Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4055/2024 30.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhər Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 iyul 2023-cü il tarixli qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə verdikləri apellyasiya şikayətinə əsasən işə, İddiaçı, onun vəkili (nümayəndəsi) Vəkil1, Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil3, Cavabdeh2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə birgə müraciət etmiş iddiaçı, onun mülkiyyətində olmuş və Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən 129 nömrəli mənzilə dair onunla Cavabdeh2 ilə aralarında xx.xx.2021-ci il tarixdə bağlanmış “Daşınmaz əmlakın bağışlanması müqaviləsinin” etibarsız hesab edilməsi, həmin müqavilə əsasında “Daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh2 adına verilmiş **********54-05301- 093018 reyestr nömrəli, ********** qeydiyyat nömrəli “Çıxarışın”, Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “Daşınmaz əmlakın bağışlanması müqaviləsinin” və həmin müqavilə əsasında “Daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən “Çıxarışın” ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətində olmuşdur. Cavabdeh2 iddiaçının nəvəsi, Cavabdeh1 isə iddiaçının oğlunun keçmiş arvadıdır. 2021-ci ilin avqust ayında Almaniyada təhsil alan Cavabdeh2 Bakı şəhərinə gələndən sonra bir müddət iddiaçı ilə birlikdə qalmışdır. Söhbət əsnasında Nihad, Azərbaycan Respublikasının vətəndaşlığından çıxmadan Almaniyanın vətəndaşlığını qəbul etmək istədiyini və bunun üçün Azərbaycanda onun adına daşınmaz əmlakının olmasının şərt olduğunu iddiaçıya bildirmiş və xahiş etmişdir ki, mənzili müvəqqəti olaraq onun adına keçirtməyi iddiaçıdan xahiş etmişdir. Cavabdeh2 iddiaçını arxayın etmişdir ki, vətəndaşlıq məsələsi həll olunandan sonra mənzili yenidən onun adına keçirəcək və həmin vaxta qədər evin sənədləri iddiaçıda qalacaqdır. İddiaçı, nəvəsinin xahişini yerə salmayaraq mənzili onun adına keçirməyə razılaşmışdır. Bununla bağlı onlar Bakı Şəhəri 6 saylı Notariat Ofisində “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” bağlamışlar. Həmin müqavilə əsasında “Daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh2 adına “Çıxarış” verilmişdir. Bundan sonra, Cavabdeh2, mənzilin sənədlərini tərcümə mərkəzində olması bəhanəsi ilə sənədləri iddiaçıya verməmiş və Almaniyaya qayıtmışdır. Həmin vaxtdan etibarən Cavabdeh2 iddiaçı və bibisi İsmayılova ilə əlaqə saxlamamışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 iddiaçı ilə əlaqə saxlayaraq mənzilin artıq onun olduğunu bildirmişdir. Məhz həmin vaxt iddiaçı başa düşmüşdür ki, nəvəsi onu aldatmışdır. İddiaçı dərhal notariat ofisinə müraciət etmiş, məlum olmuşdur ki nəvəsi Cavabdeh2 mənzili anası Cavabdeh1 bağışlamışdır. İddiaçı mənzilin qaytarılması ilə bağlı cavabdehlərə müraciət etsə də, bunun nəticəsi olmamışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mənzil xx.xx.2021-ci il tarixdə Cavabdeh2 bağışlansa da, hazırki vaxta qədər cavabdehlər mənzildə ümumiyyətlə yaşamamışlar. 2023-cü ilə qədər evin bütün kommunal xərcləri iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı hesab edir ki, nəvəsi tərəfindən aldadıldığı üçün bağışlama müqaviləsi etibarsız hesab edilməli və onun hüquqi nəticələri aradan qaldırılmalıdır. b) iddia tələbinə dair cavabdehlərin münasibəti barədə məlumat
3. Cavabdehlər iddiaya etiraz edərək bildirmişlər ki, iddiaçı öz təşəbbüsü, istəyi və iradəsi ilə hər hansı şərt olmadan mənzili həmişəlik Cavabdeh2 bağışlamışdır. Bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı əsas yoxdur. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” və Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “Daşınmaz əmlakın bağışlanması müqaviləsinin” etibarsız hesab edilməsini, “Daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh1 adına xx.xx.2022-ci il tarixdə verilmiş “Çıxarışın” ləğv edilməsini, iddia tələbinin qalan hissədə təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 mübahisəli mənzildə yaşamaması, mübahisəli mənzilə dair münasibətdə heç bir aktiv hərəkət etməməsi, həmin dövr ərzində iddiaçıya məxsus kirayəçilərın orada yaşaması və kommunal xərclərin iddiaçı tərəfindən ödənməsi iddiaçı ilə cavabdeh arasında bağlanmış “Bağışlama müqaviləsinin” hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olduğuna əsas verdiyindən iddia tələbi “iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış “Bağışlama müqaviləsinin” etibarsız hesab edilməsi hissədə əsaslı hesab edilərək, təmin edilməlidir. Cavabdeh2 adına verilmiş “Reyestrdən çıxarış” ilə bağlı tələb isə təmin edilə bilməz, çünki Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə “Bağışlama müqaviləsi” bağlandıqdan sonra Cavabdeh2 adına verilmiş “Çıxarış” artıq ləğv edilmişdir. İddia tələbinin cavabdehlər arasında bağlanmış “Bağışlama müqaviləsinin” və həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli “Reyestrindən çıxarışın” ləğv edilməsi hissəsi ilə bağlı Rayon Məhkəməsi qeyd etmişdir ki, nə qədər ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış “Bağışlama müqaviləsi” məhkəmə tərəfindən etibarsız hesab edilmişdir, həmin müqavilədən sonra Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “Bağışlama müqaviləsi” etibarsız hesab edilməli və Cavabdeh1 adına verilmiş “Reyestrindən çıxarış” ləğv edilməlidir. Belə ki, iddiaçı məhkəməyə müraciət edərək cavabdehlər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsini xahiş etsə də, hazırki mülki işdə müqavilənin ləğv əsasları deyil, etibarsızlığı əsasları mövcud olduğundan iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat
6. Cavabdehlər həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qətnamə qəbul edilmiş, tərəflər arasında münasibətlər düzgün müəyyən edilməmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinin tələbi nəzərə almamışdır. Həmin maddənin tələblərinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Hazırkı işin hallarından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixli “Bağışlama müqaviləsi” əsasında mənzili Cavabdeh2 mülkiyyətinə vermiş, üstündən 1 il 4 ay keçəndən sonra, yəni xx.xx.2023-cü il tarixdə iddia qaldırmışdır. Göründüyü kimi, iddiaçı qanunda nəzərdə tutulmuş 1 illik kəsici müddəti keçirmiş bu səbəbdən də məhkəməyə müraciət etmək hüququnu itirmişdir. Lakin Rayon Məhkəməsi qanunun bu normasını mübahisəyə tətbiq etməmişdir. Bundan başqa, məhkəmənin hazırlıq iclasında cavabdeh tərəf şifahi vəsatət verərək iş üzrə heç bir marağı olmayan, lakin iddiaçı və cavabdehi öz maşını ilə notariat ofisinə apararkən nənə və nəvənin bağışlama müqaviləsi mövzusunda yol boyu söhbətin şahidi olan X3 şahid qismində dindirilməsini tələb etsələr də Rayon Məhkəməsi əsassız olaraq həmin şahidin dindirilməsini təmin etməmişdir. Lakin iş üzrə maraqlı olan iddiaçının qızının dindirilməsi barədə iddiaçının vəsatətini təmin etməklə məhkəmə çəkişmə prinsipini pozmuşdur. Buna görə də apellyasiya məhkəməsində həmin şahidin dindirilməsi təmin edilməlidir. e) apellyasiya instansiya məhkəməsinin iş üzrə ilk dəfə gəldiyi nəticə barədə məlumat
8. Cavabdehlərin verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə (iş № 2(103)-6582/2023) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qətnamənin onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını qət etmişdir. f) kassasiya instansiyasında icraat barədə məlumat
9. Cavabdeh1 verdiyi kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərar (iş № 2(102)-1002/2024) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün işin apellyasiya instansiya məhkəməsinə göndərilməsini qərara almışdır.
10. Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi müqaviləni Cavabdeh2 hədiyyəni qəbul etməməsi əsası ilə etibarsız saymışdır. Bu zaman apellyasiya instansiya məhkəməsi iddiada irəli sürülmüş əsasa, yəni onun müqavilə bağlanılması məqsədi ilə Cavabdeh2 tərəfindən aldadılmasının real olub-olmamasına ümumiyyətlə hüquqi qiymət verməmiş, həmçinin müqavilənin şərtlə bağlanması ilə bağlı iddia ərizəsində qeyd olunan halların hər hansı mötəbər sübutla təsdiq edilməməsinə düzgün hüquqi qiymət verməmişdir. Digər tərəfdən, hazırki mübahisənin həlli üçün iddiaçının mənzili Cavabdeh2 bağışlamasının hər hansı şərtlə bağlı olmasına düzgün hüquqi qiymət verilməli, bağışlamamın öhdəliklə şərtləndirilməsi təsdiqini tapmadığı halda, hədiyyənin qəbul edildiyi nəzərə alınmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi kimi, iddiaçının nəvəsi Cavabdeh2 mənzili xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh1 mülkiyyətinə verilməsini öyrənən kimi, yəni Mülki Məcəllənin 354.1-ci maddəsinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında hazırkı iddiasını onun icrasına başlanıldığı gündən bir il ərzində (mənzilin xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh1 bağışlandığı tarixdən başlamaqla), yəni xx.xx.2023-cü il tarixdə irəli sürməsini qeyd edərək, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş bir illik müddətinin ötürülmədiyini göstərmişdir. Halbuki, hazırkı iş üzrə iddia tələbinin düzgün həll edilməsinin təməlində iddiaçının mənzili Cavabdeh2 bağışlaması barədə xx.xx.2021-ci il tarixli birinci bağışlama müğaviləsinin etibarsızlığı durduğu və məhkəmələrin də qeyd etdikləri kimi, xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsızlığı, xx.xx.2021-ci il tarixli müqavilənin etibarsızlığından asılı olduğundan, kəsici müddətin axımının əvvəlinin xx.xx.2021-ci il tarixli müqaviləyə tətbiq olunması (Mülki Məcəllənin 354.2-ci maddəsi) müzakirə olunmalı idi. Beləliklə, kassasiya instansiya məhkəməsi belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işdəki sübutları düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, bununla da qanuni və əsaslı olmayan qətnamə qəbul edilmişdir. g) yeni apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
11. İşə yenidən apellyasiya qaydasında baxılan zaman, Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil3, Cavabdeh2, habelə apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 özü apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat verdilər.
12. İddiaçı və onun vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyun izahat verdilər. h) apellyasiya baxışının hədləri barədə məlumat
13. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia qismən təmin edilsə də, iddiaçı Rayon Məhkəməsinin iddianın bir qisminin təmin edilməməsi barədə iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir.
14. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdehlər isə qətnamənin ləğv edilməsini xahiş etsələr də, apellyasiya şikayətinin məzmunundan görünür ki, onlar, Rayon Məhkəməsinin iddianın bir qisminin təmin edilməməsi barədə iş üzrə gəldiyi nəticəni mübahisələndirmir. Onlar, yalnız iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirlər.
15. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. i) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi barədə məlumat
17. Məhkəmə, apellyasiya baxışının predmetini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qəbul edilməklə həmin hissədə iddia təmin edilməməlidir.
18. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” görünür ki, mübahisəli mənzilin mülkiyyətçisi xx.xx.2020-ci il tarixdən etibarən iş üzrə iddiaçı olmuşdur.
19. İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış “Daşınmaz əmlakın bağışlanması müqaviləsindən” görünür ki, iddiaçı, mülkiyyətində olan mənzili nəvəsi Cavabdeh2 bağışlmışdır.
20. Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsindən” görünür ki, Cavabdeh2 mülkiyyətində olan həmin mənzili anasına – Cavabdeh1 bağışlamışdır.
21. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş çıxarışdan görünür ki, mənzil, xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır.
22. Mənzillə bağlı qeyd edilən hərəkətləri və qeydiyyatların mövcud olması “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-8474/2023 nömrəli məktubunda da öz əksini tapmışdır.
23. İşdə olan C74HVRFY9 nömrəli pasportdan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh2 xx.xx.2022-ci il tarixdən Almaniya Federativ Respublikasının vətəndaşı kimi qeydiyyata alınmışdır. Hal hazırda onun adı X10 Maximiliandır.
24. Salyan Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 298912 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamədən” görünür ki, iddiaçının oğlu X4 ilə Cavabdeh1 arasındakı nikah xx.xx.2018-ci il tarixdə pozulmuşdur.
25. İddiaçının təqdim etdiyi 969702 və 835873 nömrəli “Ödəniş qəbzlərindən” görünür ki, mübahisəli mənzilin kommunal xərcləri ilə bağlı iddiaçı tərəfindən (mənzilin yerləşdiyi binanı inşa etmiş) "xxxx" MMC-ə xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixlərində 94,50 manat və 191.25 manat məbləğində ödənişlər edilmişdir.
26. İddiaçının övladı X2 şahid qismində Rayon Məhkəməsinə verdiyi ifadəsində bildirmişdir ki, onun qardaşı Maqsud Kərimov ilə Cavabdeh1 boşandıqdan sonra qardaşının oğlu Cavabdeh2 onlarla (atasının qohumları ilə) yaxın olmamışdır. Sonradan 2021-ci il tarixdə Cavabdeh2 təxminən 1 ay müddət ərzində Bakıda olan zaman ona məxsus evdə nənəsi – iddiaçı ilə birlikdə qalmışdır. Nihad həmin 1 ay ərzində iddiaçını inandırmışdır ki, Almaniyada vətəndaşlıq almaq üçün onun adına Azərbaycanda daşınmaz əmlak olmalıdır. İddiaçı isə nəvəsi Cavabdeh2 kömək məqsədi ilə mənzili Cavabdeh2 adına “Bağışlama müqaviləsi” ilə keçirtmişdir. İddiaçı ilə Cavabdeh2 arasında olan razılığa görə müqavilə formal bağlanmış və mənzilin sənədləri iddiaçıda qalmalı idi. Həmin vaxt iddiaçı və Cavabdeh2 ona (şahidə) məxsus evdə qaldıqları üçün o bütün söhbətlərin şahidi olmuşdur. Lakin müqavilə bağlandıqdan sonra Cavabdeh2 müxtəlif bəhanələrlə vaxtı uzadaraq nə mənzilin sənədlərini iddiaçıya verməmiş və Almaniyaya qayıtmışdır. Bundan sonra o özü Cavabdeh2la əlaqə saxlamış və mənzilin sənədləri ilə maraqlanmışdır. Cavabdeh2 söz vermişdir ki, o, Azərbaycana qayıtdıqda sənədləri qaytaracaq. Bundan sonra isə nə çıxarışı, nə də ki bağışlama müqaviləsini qaytarmamışdır.
27. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (maddə 6.2.). Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.4.). Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir (maddə 394.). Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur (maddə 399.1.). Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur (maddə 666.1.). Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın (maddə 667.1.). Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (maddə 324.4.). İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (maddə 324.5.). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır (maddə 337.2.). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3.). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4.). Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin (maddə 339.2.). Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir (maddə 340.1.). Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə, müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (maddə 404.1.). Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (maddə 404.2.).
28. Qeyd edilən maddi hüquq normalarına istinad etmiş Rayon Məhkəməsi iddianın qismən əsaslı olması qənaətinə gəlmişdir.
29. Rayon Məhkəməsi iddia tələbinin təmin olunması əsası kimi, mənzilin iddiaçı tərəfindən Cavabdeh2 bağışlanmasından sonra da həmin mənzilin Cavabdeh2 təhvil verilməməsinə, Cavabdeh2 həmin mənzildə heç vaxt yaşamamasına, mənzilin iddiaçının idarəsində qalmasına, mənzilin kommunal xərclərinin iddiaçı tərəfindən ödənilməsinə, qeyd edilən müqavilənin bağışlama müqaviləsinin dispozitiv şərtlərinə uyğun olmamasına, bununla da görünüş üçün bağlanmış müqavilə olması qənaətinə gəlməyə əsas verməsinə, Nicat Kərimovun xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsindən sonrakı, yəni xx.xx.2022-ci il tarixdən Almaniya vətəndaşı olmasına istinad etmişdir.
30. Rayon Məhkəməsi, iddiaçının mənzili Cavabdeh2 sonuncunun Almaniya dövlətinin vətəndaşlığını qəbul etməsi üçün onun adına Azərbaycanda daşınmaz əmlakının olması şərtinin olması, nəvəsi Cavabdeh2 mübahisəli mənzili Almaniyada vətəndaşlıq alana kimi müvəqqəti olaraq onun adına keçirməyini xahiş etməsi, vətəndaşlıq məsələsi həll olunandan sonra mənzili yenidən onun adına keçirəcəyi və həmin vaxta qədər evin sənədlərinin onda qalacağı barədə iddia ərizəsində göstərdiklərinə, həmin mülahizəni təsdiq edən yeganə sübut kimi iddiaçının hazırki işdə maraqlı olan qızı Təranə İsmayılovanın şahid qismində verdiyi ifadəsinə əsaslanmış, bununla da dolayısı ilə iddiaçının mənzili Cavabdeh2 yuxarıda qeyd olunun şərtlə bağışlanması nəticəsinə gəlmişdir. Rayon Məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 hədiyyəni qəbul etmədiyindən, müqavilə görünüş üçün bağlanmış müqavilə olmaqla, etibarsızdır. Bu zaman Rayon Məhkəməsi qətnaməsini ümumi normalar olan Mülki Məcəllənin 337.1 və 666.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
31. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında izah etmişdir ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin .... etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (“N.Əsədovanın şikayəti üzrə” xx.xx.2021-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarları).
32. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (“Ə.İbrahimovun şikayəti üzrə” xx.xx.2004-cü il tarixli qərar).
33. Məhkəmə qeyd edir ki, iddiaçı tələbini Cavabdeh2 tərəfindən aldadılması, yəni iradə ifadəsində pozuntu olması, habelə bağışlamanın öhdəliklə şərtləndirilməsi və hədiyyə alanın hədiyyəni qəbul etməməsi ilə əsaslandırmışdır.
34. Rayon Məhkəməsi isə müqavilənin etibarsızlığı əsasını təsbit edən konkret normaya istinad etməsə də, yuxarıda qeyd olunan mövqeyindən görünür ki, o, müqaviləni Cavabdeh2 hədiyyəni qəbul etməməsi əsası ilə etibarsız saymışdır. Bu zaman Rayon Məhkəməsi iddiada irəli sürülmüş əsasa, yəni onun müqavilə bağlanılması məqsədi ilə Cavabdeh2 tərəfindən aldadılmasının real olub-olmamasına ümumiyyətlə hüquqi qiymət verməmiş, həmçinin müqavilənin şərtlə bağlanması ilə bağlı iddia ərizəsində qeyd olunan halların hər hansı mötəbər sübutla təsdiq edilməməsinə düzgün hüquqi qiymət verməmişdir.
35. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi Mülki Məcəllənin 666.1-ci maddəsinin dispozisiyasını düzgün şərh etməmişdir.
36. Nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış müqavilələr Mülki Məcəllənin 668.1.1-ci maddəsinə əsasən notarial qaydada bağlanmış və mübahisələndirilən xx.xx.2021-ci il tarixli ilkin bağışlama müqaviləsinin mətnində və ikinci müqavilədə də, hər hansı öhdəliyin yerinə yetirilməsi ilə bağlı şərt nəzərdə tutulmamışdır. Yəni, xx.xx.2021-ci il tarixli ilkin bağışlama müqaviləsinə əsasən Cavabdeh2 öz üzərinə hər hansı öhdəlikləri yerinə yetirmək vəzifəsi götürməmişdir.
37. Mülki Məcəllənin 666.1-ci maddəsinə görə, bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək lazımdır: - bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; - hədiyyə alanın əmlakı artır; - hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; - hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur; - bağışlama öhdəliklə şərtləndirilmədiyi halda, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
38. İşdə olan sübutlara əsasən Məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçının mənzili Cavabdeh2 bağışlaması hər hansı şərtlə bağlı olmamış və bağışlama öhdəliklə şərtləndirilməmişdir. Belə olan halda, hədiyyənin Cavabdeh2 tərəfindən qəbul edilmədiyini deməyə əsas verəcək hər hansı hal müəyyən edilməmişdir.
39. Bundan başqa nəzərə alınmalıdır ki, Mülki Məcəllənin tələblərinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər (maddə 354.1.). Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər (maddə 354.2.).
40. Rayon Məhkəməsi iddiaçının Cavabdeh2 mənzili xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi əsasında digər Cavabdeh1 mülkiyyətinə verilməsini öyrənən kimi, yəni Mülki Məcəllənin 354.1-ci maddəsinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında hazırkı iddiasını onun icrasına başlanıldığı gündən bir il ərzində (mənzilin xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh1 bağışlandığı tarixdən başlamaqla), yəni xx.xx.2023-cü il tarixdə irəli sürməsini qeyd edərək, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş bir illik müddətin ötürülmədiyini göstərmişdir.
41. Halbuki, hazırkı iş üzrə iddia tələbinin düzgün həll edilməsinin təməlində iddiaçının mənzili Cavabdeh2 bağışlaması barədə xx.xx.2021-ci il tarixli birinci bağışlama müqaviləsinin etibarsızlığı durduğu və Rayon Məhkəməsinin də qeyd etdiyi kimi, xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsızlığı, xx.xx.2021-ci il tarixli müqavilənin etibarsızlığından asılı olduğundan, kəsici müddətin axımının əvvəlinin xx.xx.2021-ci il tarixli müqaviləyə tətbiq olunması (Mülki Məcəllənin 354.2-ci maddəsi) müzakirə olunmalı idi.
42. İddiaçı bildirir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 mənzilin onun mülkiyyətinə keçirilməsini barədə ona məlumat verdiyi gün əqd bağlanması üçün aldadıldığını, yəni hüququnun pozulduğunu bilmişdir.
43. İddiaçının bu barədə xx.xx.2023-cü il tarixdən daha əvvəl məlumatlı olması ilə bağlı cavabdeh tərəf hər hansı dəlil irəli sürməmişdir.
44. Digər tərəfdən iddiaçı əmlakı Cavabdeh2 Almaniya Federativ Respublikası vətəndaşlığını qəbul etdikdən sonra ona qaytarılması şərti ilə bağışladığını bildirir. Cavabdeh2 isə Almaniya vətəndaşlığını xx.xx.2021-ci il tarixli ilkin bağışlama müqaviləsi bağlandıqdan sonra 1 il müddətin tamam olmasına 2 gün qalmış, yəni xx.xx.2022-ci il tarixdə qəbul etmişdir. İddiaçının cavabdehin bu vətəndaşlığın qəbul edilməsindən nə zaman məlumatlı olması barədə iş materiallarında sübut yoxdur.
45. Hər iki halda, yəni xx.xx.2022-ci il tarixdən və ya xx.xx.2023-cü il tarixdən hesablandıqda belə xx.xx.2021-ci il tarixli əqdin mübahisələndirilməsi üçün Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddətin ötürülmədiyi müəyyən edilir. Belə ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə irəli sürülmüşdür.
46. Beləliklə, Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Rayon Məhkəməsi işdəki sübutları düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, bununla da qanuni və əsaslı olmayan qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilir. j) apellyasiya baxışının nəticəsi
47. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddia tələbi apellyasiya baxışının predmeti olan hissədə əsassızdır. Lakin işə baxmış Rayon Məhkəməsi apellyasiya baxışının predmetini təşkil edən tələbi təmin etməklə işin hallarına və iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətlərinə uyğun olmayan səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır və formal mülahizə xarakteri daşımır.
48. MPM-in 385-ci maddəsinin tələbinə görə isə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.
49. Məhkəmə həmçinin bildirir ki, apellyasiya şikayəti təmin edildiyindən və iddia tələbi tamamilə rədd edildiyindən cavabdehlər hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.
50. İddiaçının iddia tələbi tamamilə rədd edildiyindən o, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
51. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə verdikləri apelyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhər Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 iyul 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni iddianın təmin edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia apellyasiya baxışının predmeti olan hissədə təmin edilməsin. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdehlər bu qətnamədən kassasiya şikayəti verə bilməzlər.