Məhkəmə qərarları › İş №2(103)-4067/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4067/2021

17.05.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4067/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı SOCAR-ın İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 2(009)-725/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 2(009)-725/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, SOCAR-ın İddiaçı istismarında olan Bibiheybət-Yasamal Dş 300 mm-lik yerüstü magistral neft kəmərinin 2.7-ci km-də kəmərə bitişik, kəmərin mühafizə zonasında, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında Cavabdeh tərəfindən aparılmış tikili Cavabdeh hesabına sökülməsi və Cavabdeh həmin tikilidən çıxarılması, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq dövlət nəfinə (Az.MEM, VÖEN **********, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ85NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən, işi tam və hərtərəfli araşdırmamış, tez-tələsik olaraq, yarımçıq, qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır. Bundan əlavə, səhhətilə əlaqədar ciddi problemləri vardır. Bundan əlavə, müharibə veteranıdır və maddi rifahı olduqca aşağıdır, heç bir yerdə işləmir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, həmin evdə 20 ildir ki, yaşayır. Ərazidə xeyli ev var. Ondan başqa heç kimi sıxışdırmırlar. Hətta prezidentin Fərmanından sonra tikilən yeni tikililər var. Qeyd edilənlərə əsasən apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz etdi, həmçinin bildirdi ki, qarşı tərəfin gətirdiyi arqument əsassızdır. Bu cür yüzlərlə qanunsuz tikili var. Onlar hamısı ilə bağlı tikilinin sökülməsi tələbini irəli sürüblər. Cavabdehin tikilisi kəmərə bitişikdi. Ona görə də məhkəmədən rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Qanunsuz tikililərlə bağlı tədbir görülməsi onların öhdəliyində deyil. Bunun üçün polis, fövqəladə hallar var. Amma onlar bunları aşkar edəndə iddia qaldırmağa məcbur olurlar. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, iş materiallarında olan, 27.01.2020-ci il tarixli aktdan görünür ki, obyekt sahibi ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh Səbail rayonu Badamdar qəsəbəsi 1-ci yaşayış massivində olan sexin fəaliyyətinin dayandırılması və taxta yonqarının kəmərin ətrafından yığışdırılması barədə dəfələrlə xəbərdarlıq olunmuşdur. İddiaçı “SOCAR”ın İddiaçı Mülki Məcəllənin 180.4-cü maddələrinə əsasən, Cavabdeh qarşı hazırkı tələbi irəli sürməkdə haqlıdır. Belə ki, Mülki Məcəllənin 180.1-ci, 180.3-cü və 180.4-cü maddələrinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qanunvericinin mövqeyindən göründüyü kimi, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş hər hansı daşınmaz əmlak özbaşına tikili hesab edilir və həmin tikili digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozduğu təqdirdə onların müraciəti əsasında məhkəmənin qərarı əsasında sökülə bilər. Yəni, qeyd edilən qanun normasının tələbin hüquqi əsası kimi çıxış etməsi üçün tikilinin özbaşına tikili olması, bu tikilinin hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozması və həmin şəxsin məhkəməyə müraciət etməsi şərtləri eyni zamanda mövcud olmalıdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırkı mübahisəyə də məhz bu aspektdən yanaşılmalıdır. Məhkəmə vurğulayır ki, prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə: işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanlarını təqdim edir. Bu imkanın qanunvericilik qaydasında müəyyən edilməsi ədalət mühakiməsinin səmərəliyini təmin etməklə yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsində nəzərdə tutulmuş həqiqətin müəyyən edilməsi prinsipinin təmininə yönəlmişdir. Məhkəmə, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən suallara aydınlıq gətirilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının 12 oktyabr 2020-ci il tarixli, 10/366 saylı rəyində Bakı şəhəri, Səbail rayonunda tədqiq olunan ərazidən magistral neft kəmərinin keçməsi, qeyd edilən torpaq sahəsi və onun üzərindəki tikili Neft Kəmərlərinin İdarəsinin istismarında olan Bibi Heybət-Yasamal Dş 300 yerüstü neft kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Bu baxımdan nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Keçmiş SSRİ Nazirlər Sovetinin 12.04.1979-cu il tarixli və bu günə kimi qüvvədən düşməmiş “Magistral neft kəmərlərinin mühafizəsinin gücləndirilməsi” haqqında qərarının 7-ci maddəsinin tələblərinə görə, neft kəmərinin oxundan hər tərəfində olan 54 metrlik məsafə mühafizə zolağı sayılır. Bu qərarın 11-ci maddəsinin “a” bəndinə əsasən, istismarçı təşkilatın yazılı razılığı olmadan mühafizə zonası daxilində hər hansı bir tikinti və quraşdırma işlərinin aparılması qadağandır. Bundan başqa, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və 03.01.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən “...Neft Kəmərləri” İdarəsinin rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111 -ci maddəsində aşağıdakılar göstərilmişdir: 1) “Azərbaycan Respublikasında torpaqlarin özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2) Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. 3) Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir”. Azərbaycan Respublikası Prezidentinin 15.04.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.11.2004-cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Odur ki, məhkəmə, qeyd olunanları nəzərə alaraq ekspert rəyi ilə razılaşaraq yuxarıda göstərilənləri və MM-nin 180.1-ci maddəsinin tələblərini rəhbər tutaraq bu qənaətə gəlir ki, Cavabdeh Bibiheybət-Yasamal Dş 300 mm-lik magistral neft kəmərinin 2.7-cı km-də kəmərə bitişik, kəmərin mühafizə zonasında yerləşən torpaq sahəsində inşa edilmiş tikili özbaşına tikilidir. Bu qənaətə gələrkən məhkəmə, onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının 12 oktyabr 2020-ci il tarixli, 10/366 saylı rəyində müəyyən edilmişdir ki, mübahisəli ərazi Neft Kəmərlərinin İdarəsinin istismarında olan Bibi Heybət-Yasamal Dş 300 yerüstü neft kəmərinin mühafizə zonasında yerləşir. Göründüyü kimi, məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilən ekspert rəyində mübahisəli ərazi Neft Kəmərlərinin İdarəsinin istismarında olan Bibi HeybətYasamal Dş 300 yerüstü neft kəmərinin mühafizə zonasında yerləşdiyi öz əksini tapmışdır. Lakin, Cavabdeh heç bir hüquqa əsaslanmadan Neft Kəmərlərinin İdarəsinin sahibliyində olan torpaq sahəsində özbaşına tikinti işləri aparmaqla sonuncunun sahiblikdən irəli gələn hüququ pozmuşdur. Nəzərə alınmalıdır ki, Cavabdeh müvafiq tikinti işləri apararaq mübahisəli torpaq sahəsini öz təsir dairəsində saxlaması hüququn tanınan sahiblik haqqı deyil, hüquqla qorunmayan faktiki vəziyyətdir. Beləliklə, iddiaçı sahibliyinin müdafiəsi məqsədi ilə Bibiheybət-Yasama Dş 300 mm-lik magistral neft kəmərinin 2.7-ci km-də yerləşən torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi tələbini irəli sürməkdə haqlıdır və iddia tələbi sözügedən hissədə təmin olunmalıdır. Məhkəmə, iddia tələbinin “cavabdehin qanunsuz tikilidən çıxarılması” hissəsinin tələbin “Bibiheybət-Yasamal Dş 300 mm-lik magistral neft kəmərinin 2.7-ci km-də kəmərə bitişik, kəmərin mühafizə zonasında yerləşən torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin sökülməsi” hissəsi ilə birbaşa bağlı olduğunu nəzərə alaraq hesab edir ki, sahibliyin müdafiəsi çərçivəsində iddia “cavabdehin qanunsuz tikilidən çıxarılması” hissələrində də təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Belə ki, hazırki iş üzrə, iddia tələbinin faktiki əsası tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, cavabdehin qeyd olunan özbaşına tikilidə 20 il yaşaması iddianın əsassızlığına dəlalət etmir. İddiaçının həmin özbaşına tikilidə kommunal xidmətlərdən istifadə etməsi və pulunu ödəməsi də şikayətin əsaslı olmasını təsdiq etmir. Hansısa şəxsin sənaye təyinatlı torpaqda özbaşına tikili inşa etməsi və həmin ərazidə başqa evlərin olması da iddianın rədd edilməsi üçün əsas ola bilməzdi. Çünki, mübahisəli özbaşına tikili magistiral neft kəmərinin mühafizə zonasında, yəni təhlükəli zonada, fərdi yaşayış evinin tikilməsi üçün nəzərdə tutulmayan torpaq sahəsində tikilmişdir. Bu fakt iş üzrə keçirilmiş ekspertiza nəticəsində alınmış rəylə də öz təsdiqini tapır. İkincisi, apellyasiya baxışı zamanı müəyyən edilmiş hallarla birinci instansiya məhkəməsinin qətnamədə gəldiyi qənaət ziddiyyət təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibəti üzrə düz nəticəyə gəlmişdir. Çünki, mübahisəli torpaq sahəsinin neft sənayesinə aid torpaqlar kateqoriyasına aid olması, özü-özlüyündə iddiaçının hüquqlarını və qanunla qorunan mənafeyini pozduğundan belə bir iddia qaldırmaq üçün subyektiv hüququ olmuşdur. Göründüyü kimi, bu məsələlər, birinci instansiya məhkəməsi tərəfindən araşdırılmaqla düzgün olan yekun nəticəyə gəlinmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilmiş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, üzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 2(009)- 725/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi alındığı tarixdən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar