Məhkəmə qərarları › İş №2(103)-4067/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4067/2024

10.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4067/2024 10.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X3 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi və Abşeron rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2288/2024 saylı 2 may 2024-cü il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Abşeron Rayon Dövlət Arxivinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubuna əlavə edilmiş Arxiv Çıxarışından görünür ki, Abşeron Rrayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 181 nömrəli Qərarına əsasən Aqrar Sənaye kompleksi işləri həmkarlar ittifaqının 16 iyun 1991-ci il tarixli 993 nömrəli məktubu ilə Ərizəçi Qulu oğluna Aqrar-Sənaye Kompleksi işçiləri həmkarlar ittifaqının 16 iyun 1991-ci il tarixli, 993 nömrəli məktubu nəzərə alınaraq ona Novxanı sovxozu ərazisindən torpaq sahəsi verilmişdir.

2. Abşeron Rrayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 181 nömrəli Qərarından Çıxarışın surətinə əsasən Aqrar Sənaye kompleksi işləri həmkarlar ittifaqının 16 iyun 1991-ci il tarixli 993 nömrəli məktubu ilə Ərizəçi Aqrar-Sənaye Kompleksi işçiləri həmkarlar ittifaqının 16 iyun 1991-ci il tarixli, 993 nömrəli məktubu nəzərə alınaraq ona Novxanı sovxozu ərazisindən torpaq sahəsi verilmişdir.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı hüquq sahibinə bağ sahəsinin ayrılması barədə arxiv əsaslarında saxlanılan adlı siyahıda və müraciət üzrə əlavə edilmiş xx.xx.2023-cü il tarixli T/575 nömrəli arxiv arayışında hüquq sahibinin ata adına münasibətdə uyğunsuzluq olduğu aşkar edilməmişdir. Qeyd edilənləri nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. Ərizəçi (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, daha sonra tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 avqust 1991- ci il tarixli, 181 nömrəli qərarının arxivdə saxlanılan nüsxəsinin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayon XDS İcraiyyə komitəsinin 28 avqust 1991-ci il tarixli qərarı ilə Aqrar-Sənaye Kompleksi işçiləri həmkarlar ittifaqının 16 iyun 1991-ci il tarixli, 993 nömrəli məktubu nəzərə alınaraq ona Novxanı sovxozu ərazisindən 0,06 hektar torpaq sahəsi verilmişdir. 06 iyul 2023-cü il tarixli sorğusuna cavab olaraq göndərilmiş arxiv sorğusunda isə Abşeron rayon XDS İcraiyyə Komitəsinin qərarında ata adı səhv qeyd edilmiş, “X2” yerinə “Ərizəçi Qulu oğlu” yazılmışdır. Odur ki, qərarda göstərilmiş “Ərizəçi” ilə həmin qərarın arxivdə saxlanılan nüsxənin ona məxsus olması faktı müəyyən olunmalıdır. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Bu faktın müəyyən edilməsi ona mülkiyyət hüququnu realizə etmək məqsədi üçün lazımdır. Belə ki, bu uyğunsuzluq ona torpaqla bağlı mülkiyyət hüququnu realizə etməyə mane olur, mülkiyyət hüququnu qeydiyyatdan keçirə bilmir, 4 saylı Abşeron Ərazi İdarəsi ərizəsinin təminindən imtina etmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2288/2024 saylı 2 may 2024-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir.

7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, təqdim edilmiş rəsmi sənədlərlə - Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 avqust 1991-ci il tarixli, 181 nömrəli qərarının arxivdə saxlanılan nüsxəsinin Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli faktlar müəyyən edilir. Hazırda ərizəçi qeyd olunan texniki səhvin düzəldilməsini və Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 avqust 1991-ci il tarixli, 181 nömrəli qərarının arxivdə saxlanılan nüsxəsinin Ərizəçi məxsus olmasını başqa qaydada müəyyən edə bilmir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1, 307.2.5, 308 və 311-ci maddələri; “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

9. Maraqlı şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2288/2024 saylı 2 may 2024-cü il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon XDS İcraiyyə Komitəsi 1995-ci il tarixində ləğv edildiyindən adıçəkilən qərara düzəliş edilməsi halhazırda onun hüquqi varisi qismində çıxış edən orqanın, yəni Abşeron Rayon İcra Hakimiyyətinin səlahiyyətləri daxilindədir. Sözügedən hüquqi fakta düzəliş edilməsi məqsədilə ərizəçi tərəfindən Abşeron Rayon İcra Hakimiyyətinə müraciət edilməlidir. Həmçinin bu mülki iş üzrə maraqlı şəxs qismində 4 saylı Abşeron Ərazi İdarəsi deyil, Abşeron Rayon İcra Hakimiyyəti cəlb olunmalı idi.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi vəkili-nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, apellyasiya şikayətində hüquqi varis qismində Abşeron Rayon İcra Hakimiyyətinin olması qeyd olunmuşdur. Hesab edir ki, şikayətin bu dəlili əsassızdır, çünki onlar sənədin yox, sənədin arxivdə saxlanılan nüsxəsinin şəxsə məxsus olması ilə bağlı ərizə ilə müraciət etmişlər. İcra Hakimiyyətinin arxivdə saxlanılan nüsxəyə müdaxilə etmək səlahiyyəti yoxdur, arxivdə saxlanılan heç bir sənədə digər qurumların müdaxilə edərək düzəliş etmək səlahiyyəti yoxdur. Apellyasiya şikayətinin ikinci dəlili ondan ibarətdir ki, onlar deyil, Abşeron Rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməli idi. Hesab edir ki, apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Hüquqların realizəsi ilə bağlı Abşeron Rayon Ərazi İdairəsinə müraciət etmişlər, onların Abşeron Rayon İcra Hakimiyyətinə qarşı hər hansı bir hüquqlarının realizəsi ilə müraciəti olmamışdır, olmayacaqdır da. Ərizəçi Abşeron Rayon Ərazi İdarəsinə müraciət edərək mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı müraciət etmiş, Abşeron Rayon Ərazi İdarəsi isə sənədin arxivdə saxlanılan nüsxəsi ilə adına münasibətdə uyğunsuzluğun olduğuna istinad edərək imtina vermişdir. Hazırkı məsələ başqa formada həll oluna bilməz.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

17. Məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

18.4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 19.14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

22. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 23.305.1.1-ci, 307.2.5-ci, 308-ci və 311-ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 24.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 saylı “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarında qeyd edilən hüquqi mövqeyə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. (6.0) 25.Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. (6.1) 26.Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. (6.3)

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, mülki icraat növlərindən biri olan xüsusi icraat ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Xüsusi icraat qaydasında baxılan işlər, hüquq haqqında mübahisənin olmaması, qanuni mənafelərin hüquqi faktların müəyyən edilməsi yolu ilə müdafiəsi zərurəti, hüquqi statusunun qeyri-müəyyənliyinin aradan qaldırılması ilə səciyyələnir.

29. Məhkəmələr müvafiq faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir.

30. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində işin baxılmasına hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər.

31. İş materiallarından göründüyü kimi baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur, həmçinin mülki işin predmeti olan hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərtlər mövcuddur - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir. Beləliklə ərizəçinin MPM-nin 308-ci maddəsinə əsasən xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək hüququ yaranmışdır.

32. İş üzrə maraqlı şəxs qismində cəlb olunmuş “Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri” PHŞ verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon XDS İcraiyyə Komitəsi 1995-ci il tarixində ləğv edildiyindən adıçəkilən qərara düzəliş edilməsi hal-hazırda onun hüquqi varisi qismində çıxış edən orqanın, yəni Abşeron Rayon İcra Hakimiyyətinin səlahiyyətləri daxilindədir. Sözügedən hüquqi fakta düzəliş edilməsi məqsədilə ərizəçi Abşeron Rayon İcra Hakimiyyətinə müraciət etməli, daha sonra mülki iş üzrə maraqlı şəxs qismində 4 saylı Abşeron Ərazi İdarəsi deyil, Abşeron Rayon İcra Hakimiyyətini cəlb etməli idi.

33. Apellyasiya şikayətində istinad edilənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyatorun baxış predmeti olan faktın müəyyən edilməsinin bilavasitə bu inzibati orqanın səlahiyyətlərinə deyil, Abşeron Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olduğu, İcra Hakimiyyətinin də işin baxılmasına maraqlı şəxs qismində cəlb edilmədiyi barədə arqumentləri hazırki qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Belə ki, istinad olunan bu halın mövcudluğu, yəni ərizəyə Abşeron rayon İcra Hakimiyyətinin maraqlı şəxs qismində cəlb edilməməklə baxılması iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnməmişdir.

34. Belə ki, hüquqmüəyyənedici sənədin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin məhkəmə tərəfindən icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi imkanı qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə hər hansı orqana göstəriş verilmir.

35. Beləliklə də hazırki qətnamə ilə yalnız hüquqmüəyyənedici sənəddə əks olunan hüquqların ərizəçiyə məxsus olması faktı təsdiqlənmiş, bu qətnamə ilə adıçəkilən qərarın surətinə düzəliş edilməsi vəzifəsinin maraqlı şəxs qismində cəlb edilmiş “Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri” PHŞ-nin üzərinə qoyulması nəzərdə tutulmamış, həmin qurumun hər hansı hərəkətləri yerinə yetirmək vəzifəsi yaranmamışdır.

36. Beləliklə də apellyasiya şikayətində istinad olunan hallar qətnamənin qanunsuz və əsassız olmasına dəlalət etmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir.

37. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

38. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2288/2024 saylı 2 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar