Məhkəmə qərarları › İş №2(103)-4048/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4048/2025

19.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4048/2025 19.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borc məbləğinin tutulması tələbi barədə” ilk iddiasına, Cavabdeh İddiaçınə qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 may 2025-ci il tarixli qətnamədən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə İddiaçı nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) ilk iddia tələbi barədə məlumat

1. İddiaçı MMC-nin buna səlahiyyəti olan nümayəndəsi MMC-nin adından cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, MMC ilə cavabdeh arasında xx.xx.2024-cü tarixdə bağlanmış 4350 nömrəli "xxxx" üzrə cavabdehin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəbindən yaranmış qalıq borcun ödənilməsi məqsədi ilə 20.166 manat, öhdəliyin yerinə yetirilməməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 192,57 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 152 manat məbləğində pulun cavabdehdən tutularaq MMC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, onunla iddiaçı MMC arasında xx.xx.2024-cü il tarixdə bağlanmış "xxxx" əsasən MMC-dən, dəyərini 25 ay müddətində hissə-hissə, aybaay 917 manat ödəmək şərti ilə ümumi qiyməti 27.000 manat olan "xxxx" lazer aparatı almışdır. Bu zaman iddiaçı tərəfindən MMC-yə 5.000 manat məbləğində ilkin ödəniş edilmişdir. Cavabdeh, qeyd edilən müqavilə üzrə MMC qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməmiş, müqavilələrin tərkib hissəsi olan və razılaşdırılmış “Ödəniş cədvəlləri” üzrə aybaay ödəniş etməmiş, cəmi 2 dəfə (917+917=1.834) ödəniş etmiş və nəticədə cavabdehin MMC-yə (27.000-5.000-1.834=) 20.166 manat məbləğində qalıq borcu yaranmışdır. MMC, cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsini əsas götürərək, müqavilənin şərtlərinə əsasən cavabdehə 192,57 manat məbləğində cərimə hesablamışdır. MMC, qeyd edilən məbləğlərin ödənilməsini cavabdehdən tələb etmiş, lakin cavabdeh həmin məbləğləri MMC-yə ödəməmişdir. Bu səbəbdən də MMC hazırkı iddia ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət büdcəsinə 152 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) qarşılıqlı iddia tələbi barədə məlumat

3. Cavabdeh öz növbəsində iddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, MMC ilə onun arasında bağlanmış xx.xx.2024-cü il tarixli "xxxx" etibarsız hesab edilməsi və ilkin iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, onunla iddiaçı MMC arasında xx.xx.2024-cü il tarixdə bağlanmış "xxxx" əsasən qiyməti 27.000 manat olan lazer aparatını MMC-dən nisyə almış və bu zamana MMC-yə 5.000 manat məbləğində ilkin ödəniş etmişdir. Lazer aparatını alarkən MMC-nin əməkdaşları cavabdehə bildirmişlər ki, ona təlim keçdikdən sonra sertifikat veriləcək və o, həmin sertifikatla lazer aparatını işlədərək biznes fəaliyyəti ilə məşğul ola biləcək. Lakin lisenziya alınması üçün müraciət etdikdə cavabdehə bildirilmişdir ki, lazer aparatının istifadəsi yalnız tibbi təhsili olan şəxs tərəfindən mümkündür. Halbuki, lazer aparatını alarkən MMC-nin əməkdaşları bu barədə cavabdehə heç bir məlumat verməmişlər. Cavabdeh bunları bilsə idi lazer aparatını almazdır. O, lazer aparatının geri qaytarmaq üçün MMC-yə dəfələrlə müraciət etsə də, müraciətləri nəticəsiz qalmışdır. Göründüyü kimi, MMC-nin əməkdaşları cavabdehi aldadaraq xx.xx.2024-cü il tarixli "xxxx" bağlanmasına nail olmuşlar. Buna görə də, müqavilə Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə əsasən etibarsız hesab edilməlidir. Cavabdeh bildirir ki, o, lazer aparatını alsa da, onu işlədə edə bilməmişdir. Buna görə də müqavilə üzrə aylıq ödənişləri dayandırmışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini qət etmişdir.

6. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, MMC, onunla cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli "xxxx" üzrə cavabdeh qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, müqavilənin predmeti olan yeni lazer aparatını xx.xx.2024-cü il tarixli akt əsasında cavabdehə təhvil vermişdir. Lakin, cavabdeh, həmin müqavilənin şərtlərinə əməl etməmiş, MMC-yə hər ay ödəməli olan ödənişləri etməmiş və nəticədə onun MMC-yə 20.166 manat məbləğində qalıq borcu yaranmışdır. Cavabdeh iddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün mülki məsuliyyət daşıyır və bu səbəbdən iddiaçıya əsas borcu və müqavilənin şərtinə əsasən hesablanmış cəriməni (dəbbəni) ödəməlidir. Bu səbəbdən müəyyən edilir ki, MMC-nin cavabdehə qarşı irəli sürdüyü ilk iddia tam həcmdə əsaslıdır. İlk iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı, "xxxx" MMC-nin əməkdaşalarının onu aldatmaları nəticəsində bağlanmasını bildirərək, müqavilənin etibarsız hesab edilməsini tələb edir və tələbini onunla əsaslandırır ki, MMC-nin əməkdaşları ona desə idilər ki, onun tibbi təhsili olmadığı üçün o, lazer aparatını işlədə bilməyəcək, o həmin aparatı almazdı. Lakin MMC-nin əməkdaşları ona bu barədə məlumat verməmişlər. Qarşılıqlı iddia tələbi əsaslı hesab edilə bilməz. Belə ki, birincisi, müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilmədi. İkincisi, tərəflər arasında bağlanmış müqavilənin 6.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində və ya müqavilə müddəti başa çatdıqdan sonra sifarişçinin, satış obyektindən qanunvericiliyin tələblərinə zidd istifadə nəticəsində yarana biləcək məsuliyyət, onun birbaşa və ya dolayı yolla fəaliyyəti nəticəsində yaşanan fəsadlar və problemlər, onun satış obyektinin istifadə olunduğu məkan üzrə uyğunsuzluqlar və qanunvericiliyin tələblərinin istənilən bir formada pozulması kimi hallara görə icraçı MMC məsuliyyət daşımır, bu kimi hallara görə birmənalı şəkildə sifarişçi – cavabdeh özü məsuliyyət daşıyır. Belə olan halda müəyyən edilir ki, cavabdehin lazer aparatından qarşılıqlı iddiada qeyd etdiyi səbəbdən istifadə edə bilməməsinə görə MMC məsuliyyət daşımır. d) apellyasiya şikayəti və apellyasiya şikayətinə qarşı verilmiş etiraz barədə məlumat

7. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, qarşılıqlı iddianın təmin, ilk iddianın isə rədd edilməsi haqqında iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Əsasları qarşılıqlı iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, müqavilə bağlanandan sonra müqavilənin 6.4-cü bəndində qeyd olunan hallar baş vermiş olsa idi, onda Rayon Məhkəmənin qənaəti düzgün olardı. Lakin hazırkı halda MMC-nin yalan məlumat verməklə müqavilə bağlamasından söhbət gedir. Lakin Rayon Məhkəmə işin faktiki hallarını düzgün araşdırmamışdır.

9. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) MMC apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanuna 1 nömrəli əlavədə (lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısında) nəzərdə tutulan özəl tibb fəaliyyəti lazer epilyasiya xidmətini özündə ehtiva etmir. Yəni, lazer epilyasiya xidməti tibbi xidmət sayılmır. Tibbi xidmət xəstəliklərin müalicəsini nəzərdə tutduğu halda, lazer epilyasiyası xidmətinin xəstəliklə heç bir əlaqəsi yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Lazer epilyasiya və depilyasiya mütəxəssisi” peşə standartında lazer epilyasiya və depilyasiya mütəxəssisin lazer epilyasiyası xidməti göstərmək hüququ nəzərdə tutulub. Peşə standartında kosmetoloqdan fərqli olaraq lazer epilyasiya və depilyasiya mütəxəssisinin tibb təhsilinin olması və müvafiq diploma malik olması tələb edilmir, onun yalnız lazer-epilyasiya kursunda iştirak etməsi və müvafiq sertifikata sahib olması nəzərdə tutulmuşdur. Göründüyü kimi, cavabdehin qarşılılıq iddiası və apellyasiya şikayəti əsassızdır. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı barədə məlumat

10. Apellyator apellyasiya baxışı iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, işə apellyatorun iştirakı olmadan baxmışdır. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.

11. İlk iddia üzrə iddiaçı MMC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına, həmçinin apellyasiya şikayətinə qarşı verilmiş etirazın məzmununa uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

12. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə ki, iddiaçı MMC ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış “Nisyə alğı-satqı müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, cavabdeh, dəyərini 25 ay müddətində hissə-hissə, aybaay 917 manat ödəmək şərti ilə ümumi qiyməti 27.000 manat olan "xxxx" lazer aparatını MMC-dən almışdır.

14. İşdə olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, MMC, "xxxx" predmeti olan lazer aparatını cavabdehə təhvil vermişdir.

15. MMC tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, həmin müqavilənin şərtinə görə cavabdeh tərəfindən MMC-yə 5.000 manat məbləğində ilkin ödəniş və 2 ay ərzində (917+917=) cəmi 1.834 manat məbləğində aylıq ödəniş olmuşdur. Ödənilməmiş qalan məbləğ (27.000-5.000-1.834=) 20.166 manat təşkil edir. Cavabdehin həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi səbəbindən MMC, "xxxx" 4.1.5-ci maddəsinə əsaslanaraq cavabdehə 192,57 manat məbləğində cərimə (dəbbə) borcu hesablamışdır.

16. MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, MMC, onunla cavabdeh arasında bağlanmış "xxxx" üzrə yaranmış borcun 3 gün müddətində ödənilməsini cavabdehdən tələb etmiş, əks halda iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyi barədə cavabdehə məlumat vermişdir.

17. “Dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan” görünür ki, ilk iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı MMC tərəfindən dövlət büdcəsinə 152 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

18. Cavabdeh bildirir ki, o, onunla iddiaçı MMC arasında bağlanmış "xxxx" əsasən lazer aparatını alarkən, o, həmin aparatla əhaliyə epilyasiya xidmətinin göstərilməsi üçün xüsusi lisenziyanın alınmasının məcbur olmasını bilmirdi. MMC-nin əməkdaşları bu barədə ona məlumat verməmiş, bunu ondan gizlətmişlər, onu aldadaraq müqavilənin bağlanmasına nail olmuşlar. MMC-nin əməkdaşları onu aldatdıqları üçün həmin "xxxx" Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə əsasən etibarsız hesab edilməlidir.

19. Cavabdehin bu dəlilinin qiymətləndirilməsi ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin (maddə 339.2.). Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin (maddə 339.3.).

20. Cavabdeh, lazer aparatının satışı ilə məşğul olan MMC-nin əməkdaşlarının həmin aparatları alan şəxslərə lazer epilyasiyası xidmətinin göstərilməsi üçün xüsusi lisenziyanın tələb olunması ilə bağlı məlumat vermələrindən ibarət vəzifə daşımalarını bildirsə də, heç bir qanuna, normativ hüquqi akta və s. istinad etməmişdir.

21. Məhkəmə, aidiyyəti qanunlara, normativ hüquqi aktlara və qaydalara müraciət etsə də, lazer aparatının satışı ilə məşğul olan şəxslərin bu kimi vəzifə daşımaları barədə normaya rast gəlməmişdir.

22. Belə olan halda qəbul edilməlidir ki, yuxarıda qeyd edilən "xxxx" cavabdehin iddiaçı MMC-nin əməkdaşları tərəfindən aldadılması nəticəsində bağlanması barədə cavabdehin dəlili, başqa sözlə qarşılıqlı iddiası əsassızdır. Rayon Məhkəməsi qarşılıqlı iddianı həmçinin bu əsasla, yəni qarşılıqlı iddianın sübuta yetməməsi əsası ilə təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili formal mülahizə xarakteri daşıyır.

23. Yuxarıda qeyd edilən hal qarşılıqlı iddianı əsassız hesab etmək üçün kifayət etdiyindən, Məhkəmə, qarşılıqlı iddianı rədd edərkən Rayon Məhkəməsinin istinad etdiyi ikinci halın əsaslılığını müzakirə etməyi lüzum görmür.

24. Beləliklə də müəyyən edilir ki, iddiaçı MMC ilə cavabdeh arasında bağlanmış "xxxx" etibarsız deyil.

25. Cavabdeh tərəfindən mübahisələndirilmir ki, o, onunla iddiaçı MMC arasında bağlanmış "xxxx" üzrə MMC qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmiş və bu səbəbdən onun MMC-yə yuxarıda qeyd edilən məbləğdə borcu yaranmışdır.

26. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567.). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir (maddə 600.1.). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4.). Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (maddə 601.1.). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2.).

27. Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin hallarına yanaşdıqda müəyyən edilir ki, cavabdeh, onunla iddiaçı MMC arasında bağlanmış və yuxarıda qeyd edilən müqavilə üzrə MMC qarşısında üzərinə götürdüyü öhdəliyin icra edilməməsinə görə mülki məsuliyyət daşıyır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməli və ödənilməmiş borcu iddiaçı MMC-yə ödəməlidir.

28. Bu baxımdan hesab edilməlidir ki, ilk iddianın əsas borcun tutulması ilə bağlı hissəsi əsaslıdır. Rayon Məhkəməsi bu tələbi təmin etməkdə haqlı olmuşdur.

29. Bundan başqa Məhkəmə qeyd edir ki, iddiaçı MMC ilə cavabdeh arasında bağlanmış müqavilənin 4.1.5.-ci bəndindən görünür ki, alıcı olan cavabdeh “Ödəniş cədvəli” üzrə ödəniş şərtlərini pozduqda, satıcı olan MMC-nin müddəti keçmiş məbləğin hər növbəti təqvim günü üçün 01% miqdarında cərimə hesablamaq hüququ var.

30. Bunu nəzərə alan Məhkəmə bildirir ki, Mülki Məcəllənin tələblərinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (maddə 467.).

31. Məhkəmə qeyd edilən maddi hüquq normalarının tələblərini və cavabdeh ilə iddiaçı MMC arasında bağlanmış müqavilənin şərtlərini nəzərə alaraq hesab edir ki, 192,57 manat məbləğində cərimənin (dəbbənin) məbləği kreditorun – iş üzrə iddiaçı MMCnin həm əmlak mənafelərinə, həm də bütün əsaslı mənafelərinə uyğun olmuşdur. Cərimənin tutulmaması və ya cərimənin məbləğinin azaldılması üçün heç bir əsas yoxdur.

32. Odur ki, bu baxımdan qəbul edilməlidir ki, iddianın cərimənin tutulması ilə bağlı hissəsi əsaslıdır. Rayon Məhkəməsi bu tələbi təmin etməkdə də haqlı olmuşdur.

33. Daha sonra Məhkəmə bildirir ki, ilkin iddia tələbi əsas və cərimə borcuna münasibətdə tam təmin edildiyindən işə baxmış Rayon Məhkəməsi hesab etmişdir ki, ilk iddianın verilməsi üçün MMC tərəfindən ödənilmiş 152 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq MMC-yə ödənilməlidir.

34. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsini bu nəticəsi də əsaslıdır. Belə ki, MPM-in “Məhkəmə xərcləri” adlı Vİİİ Fəslinin tələbinə görə, iddia ərizəsinin verilməsi zamanı ödənilmiş dövlət rüsumları işin baxılması ilə əlaqədar məsrəflərə aiddir (maddə 115.). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119).

35. Yuxarıda qeyd edildiyi kimi isə, işə baxmış Rayon Məhkəməsi ilk iddianı tam təmin etmişdir. Belə olan halda müəyyən edilir ki, Rayon Məhkəməsinin müzakirə etdiyi bu nəticəsi də əsaslıdır. g) apellyasiya baxışının nəticəsi

36. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır.

37. MPM-in 385.2-ci maddəsinə görə isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

38. Buna görə də, Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

39. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 may 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar