Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4050/2024 15.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 1297/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli aktdan görünür ki, MSK29/1710-02864 saylı rəyə əsasən sayğacda xx.xx.2018-ci il tarixdə ALARM-1 rejimi aşkar olunmuşdur. Abonentin saldosuna görə həmin akt üzrə iddiaçıya 324 manat borc hesablanmışdır.
2. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 14-2-2/3-5-5039/Q-002 nömrəli rəyə əsasən 1805AZ**********84 zavod nömrəli sayğacın klapanı sınmışdır. Abonentin saldosuna görə iddiaçıya qalıq və həmin akt üzrə 5.184 manat borc hesablanmışdır.
3. Abonentin saldosuna əsasən, abonentə 2023-cü ilin iyun ayında sərfiyyata görə 2.246.79 manat məbləğində borc hesablanmışdır.
4. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-ci il tarixli akta əsasən İddiaçı Raul oğöluna məxsus sayğac mənfiyə işlədiyindən sayğac yenisi ilə əvəzləşdirilmiş və itirilmiş qazın həcmi isə sayğac göstəricisinə uyğun olaraq 25313.1 m3 olduğu qeyd edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh İB-nə qarşı “borcun hesab kodundan silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bag massivi ünvanında yerləşən 5147X saylı bağ sahəsinə (abonent kodu: **********07361) əsassız olaraq borc kimi yazılmış 7.575.59 manatın cavabdeh tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən Ləhiş bağ, massivindəki 5147X saylı bağ, hazırda İddiaçı və onun ailəsinin istifadəsindədir. Onlar, həmin bağ sahəsində yalnız yay aylarında istirahət edirlər. Digər aylarda isə bağda yalnız mühafizəçi qalır və qaz sərfiyyatı az olur. İddiaçı tərəfindən cavabdehə qazla bağlı borc vaxtında və tam şəkildə ödənilmişdir. xx.xx.2023-cü il tarixində verilmiş bildiriş xəbərdarlıqda bildirilmişdir ki, cavabdehə olan yekun borc (ƏDV-li) 7575.59 manat təşkil edir. Lakin bildirişin verildiyi tarixdən öncə qeyd edilən ünvanda daimi yaşayış olmamış və həmin müddət ərzində isə qazdan qeyd edilən yekun borcu yarana biləcəyi həcmdə istifadə edilməmişdir. Xüsusi ilə diqqətinə çatdırır ki, 28 aprel 2023-cu il tarixində Cavabdeh (bundan sonra "Cavabdeh") mimayəndələri yaxınlaşaraq, sayğacın mənfi ilə işlədiyini və bu səbəbdən sayğacın yenisi ilə dəyişdirilməli olduğunu bildiriblər. Sayğacın (plombun) yenisi ilə əvəzlənmiş və qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cu il tarixli, ******* nömrəli akt tərtib edilmişdir.
7. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 1297/2024 nömrəli qətnaməsi ilə (hakim N.A.Cəfərli) iddia tələbi təmin edilmişdir.
8. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək qeyd etmişdir ki, mülki iş matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçıya hesabına yazılmış 324 manat, 5.184 manat və 2.246,79 manat olan hər üç borc məbləği Azəriqaz İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda quraşdırılmış sayğacda yaranan nasazlıq ilə əlaqədardır.
9. Məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməli, 2020-ci ilin mart ayında yazılmış 324 manat borc, 2023-cü ilin may ayında yazılmış 5.184 manat və 2023-cü ilin iyun ayında 2.246,79 manat borcun, cəmi 7.754,79 manat borcun iddia tələbi üzrə 7.575,59 manat olan hissəsi silinməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2, 4.8, 4.9-cu maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə düzgün nəticəyə gəlməmiş, maddi və prosessuаl hüquq normаlarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İBnin əməkdaşları tərəfindən istehlakçının istifadəsində olan qaz sayğacına müxtəlif vaxtlarda baxış keçirilən zaman sayğaca müdaxilə faktları aşkar edilmiş və sayğac çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. Bu barədə "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" aktlar tərtib olunmuş və aşkar olunan nöqsanlar iddiaçının diqqətinə çatdırımışdır. Dövlət yoxlamasının rəyinə əsasən sayğaca müdaxilə edilməsi öz təsdiqini tapmışdır. Bunun da nəticəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlar tərtib edilmiş, həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq olunmuşdur (iş materiallarında vardır). Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da 5.508 (324+5184) manat dəymiş ziyan məbləği hesablanmışdır. Bundan əlavə, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ massivi ünvanında yerləşən 5147X bağ sahəsində istifadədə olan elektron (əvvəlcədən ödənişli) qaz sayğacına xx.xx.2023-cü il tarixində baxış keçirilən zaman müəyyən olunmuşdur ki, qeyd olunan sayğacda texniki nasazlıq baş vermiş və bunun da nəticəsində sayğacın klapanı bağlanmadığı üçün (sayğac mənfiyə işlədiyi üçün) istehlakçı tərəfindən ödəniş aparılmadan təbii qazdan istifadə olunmuşdur. Bu səbəbdən də həmin tarixdə istehlakçının sayğacı yenisi ilə əvəz edilmiş və bununla bağlı ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilmişdir (iş materiallarına əlavə edilib). Tərtib edilmiş aktda sayğacın məfiyə işlədiyi, həmin tarixə elektron və mexaniki göstəricisinin 25313 m3 olduğu, sayğacın 9286 m3 mənfiyə işlədiyi qeyd olunmuş və aktı istehlakçının nümayəndəsi imzalamışdır. Həmçinin aktda qeyd olunan məlumatlarla elektron bazada olan məlumatlar qarşılıqlı yoxlanılmış və müəyyən edilmişdir ki, əvəzlənən sayğac üzrə istehlakçı tərəfindən cəmi 16027 m3 qaz sərfiyyatının dəyəri ödənilmişdir. Qeyd olunan göstəricilər arasındakı fərq də elə xx.xx.2023-cü il tarixli aktda qeyd olunduğu kimi 9286 m3 (25313-16027=9286) təşkil etmişdir ki, həmin sərfiyyatın da dəyəri istehlakçı tərəfindən ödənilməmişdir. Həmin vaxt qüvvədə olan tariflərə əsasən sayğacın mənfiyə işləməsi nəticəsində istehlak olunmuş, lakin dəyəri ödənilməmiş 9286 m3 sərfiyyatın 267 m3 hissəsi 0,12 qəpiklə (267x0,12=32,04 manat), 1300 m3 hissəsi 0,20 qəpiklə (1300x0,20=260) qalan 7719 m3 (9286-267-1300=7719) hissəsi isə 0,25 qəpiklə (7719x0,25=1929,75 manat) hesablanmış və cəmi dəyəri ödənilməyən sərfiyyata görə 2221,79 manat (32,04+260+1929,75=2221,79) borc hesablanmışdır. Sayğaca müdaxilə ilə bağlıCavabdeh İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar Birliyə vurulmuş zərəri sübut edir. Belə olan halda Cavabdeh İB-nin ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin istehlakçı tərəfindən qaz sayğacına müdaxilə etməsinə dair sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Qanunvericiliyə görə sayğacın mənfiyə işləməsi nəticəsində istifadə edilmiş qaz sərfinin məbləği istehlakçı tərəfindən ödənilməlidir. Belə ki, həmin məbləğ sırf sayğac göstəricisi əsasında hesablanmışdır. Lakin məhkəmə göstərilənləri nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən Ləhiç bağ massivindəki 5147X saylı bağ hazırda İddiaçı və onun ailəsinin istifadəsindədir. Onlar, həmin bağ sahəsində yalnız yay aylarında istirahət edirlər. Digər aylarda isə bağda yalnız mühafizəçi qalır və qaz sərfiyyatı az olur. İddiaçı tərəfindən cavabdehə qazla bağlı borc vaxtında və tam şəkildə ödənilmişdir. xx.xx.2023-cü il tarixində verilmiş bildirişdə göstərilmişdir ki, Cavabdehə olan yekun borc (ƏDVli) 7.575,59 AZN təşkil edir. Lakin bildirişin verildiyi tarixdən öncə qeyd edilən ünvanda daimi yaşayış olmamış və həmin müddət ərzində isə qazdan qeyd edilən yekun borcu yarana biləcəyi həcmdə istifadə edilməmişdir. xx.xx.2023-cü il tarixində Cavabdeh nümayəndələri yaxınlaşaraq, sayğacın mənfi ilə işlədiyini və bu səbəbdən sayğacın yenisi ilə dəyişdirilməli olduğunu bildiriblər. Sayğacın (plombun) yenisi ilə əvəzlənmiş və qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cu il tarixli, ******* nömrəli Akt tərtib edilmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, orada qış aylarında yaşanılmır. Cavabdeh əvvəlki aylara münasibətdə hesablamanı bəzi aylar üçün 0,12 manat, bəzi aylar üçün isə 0,2 və 0,25 manat olmaqla qeyd etmişdir. Məhkəmədən hesablanma zamanı bunu nəzərə almasını xahiş edir. Sayğacın sazlığını təmin etmək cavabdehin öhdəliyidir. Əvvəlki illərə nəzər salsaq, iddiaçı tərəfindən vaxtında mütəmadi olaraq ödənişlərin icra edildiyini görünür. Məsələnin kökü cavabdeh tərəfindən sayğacın düzgün təmin edilməməsidir. Sayğac dəyişdirilsə də, hazırda da həmin sayğacda problem var. Məhz ödənişlərin dayandırılmasının səbəbi bu məsələlərə aydınlıq gətirilməsidir. Əvvəlki aktlarda limit keçsə də və 0,12 manatdan hesablansa da, hazırda bu cür hesablanılmamışdır. Ev bağ evidir.
15. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları” Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
18. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. Hazırkı işdə iddia təmin olunduğundan və cavabdeh apellyasiya şikayətində qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam olaraq yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - sərfiyyata görə hesablanmış borcun (2.246,79 manat) silinməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, Cavabdeh İB tərəfindən abonent İddiaçı cavabdeh tərəfindən sərfiyyata görə hesablanmış 1.022,59 manat məbləğində borc silinməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə kollegiyası cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktlara münasibətdə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən cavabdehin evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək iddiaçının vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə xx.xx.2020-ci il tarixli akt üzrə 324 manat, xx.xx.2023-cü il tarixli akt üzrə isə 5.184 manat məbləğində borc hesablamışdır.
24. Məhkəmə kollegiyası cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktla bağlı həmçinin onu da qeyd edir ki, yuxarıda istinad olunan qanunvericiliyin imperativ tələblərinə uyğun olaraq cavabdeh qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
25. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
26. Lakin iddiaçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədən cavabdeh iddiaçıdan vurulmuş zərərin ödənilməsini tələbnamə ilə tələb etmiş, həmin zərərin məbləğini abonentin saldosuna daxil etmişdir.
27. Bununla belə, işdə olan “Gasrep” adlı sənəddən (iş v.56) göründüyü kimi, iddiaçı əvvəlki illər üzrə mütəmadi olaraq təbii qazdan istifadəyə görə hər ay ödənişlər etmiş, lakin 2022-ci ilin noyabr ayından 2023-cü ilin iyun ayına qədər (cavabdeh tərəfindən sərfiyyata görə 2.246,79 manat hesablanana qədər) qazdan istifadəyə görə ödənişlər etməmişdir.
28. Kollegiya hesab edir ki, cavabdeh tərəfindən qeyd olunan 2.246,79 manat məbləğində sərfiyyata görə hesablanmış borcun bütövlükdə silinməsi barədə birinci instansiya məhkəməsi səhv qənaətə gəlmişdir.
29. Kollegiya qeyd edir ki, işdə olan cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan (iş v.66-67) görünür ki, “Sayğacın xətaları təyin edilə bilməmiş, sayğacın mümbranı fasilələr ilə işlədiyindən sayğacı sınaq qurğusunda yoxlamaq mümkün deyil, kamera ilə sayğacın daxilinə baxış keçirildi, kənar təsir izləri aşkar edilmədi. Sayğac istismara yararsızdır.
30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, sayğac istismara yararsız olduğundan cavabdeh tərəfindən onun göstəriciləri sərfiyyata görə borcun hesablanması üçün əsas götürülə bilməz və mötəbər sayıla bilməz.
31. Bununla belə, işdən müəyyən edilir ki, iddiaçı əvvəlki illər üzrə göstərilən aylarda (2021-ci ilin noyabr ayından 2022-cü ilin iyun ayına qədər) qazdan istifadəyə görə ümumilikdə 1.045 manat məbləğində ödəniş etmişdir. Belə olan halda kollegiya hesab edir ki, 2022-ci ilin noyabr ayından 2023-cü ilin iyun ayına qədər sərfiyyata görə məhz həmin məbləğ nəzərə alınmalıdır.
32. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının iddia ərizəsində silinməsi tələb edilən borcun məbləği 7.575,59 manat təşkil etdiyindən, həmin məbləğin 5.508 manatı (324 + 5.184) aktlar üzrə hesablandığından, kollegiya tərəfindən sərfiyyata görə iddiaçının borcu 1.045 manat müəyyən edildiyindən, cavabdeh tərəfindən sərfiyyata görə hesablanmış borcun 1.022,59 manatı (7.575,59 – 5.508 = 2.067,59; 2.067,59 – 1.045 = 1.022,59) silinməlidir.
33. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 1297/2024 nömrəli qətnaməsi qismən - qaz sərfiyyatına görə hesablanmış borcun silinməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı (abonent kodu **********07361) sərfiyyata görə hesablanmış 1.022,59 manat məbləğində borc silinsin. Qətnamə mübahisələndirilən qalan hissədə (xx.xx.2020-ci il tarixli akt üzrə 324 manat, xx.xx.2023-cü il tarixli akt üzrə 5.184 manat borcun silinməsi ilə bağlı hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: