Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4055/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdeh “xxxx” ASC-nin səlahiyyətli nümayəndəsi Qasımzadə FuadNaib oğlunun iştirakı ilə İddiaçı cavabdehlər “xxxx” ASC-nə, “xxxx” ASC-nin Binəqədi RETSİ-nə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC-nin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1963/2020 saylı 05 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh “xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 15.01.2020-ci il tarixli NDM 017691 saylı akt etibarsız hesab edilsin və həmin akta əsasən hesablanmış 6611,88 manat məbləğində borcun İddiaçı məxsus **********D0000 saylı abunə kodundan silinməsi qət edilmişdir. İddia cavabdeh “xxxx” ASC-yə münasibətdə digər hissədə və cavabdeh “xxxx” ASC Binəqədi RETSİ-ə münasibətdə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evə elektrik enerjisinin verilməsi üçün evin hasarının çöl hissəsində quraşdırılmış işıq sayğacında onun müdaxiləsi olmadan yaranan nasazlığa görə “xxxx” ASC Binəqədi RETSİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş 15 yanvar 2020-ci il tarixli, NDM № 017691 nömrəli aktın və həmin aktın əsasında yaranmış bütün hüquqi sənədlərin ləğv edilərək, ona hesablanmış 6693 AZN məbləğində borcun onun abonent hesabından silinməsi və 10 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 15.01.2020-ci il tarixli NDM 017691 saylı akt etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 6611,88 manat məbləğində borcun ona məxsus **********D0000 saylı abunə kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 15 yanvar 2020-ci il tarixdə “xxxx” ASC Binəqədi RETSİ-nin nümayəndələri mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evə işığın verilməsi üçün evin hasarının çöl hissəsinə quraşdırılmış işiq sayğacına baxış keçirdikləri zaman sayğacda hansısa onlara məlum olmayan qüsur aşkar edilmiş, və bu barədə 15 yanvar 2020-ci il tarixli, NDM № 017691 nömrəli akt tərtib olunmuşdur. Bundan sonra 15 yanvar 2020-ci il ******* saylı sayğacların yoxlanması və quraşdırılması haqqında protokolla yeni sayğac quraşdırılmışdır. Daha sonra 18 yanvar 2020-ci il tarixdə mənə xəbərdarlıq məktubu göndərərək, keçirilmiş yoxlama zamanı aşkar edilmiş qüsurun onun təqsirindən baş verdiyi qərarına gəlinməsi və 26 ay ərzində itirilmiş enerjinin əvəzi olaraq 6693 AZN məbləğində vəsaitin 18 yanvar 2020-ci il tarixədək ödəmədiyi təqdirdə ona verilən enerjinin kəsiləcəyi barədə məlumat verilmişdir. Sənədlərdən göründüyü kimi, 18 yanvar 2020-ci il tarixdə ona xəbərdarlıq göndərilir və ona hesablanmış 6693 AZN məbləğində vəsaitin 18 yanvar 2020-ci il tarixədək ödənilməsi tapşırılır. Halbuki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarının 8.14-cü bəndinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin qərarın 5-ci bəndinə əsasən yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyriistehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. Yəni ki, ona məxsus evdən çıxarılan sayğacda baş verən sayğacın saz vəziyyətdə olmasına nəzarət cavabdehin üzərinə düşür ki, hər ay cavabdehin nümayəndələri qeyd olunan sayğaca baxış keçirir və sərf olunmuş elektrik enerjisinə görə ona qəbz yazıblar. Əgər bu sahənin mütəxəssisləri olan şəxslər sayğacda olan problemi aşkar edə bilməyiblərsə o, necə müəyyən edə bilərdi. Bundan başqa Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarının 8.16-cü bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Qanunun tələbindən göründüyü kimi hər bir halda baş vermiş qüsura görə ona 1 (bir) aylıq orta hesablama ilə sərfiyyat hesablanaraq ödənilməsi nəzərdə tutula bilərdi. Lakin cavabdeh ona məlum olmayan səbəbdən sayğacda baş verən qüsura görə 23.08.2017-ci il tarixdən sayğacın götürüldüyü tarixədək, yəni 26 ay üçün əlavə sərfiyyat hesablayaraq, ümumilikdə ona 6693 AZN məbləğində cərimə hesablamışlar. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunması xahiş edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Cavabdeh “xxxx” ASC-nin səlahiyyətli nümayəndəsi Qasımzadə Fuad Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05.10.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən tərəfindən işin faktiki ha qiymət verilməməsi, təqdim edilmiş sənədlərdə göstərilənlərin təhrif edilməsi və ASC-nin qanuni mənafeyinin pozulmasına səbəb olan sözügedən qətnamənin qəbul edilməsi ilə müşayət olunmuşdur.Bu və digər əsaslar gətirilərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və cavabdeh “xxxx” ASC Binəqədi RETSİ-nin səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən “xxxx” ASC-nin səlahiyyətli nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyator Nəsimi rayon Məhkəməsinin 05.10.2020-ci il tarixli qətnaməsini iddianın təmin olunmuş hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır. İş materiallarında olan “xxxx” ASC tərəfindən İddiaçı ünvanlanmış 18.01.2020-ci il tarixli bildiriş və xəbərdarlıqdan görünür ki, İddiaçı 6.693,93 manat borc hesablanmış və həmin borcun 18.01.2020-ci il tarixədək ödənilməyəcəyi təqdirdə elektrik enerjisinin xəbərdarlıq edilmədən dayandırılacağı qeyd edilmişdir. İşdə olan 15.01.2020-ci il tarixli NDM 017691 saylı aktdan görünür ki, həmin tarixdə “xxxx” ASC əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu - **********D0000) elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, abonentin fərdi yaşayış evində quraşdırılmış elektrik sayğacın dövlət və alt qapaq möhürlərinin simlərinin (traslarının) qaynaq olunduğu, simlərin qaynaq hissələrinin bintlərin dəliyində gizlədildiyi aşkar edilmişdir, bununla əlaqədar həmin tarixdə akt tərtib edilmişdir. İşdə olan “xxxx” ASC-nin Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 15.01.2020-ci il tarixli ******* saylı protokoldan görünür ki, NDM 017691 saylı akta əsasən sayğac yenisi əvəz olunmuş, çıxarılan sayğacın dövlət və alt qapaq möhürlərinin simlərində qaynaq olunmuşdur. Tərəflərindən sayğac torbaya qoyulmuş və ******* nömrəli narıncı möhürlə möhürlənmişdir. İşdə olan Abunə kodu **********D0000 olan abunə haqqında sənəddən görünür ki, 17.01.2020-ci il tarixə İddiaçı 6611,88 manat əlavə ödəniş hesablanmışdır. 17.01.2020-ci il tarixli icra vərəqindən görünür ki, 15.01.2020-ci il tarixli, 017691 saylı akta əsasən aşkar edilmiş qüsur üzrə (5,69 kvt x (0.7) x 24 saat x 863 gün) – 22388 kvts=60108 kvts hesablanmış və sayğacın yenisi ilə əvəz edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, istehlakçı (iddiaçı) tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun İddiaçı qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə iddiaçının təqsiri müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, iddiaçıya həmin akta əsasən əlavə pul hesablanması yolverilməzdir və cavabdeh təşkilatın əməkdaşları elektrik enerjisindən istifadə qaydalarının tələblərini pozaraq mübahisələndirilən aktı tərtib etmişlər və iddiaçıya əlavə məbləğdə borc hesablandığından bununla da iddiaçının iddia tələbində istinad etdiyi hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, iddia tələbini qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya qətnamənin ləğv edilməsinə heç bir hüquqi əsasların olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393,405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh “xxxx” ASC-nin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4055/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4055/2021
29.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver