Məhkəmə qərarları › İş №2(103)-405/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-405/2025

21.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-405/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Cəfərli Pəri ilham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1055/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh İB-yə (bundan sonra, cavabdeh) qarşı “əsassız olaraq borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış (abonent kodu **********10100, sayğac nömrəsi: ********) 1771 manat cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Xəzər rayonu, 4-cü sahə ünvanında yerləşən yaşayış evini qaz təminatı ilə təchiz etmək üçün 2019-cü ilin dekabr ayında Xəzər Rayon Qaz İstismar sahəsinə müraciət etmişdir. Onun müraciətinə həmin sahənin məsul işçisi Həbib adlı şəxs baxmış, lazım olan dövlət rüsumunu ödədikdən sonra kod verilsə də, qaz sayğacının məhdud olduğunu bildirərək, həmin ünvana müvəqqəti olaraq sayğac qoymayaraq, birbaşa qoşulmasını təmin etmişlər. 2020-ci ilin mart ayında təzə sayğaclar gəlmiş və onun istifadəsində olan yaşayış sahəsi də sayğacla təmin edilmişdir. Həmin gündən bu günkü günə kimi davamlı olaraq istifadə etdiyi qaz sərfiyyatının pulunu ödəmişdir. Sonradan bildirmişdir ki, kod açılan gündən sayğac qoyulan günə kimi ona qanunsuz olaraq 1771 manat məbləğində cərimə yazılmışdır. Cərimə yazıldığını isə qazın verilişi dayandırılarkən bilmişdir. Hazırda ona məxsus yaşayış sahəsinə qazın verilişini təmin etmək üçün qoyulmuş 12525871 saylı qaz sayğacına plom vurulmuşdur. Bununla bağlı cavabdeh quruma müraciət etmiş, ona bildirmişlər ki, Həbib adlı şəxsi işdən çıxarmışlar, yaranmış mübahisə ilə bağlı ya borcu tam ödəməlidir, ya da məhkəməyə müraciət etməlidir. Həmçinin xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, onun ödəməli olduğu məbləğ 0,14 manat təşkil edir. O zaman sual olunur, niyə bu vaxta kimi ona borcu ilə bağlı qeyd gəlməmişdir. O, heç vaxt təbii qazdan istifadə qaydalarını pozmamış, istehlakçı olaraq üzərinə düşən öhdəliyi zamanında yerinə yetirmiş, təbii qazdan istifadəyə görə vaxtı-vaxtında ödənişlər etmiş və bu səbəbdən heç vaxt borcu yaranmamışdır. Köhnə qaz sayğacının istismara yararsız olmasında və ya qaz təchizatının qanunsuz qoşulmasında onun heç bir günahı yoxdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1055/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia təmin edilərək, Cavabdeh tərəfindən istehlakçı İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala-Südçülük sovxozu ünvanına (abonent kodu: **********10100) hesablanmış 30 dekabr 2019-cu il tarixli, ******* saylı akt üzrə 885,60 manat, 30 yanvar 2020-ci il tarixli, ******* saylı, 28 fevral 2020-ci il tarixli, ******* saylı və 30 mart 2020-ci il tarixli, ******* saylı aktlar üzrə 885,60 manat olmaqla, ümumilikdə 1771,20 manat məbləğində borcun silinməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi, cavabdehdən 37,71 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, eyni zamanda iddia təmin edildiyindən 64 manat ekspertiza xərcinin cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilməsi qət olunmuşdur. Cavabdeh qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın tam rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktların iddiaçı tərəfindən Birliyə vurulmuş zərərləri sübut etməsi, aktların təbii qazdan qanunsuz istifadəyə dair əsas olması, iddianın əsassız olması və s. kimi əsaslandırılmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, podratçı şirkət tərəfindən aldadılmış, sayğac vaxtında quraşdırlmamış, o da məcbur olub bir müddət, yəni aktların tərtib edildiyi dövrlərdə (2019-cu ilin dekabr - 2020-ci ilin mart ayları) sayğacdankənar qaydada qazdan istifadə etmiş, həmin müddətdə ödəniş etməmişdir. Lakin hesab edir ki, cavabdeh həmin müddət üçün həddindən artıq zərər məbləği hesablamışdır. Onun hesablamasına görə həmin müddət üçün təqribən 200 manat məbləğ hesablana bilər. 2020-ci ilin mart ayında onun ünvanına yeni sayğac quraşdırılmış, bundan sonra o, ödənişlərini lazımi qaydada həyata keçirmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehin nümayəndəsinə rəsmi qaydada məlumat verilmiş, lakin o məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia aşağıdakı göstərilən əsaslarla qismən təmin olunmalıdır. Belə ki, işdə olan Cavabdeh tərəfindən verilən abonentin saldosundan görünür ki, İddiaçı (abonent kodu: 10**********101) 2019-cu il üzrə 885,60 manat, 2020-ci il üzrə 885,60 manat olmaqla, ümumilikdə borcu 1771,20 manat təşkil edir. İşdə olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 dekabr 2019-cu il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Qala-Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan sayğacsız qeyriqanuni şəkildə istifadə edir” kimi qeyd edilmişdir. İşdə olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 yanvar 2020-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Qala-Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan sayğacsız qeyriqanuni şəkildə istifadə edir” kimi qeyd edilmişdir. İşdə olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 fevral 2020-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Qala-Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan sayğacsız qeyriqanuni şəkildə istifadə edir” kimi qeyd edilmişdir. İşdə olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 mart 2020-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu Qala-Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan sayğacsız qeyriqanuni şəkildə istifadə edir” kimi qeyd edilmişdir. Göründüyü kimi, cavabdeh Birlik tərəfindən müxtəlif vaxtlarda iddiaçının abonent hesabına təbii qazdan sayğacsız qeyri-qanuni şəkildə istifadə etməsi səbəbindən aktlar tərtib olunmuşdur. Birinci istansiya məhkəməsi tərəfindən ekspertiza təyin olunmuş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-3/480 saylı, 05 iyun 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Lakin, iddiaçı tərəfindən iddia ərizəsində göstərilmişdir ki, o 2019-cü ilin dekabr ayında Xəzər Rayon Qaz İstismar sahəsinə müraciət etmişdir. Onun müraciətinə həmin sahənin məsul işçisi Həbib adlı şəxs baxmışdır. Müraciəti ilə bağlı lazım olan dövlət rüsumunu ödədikdən sonra ona kod verilsə də, qaz sayğacının məhdud olduğunu bildirərək, həmin ünvana müvəqqəti olaraq sayğac qoymayaraq, birbaşa qoşulmasını təmin etmişlər. Daha sonra, yəni 2020-ci ilin mart ayında onun istifadəsində olan yaşayış sahəsi sayğacla təmin edilmişdir. İddiaçı qeyd edilən halın mövcudluğunu apellyasiya baxışında verdiyi izahatında da təsdiq etmişdir. Belə olan halda, yəni iddiaçı qazdan qanunsuz istifadə (kənar qoşulma) faktını etiraf etdiyindən, cavabdeh həmin halın sübut edilməsi yükündən azaddır. Göründüyü kimi, iddiaçı özü 2019-cu ilin dekabr – 2020-ci ilin mart ayları ərzində qazdan sayğacsız (birbaşa xəttə qoşulmaqla) istifadə etməsini etiraf etmiş, lakin, həmin aktlar üzrə hesablanmış pul vəsatlərinin tam silinməsini tələb etmişdir. Birinci instansiya instansiya məhkəməsi buna əhəmiyyət verməmiş, hesablanmış borcun duzgünlüyünü yoxlamamalı olduğu halda, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, məsələyə formal yanaşmış, maddi və prosessual hüquq normalarının tələblərinə riayət etməmiş, gəlinən nəticə işin hallarına uyğun olmamış, qətnamə lazımi qaydada əsaslandırılmamışdır. Belə olan halda isə qətnamə əsaslı və qanuni sayıla bilməz. MPM-nin 385.1.1-ci maddəsinə əsasən məhkəmə aktı maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi onun apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, iddiaçı aktların tərtib edildiyi 2019-cu ilin dekabr – 2020-ci ilin mart ayları ərzində qazdan sayğacsız (birbaşa xəttə qoşulmaqla) istifadə etməsini və həmin dövr üzrə hər hansı ödəniş etməməsini etiraf etdiyindən, qeyd edilən dövr üzrə əlavə sərfiyyatın qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanmasının yoxlanılması zərurəti yaranmışdır. Bununla bağlı, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5755/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən - 30 dekabr 2019-cu il tarixli, ******* saylı, 30 yanvar 2020-ci il tarixli, ******* saylı, 28 fevral 2020-ci il tarixli, ******* saylı, 30 mart 2020-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar və onların əsasında tərtib edilmiş “Dəymiş ziyanın bərpasına dair tələbnamə”lərə əsasən iddiaçının (abonent kodu: 10**********101) abonent hesabına əlavə sərfiyyatların hesablanmasının düzgünlüyünün müəyyən edilməsi Azərbaycan Respublikası Enerji X2 Bakı Filialına həvalə edilmişdir. Azərbaycan Respublikası Enerji X2 Bakı Filialının xx.xx.2024-cü il tarixli, 2624/2024 nömrəli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən istifadə olunan qaz qurğuları nəzərə alınmaqla, qış ayları üçün ayda 1476 m3 (1,2 m3 + 1,4 m3 + 1,5 m3) x 12 saat x 30 gün) təşkil edə bilər. Belə olan halda itirilmiş qazın həcmi 2019-cu ildə tərtib edilmiş 1 akt üzrə - 3 qış ayı x 1476 m3 = 4428 m3, 2020-ci ildə tərtib edilmiş 3 akt üzrə - 3 qış ayı x 1476 m3 = 4428 m3 təşkil edir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Qərarına əsasən əhali istehlakçılarının istehlak tarifləri nəzərə alınsa dəymiş zərərin məbləği 2019-cu il üzrə - 2200 x 0.10 + 2284 x 0.20 = 676,80 manat, 2020-ci il üzrə 2200 x 0.10 +2284 x 0.20 = 676,80 manat olmaqla cəmi 1353,60 manat təşkil edə bilər. Məhkəmə kollegiyası mütəxəssis rəyi ilə qismən razılaşaraq qeyd edir ki, mütəxəssis 2019-cu ildə tərtib edilmiş 1 akt (2019-cu ilin dekabr ayı) üzrə dəymiş zərəri nəyə görə 3 qış ayı üzrə hesablamasını əsaslandırmamışdır. Halbuki, 2020-ci ildə tərtib edilmiş 3 akt üzrə də eyni (3 qış ayı üzrə) hesablamanı aparmışdır. Belə olan hada, məhkəmə kollegiyası hesab edir ki, 2019-cu ilin dekabr ayı üzrə 1 qış ayına görə zərər məbləği hesablanmalı, həmin məğləğ 147,6 manat (rəyə əsasən bir qış ayı üzrə sərfiyyatın 1476 m3 təşkil etməsi nəzərə alınmaqla, 1476 m3 x 0,1 = 147,6 manat) təşkil etməlidir. Həmin məbləğin üzərinə rəyə əsasən 2020-ci ilin ilk 3 ayı üzrə hesablanmış 676,80 manat da əlavə edilməklə, son istifadə məbləği 824,4 manat təşkil edir. Beləliklə, müəyyən olunur ki, iddiaçı aktların tərtib edildiyi müddətlərdə sayğacdan kənar qaydada istifadə etdiyi təbii qaza görə 824,4 manat ödəmək öhdəliyi daşıyır. İddiaçı həmin məbəlğin 200 manat həddində olmasını bildirsə də, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Göründüyü kimi, iddiaçı qeyd edidlən aktlara görə 1771 manat pul vəsaitinin tam olaraq silinməsini tələb etməkdə haqlı olmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən silinməli olan pul vəsaiti 946,60 manat (1771 – 824,40 = 946,60) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 1.3-cü bəndinə əsasən (bundan sonra, Qaydalar) qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli Əlavə) əlavə edilir. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 5.1-ci bəndinə əsasən, qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia qismən təmin olunmalı, Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********10100) 30 dekabr 2019-cu il tarixli ******* saylı, 30 yanvar 2020-ci il tarixli ******* saylı, 28 fevral 2020-ci il tarixli ******* saylı və 30 mart 2020-ci il tarixli ******* saylı aktlar üzrə hesablanmış müvafiq pul vəsaitinin (əlavə sərfiyyatın) 946,60 manat hissəsi silinməli, iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, “Dövlət rüsumu haqqında” qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda iddianın verilməsinə görə 30 manat dövlət rüsmu ödənilir. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsmunu ödəməkdən azaddırlar. Qeyd edilməlidir ki, iddiaçının dövlət rüsmunu ödəməkdən azad olduğunu nəzərə alaraq, yuxarıda qeyd olunanlara əsasən iddianın təmin olunmuş hissəsinə (946,60 manat) münasibətdə cavabdeh 30 manat dövlət rüsmunu ödəməlidir. Eləcə də, birinci instansiya məhkəməsində icraat zamanı 64 manat məbləğində aparılmış ekspertiza tədqiqatının dəyəri (məhkəmə xərci) mövcud olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, həmin məhkəmə xərcləri cavabdehə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən göründüyü kimi, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan (həm təmin olunan, həm də rədd olunan hissələr üzrə iddianın qiyməti 5000 manatdan azdır) qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1055/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1055/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv olunsun, iddia qismən təmin olunsun. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********10100) 30 dekabr 2019-cu il tarixli ******* saylı, 30 yanvar 2020-ci il tarixli ******* saylı, 28 fevral 2020-ci il tarixli ******* saylı, 30 mart 2020-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar və onların əsasında tərtib edilmiş “Dəymiş ziyanın bərpasına dair tələbnamə”lərə əsasən hesablanmış müvafiq pul vəsaitinin (əlavə sərfiyyatın) 946,60 (doqquz yüz qırx altı manat, 60 qəpik) manat hissəsi silinsin. İddia qalan hissədə təmin olunmasın. Məhkəmə xərci Cavabdeh İB-yə aid edilsin. Cavabdehdən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************), həmçinin 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar