Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4065/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1707/2022 saylı, 26 aprel 2023cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1707/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 2, 174 saylı mənzillə qonşuluqda olan 173 saylı mənzil və həmin ünvanda faktiki istifadədə olan torpaq sahələrinin sərhəddində inşa olunan ortaq divara daş hasara bitişik şəkildə və həmin divar boyu cavabdeh tərəfindən inşa olunmuş tikilinin qanunsuz hesab edilməklə sökülməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 2, 174 saylı mənzilin dam örtüyünün cavabdehin hesabına əvvəlki vəziyyətinə bərpa edilməsi və iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində ekspertiza xərcinin Cavabdeh tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 18 aprel 2023-cü il tarixdə buraxılmış müddətin bərpasına dair ərizə ilə müraciət edərək bu qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizədə göstərilir ki, qətnamə cavabdehə rəsmi qaydada digər ünvana göndərilmiş, cavabdeh tərəfindən iki dəfə məhkəməyə ərizə ilə müraciət edilərək qətnamənin ünvan 1 ünvanına göndərilməsi xahiş olunmuşdur. Bundan sonra cavabdehin ailə üzvünün (arvadının) ağır xəstəliyi ilə əlaqədar, cavabdehin diqqəti onun xarici ölkələrdə müalicə edilməsinə yönəlmiş, bu səbəbdən də həmin qətnamənin ona çatdırılması məsələsini nəzarətdə saxlamamışdır. Nəzərə alınmalıdır ki, cavabdeh qeyd edilən qətnamədən narazı olduğundan ondan apellyasiya qaydasında şikayət verməkdə maraqlı olmuş, lakin yuxarıda qeyd edilən səbəblərdən şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddət ötürülmüşdür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1707/2022 saylı, 26 aprel 2023cü il tarixli qərardadı ilə (hakim Natavan Tağıyeva) ərizənin təmin edilməsi, qətnamədən apellyasiya şikayəti vermə müddətinin üzrlü hesab edilərək bərpa olunması və mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə1) şikayət verərək ləğv edilməsi, qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi haqqında ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 1707/2022 saylı, 26 aprel 2023-cü il tarixli qərardadı maddi və prosessual hüquq normalarının kobud surətdə pozulması ilə qəbul edildiyindən ləğv edilməli, cavabdehin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş müddətin bərpası haqqında ərizə təmin edilməməlidir. Belə ki, İddiaçı tərəfindən Cavabdeh qarşı "qanunsuz tikilinin sökülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-1707/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. İşin mühahisəsiz halına görə məhkəmə qətnaməsi qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana göndərilmiş və məhkəmə qətnaməsi həmin ünvana çatdırılmışdır. İş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, məhkəmə qətnaməsi cavabdehin yaşayış ünvanına göndərilmiş və xəbərnamə həmin ünvanda “Məmmədzadə” soyadlı şəxs tərəfindən imzalanaraq xx.xx.2022-ci il tarixində alınmışdır. Qeyd olunan qətnamə qanuni qüvvəyə minmiş, qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətlər gözlənildikdən sonra, xx.xx.2022-ci il tarixdə icra vərəqəsi verilərək qətnamə icraya yönəldilmişdir. Bundan sonra, qətnamənin icrası ilə bağlı icra məmuru xx.xx.2023-cü il tarixində icra sənədində göstərilən ünvana gəlmiş, icra sənədində göstərilən tələb, vəzifə və öhdəçilik iş üzrə Cavabdeh izah olunmuş, icra sənədi üzrə icra tədbiri qeyrimüəyyən tarixədək təxirə salınmış və bu barədə xx.xx.2023-cü il tarixli akt tərtib olunmuşdur. Sonradan, xx.xx.2023-cü il tarixində yenidən icra məmuru həmin ünvanda olmuş və müəyyən olunmuşdur ki, icra sənədində göstərilən tələb cavabdeh tərəfindən icra edilməmiş və edilməməsi barədə də heç bir məlumat verilməmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli akt tərtib olunmuşdur. Göründüyü kimi iş üzrə Cavabdeh nəinki məhkəmə qətnaməsini vaxtında almış, hətta həmin qətnamənin icrası ilə bağlı da məlumatlı olmuşdur. Məhkəmə xx.xx.2023-cü il tarixli qərardadını ümumiyyətlə əsaslandırmamış, qərardadda yalnız onu göstərmişdir ki, “Sözügedən qətnamə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada cavabdehin faktiki yaşadığı ünvana, yəni ünvan 2dir. Daha sonra cavabdeh xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin ünvan 3 ünvanına göndərilməsini xahiş etmişdir. İş materiallarında olan xəbərnamədən görünür ki, cavabdehə rəsmi qaydada göndərilən qətnaməni “Nərmin Məmmədzadə” adlı şəxs qəbul etmişdir. Lakin hazırda cavabdeh qətnamənin surətini hələ də əldə etmədiyini, xəbərnamədə adı yazılan “Nərmin Məmmədzadə” adlı şəxsi isə tanımadığını bildirir. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş Nəsimi Rayon Məhkəməsinin 2(006)-1707/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti müddətinin buraxılması üzrlü hesab edilməli və buraxılmış müddət bərpa olunmalıdır.” Göründüyü kimi, məhkəmə öz qərardadında qətnamənin rəsmi qaydada cavabdehin yaşadığı ünvana göndərilməsini və rəsmi qaydada (poçt xəbərnaməsinə əsasən) alındığını təsdiq etsə də, prosessual müddətin hansısa üzrlü səbəbdən buraxıldığını, eləcə də həmin müddətin hansı səbəbdən bərpa olunduğunu göstərməmiş əsaslandırmamışdır. Əksinə, cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş “müddətin bərpasına dair” ərizənin mahiyyəti onu təsdiq edir ki, həqiqətən də prosessual müddət cavabdeh tərəfindən buraxılmışdır. Buna görə də buraxılmış prosessual müddətin bərpası xahiş olunmuşdur. Əks halda, yəni cavabdeh tərəfindən məhkəmə qətnaməsi alınmamışdırsa, müddətin bərpasına dair ərizəyə lüzum olmazdı və bu hal da qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil edir. Bundan başqa, ərizədə üzrlü səbəb olaraq bu qeyd edilmişdir ki, qətnamə cavabdehə rəsmi qaydada digər ünvana göndərilmiş, cavabdeh tərəfindən 2 dəfə məhkəməyə müraciət olunaraq qətnamənin başqa ünvana göndərilməsi xahiş olunmuş, bundan sonra cavabdehin ailə üzvünün xəstəliyi ilə əlaqədar cavabdehin diqqəti onun xarici ölkələrdə müalicə edilməsinə yönəlmiş, bu səbəbdən də həmin qətnamənin ona çatdırılması məsələsini nəzarətdə saxlamamışdır. İlk öncə, məhkəmə qətnaməsi MPM-in tələblərinə uyğun olaraq cavabdehin rəsmi olaraq qeydiyyatda olduğu və onun yaşadığı ünvana göndərilmiş və onun tərəfindən alınmışdır. Cavabdehin hər dəfə məhkəmə qətnaməsinin başqa ünvana göndərilməsini xahiş etməsi yolverilməzdir və müddətin bərpası üçün əsas ola bilməz. Belə ki, başqa ünvanların sayının sonsuz olduğu nəzərə alınsa, onda belə anlaşılır ki, cavabdeh tərəfindən məhkəmə qətnaməsinin başqa-başqa ünvanlara göndərilməsi xahiş oluna bilər və hər dəfə də o ünvanda yaşamadığını bildirər. Bu isə tam absurddur. Bundan başqa, iş üzrə icraat zamanı da məhkəmə bildirişləri cavabdehin qeydiyyatda olduğu və yaşadığı ünvanlara göndərilmiş və cavabdeh məhkəmə bildirişlərini alaraq məhkəmədə iştirak etmiş, əgər belə bir hal var idisə də, hətta bu barədə, yəni öz ünvanının dəyişdirməsi barədə məhkəməyə məlumat verməmişdir. Halbuki, MPM-in 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Eyni zamanda, cavabdeh tərəfindən sonradan ərizə ilə müraciət edilərək məhkəmə qətnaməsinin ünvan 3 ünvanında göndərilməsi xahiş olunsa da, cavabdehin həmin ünvanda yaşamasını təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. Əksinə, iş materiallarında olan, icra məmurunun tərtib etdiyi aktlarla, məhkəmə icraatı dövründə göndərilmiş bildirişlərlə, eləcə də iş üzrə ekspertiza keçirilən zaman müəyyən olunmuşdur ki, Cavabdeh həqiqətən də mübahisə predmeti olan və məhkəmə qətnaməsinin göndərildiyi Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 2, mənzil 173 ünvanında yaşayır. Cavabdeh tərəf ərizəsində guya üzrlü səbəb kimi, ailə üzvünün xəstəliyi ilə əlaqədar diqqətinin onun xarici ölkələrdə müalicə edilməsinə yönəldiyini, bu səbəbdən də həmin qətnamənin ona çatdırılması məsələsini nəzarətdə saxlamadığını qeyd etmişdir. Cavabdehin bu bəhanəsi də tam absurddur və müddətin bərpa olunması üçün əsas ola bilməz. Belə ki, cavabdehin göstərdiyi bu bəhanə, yəni xəstəlik onun özü ilə bağlı deyildir, ailə üzvü ilə bağlı olması isə sübut olunmur. Bundan başqa, cavabdehin özünün ərizəyə əlavə etdiyi həqiqəti şübhə altında olan sənədlərin surətlərindən müəyyən olunur ki, həmin sənədlər 2022-ci ilin sentyabr - dekabr aylarını əhatə edir. Eyni zamanda, həmin sənədlərlə müəyyən olunur ki, xəstə kimi qeyd olunan şəxs Mehparə Bayramovanı xarici ölkədə müşayiət edən şəxs Cavabdeh deyil, Tural Məmmədzadə və Nigar Məmmədzadə olmuşlar. Təsadüfi deyil ki, iş materiallarında olan və məhkəmə qətnaməsinin göndərildiyi - cavabdehin yaşadığı ünvanda poçt xəbərnaməsini də “Məmmədzadə” soyadlı şəxs imzalayaraq qətnaməni almışdır. Cavabdehin tərəfin üzrlü səbəb kimi təqdim etməyə çalışdığı mövqeyə əsasən apellyasiya şikayəti verilmə müddəti hər dəfə bir əsassız bəhanə ilə buraxıla bilər, daha sonra müddətin bərpasına dair ərizə təqdim edib, yenidən şikayət vermə hüququndan istənilən qədər istifadə etmək olar. İş materiallar ilə də sübut olunur ki, cavabdeh tərəf “müddətin bərpasına dair” ərizə və apellyasiya şikayəti ilə məhkəməyə xx.xx.2022-ci il tarixində, yəni məhkəmə qətnaməsi cavabdeh tərəfindən alınğı vaxtdan 5 aydan sonra müraciət etmişdir. Bundan başqa apellyasiya şikayətinin qanuna uyğun şəkildə verilməsi üçün cavabdehin qanunla müəyyən edilmiş həddə (1 ay) kifayət qədər zamanı olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1707/2022 saylı, 08 may 2023cü il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, sözügedən qətnamə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada cavabdehin faktiki yaşadığı ünvana, yəni ünvan 2dir. Daha sonra cavabdeh xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin ünvan 3 ünvanına göndərilməsini xahiş etmişdir. İş materiallarında olan xəbərnamədən görünür ki, cavabdehə rəsmi qaydada göndərilən qətnaməni “Nərmin Məmmədzadə” adlı şəxs qəbul etmişdir. Lakin, hazırda cavabdeh qətnamənin surətini hələ də əldə etmədiyini, xəbərnamədə adı yazılan “Nərmin Məmmədzadə” adlı şəxsi isə tanımadığını bildirir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş Nəsimi Rayon Məhkəməsinin 2(006)-1707/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti müddətinin buraxılması üzrlü hesab edilməli və buraxılmış müddət bərpa olunmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğvi və növbəti prosessual hərəkətlərin edilməsi üçün mülki işin rayon məhkəməsinə göndərilməsi üçün əsasdır. Belə ki, işdən görünür ki, qətnamə cavabdehin mülkiyyətində olan və faktiki yaşadığı ünvan 2 və həmin ünvanda “Nərmin Məmmədzadə” adlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə xəbərnaməli poçt qəbzinə imza edilməklə qəbul edilmişdir. Prosessual vəziyyətinə görə xəbərnaməli poçt qəbzi məhkəmə sənədinin işdə iştirak edən şəxslərə təqdim edildiyini təsdiq edən sənəddir. Birinci instansiya məhkəməsinin mövqeyindən isə belə çıxır ki, cavabdehin faktiki ünvanında qətnamənin əldə edilməsini təsdiq edən xəbərnamə sübut kimi qiymətləndirilmir. Başqa sözlə, mahiyyət etibarilə proses iştirakçılarına məhkəmə sənədinin təqdim edilməsi və bununla da prosessual müddətlərin hesablanması üçün xəbərnamənin (qəbzin) heç bir əhəmiyyəti qalmır. Birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi cavabdehə rəsmi qaydada göndərilən qətnaməni Nərmin Məmmədzadə adlı şəxs xx.xx.2022-ci il tarixdə qəbul etmişdir. Ancaq məhkəmə cavabdehin qətnamənin surətini hələ də əldə etmədiyini, xəbərnamədə adı yazılan “Nərmin Məmmədzadə” adlı şəxsi isə tanımadığını bildirdyinə inanıb müddətin buraxılmasını üzrlü hesab edərək bərpa etmişdir. Nərmin Məmmədzadəni tanımadığını bildirirsə, onda hansı əsasla onun mülkiyyətində olan evdə yaşadığına və qətnaməni qəbul etməsinə də cavabdeh və məhkəmə aydınlıq gətirməli idi. Lakin məhkəmə bu məsələləri araşdırmadan müddəti üzrlü hesab edərək bərpa etmişdir. Bununla yanaşı, məhkəmənin göstərdiyi əsasla gəldiyi nəticə arasında ziddiyyət yaranır. Yəni, bir tərəfdən cavabdehin qətnaməni rəsmi qaydada əldə etmədiyi qənaətinə gəlir, digər tərəfdən isə müddətin ötürülməsini üzrlü hesab edir. Bu nəticələrin isə biri digərinə ona görə zidd hesab edilir ki, əgər cavabdeh qətnaməni rəsmi qaydada almamışdırsa, demək, müddəti də ötürməmişdir, müddət üzrlü hesab edilib bərpa edilirsə, onda qətnamə cavabdehə rəsmi qaydada çatdırılmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi bu nəticələrin bir-biri ilə ziddiyyət yaratdığını özü üçün aydınlaşdırmadan düzgün olmayan nəticəyə gəlmişdir. Bundan əlavə, cavabdeh həqiqətən xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli ərizələrlə məhkəməyə müraciət edərək qətnamənin ünvan 3 ünvanına göndərilməsini xahiş etmişdir. Həmin ərizələrdə cavabdeh iş üzrə yekun məhkəmə aktı çıxarıldığını təsdiq edir. Lakin qətnamənin ona göndərilmədiyini qeyd edərək onun faktiki yaşadığı ərizədə göstərilən ünvana göndərilməsini xahiş edir. Ancaq ərizələrdə göstərilən ünvanın onun nə faktiki yaşadığı, nədə qeydiyyatda olduğu ünvan olması barədə işdə heç bir sübut mövcud deyildir. Buna baxmayaraq məhkəmə xx.xx.2022-ci il tarixli sifarişli(xəbərnaməli) poçtla həmin ünvana da təkrarən məhkəmə qətnaməsini göndərmişdir. Bundan başqa, işdən və şikayətə əlavə edilmiş sənədlərdən bəlli olur ki, qətnamə 19 dekabr 2022-ci il tarixdə icraya yönəldilmiş, icra sənədi icra məmuru tərəfindən 20 dekabr 2022-ci il tarixdə icraata qəbul edilmiş və borcluya 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif edilmişdir. 10 yanvar 2023-cü ildə və 11 aprel 2023-cü il tarixlərdə icra sənədinin icrası ilə əlaqədar icra məmurları hal şahidlərinin və iddiaçının nümayəndəsinin və vəkilinin iştirakı ilə icra sənədinin icra olunmalı olduğu yerə gəlmiş, icra sənədinin icra edilib-edilməməsi yoxlanılmış, birinci dəfə tərtib olunan aktda borcluya icra sənədində göstərilən tələb, vəzifə və öhdəçiliyin izah olunduğu qeyd olunmuş, ikinci dəfə isə akt tərtib olunaraq icra tədbirinin qeyri-müəyyən tarixədək təxirə salındığı göstərilmişdir. Göründüyü kimi, bu hallar da cavabdehin məhkəmə qətnaməsindən vaxtında məlumatlı olduğunu təsdiq edir. Bundan əlavə, cavabdeh ərizəsində üzrlü səbəb kimi, ailə üzvünün(arvadının) xəstəliyi ilə əlaqədar diqqətinin onun xarici ölkələrdə müalicə edilməsinə yönəldiyini, bu səbəbdən də həmin qətnamənin ona çatdırılması məsələsini nəzarətdə saxlamadığını qeyd etsə də bu dəlillər də hər hansı bir sübutla təsdiq olunmur. Göründüyü kimi, birinci instansiya məhkəməsi qətnamənin cavabdeh tərəfindən rəsmi qaydada qəbul edilməsindən 5 ay sonra, o cümlədən icra sənədi üzrə bir neçə dəfə icra tədbirləri keçirildikdən sonra verilmiş apellyasiya şikayəti üzrə müddəti heç bir üzrlü səbəb göstərmədən bərpa etməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, İddiaçı şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 1707/2022 saylı, 26 aprel 2023-cü il tarixli qərardadı ləğv edilməli, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Ərizəyə yenidən baxılarkən tərəflərin, eləcə də icra məmurunun iştirakı mütləq təmin edilməli, icra işi tərəflərin iştirakı ilə öyrənilməli, qətnamədən cavabdehin hansı tarixdə məlumatlı olmasını aydınlaşdırmaq üçün xx.xx.2022-ci il tarixdə qətnaməni rəsmi qaydada qəbul etmiş Nərmin Məmmədzadə adlı şəxs müəyyən edilməli, onun cavabdehlə hansı qohumluq münasibətlərində olması dəqiqləşdrilməli, zərurət olarsa iş üzrə məhkəmə xətşünaslıq ekspertizası keçirilməsi məsələsi müzakirə edilməli, eləcə də məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli sifarişli(xəbərnaməli) poçtla təkrarən cavabdehin ərizəsində göstərdiyi ünvan 3 ünvanına göndərilmiş qətnamənin cavabdehə çatdırılıbçatdırılmaması aydınlaşdırılmalı və cavabdehin qətnamədən məlumatı olduğu vaxt müəyyənləşdirildikdən sonra müddətin bərpasına dair ərizə üzrə MPM-in tələblərinə uyğun qərardad qəbul edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1707/2022 saylı, 26 aprel 2023-cü il tarixli qərardadı ləğv edilsin. Apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə göndərilsin. Bu qərardadda müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburi olduğu nəzərə alınsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4065/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4065/2023
14.06.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver