Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4051/2025 10.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X7, X8, X2, X5 və Cavabdeh7 (Cavabdeh6 MMC-nin direktoru) qarşı "ödənilməmiş kommunal xərclərinin ödənilməsi" tələbinə dair iş üzrə (Açar sözlər: qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1376/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh6 MMC-nin nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X7, X8, X2, X5 və Cavabdeh7 qarşı "ödənilməmiş kommunal xərclərinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Cavabdeh6 MMC (Cavabdeh7) "xxxx" Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinə qarşı “müqavilənin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1376/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh6 MMC (Cavabdeh7) "xxxx" Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinə qarşı “müqavilənin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan qərardadın əsaslandırıcı hissəsində göstərilən əsaslara görə imtina edilməsi və ərizənin geri qaytarılması və Cavabdeh6 MMC tərəfindən ödənilmiş 100 AZN (bir yüz manat) məbləğində dövlət rüsumunun dövlət büdcəsindən ona geri qaytarılması qərara alınmışdır.
4. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, ilkin iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, iddia ərizəsinin xx.xx.2024-cü il tarixdə Cavabdeh7, yəni iddia ərizəsində qeyd edilən ünvana xəbərnaməli məktubla göndərilmiş, lakin həmin məktub “hal-hazırda bu ünvanda yaşamır” başlığı ilə məhkəməyə geri qaytarılmışdır. İş materiallarına əlavə edilən “AZEMİS” Elektron məhkəmə informasiya sistemindən edilən texniki əməliyyatlar bölməsindən çıxarışdan görünür ki, cavabdehin nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə nümayəndə olaraq işə əlavə edilmiş, lakin bundan uzun müddət keçdikdən sonra cavabdehin nümayəndəsi və vəkili elektron kabinet vasitəsi ilə məhkəməyə qarşılıqlı iddia ərizəsi göndərmişdir. Göründüyü kimi cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi prosessual qanunvericilikdə nəzərdə tutulan müddəti ötürülməklə verilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh6 MMC-nin (Cavabdeh7) "xxxx" Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinə qarşı “müqavilənin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi mülki prosesual qanunvericiliyin tələblərinə əməl edilmədən (müddət keçdikdən sonra) verildiyindən onun icraata qəbulundan imtina edilməli və ərizə geri qaytarılmalıdır.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1376/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh6 MMC-nin nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş şikayət həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş, iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, qanunun tələbindəndən də görünür ki, iddiaçı iddia ərizəsində qeyd edilən tələblərlə məhkəməyə müraciət etmədən öncəCavabdeh6 MMC ilə müqavilə bağlamalı və yalnız qanunamüvafiq qaydada müəyyən edilən maddi tələbi iddia ərizəsində qeyd etməlidir. Lakin ilkin iddia üzrə iddiaçı elə bil ürəyi hansı məbləğ istəyibsə onu da iddia ərizəsində qeyd etmiş və sonradan da buna hüququ olmayan “komendantın” imzası ilə “təsdiqlənmiş kağız parçasını”məhkəməyə təqdim edərək guya öz tələbini əsaslandırmış hesab etmişdir. Lakin bunların heç biri qanuni əsaslandırma hesab edilə bilməz. Belə olan təqdirdə qarşılıqlı iddianın icraata qəbul edilmənin əhəmiyyəti daha da artır, əks halda Cavabdeh6 MMC-nin hüquqları kobud şəkildə pozulmuş olacaqdır. Cavabdehin nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə nümayəndə olaraq işə əlavə edilsə də, iddiaçının subyektiv hüququ yalnız xx.xx.2025- ci il tarixdə keçirilən iclasda müəyyən edilmişdir. Belə ki, həmən tarixədək iddiaçı subyektiv hüququnu müəyyən edən sənədləri məhkəməyə təqdim etmədiyindən, hətta vəsatətləri əsasında subyektiv hüququn müəyyən edilməsi üçün iştirakıları ilə aparılan ilk iclas təxirə salınmıdır. Belə olan təqdirdə AR MPM-nin 155-ci maddəsinə əsasən tərəflərindən qarşılıqlı iddianın verilməsi üçün əsaslar xx.xx.2025-ci iltarixdə keçirilən iclasda yaranmışdır. Bundan 7 gün sonra isə tərəflərindən qarşılıqlı iddia elektron kabinetə əlavə edilmişdir ki, bu müddət ağlabatan müddətdir və bu səbəbdən MPM-də qeyd edilən və tərəflərindən obyektiv səbəblərə görə ötürülmüş 20 günlük müddət bərpa edilməlidir.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
Tətbiq edilən hüquq normaları:
8. Mülki Prosessual Məcəllə Maddə 154.1 İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Maddə 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Maddə 155.2. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
10. Məhkəmə kollegiyası qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “AZEMİS” Elektron məhkəmə informasiya sistemindən edilən texniki əməliyyatlar bölməsindən çıxarışdan görünür ki, cavabdehin nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə nümayəndə olaraq işə əlavə edilmiş, lakin bundan uzun müddət keçdikdən sonra cavabdehin nümayəndəsi və vəkili elektron kabinet vasitəsi ilə məhkəməyə qarşılıqlı iddia ərizəsi göndərmişdir. Göründüyü kimi cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi prosessual qanunvericilikdə nəzərdə tutulan müddəti ötürülməklə verilmişdir.
11. Mülki Prosessual Məcəllənin tələbinə görə cavabdeh iddia ərizəsini aldıqdan 20 gün ərzində qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim edə bilər.
12. Məcəllənin 155.2-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
13. Hazırkı halda qarşılıqlı iddianın verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlməmiş, buna dair sübutlar məhkəməyə təqdim edilməmişdir.
14. İddiaçının subyektiv hüququnun yalnız xx.xx.2025-ci il tarixdə keçirilən iclasda müəyyən edilməsi və qarşılıqlı iddianın verilməsi üçün əsasların həmin tarixdən yaranması ilə bağlı şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, işdən görünür ki, Cavabdeh6 MMC tərəfindən qeyri-yaşayış sahəsinə görə əvvəllər də iddiaçı "xxxx" MMMC-yə kommunal ödənişlər edilmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında sadəcə cavabdeh tərəfin iddiaçının subyektiv hüququn olmaması ilə etiraz mülahizələrinin təkzib edilməsi üçün sənədlər (Nizamnanə, Ümumi Yığıncağın qərarlarından çıxarışlar və s ) təqdim edilmişdir.
15. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinin qəbulundan imtina edilməsi barədə qərardad qəbul etməkdə haqlı olmuşdur.
16. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
17. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1376/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fərrux Qasımov