Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-405/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı və Muradova Gülüstan Qardaşxan qızının nümayəndəsi və vəkili Vəkil2, X2 cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Koperativinin vəkili, eyni zamanda Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3561/2019 saylı, 12 iyun 2019-cu il tarixli qətnaməsindən İddiaçı və qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Muradova Gülüstan Qardaşxan qızının və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3569/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı Muradova Gülüstan Qardaşxan qızı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı 1B nömrəli 14 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 30 nömrəli ümumi sahəsi layihə üzrə 203 kv.m təşkil edən 4 otaqlı mənzilin alqı-satqısına dair Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 30 dekabr 2018-ci il tarixli 115 nömrəli müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3561/2019 saylı, 12 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. İddiaçı və qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Muradova Gülüstan Qardaşxan qızının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prosesual hüquq normalarını pozmuş , ədalətsiz qərar qəbul etmişdir. Belə ki, İddiaçı ilə Cavabdeh1 MTK arasında olan 09 may 2016-cı il tarixli 115 saylı müqaviləyə əsasən ünvan 2 ünvanındakı 1 B nömrəli 14 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 30 nömrəli ümumi sahəsi layihə üzrə 203 kv.m təşkil edən 4 otaqlı mənzilin alqı-satqısı baş tutmuş və iddiaçı payçı olaraq kooperativə qəbul edilmiş, mənzilin 140000 manat dəyəri tam olaraq ödənilmişdir. Mənzilin dəyərinin tam olaraq ödənilməsini Cavabdeh1 MTK-nın nümayəndəsi də etiraf etmiş və bu barədə qətnamənin 2-ci səhifəsinin 4-cü abzasında qeyd edilmişdir. Bundan sonra, Cavabdeh1 MTK və Cavabdeh2 ilə razılaşmaya görə həmin mənzilin satılması qərarına gəlinmiş, lakin cavabdehlər tərəfindən mənzilə görə 140000(yüz qırx min)manat iddiaçıya geri qaytarılmamışdır. Cavabdehlər tərəfindən mənzilin dəyərinə görə 140000(yüz qırx min)manatın iddiaçıya ödənilməsinə yaxud Cavabdeh2 tərəfindən Cavabdeh1 MTK-ya ödənilməsinə dair hər hansı bir kassa və ya ödəniş sənədi yoxdur. Cavabdehlər yalnız 15000(on beş min) manatın Cavabdeh2 tərəfindən MTK-ya ödənilməsinə dair 30 dekabr 2018-ci il tarixli kassa mədaxil orderinə istinad etmişlər. Mübahisəli mənzil İddiaçı maraqlı şəxs Muradova Gülüstan Qardaşxan qızının birgə nikahında əldə edilməsinə baxmayaraq, məhkəmə həmin müavilənin həmin mənzilə hüququ olan və birgə nikah dövründə əldə edilmiş əmlakın satılmasında razılığı tələb edən Muradova Gülüstan Qardaşxan qızının razılığı olmamasını nəzərə almamışdır. Məhkəmə qətnaməsində məhkəmə, eləcə də cavabdehlər guya İddiaçı ilə müqaviləyə xitam verilməsinə istinad etsələr də, bu xitamı hansı qaydada hansı sənəd və əsasla həyata keçirdiyini əsaslandıra bilməmişdir. Halbuki, Cavabdeh1 MTK kooperativ kimi nizamnaməsində kooperativ üzvlüyünə qəbul və üzvlüyə xitam vermə qaydası nəzərdə tutulmuşdur. Məhkəmə və cavabdehlər İddiaçı mübahisəli mənzilə olan pay hüququndan imtina etməsi və pay hüquqlarının Cavabdeh2 keçirilməsi barədə notarial qaydada 22 dekabr 2018-ci il tarixli ərizəsinə istinad edərək həmin ərazini mübahisəli mənzilə olan hüquqlarının itirilməsi üçün əsas (əqd) hesab etmiş və bu ərizə əsasında iddia tələbinin təmin edilməməsi barədə nəticəyə gəlmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli 2(103)- 11802/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. İddiaçı və qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Muradova Gülüstan Qardaşxan qızı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2019cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını, yaxud işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1425/20 saylı 10 mart 2020-ci il tarixli qərarı ilə İddiaçı və qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Muradova Gülüstan Qardaşxan qızı tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 09 oktyabr 2019-cu il tarixli, 2(103)-11802/19 saylı qətnaməsi ləğv olunmuş və iş apelyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1425/20 saylı 10 mart 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, iş materiallarından göründüyü kimi, mübahisə predmeti ünvan 3 ünvanındakı 1B nömrəli 14 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi layihə üzrə 203 kv.m təşkil edən 30 nömrəli mənzildir. Həmin mənzilə dair ilkin olaraq 09.05.2016-cı il tarixdə İddiaçıla müqavilə bağlanmışdır. Mənzil İddiaçı onun müqavilə əsasında görəcəyi elektrik quraşdırma işlərinin dəyərinin 140 000 manat hissəsinin əvəzi olaraq verilmişdir. Binada tikinti quraşdırma işləri başa çatdıqdan sonra İddiaçı mənzili satmaq qərarına gəlmiş, bu barədə MTK-ya məlumat vermiş, 22.12.2018-ci ildə mənzilə pay hüququndan imtina etməsi və pay hüququnun Cavabdeh2 keçməsi barədə ərizə vermiş, onun ərizədəki imzası həmin tarixdə Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş, 30.12.2018-ci il tarixdə həmin mənzilə dair MTK ilə Cavabdeh2 arasında müqavilə bağlanmış, 24.01.2019-cu il tarixdə İddiaçı pay hüququndan imtina barədə ərizəsinin etibarsız hesab olunması barədə notariat ofisinə ərizə vermişdir. 08.04.2019-cu il tarixdə İddiaçı mübahisəli mənzilin alqı-satqısına dair Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 30 dekabr 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi barədə məhkəmədə iddia qaldırmışdır. O, iddia ərizəsində cavabdehlər tərəfindən aldadıldığını qeyd etmiş və tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 339.2-ci maddəsinə istinad etmişdir. Cavabdeh1 MTK iddianı qəbul etməmiş və göstərmişdir ki, iddiaçı MTK qarşısında üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, 15 000 manat dəyərində işlər görülməmiş qalmış, iddiaçı öz istəyi və iradəsi ilə mənzilə pay hüququndan Cavabdeh2 xeyrinə imtina etmiş, həmin imtina əsasında Cavabdeh2 ilə 30.12.2018-ci il tarixdə müqavilə bağlanmış, müqavilə bağlananadək MTK Cavabdeh2 tanımamış, yalnız Cavabdeh2 tərəfindən iddiaçının yarımçıq qoyduğu işlərin dəyərini təşkil edən 15 000 manat ödənildikdən sonra Cavabdeh2 ilə müqavilə imzalanmış və bununla da MTK-nın iddiaçı qarşısında öhdəliklərinə xitam verilmişdir. Cavabdeh2 də iddianı qəbul etməmiş və göstərmişdir ki, o, İddiaçı tanımır, mənzili makler vasitəsilə Cavabdeh1 MTK-dan qanuni əsaslarla almış və mənzilin dəyərini təşkil edən 140 000 manatdan əlavə 15 000 manat da MTK-ya ödəmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini əsassız sayaraq rədd etmiş və apelyasiya instansiyası məhkəməsi bununla razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı aldadılma faktına istinad edərək tələbini hüquqi cəhətdən Mülki Məcəllənin 339.2-ci maddəsi ilə əsaslandırmışdır. İşə baxan məhkəmələr iddia tələbinə həmin norma əsasında deyil, Mülki Məcəllənin 339.1, 339.4-cü maddələri və Konstitusiya Məhkəməsinin bir sıra qərarları əsasında qiymət vermiş və nəticədə iddiaçının pay hüququndan imtina etmə barədə ərizəni verməyə məcbur edilməsinin, həmin ərizənin aldatmaqla, hədə-qorxu və zorakılıq yolu ilə əldə edilməsinin təsdiq olunmadığı qənaətinə gəlmişdir. İddiaçı izahatında aldadıldığını və pulu almadığını, MTK Cavabdeh2 tanımadığını, yalnız 15 000 manat pul alıdığını, Cavabdeh2 isə 140 000 manat və əlavə 15 000 manat məbləğində pulu MTK-ya verdiyini və iddiaçını tanımadığını göstərmişdir. Göründüyü kimi, həm iddiaçı ilə cavabdehlərin izahatları arasında, həm də cavabdehlərin özlərinin izahatları arasında ziddiyyətli məqamlar var və bu ziddiyyətlər işə baxan məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan mülki qanunvericiliyin tələbinə əsasən 24.12.2018-ci il tarixli müqavilə üzrə Cavabdeh2 140 000 manat pay haqqını qəbul etmək və sonra bu məbləği İddiaçı ödəmək MTK-nın vəzifəsidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cavabdeh2 tərəfindən MTK-ya 140 000 manat pay haqqının ödənilməsi iş materialları ilə təsdiq olunmur. Ən azından Cavabdeh2 tərəfindən bu faktı təsdiq edən maliyyə arayışı təqdim olunmamışdır. MTK da bununla bağlı heç bir rəsmi sənəd təqdim etməmiş, şifahi olsa da belə Cavabdeh2 tərəfindən pay haqqının ödənilməsini təsdiq etməmişdir. MTK tərəfindən cəmi 15 000 manat təmir xərcinin ödənilməsi müqabilində 203 kvm ümumi sahəsi olan 4 otaqlı mənzilin Cavabdeh2 sahibliyinə verilməsi isə inandırıcı və ağlabatan deyil. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Apelyasiya instansiyası məhkəməsinin iddianı rədd edərkən istinad etdiyi digər əsas Cavabdeh2 vicdanlı alıcı olmasıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Cavabdeh2 vicdanlı alıcı olması İddiaçı MTK tərəfindən aldadılmış olmasını istisna etmir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının istər 24.12.2018-ci il tarixli müqavilədən əvvəl, istərsə də ondan sonra aldadılmadığı qənaətinə gəlməklə hazırkı iddianın təmin olunmadığı təqdirdə iddiaçını gələcəkdə ona vurulmuş 140 000 manat ziyanı tələb etmək hüququndan da məhrum edir. Vicdanlılıq məsələsinə gəldikdə isə, qətnamənin məzmunundan göründüyü kimi apelyasiya instansiyası məhkəməsi bununla bağlı qənaətini hər hansı maddi hüquq norması ilə əsaslandırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, bu məsələnin hüquqi təsbiti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 149.2-ci maddəsinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Göründüyü kimi, sadalanan normalar daşınmaz əmlakın dövlət reyestrindəki qeydə etimad etməklə daşınmaz əmlak əldə edən şəxslərin, yəni vicdanlı əldə edənlərin hüquqlarını qoruyur. İş materiallarından göründüyü kimi, mübahisəli mənzil üzərində tərəflərdən heç birinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən bir daha qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə düzgün əsaslandırılmamışdır və bu səbəbdən də o, qanuni və əsaslı sayıla bilməz. İşin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan pozuntuları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli və eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPMnin 88-ci maddəsinin tələbləri baxımından qiymət verməlidir. Məhkəmə kollegiyası habelə qeyd edir ki, işə apelyasiya qaydasında yenidən baxılarkən ümumi birgə əmlakın arvadın razılığı olmadan özgəninkiləşdirilməsi ilə bağlı Gülüstan Muradovanın şikayətinin dəlillərinə hazırkı işdə qiymət verilməsinin mümkünlüyü də müzakirə edilməli və qiymət verilməlidir. Həmin dəlillərə hazırkı icraatda qiymət verilməsi mümkün hesab edilmədiyi halda ona ayrı icraatda müstəqil iddia ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. Bundan başqa, iddiaçı Muradova Gülüstan Qardaşxan qızı cavabdehlər Cavabdeh1 MMCyə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 30 dekabr 2018-ci il tarixli 115 saylı müqavilənin etibarsız hesab edilməsini və birgə nikah dövründə əldə etdikləri ünvan 4 ünvanındakı 1 B nömrəli, 14 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 30 nömrəli ümumi sahəsi 203 kv.m mənzilin onların sahiblik və istifadəsinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3569/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı Muradova Gülüstan Qardaşxan qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X5 Cavabdeh1 MTK-ya 140 000 (yüz qırx min) manat vəsait ödəyərək ünvan 4 ünvanındakı 1B nömrəli, 14 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 30 nömrəli ümumi sahəsi 203 kv.m təşkil edən 4 otaqlı evi almışdır. Bir müddət sonra, həyat yoldaşı vasitəçi ilə ev satmaq qərarına gəlmiş və bu zaman Cavabdeh2 ilə görüşərək ona adıçəkilən mənzili 80 000 (səksən min) dəyərinə satmaq niyyətinin olduğunu bildirmişdir. Cavabdeh2 isə öz növbəsində mənzilin əvəzində vitrin dəyəri 287 000 ( iki yüz səksən yeddi min) manat olan qızıl təklif etmişdir və eyni zamanda həmin müddətdə evin öz adına rəsmiləşdirilməsi üçün həyat yoldaşından notarial qaydada pay hüququndan imtina ilə bağlı 29 dekabr 2018-ci ildə sənəd almışdır. Həyat yoldaşı pay hüququndan imtina ilə bağlı həmin sənədi vasitəçiyə təqdim etdikdən sonra, qızıl dəyərinin yoxlanılması ilə bağlı mütəxəssisə müraciət edilən zaman müəyyən olunmuşdur ki, vasitəçi Şahbazın təqdim etdiyi qızılın bazar qiyməti 40 000 (qırx min) manatdır. Şahbazın onun etibarından sui-istifadə etdiyini görən həyat yoldaşı qızılları Şahbaza geri qaytarmış, lakin mənzilin sənədlərini geri qaytarmasını tələb etməsinə baxmayaraq, vasitəçi sənədləri verməmişdir. Həmin gün həyat yoldaşı Fizuli xəstə olduğundan ərizəni ləğv etdirmək iqtidarında olmamış, bir neçə gün sonra etiraz ərizəsini ləğv edərkən məlum olmuşdur ki, Cavabdeh2 30 dekabr 2018-ci ildə Cavabdeh1 MTK ilə razılaşaraq evi öz adına rəsmiləşdirmişdir. Lakin onun bu hadisələrdən xəbəri olmamış, iş apellyasiya məhkəməsində olduğu zaman məlumat almışdır. Yoldaşı bütün bu hərəkətləri onun razılığı olmadan həyata keçirmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5485/2021 saylı 10 iyun 2021-ci il tarixli qərardadı ilə iddiaçı Muradova Gülüstan Qardaşxan qızının cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair 2(103)-5485/2021 saylı mülki iş X3 Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair 2(103)-405/2021 saylı mülki işlə birləşdirılmişdir. Məhkəmə iclasında iddiaçıların vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətlərini müdafiə etdi, eyni məzmunlu izahat verərək şikayətlərin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçıların vəkili və nümayəndəsi X6 da apellyasiya şikayətlərini müdafiə edərək şikayətlərin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətlərinə etiraz edərək hər iki apellyasiya şikayəti əsassız olduğundan rədd edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətləri təmin edilməlidir. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi 2(008)-3561/2019 saylı iş üzrə iddia tələbini rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı Həsən oğlu Cavabdeh1 MTK-da olan mənzilə pay hüquqlarının Cavabdeh2 adına keçirilməsinə dair iradə ifadəsini Bakı şəhəri 32 saylı notariat ofisində rəsmiləşdirərkən, Cavabdeh2 iştirak etməmiş və sonuncu ilə iddiaçının birbaşa ünsiyyəti olmamışdır...iddiaçı notariusda mənzilə olan pay hüququnun başqasına keçməsinə dair ərizə verərkən aldadıldığı və bu haldan Cavabdeh2 xəbərdar olduğu iş materialları ilə öz təsdiqini tapmır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi 2(008)-3569/2020 saylı iş üzrə iddia tələbini rədd edərkən isə qənaətini belə əsaslandırmışdır ki, iddiaçı tələbinin hüquqi əsası kimi birgə nikah dövründə əri İddiaçı adına əldə edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair razılığının olmamasına istinad etsə də, iddiaçı mübahisə predmeti olan ünvan 4 ünvanındakı 1 B nömrəli, 14 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 30 nömrəli ümumi sahəsi 203 kv.m təşkil edən 4 otaqlı evin dəyərini tam ödənilməsi və həmin mənzilə mülkiyyət hüququ əldə etməsinə dair mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda İddiaçı mənzilə olan pay hüququnun başqasına keçməsinə dair ərizə verərkən onun arvadı olan hazırkı iddiaçının bundan məlumatı olmaması və bu haldan Cavabdeh2 xəbərdar olduğu iş materialları ilə öz təsdiqini tapmır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamələrin ləğv edilməsi və iddianın təmin edilməsi əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətlərinin obyektini birinci instansiya məhkəməsinin qətnamələri, yəni iddiaların təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddianın təmin edilməməsi hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də birinci instansiya məhkəməsinin qətnamələrinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələblərinin faktiki əsası (faktiki hallar), tələbin həmin hissələrdə qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələr düzgün olmamışdır. Əvvəla, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında səlahiyyətli şəxsin iştirakı, həqiqi iradə ifadəsini bildirilməsi, iradə ifadəsinin zədəli olmaması, forma və məzmunun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi 2(008)- 3561/2019 saylı iş üzrə iddia tələbini rədd edrkən qənaətini belə əsaslandırmışdır ki, İddiaçı Həsən oğlu Cavabdeh1 MTK-da olan mənzilə pay hüquqlarının Cavabdeh2 adına keçirilməsinə dair iradə ifadəsini Bakı şəhəri 32 saylı notariat ofisində rəsmiləşdirərkən, Cavabdeh2 iştirak etməmiş və sonuncu ilə iddiaçının birbaşa ünsiyyəti olmamışdır...iddiaçı notariusda mənzilə olan pay hüququnun başqasına keçməsinə dair ərizə verərkən aldadıldığı və bu haldan Cavabdeh2 xəbərdar olduğu iş materialları ilə öz təsdiqini tapmır. Əslində İddiaçı mübahisəli mənzilə dair adına olan müqavilədən və pay hüququndan notariat ofisində Cavabdeh2 xeyrinə imtina edərkən sonuncu ilə birbaşa ünsiyyətdə olmaması yaxud aldadılmadan Cavabdeh2 xəbərdar olmasının iş materialları ilə təsdiq edilməməsi aldadılmanın baş verdiyini istisna etmir. Yəni, aldatmanın baş verməsi üçün aldadanla aldadılan birbaşa ünsiyyətdə olması yaxud iddiaçının birbaşa cavabdeh tərəfindən aldadılması da mütləq şərt deyil. Belə ki, iddiaçı mübahisəli mənzilə olan pay hüququndan imtinaya görə aldadılaraq pul almadığını iddia edir. Cavabdeh2 də mübahisəli mənzilə görə nə iddiaçıya, nədə MTK-ya 15000 manatdan əlavə hansısa məbləğdə pul ödədiyini israr etmir, pulun qalan hissəsini mənzili ona təklif edən maklerə verdiyini bəyan edir. MTK da Cavabdeh2 15000 manatdan əlavə pul almadığını təsdiq edir, eyni zamanda sonuncudan həmin məbləği iddiaçının mübahisəli mənzilə görə gördüyü işi qüsurlu icra etdiyinə görə aldığını bəyan edir. Başqa sözlə MTK mübahisəli mənzilə dair 140000 manat dəyərində iş gördüyünə görə iddiaçı ilə müqavilə bağladığını mübahisələndirmir. Yəni, iddiaçı ilə MTK arasında mübahisəli mənzilə görə 09.05.2016cı il tarixdə bağlanmış müqavilə ən azından hazırki mübahisənin predmetinə aid deyildir. Bu cür vəziyyətdə iddiaçının mübahisəli mənzilə dair pay hüququndan aldadılma olmadan əvəzsiz olaraq imtina etməsi əlbətdə ki, inandırıcı və ağlabatan deyildir. İkincisi, birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 32-ci, 33.4-cü Mülki Məcəllənin 225.1-ci və Mənzil Məcəlləsinin 112.1-ci maddəsinin tələblərini pozaraq, mübahisə predmeti olan mənzilin pay haqqının tam olaraq Fizuli və Gülüstan Muradovların birgə nikahları dövründə ümumi gəlirləri hesabına (yəni iddiaçının MTK ilə bağladığı müqavilə üzrə gördüyü işin əvəzi olaraq) ödənilməklə, həmin mənzilin onların ümumi birgə mülkiyyəti sayılmasını, Gülüstan Muradovanın yazılı razılığı olmadan İddiaçı 22 dekabr 2018-ci il tarixdə Cavabdeh1 MTK-ya yazılı ərizə verib mübahisəli mənzilə dair müqavilədən və pay hüququndan Cavabdeh2 güzəştə getməsini nəzərə almadan, Gülüstan Muradovanın mənzilə olan gözlənilən mülkiyyət hüququnu pozmuşdur. Bununla əlaqədar, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi 2(008)-3569/2020 saylı iş üzrə iddia tələbini rədd edrkən göstərmişdir ki, iddiaçı tələbinin hüquqi əsası kimi birgə nikah dövründə əri İddiaçı adına əldə edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair razılığının olmamasına istinad etsə də, mübahisə predmeti olan mənzilin dəyərini tam ödənilməsi və həmin mənzilə mülkiyyət hüququ əldə etməsinə dair mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda İddiaçı mənzilə olan pay hüququnun başqasına keçməsinə dair ərizə verərkən onun arvadı olan hazırkı iddiaçının bundan məlumatı olmaması və bu haldan Cavabdeh2 xəbərdar olduğu iş materialları ilə öz təsdiqini tapmır. Əvvəla, yuxarıda qeyd olunduğu kimi, mübahisə predmeti olan mənzilin dəyərinin İddiaçı tərəfindən MTK-ya ödənilib-ödənilməməsi hazırki işin predmetinə aid deyildir. Ən azından bunu cavabdehlər, o cümlədən MTK mübahisələndirmir. Bu iş üzrə MTK-nın mübahisələndirdiyi hal yalınz 140000 manat dəyərində görülmüş işin 15000 manat dəyərində hissəsinin qüsurlu olması ilə bağlı olmuşdur. Mənzilə mülkiyyət hüququnun əldə edilməsinə dair mötəbər sübut təqdim edilməməsi də bu iddianın əsassızlığına dəlalət etmir. Birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi üçün, yetər ki, iddiaçıların həmin mənzilə birgə nikah dövründə sahiblik və istifadə hüquqları yaranmış olsun. Eyni zamanda İddiaçı mənzilə olan pay hüququnun başqasına keçməsinə dair ərizə verərkən onun arvadı Gülüstan Muradovanın bundan məlumatı olmasını cavabdehlər sübut etməlidir. Çünki, bu halı sübut etmək yükü, artıq cavabdehlərin üzərinə düşür. Bu haldan Cavabdeh2 xəbərdar olduğunun iş materialları ilə öz təsdiqini tapmadığı qənaəti də əsassız olmuşdur. Çünki, birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair ər-arvadın notarial qaydada yazılı razılığının olması qanunvericiliyin imperativ tələbidir. Göründüyü kimi, mənzil qanunverciliyinə görə, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Mənzil Məcəlləsinin 113.2-ci maddəsində göstərilir ki, Mənzil Məcəlləsinin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmək üçün, nəzərdə tutlmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Ona görə də, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiyası məhkəməsi hər iki iddianı rədd etməklə, Gülüstan Muradovanın mübahisəli mənzilə sahiblik, istifadə və gözlənilən mülkiyyət hüquqlarını pozmaqla yanaşı, həmin mənzilə dair cavabdehlər arasında bağlanmış müqaviləni qüvvədə saxlamaqla, əslində həmin mənzilin gələcəkdə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınması üçün qanunsuz əsas yaratmışdır. Bu isə, yolverilməzdir, çünki mülki iş materialları ilə müəyyən olunur ki, Cavabdeh2 sözügedən mənzilə görə nə MTK-ya, nədə İddiaçı pul ödəməmişdir. Üçüncüsü, apellyasiya baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, mübahisəli mənzillə bağlı Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılmış və 24 fevral 2019-cu il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cinayət mühakimə icraatı qaydasında aparılan həmin araşdırma zamanı X1 mübahisəli mənzilin ona məxsus olduğunu bəyan edərək həmin mənzilin makler Əlizadə Elvin Əliabala oğlu tərəfindən ələ keçirildiyini və buna görə sonuncunun cinayət məsuliyyətinə cəlb edilməsinə dair istintaq orqanına müraciət etməsi də hazırki iddiaların əsaslılığına təsir etmir. Çünki, mübahisəli mənzilə dair MTK ilə Sahib Süleymanov yaxud hansısa şəxs arasında heç bir müqavilə olmamış, yazılı müqavilə yalnız iddiaçı ilə bağlanmışdır. Bununla yanaşı, istinatq orqanı tərəfindən aparılan həmin araşdırma ilə də Cavabdeh2 tərəfindən mübahisəli mənzilə görə iddiaçıya hər hansı bir məbləğdə vəsait ödənilmədiyi də təsdiq olunmuşdur. Bu faktın özü də hazırki iddiaların əsaslı olduğunu bir daha təsdiq etmiş olur. Dördüncüsü, mübahisəli mənzilə dair cavabdehlər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi hazırki vəziyyətdə avtomatik olaraq Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiq olunmasını qaçılmaz etməməlidir. Çünki, Cavabdeh2 mübahisəli mənzilin dəyərini nə iddiaçıya, nədə 15000 manat istisna olmaqla MTK-ya ödəməsi təsdiq olunmur. Şübhəsiz ki, qeyd olunan müqavilənin etibarsızlığının təsdiqi qanuni qüvvəsini aldıqdan sonra Şahbaz Şükürlünün həqiqətən də mübahisəli mənzilə görə MTK-ya yaxud hansısa digər şəxsə pul ödəmişdirsə həmin məbləği və ya ona vurulmuş zərərin əvəzini geri tələb etmək hüququ mövcuddur. Ona görə də, apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiq olunmasını zəruri hesab etmir. Beşincisi, hazırki iş üzrə məhkəmənin hər iki iddianı rədd etməsi düzgün olmamışdır. Belə ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən iddiaçı və cavabdehlər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, mülki dövriyyənin iştirakçısı kimi aralarında bu cür münasibətlər qurarkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddiaların təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları aralarında bu cür münasibətlər qurarkən hüququn prinsipləri və qanunvericiliyin tələbləri baxımından intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə suiistifadə etməsinlər, qanunvericiliyin imperativ tələblərinə riayət etmiş olsunlar. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, habelə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 386-cı maddəsinə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3561/2019 saylı, 12 iyun 2019-cu il tarixli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3569/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnamələri ləğv edilməli, iddia təmin edilməli, ünvan 1 ünvanındakı 1B nömrəli 14 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 30 nömrəli ümumi sahəsi layihə üzrə 203 kv.m təşkil edən 4 otaqlı mənzilin alqı-satqısına dair Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 30 dekabr 2018-ci il tarixli 115 nömrəli müqavilə etibarsız hesab edilməli və həmin mənzil İddiaçı və Muradova Gülüstan Qardaşxan qızının sahibliyinə və istifadəsinə verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3561/2019 saylı, 12 iyun 2019-cu il tarixli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3569/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnamələri ləğv edilsin. İddialar təmin edilsin. ünvan 1 ünvanındakı 1B nömrəli 14 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 30 nömrəli ümumi sahəsi layihə üzrə 203 kv.m təşkil edən 4 otaqlı mənzilin alqı-satqısına dair Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 30 dekabr 2018-ci il tarixli 115 nömrəli müqavilə etibarsız hesab edilsin və həmin mənzil İddiaçı və Muradova Gülüstan Qardaşxan qızının sahibliyinə və istifadəsinə verilsin. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-405/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-405/2021
22.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver