Məhkəmə qərarları › İş №2(103)-4048/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4048/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4048/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1 BOKT ASC-yə və «xxxx» MMC-yə qarşı «hərracın və onun nəticələri haqqında protokolun etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(004)-4408/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 BOKT ASC-yə və «xxxx» MMC-yə (mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Binəqədi rayon İcra və Probasiya şöbəsi cəlb olunmaqla) qarşı «hərracın və onun nəticələri haqqında protokolun etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Şəhriyar kiiçəsı 11 ünvanda yerləşən fərdi yaşayış evinə dair «xxxx» MMC tərəfindən 29 noyabr 2019-cu il tarixdə keçirilən hərracın və onun nəticələri haqqında 7602 nömrəli protokolun etibarsız hesab edilməsi, həmin fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna dair yeni çıxarışın ləğv edilməsi, mülkiyyət hüququnun bərpa edilərək qeydə alınması və bu barədə Daşınmaz Əmlakın dövlət reyestri tərəfindən ona müvafiq çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəsinin 25 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 BOKT ASC-nin iddia ərizəsi qismən təmin edilmiş, iddiaçıdan cəmi 52978,07 ABŞ dolları borcun və 31 manat dövlət rüsumunun tutularaq Cavabdeh1 BOKT ASC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 75000 manat müəyyən edilməsi, həmin evin açıq hərracda satıldıqdan sonra 1 ay müddətində çıxarılması və sair qət edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır. Mülki iş məhkəmədə baxılan ərəfədə iddiaçı tərəfindən Cavabdeh1 BOKT ASC-nin əməkdaşları ilə mütamadi danışıqlar aparılmış və danışıqların nəticəsində belə qərara alınmışdır ki, iddiaçı tərəfindən müəyyən məbləğdə ödəniş həyata keçiriləcək, bunun müqabilində isə Cavabdeh1 BOKT ASC mübahisə üzrə qəbul edilmiş qətnamənin icrasını tələb etməyəcəkdir. Şifahi razılaşmaya uyğun olaraq iddiaçı tərəfindən təxminən 2000 ABŞ dolları borcdan ödənilmişdir. Lakin bir neçə gün öncə əldə etdiyi şifahi məlumata əsasən məlum olmuşdur ki, Binəqədi Rayon Məhkməsinin yuxarıda qeyd edilən qətnaməsi icraya yönəldilmişdir. İcraya yönəldikdən sonra isə ona məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi keçirilmiş hərraclarda satılmadığı üçün ipoteka saxlayan olan Cavabdeh1 BOKT ASC-yə təklif edilmişdir. Keçirilən hərracların vaxtı və yeri barədsə məlumatın olmadığı üçün hərracda iştirak edə bilməmişdir. Nəticədə ona məxsus əmlak dəyərdəyməzə özgəninkiləşdirilmişdir. Qanunvericilik tələblərinə uyğun olaraq ipoteka qoyan olaraq keçirilən hərracın keçirilməsi vaxtı barədə ona rəsmi məlumat verilməli idi. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(004)- 4408/2020 saylı qətnaməsi ilə (hakim Orxan Məmmədli) iddia təmin olunmaması qət edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, hərracın qanun pozuntuları ilə keçirilməsi, keçirilən hərracların vaxtı və yeri barədə məlumatının olmaması səbəbindən hərracda iştirak edə bilməməsini və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, hərrac qanunvericiliyin tələblərinə uyğun qaydada keçirilmiş, vaxtında kütləvi informasiya vasitələrində elan verilmiş, tərəflərə bildirişlər göndərilmiş, iddiaçı tərəf kifayət qədər məlumatlı olduğu halda hərracda iştirak etməmişdir. Hətta hərracların vaxtı barədə tərəflərində də əlavə olaraq iddiaçıya müvafiq məktublar göndərilmişdir. İddiaçı apellyasiya şikayətində aralarında müəyyən razılıq olmasını, bu səbəbdən də yaşayış sahəsinin hərraca çıxıralmalı olmamasını göstərsə də, belə bir razılıq olmamışdır. Yaşayış sahəsi məhkəmə qərarının icrası ilə bağlı hərraca çıxarılmışdır və həmin vaxtı iddiaçı kredit borcunu ödəməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər proses iştirakçısına rəsmi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə digər proses iştirakçısının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı hərracın keçirilməsinə dair tərəflərə bildiriş göndərilmiş və iddiaçı tərəfindən imza edilərək həmin bildirişlər qəbul edilmişdir. İddia ərizəsinin dəlillərindən görünür ki, hərracın keçirilməsi ilə bağlı əsas mübahisə hərracın keçirilmə vaxtı və yeri barədə xəbərdar edilməməsi ilə bağlıdır. İşdə olan «Birja» qəzetinin 13-19 sentyabr 2019-cu il tarixli, 27 sentyabr-03 oktyabr 2019-cu il tarixli və 01- 07 noyabr 2019-cu il tarixli buraxılışlarından görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin hərracda satışı ilə bağlı müvafiq elanlar verilmişdir. Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq mübahisə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq qeyd edilməlidir ki, hazırki mübahisənin obyekti olan daşınmaz əmlakın açıq hərracdan satılması qanuni qüvvədə olan məhkəmə qərarının icrası sahəsində (Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli, 2(001)-9950/2016 saylı qətnaməsi və onun əsasında verilmiş icra vərəqəsi) həyata keçirmiş, məhkəmə qərarı ilə ipoteka predmetinin ilkin satış qiyməti 75000 manat müəyyən edilmişdir. Həmçinin, işdə olan sübutlardan (qəzet elanları, bildirişlər, protokol və s.) görünür ki, qanuni qüvvədə olan məhkəmə qarının icrası sahəsində ipoteka predmeti olan ünvan 2 saylı mənzilin açıq hərracdan satılması üçün ilk hərrac 14 oktyabr 2019-cu il tarixə təyin edilmiş və bununla bağlı iddiaçı tərəfə bildiriş göndərilmiş, həmin tarixə təyin olunmuş hərrac baş tutmadığından, təkrar hərrac 28 oktyabr 2019-cu il tarixə təyin olunmuş, işdə iştirak edən şəxslərə 18 oktyabr 2019-cu il tarixli bildiriş (həmçinin, iddiaçı tərəfə) göndərilmişdir. İşdə olan rabitə orqanının məlumatlarından görünür ki, bildirişlər cavabdehin ünvanı üzrə şəxsən və ya onun ailə üzvü tərəfindən qəbul edilmişdir. Bununla yanaşı işdən görünür ki, hərracların yeri və vaxtı barədə iddiaçı tərəfindən də cavabdehin ünvanına məlumat xarakterli məktublar göndərilmiş, həmin məktublar ünvan üzrə qəbul edilmişdir (işə bu barədə sübutlar əlavə olunmuşdur). Eyni zamanda «Birja» qəzetinin 13-19 sentyabr 2019-cu il tarixli, 09 avqust 2019-cu il tarixli və 30 avqust 2019-cu il tarixli buraxılışlarında hərracla bağlı müvafiq elanlar (hərracların vaxtı və yeri, hərracın baş tutmamış elan edilməsi və s.) verilmişdir. Həmçinin qeyd edilməlidir ki, işdə olan iddiaçının həyat yoldaşı X5 tərəfindən Cavabdeh1 BOKT ASC-yə ünvanlanmış ərizədən görünür ki, onlar hərracdan məlumatlı olmuş, lakin borcu tam olaraq bağlamaq üçün onlara 2020-ci ilin sentyabr ayına qədər vaxt verilməsini xahiş etmiş, qeyd olunan tarixə kimi borcunu ödəyə bilmədiyi təqdirdə o və ailə üzvlərinin könüllü olaraq ipoteka predmeti olan mənzili boşaldaraq Cavabdeh1 BOKT ASC-yə qeyri şərtsiz təhvil verəcəyini bildirmişdir. Göründüyü kimi, cavabdeh hərracların yeri və vaxtı barədə kifayət qədər məlumatlı olmuş, lakin hərraclarda iştirak etməmişdir. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İşdə olan «Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi» tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında 29 noyabr 2019-cu il tarixli 76/02 saylı protokolun surətindən görünür ki, X2 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Şəhriyar küçəsində yerləşən 11 saylı fərdi yaşayış evini Cavabdeh1 BOKT ASC 47812,50 manata əldə etmişdir. İşdə olan daşınmaz əmlakın dövlət reyestrindən 13.01.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Şəhriyar küçəsi, 11 saylı ev Cavabdeh1 BOKT ASC-nin xüsusi mülkiyyətindədir. Qeyd edilməlidir ki, «İpoteka haqqında» Qanunun ipoteka predmetinə tutmanın yönəldilməsi əsaslarını müəyyən edən 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Tutma yönəldilən ipoteka predmetinin satışüsullarından biri olan hərracların keçirilmə qaydaları, hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri «İpoteka haqqında» Qanunun 42 və 43-cü maddələri ilə tənzimlənir. Həmin Qanunun 43.1-ci maddəsinə görə hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. «İpoteka haqqında» Qanunun 43.3-43.5-ci maddələrinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. «İpoteka haqqında» Qanunun 43.7 və 43.8-ci maddələrinə müvafiq olaraq bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. «Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarisli poçt göndərisi – göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərisindən ibarətdir. İddiaçı apellyasiya şikayətində keçirilən hərracların vaxtı və yeri barədə məlumatın verilməməsini göstərsə də, yuxarıda da qeyd edildiyi kimi - hazırki mübahisə obyekti üzrə iki hərrac (ilk və təkrar) keçirilmiş, hərracların yeri və vaxtı barədə maraqlı şəxslərə bildirişlər göndərilmiş, qəzetdə elanlar verilmiş, lakin hərrac baş tutmamış, nəticədə ipoteka predmeti ipoteka saxlayan tərəfindən əldə olunmuş, sonuncunun əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Bununla yanaşı, iddiaçı apellyasiya şikayətində Cavabdeh1 BOKT ASC ilə razılığa gəlməsini, krediti hissə-hissə ödəyəcəyini, bu səbəbdən də Cavabdeh1 BOKT ASC tərəfindən ona yaşayış sahəsinin hərraca çıxarılmaması barədə vəd verilməsini göstərsə də, bununla da bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Həmçinin, apellyasiya baxışı zamanı Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi aralarında belə bir razılaşmanın olmamasını bildirmişdir. Göründüyü kimi, iddiaçı tələbinin və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə baxışı zamanı mübahisə obyekti olan yaşayış evi üzrə keçirilmiş hərracın iddiaçının iddia etdiyi əsaslar üzrə qanunsuzluğu müəyyən edilməmişdir. Bu səbəbdən, iddia qalan hissələrdə də əsasızdır. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Əfəndiyeva Azərbaycana qarşı» (2007) işdə olan hüquqi mövqeyinə görə hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Göründüyü kimi məhkəmə qərarının icrası «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılır. Əgər məhkəmə qərarı uzun müddət ərzində icra olunmamışdırsa, şəxslərin ədalətli məhkəmə hüququ da pozulmuş olur. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh1 BOKT ASC-yə və «xxxx» MMC-yə qarşı «hərracın və onun nəticələri haqqında protokolun etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(004)-4408/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(004)-4408/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar