsi onun həm qanundan, həm də müqavilədən irəli gələn vəzifəsidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərlə bağlı yaranmış borcu iddiaçıya ödəməlidir. Beləliklə, hesab edilməlidir ki, müqavilə ilə cavabdehə verilmiş 32 nömrəli mənzilin 105 kv.m və 33 nömrəli mənzilin isə 181 kv.m olması müəyyən edildiyindən, 32 nömrəli mənzil üzrə 2023-cü il yanvar ayından 2025-ci il yanvar ayına kimi (24 ay ərzində) cavabdeh iddiaçıya 720 manat (1 ay üçün 30 manat), 33 nömrəli mənzil üzrə isə 2023-cü ilin iyun ayından 2025-ci il yanvar ayına kimi isə (18 ay ərzində) 720 manat (1 ay üçün 40 manat) olmaqla, ümumilikdə 1.440 manat ödəniş etməli idi. Cavabdeh isə həmin dövr ərzində 33 nömrəli mənzil üzrə cəmi 550 manat (iş materiallarına əlavə edilmiş mədaxil qəbzlərinə əsasən) ödəniş etmiş, bununla da 32 nömrəli mənzil üzrə öhdəliyini ümumiyyətlə icra etməmiş, 33 nömrəli mənzil üzrə isə öhdəliyini lazımi qaydada tam olaraq icra etməmişdir. Bundan əlavə həmçinin qeyd edilməlidir ki, iddiaçı tərəf cavabdehdən lift üçün nəzərdə tutulmuş (ödənilmiş) pulun kommunal xərclərə daxil edilməməsi hissəsi əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş MMMC-nin nizamnaməsinin 2.2.1-ci bəndinə qeyd edilir ki, yaşayış binasının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətləri təchizatı xəttlərinin və digər qurğu və avadanlıqlarının təmiri və lazım gələrsə, bərpa edilərək daim işlək vəziyyətdə saxlanılması vəzifəsini öz öhdəsinə götürür. Beləliklə də müəyyən edilir ki, kommunal xidmətlərə görə cavabdehin iddiaçı MMMC-yə cəmi 890 manat məbləğində borcu var. d) apellyasiya şikayəti barədə məlumat
6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdr ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, MMMC-nin sədri binadakı liftin təmiri üçün onlardan əlavə olaraq 150 manat pul almışdır. Onların həmin binada 2 mənzilləri olsa da, onlardan 2 mənzilə görə kommunal xidmət haqqının alınması düzgün deyil, çünki, o özü, onun əri və oğlu yalnız 1 mənzildə yaşayırlar. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. İddiaçı MMMC-nin iddia ərizəsində göstərilən faktlar isə həqiqəti əks etdirmir, MMMC-nin sədrinin şəxsi mülahızələrinə söykənir. MMMC-nin sədri sakinlərə qarşı nəzakətlə davranmır, aqressiv münasibət göstərir, sakinlərdən toplanmış kommunal xidmətlərə görə toplanmış vəsaitin hansı sahələrə xərclənməsi barədə sakinlərə hesabat vermir. MMMC-nin sədri MMMC-nin üzvlərinin qərarına əsaslanaraq kommunal xidmətlərin hesablanmasını aparır, amma kommunal xidmət haqları məbləğlərinin hansı normativ aktları əsasında müəyyən edildiyi bildirmir. İşə baxmış Rayon Məhkəməsi də bu məsələni araşdırmamışdır. Bundan başqa nəzərə alınmalıdır ki, kommunal xidmətlərin göstərilməsi və həmin xidmətlərin əvəzinin ödənilməsini tənzimlənməsi ilə bağlı cavabdeh ilə MMMC arasında heç bir müqavilə bağlanmamışdır. Belə olan halda müəyyən edilir ki, cavabdeh iddiaçı qarşısında üzərinə öhdəlik götürməmişdir. Lakin işə baxmış Rayon Məhkəməsi bunu da nəzərə almamışdır. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və verdikləri izahatlar barədə məlumat
8. Apellyator olan cavabdehin özü və onun nümayəndəsi (əri) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdilər və şikayətin məzmununa uyğun izahat verdilər.
9. Cavabdeh MMMC-nin sədri (qanuni təmsilçisi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. f) apellyasiya baxışının hədləri barədə məlumat
10. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbini qismən təmin etsə də, iddiaçı MMMC qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
11. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh şikayətdə qətnamənin tam ləğv edilməsini və iddianın tam həcmdə rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan müəyyən edilir ki, cavabdeh də, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin mövqeyi ilə razılaşır.
12. Odur ki, göstərilənləri, mübahisə predmetinin bölünməz olmadığını və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinin tələbini nəzərə alan Məhkəmə qətnamənin əsaslılığını yalnız iddianın bir qisminin təmin edilməsi hissəsində yoxlamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
13. Apellyasiya baxışının hədini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, iddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Nizamnaməsindən görünür ki, MMMC, Bakı şəhəri, Nəsimi rayonu, Nəsimi rayonu, Abbas Səhhət küçəsində yerləşən 59/61 saylı yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarına əsasən yaradılmışdır. Yaşayış binasının Cəmiyyət iştirakçılarının ümumi istifadə olan daxili və xarici kommunal xidmətləri təchizatı xətlərinin və digər qurğu və avadanlıqlarının təmiri və lazım gələrsə, bərpa edilərək daim işlək vəziyyətdə saxlanması Cəmiyyətin fəaliyyət növlərindən biridir.
15. İşdə olan sənədlərdən görünür ki, həmin binada cavabdehə məxsus 2 mənzil – 32 və 33 saylı mənzillər yerləşir. 32 saylı mənzilin sahəsi 105 kv.metr və 33 saylı mənzilin sahəsi 181 kv.metrdir.
16. İş materiallarında olan “Mədaxil qəbzlərindən” görünür ki, cavabdehin nümayəndəsi (əri) tərəfindən ayrı-ayrı vaxtlarda MMMC-yə ümumilikdə 550 manat məbləğində ödəniş həyata keçirilmişdir.
17. MMMC-nin xx.xx.2025-ci il tarixli iclas protokolundan görünür ki, 2 otaqlı mənzil (105 kv.m) üçün 30 manat, 3 otaqlı mənzil (136 kv.m) üçün 35 manat, 4 otaqlı mənzil (181 kv.m) üçün 40 manat kommunal xidmət haqqı müəyyən edilmişdir.
18. İş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan müəyyən edilir ki, iddiaçı MMMC ilə cavabdeh arasında kommunal xidmətlərin göstərilməsini və həmin xidmətlərin əvəzinin ödənilməsini tənzimləyə biləcək müqavilə bağlanmamışdır. Bu kimi müqavilənin bağlanması ilə bağlı MMMC tərəfindən cavabdehə dəfələrlə müraciətlər olunmuş, lakin cavabdeh tərəf müxtəlif bəhanələr ilə bundan yayınmışdır.
19. İddiaçı MMMC bildirir ki, cavabdehin MMMC-yə 32 nömrəli mənzilə görə 2023cü ilin yanvar ayından 2025-ci ilin yanvar ayına kimi 750 manat, 33 nömrəli mənzilə görə 2023-cü ilin iyun ayından 2025-ci ilin yanvar ayına kimi 680 manat, cəmi isə 1.430 manat məbləğində kommunal borcu yaranmışdır.
20. Lakin işin hallarından görünür ki, cavabdehin 32 nömrəli mənzil üzrə 2023-cü il yanvar ayından 2025-ci il yanvar ayına kimi (24 ay ərzində) iddiaçıya 720 manat (1 ay üçün 30 manat), 33 nömrəli mənzil üzrə isə 2023-cü ilin iyun ayından 2025-ci il yanvar ayına kimi isə (18 ay ərzində) 720 manat (1 ay üçün 40 manat) olmaqla, ümumilikdə 1.440 manat borcu yaranmış, o, 33 nömrəli mənzilə görə cəmi 550 manat ödəniş etmişdir. Beləliklə də müəyyən edilir ki, kommunal xidmətlərə görə cavabdehin iddiaçı MMMC-yə cəmi 890 manat məbləğində borcu var.
21. Apellyasiya şikayətində cavabdeh bildirir ki, kommunal xidmətlərin göstərilməsi ilə bağlı onunla iddiaçı MMMC arasında heç bir müqavilə bağlanmamışdır. Belə olan halda qəbul edilməlidir ki, o, iddiaçı MMMC qarşısında üzərinə öhdəlik götürməmişdir, başqa sözlə, o, üzərinə götürmədiyi öhdəliyə görə mülki məsuliyyət daşımır. Lakin işi baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır.
21. Məhkəmə bildirir ki, kommunal xidmətlərin göstərilməsi ilə bağlı cavabdehin iddiaçı MMMC ilə müqavilə bağlamaqdan yayınması MMMC-nin ona göstərdiyi xidmətlərin əvəzinin ödənilməsi vəzifəsindən cavabdehi azad etmir, çünki o, həmin xidmətdən istifadə etmişdir. Belə olan halda cavabdeh həmin xidmətin əvəzini iddiaçı MMMC-yə ödəməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli və “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli qərarları).
22. Bu baxımdan qəbul edilməlidir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır.
23. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, cavabdehin ailəsinin həmin binada 2 mənzili olsa da, onlardan 2 mənzilə görə kommunal xidmət haqqının alınması düzgün deyil, çünki, cavabdeh özü, onun əri və oğlu yalnız 1 mənzildə yaşayırlar. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır.
24. Məhkəmə hesab edir ki, cavabdehin bu dəlili də əsassızıdır. Çünki Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumunun ifadə olunan hüquqi mövqeyə görə, yuxarıda göstərilən vəzifə çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu, xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsinə görə, müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsidir. Nəzərə almaq lazımdır ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır, cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququna malikdir (Mənzil Məcəlləsinin 125.1 və 125.4-cü maddələri). Həmin Məcəllənin 125.2.4-cü maddəsinə müvafiq olaraq isə cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilmiş xx.xx.2020-ci il tarixli qərarı).
25. Apellyasiya şikayətinin sonuncu dəlili ondan ibarətdir ki, MMMC-nin sədri sakinlərdən kommunal xidmətlərə görə toplanmış vəsaitin hansı sahələrə xərclənməsi barədə sakinlərə hesabat vermir, kommunal xidmət haqları məbləğlərinin hansı normativ aktları əsasında müəyyən edildiyi bildirmir. İşə baxmış Rayon Məhkəməsi isə bu məsələni araşdırmamışdır.
26. Bununla bağlı Məhkəmə bildirir ki, qüvvədə olan qanunvericiliyə gərə bu kimi məlumatı olmaq binanın sakinini olan iddiaçının hüququ, məlumatı vermək isə binanın sakinlərinə xidmət göstərən MMMC-nin vəzifəsidir. Lakin hazırkı iş üzrə cavabdeh həmin məlumatı almaq üçün MMMC-yə müraciət etməsini, MMMC-nin isə onun müraciətinə (müraciətlərinə) cavab verməməsini, cavab veribsə, həmin cavabın (cavabların) qanunsuz olmasını təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir.
27. Fərz olunsa ki, MMMC cavabdehin müraciətinə cavab verməmiş və ya cavab vermişdirsə, bu cavab qanunsuz olmuşdur belə olan halda da, MMMC-nin iddiası əsassız hesab edilə bilməz. Çünki cavabdeh iddiaçı MMMC-yə qarşı müvafiq qarşılıqlı və ya ayrıca iddia qaldırmamışdır. MPM-in 218.3-ci maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
28. Buna görə də, qəbul edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır. h) apellyasiya baxışının nəticəsi
29. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının predmetini təşkil edən nəticə mahiyyətcə və faktlar nöqteyi-nəzərindən düzgündür. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır.
30. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
31. Odur ki, şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.
32. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
33. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 aprel 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.