Məhkəmə qərarları › İş №2(103)-4074/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4074/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4074/2025 16.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Sığorta şirkəti ASC-yə qarşı ("xxxx" ASC-ni mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏTNAMƏ İş № 2(103)-4074/2025 (Açar sözlər: sığorta ödənişinin verilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndələri Leili İsmayılovanın və Nümayəndə3 iştirakları ilə, İddiaçı Cavabdeh Sığorta şirkəti ASC-yə qarşı "xxxx" ASC-ni mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə sığorta ödənişinin verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-885/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 16 iyul 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh Sığorta şirkəti ASC-yə qarşı "xxxx" ASC-ni mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə sığorta ödənişinin verilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, 18460 manat məbləğində pulun Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq faydalanan şəxs Bank "xxxx" ASC-yə ödənilməsi, 3627 manat məbləğində pulun, 8062 manat məbləğində dəbbə pulunun və 181 manat məbləğində dövlət rüsumunun, cəmi 11870 manat məbləğində pulun Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinə dəqiqləşdirmə verərək, 18191,71 manat məbləğində pulun Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq faydalanan şəxs Bank "xxxx" ASC-yə ödənilməsi, 4435,52 manat məbləğində pulun, 8858,50 manat məbləğində dəbbə pulunun və 185 manat məbləğində dövlət rüsumunun, cəmi 13479 manat məbləğində pulun Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinə dəqiqləşdirmə verərək, MLİ-ZB-0000495 saylı sığorta şəhadətnaməsinə əsasən 18191,71 manat məbləğində sığorta ödənişinin faydalanan şəxs Bank "xxxx" ASC-yə ödənilməsi öhdəliyinin Cavabdeh Sığorta Şirkəti ASC-nin üzərinə qoyulması, 4435,52 manat məbləğində pulun, 8858,50 manat məbləğində dəbbə pulunun və 185 manat məbləğində dövlət rüsumunun, cəmi 13479 manat məbləğində pulun Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinə dəqiqləşdirmə verərək, MLİ-ZB-0000495 saylı sığorta şəhadətnaməsinə əsasən 17782 manat məbləğində sığorta ödənişinin faydalanan şəxs Bank "xxxx" ASC-yə və ya Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna ödənilməsi öhdəliyinin Cavabdeh Sığorta Şirkəti ASC-nin üzərinə qoyulması, 5025 manat məbləğində pulun, 8858,50 manat məbləğində dəbbə pulunun və 185 manat məbləğində dövlət rüsumunun, cəmi 14068,50 manat məbləğində pulun Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinə dəqiqləşdirmə verərək, MLİ-ZB-0000495 saylı sığorta şəhadətnaməsinə əsasən 17601 manat məbləğində sığorta ödənişinin faydalanan şəxs Bank "xxxx" ASC-yə və ya Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna ödənilməsi öhdəliyinin Cavabdeh Sığorta Şirkəti ASC-nin üzərinə qoyulması, 5025 manat məbləğində pulun, 8858,50 manat məbləğində dəbbə pulunun və 185 manat məbləğində dövlət rüsumunun, cəmi 14068,50 manat məbləğində pulun Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, fiziki şəxs X5 ilə "xxxx" ASC arasında 27 iyul 2011-ci il tarixində 308/ZB saylı kredit müqaviləsi və 309/ZB saylı yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Belə ki, Kredit müqaviləsi üzrə "xxxx" ASC tərəfindən 35000 manat məbləğində pul vəsaiti 240 ay müddətinnə Borcalana ümumi dəyəri 45000 manat, ümumi sahəsi 65 kv.m olan, ünvan 1 ünvanında yerləşən 43 saylı mənzilin satın alınması üçün verilmişdir. Alqı-satqı və ipoteka müqaviləsinə əsasən Borcalan Yaşayış sahəsinin ümumi dəyərinin 10000 manat hissəsini öz vəsaiti hesabına, qalan 35000 manat hissəsini isə "xxxx" ASC-dən əldə etdiyi kredit hesabına ödəyərək Yaşayış sahəsini satın almışdır. Borcalanın Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına həm Yaşayış sahəsinin "xxxx" ASC-nin xeyrinə ipotekaya qoyulması ilə, həm də Borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi halından sığortası vasitəsilə təminat verilmişdir. Belə ki, Borcalanın həyatının ölüm halından və əmək qabiliyyəyinin itirilməsi halından sığortası üzrə Cavabdeh Sığorta Şirkəti ASC ilə 26 fevral 2016-cı ildə müqavilə bağlanmış və həmin müqavilənin bağlanmasının təsdiqi olaraq Borcalana MLİ-ZB-0000495 saylı sığorta şəhadətnaməsi təqdim edilmişdir. X14 16 noyabr 2023-cü ildə Sumqayıt şəhər Təcili Tibbi yardım Xəstəxanasında beyin ödemi səbəbindən vəfat edib və bu onun 27 noyabr 2023-cü il tarixində verilmiş AZ-İİ № 398877 saylı ölüm haqqında şəhadətnaməsində qeyd olunub. X1 həyat yoldaşı olub və onların nikahı xx.xx.2018-ci ildə ləğv edilib. Birgə nikahdan isə onların xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X11 adlı iki oğul övladları var. Akif Nağıyevin vəfatından sonra onun mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Yaşayış sahəsi vərəsəlik üzrə hər iki yetkinlik yaşına çatmayan övladının ½ hissə payı olmaqla birgə mülkiyyətinə keçmişdir və xx.xx.2024-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən (Reyestr nömrəsi: **********03-05101-093069) onların birgə mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1244-cü maddəsinin və Mülki-prosessual Məcəllənin 72-ci maddəsinin tələblərinə əsasən X9 vərəsələri olan övladları yetkinlik yaşına çatmadıqları üçün miras onların adına qanuni nümayəndəri olan iddiaçı tərəfindən qəbul edilmişdir və onların qanunla qorunan bütün hüquq və mənafelərinin müdafiəsi qanuni nümayəndələri olan iddiaçı tərəfindən həyata keçirilir. Borcalan ilə Kredit və İpoteka müqavilələrini bağlayan Kreditor və İpoteka saxlayan "xxxx" ASC ləğvetmə prosesində olduğundan və onun ipoteka portfeli Bank "xxxx" ASC-nə ötürüldüyündən sığorta qanunvericiliyinə uyğun olaraq faydalanan şəxs Bank "xxxx" ASC Borcalanının ölümündən sonra sığorta hadisəsinin baş verməsi barədə xx.xx.2023-cü il tarixində İH-2023/5475 saylı məktubla Cavabdeh Sığorta şirkəti ASC-ni (bundan sonra “Sığortaçı” və “Cavabdeh”) məlumatlandırmışdır. Həmçinin Sığorta müqaviləsi ilə sığortalanmış risk üzrə (borcalanın ölümü və əmək qabiliyyətinin itirilməsi) sığorta hadisəsi baş verdiyi üçün (Borcalanın xx.xx.2023-cü il tarixində vəfatı) Yaşayış sahəsinin hazırkı mülkiyyətçilərinin qanuni nümayəndəsi olaraq sığorta ödənişinin faydalanan şəxsə verilməsi ilə bağlı 29 avqust 2024-cü il tarixində İddiaçı tərəfindən Cavabdehə müraciət ünvanlanmışdır. Lakin Cavabdeh 03 sentyabr 2024-cü il tarixli 0331-24 saylı cavab məktubu ilə qanunsuz və əsassız səbəblərlə Sığorta ödənişinin faydalanan şəxsə verilməsindən imtina etmişdir və bugünə qədər də həmin səbəblərlə sığorta ödənişini ödəmir. Cavabdeh sığorta ödənişini vermədiyi üçün sığorta hadisəsinin baş verdiyi tarixdən (Borcalanın vəfat etdiyi tarixdən) bugünə qədər Kredit müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan ödəniş cədvəli üzrə aylıq kredit ödənişləri İddiaçı tərəfindən həyata keçirilir və cari tarixə qədər İddiaçı faydalanan şəxs olan Kreditora 3627 (üç min altı yüz iyirmi yeddi) manat vəsait ödəmişdir. Hazırda faydalanan şəxs Kreditora (İpoteka saxlayana) Kredit müqaviləsi üzrə cəmi borc 18460.00 manat (on səkkiz min dörd yüzaltmış manat, sıfır qəpik) təşkil edir. Aşağıdakı sadalanan qanuni və faktiki əsaslara görə hesab edirlər ki, Cavabdehin sığorta ödənişinin verilməsindən imtinası tamamilə qanunsuz və əsassızdır və Sığorta ödənişi üzrə 18460 manat pul vəsaiti faydalanan şəxs Bank "xxxx" ASC-nə, sığorta ödənişinin qanunsuz olaraq ödənilmədiyi dövr üzrə İddiaçı tərəfindən Borcalanın kredit borcu üzrə ödənilən 3627 həcmdə pul vəsaiti isə İddiaçıya ödənilməlidir: Sığorta ödənişindən imtina üçün qanuni və müqavilə əsasının olmaması. Cavabdeh məktubunda qeyd etmişdir ki, Borcalan 2017-ci ilin sentyabr ayında “Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin 1 nömrəli xəstəxanasında stasionar müalicə olunarkən şifahi olaraq “10 ilə yaxındır arterial hipertenziya xəstəliyinin mövcud olduğunu” bildirmişdir. Cavabdeh hər hansı ekspert rəyi və mötəbər sübut olmadan Borcalanın bu şifahi ifadəsinə görə belə qənaətə gəlmişdir ki, Borcalanın ölüm səbəbi olan beyin ödemi məhz arterial hipertenziyanın nəticəsi olmuşdur və bu xəstəlik Sığorta müqaviləsinin bağlanmasından əvvəl, təqribi 2006-2007-ci illərdən etibarən Borcalanda mövcuddur. Belə ki, borcalan bu barədə Sığorta müqaviləsi bağlananda və sonra sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə məlumat vermədiyi üçün сavabdeh sığortaçı olaraq sığorta riskini qiymətləndirə bilməyib və “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Bankının 16 may 2024-cü il tarixli 20/4 nömrəli Qərarının 19.1.3-cü bəndinə (əvvəlki “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli 21 nömrəli Qərarının 18.1.3-cü bəndi) bu hal sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. İş üzrə məhkəməyə təqdim edilən Sığorta şəhadətnaməsinin “Sığorta riskləri” adlı bölməsinin 1-ci cümləsindən aşkar görünür ki, Sığorta müqaviləsi üzrə Borcalanın müqavilənin qüvvədə olduğu müddət ərzində “hər hansı bir səbəbdən ölümü” sığortalanmışdır. Əgər sığorta müqaviləsi özlüyündə şəxsi hər növ xəstəlik səbəbindən ölməsi halından sığortlayıbsa, Borcalanın arterial hipertenziya və digər hər hansı xəstəliyinin (təbii ki, qanunvericiliklə və sığorta şəhadətnaməsinin özündə istisna edilmiş xəstəliklər - narkomaniya, kəmağılllıq, QİÇS, onkoloji, şəkərli diabet və digər istisna olmaqla) olmasının Cavabdehin sığorta riskinin qiymətləndirilməsinə hansı və necə təsiri ola bilər? Yuxarıda qeyd edilən Qərarın müvafiq maddəsi imtina üçün əsas olan natamam və yanlış məlumat verməni müəyyən bir nəticəyə bağlayır. Yəni həmin maddənin imtina əsası ola bilməsi üçün Borcalanın yalnız hərəkətinin olması (yanlış və natamam məlumat vermənin özü) yetərli deyil, həmin hərəkət sığortaçının sığorta risklərini və zərəri qiymətləndirmək imkanını aradan qaldırmış (nəticə) olmalıdır. Hazırkı halda isə özlüyündə şəxsi bütün xəstəliklər üzrə ölümdən sığortalamış Cavabdehin qeyri-mötəbər mənbədən əldə edilən məlumat əsasında arterial hipertenziya xəstəliyinin 10 ildir mövcudluğunu əsas gətirərək sığorta ödənişini verməkdəm imtinası qanunun tələbinə uyğun deyil, çünki həmin maddənin tətbiqi üçün əsas yoxdur. Cavabdeh müqaviləni bağlayanda bütün növ xəstəliklər üzrə Borcalanın ölə bilmə və ya əmək qabiliyyətini itirə bilmə riskini qiymətləndirmiş, görmüş, nəticələri üzrə öhdəliyi vəməsuliyyəti ilə bağlı iradəsini ifadə edərək həmin hallarda ödəniş etməyi öz üzərinə götürmüşdür. İmtina əsası kimi qeyd olunan xəstəliyin Sığorta müqaviləsinin bağlanmasından əvvəl Borcalanda mövcud olmaması: Cavabdehin məktubunda, həmçinin “Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin 05 sentyabr 2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Borcalan 2017-ci ilin sentyabr ayında həmin PHŞ-nin 1 nömrəli xəstəxanasında stasionar müalicə olunarkən şifahi olaraq “yüksək təzyiq, yəni arterial hipertenziyadan” əziyyət çəkdiyini bildirmişdir. İlk olaraq qeyd etmək lazımdır ki, borcalanın belə bir ifadə işlətməsi hər hansı mötəbər sübutla sübut olunmur, həmçinin belə bir xəstəlikdən 10 ildən çox əziyyət çəkdiyi hər hansı bir tibb sənədi ilə də təsdiqini tapmır. Belə ki, cavabdeh və xəstəxana özü cavab məktublarında belə Borcalanın ilkin xəstəxanaya daxil olması və ona diaqnoz qoyulmasını 05 dekabr 2016-cı il tarixi, yəni Sığorta müqaviləsinin bağlanmasından sonra göstərib. Əgər 10 ildir bu xəstəlik var idisə, niyə 2016-cı ilin dekabrından əvvəl nə “Sumqayıt Tibb Mərkəzinin” 1 nömrəli xəstəxanasına nə də digər hər hansı xəstəxanaya Borcalan bu barədə müraciət etməyib, niyə hər hansı daxilolma, diaqnoz və müalicə sənədi mövcud deyildir? “Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin bir tibb müəssisəsi olaraq hər hansı tibbi biliyi olmayan xəstənin şifahi məlumatına əsaslanıb onun 10 ildən çox arterial hipertenziyadan əziyyət çəkdiyini təsdiq etməsi həkimliyin peşə etikasına da uyğun deyildir. Hər hansı Bbbi biliyi olmayan xəstə təzyiqin hansı normada aşağı hansı normada yuxarı olduğunu necə müəyyən edə bilər? Həmçinin Cavabdeh niyə məhz sadəcə Sumqayıt Tibb Mərkəzinə sorğu ünvanlayıb və niyə məhz təkcə həmin Mərkəzin rəyini əsas götürərək Borcalanda arterial hipertenziyanın 10 ildən çox olduğuna qərar verib? Digər tibb müəssisələrinə və ümumi sorğu üzrə Səhiyyə Nazirliyinə müraciət etmək əvəzinə sadəcə hansı meyarla seçim etdiyi bəlli olmayaraq təsadüfi bir xəstəxana seçərək onun rəyinə əsaslanıb. Hansı ki, həmin rəy də müəyyən bir elmi araşdırma üsulu ilə yox, sadəcə xəstənin deyibdemədini sübut oluna bilməyən şifahi sözünə görə tərtib edilib. Əgər xəstəlik Sığorta müqaviləsindən əvvəl mövcud olsa idi, Borcalanın bu barədə hansısa xəstəxanaya müraciəti, daxil olması, müalicə dövrü və hər hansı xəstəlik sənədi olardı. Cavabdehin bu cür mötəbər sübut təqdim edə bilməməsi, xəstənin deyib-demədiyi bəlli olmayan şifahi ifadəsinə əsaslanması elə Borcalanda Sığorta müqaviləsinin bağlanmasından əvvəl belə bir xəstəliyin olmadığını və ilk dəfə bu şikayətlərlə 05 dekabr 2016-cı ildə xəstəxanaya müraciət edildiyini göstərir. Eyni zamanda, onun keçmiş həyat yoldaşı, hansı ki, Sığorta müqaviləsinin bağlanmasından əvvəl onunla eyni məişət həyatını paylaşıb, həmçinin qardaşı və digər yaxın qohumları Borcalanda 2016-cı ildən əvvəl belə bir xəstəliyin və onun hər hansı simptomlarının olmadığını bildirirlər və bunu məhkəmədə şahid ifadələrilə təsdiq edə bilərlər. Xəstəlik ilə ölüm səbəbi arasında səbəb-nəticə əlaqəsinin olmaması: Həmçinin, əgər şərti olaraq həmin xəstəliyin Sığorta müqaviləsinin bağlanmasından əvvəl Borcalanda mövcud olduğunu qəbul etsək, arterial hipertenziya ilə ölüm səbəbi olan beyin ödemi (beyində su yığılması) arasında heç bir səbəbli əlaqə mövcud deyildir. Cavabdeh necə müəyyən edib və hansı tibbi sənəd və ya ekspert rəyi əsasında qənaətə gəlib ki, borcalandakı beyin ödeminin səbəbi yüksək təzyiq olub? Yüksək təzyiq özü bir səbəb deyil, baş ağrısı kimi bir nəticə, bir simptomdur. Arterial hipertenziya özlüyündə hansısa xəstəliyə səbəb ola bilməz, hansı xəstəliyin göstəricisi ola bilər. Bu halda cavabdehin özlüyündə müstəqil olaraq beyin ödeminin səbəbinin yüksək təzyiq olduğunu müəyyən etməsi və buna əsaslanaraq sığorta ödənişindən imtina etməsi absurddur. Arterial hipertenziya yüksək təzyiq deməkdir və Azərbaycan Respublikasından yaşayan 40 yaş üzəri bütün insanların yarısında mövcuddur və ölkə üçün baş ağrısı qədər yayğın bir simptomdur. Həmçinin, xəstəliyin Sığorta müqaviləsindən 10 il əvvəl olduğunu qəbul etsə belə, bu halda belə sığorta ödənişinin verilməsindən imtina edilə bilməz. Çünki belə bir imtina əsası sığortanın hüquqi təbiətinə ziddir. Azərbaycan Respublikasının Ali Məhkəməsi 03 iyun 2021-ci il tarixli press-relizində sığorta münasibətləri üzrə aydınlıq gətirərək bildirib ki, sığorta hadisəsi gələcəkdə baş verməsi labüd (qaçınılmaz) olan hadisə yox, ehtimallar əsasında gələcəkdə baş verməsi proqnozlaşdırıla bilən hadisədir və sığorta həmin hadisələr nəticəsində yarana biləcək riskləri sığortalayır. Borcalanda arterial hipertenziya olmuş olsa belə, bu xəstəlik xərçəng və digər tip xəstəliklər kimi onun gələcəkdə ölümünü labüd (qaçınılmaz) edən hal kimi hesab edilə bilməz. Arterial hipertenziya da digər xəstəliklər kimi insan həyatı üçün sadəcə risk xarakterindədir, gələcəkdə onun ölümünü yəni sığorta hadisəsini labüd (mütləq) edəcək hal deyil. Məhz bun agörə də Cavabdeh özü belə bu kimi xəstəlikləri sığorta riski kimi Sığorta müqaviləsi və Sığorta şəhadətnaməsində müəyyən edib (hər növ xəstəlikdən Borcalanın ölümü). Həm yüksək təyiqin bu qədər geniş yayılan xəstəlik olub normallaşdırılması, həm də ölümü labüd edən xəstəliklərdən olmaması bunu deməyə əsas verir ki, əgər Borcalanda 10 ildir yüksək təzyiq olduğunu qəbul etsələr belə, o bu məlumatı qəsdən gizləməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 917.2-ci maddəsinə əsasən, qəsdən məlumat verməmək istisna olmaqla, sığortalının həyat sığortası müqaviləsinin bağlanması zamanı özünün məlumat vermək vəzifəsini icra etməməsi müqavilənin bağlandığı vaxtdan 5 il müddət keçdikdən sonra sığortaçının müqavilə üzrə vəzifələrinin icrasından imtina etməsi üçün əsas ola bilməz. Hazırki halda isə, Müqavilənin bağlanmasından 8 il keçmişdir və bu səbəbdən sığortaçı Cavabdeh sığorta müqaviləsi üzrə öhdəliklərinin, həmçinin sığorta ödənişinin verilməsi öhdəliyinin icrasından imtina edə bilməz. Cavabdehin imtina əsası barədə sığorta hadisəsi baş verməzdən əvvəl məlumat əldə etməsi: Cavabdeh öz cavab məktubunda sığorta hadisəsinin baş verməsindən (Borcalanın ölümündən əvvəl) əvvəl xx.xx.2023-cü il tarixində “Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin 1 nömrəli Dövlət rüsumunun ödənilməsi haqqında məlumat xəstəxanasının 326 nömrəli məktubunda məhz Borcalanın 2017-ci ilin sentyabr ayında müalicə olunarkən 10 ilə yazın arterial hipertenziyadan əziyyət çəkdiyini dediyi qeyd olunmuşdur. Göründüyü kimi, sığortaçı Cavabdeh bu barədə məlumatı Borcalanın ölümündən əvvəl əldə edib. Qərarın 8.2-ci bəndinə əsəsən, sığortaçı sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta riskinin artmasına səbəb olan dəyişikliklər barədə məlumat aldıqda sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsi, o cümlədən sığorta haqqının artırılması tələbi ilə çıxış edə bilər. Lakin cavabdeh ona verilən hüquqlardan istifadə etməyərək sığorta müqaviləsini yeniləməyib və hər hansı dəyişiklik etməyib. Əgər həqiqətən də, arterial hipertenziyanın 10 ildir mövcud olması faktı sığorta riskini artıran səbəbdirsə, nə üçün cavabdeh məlumat aldıqdan dərhal sonra müqaviləni yeniləyib arterial hipertenziyanı təmin edilmiş sığorta riskləri siyahısında istisna etməyib? Bu özü onu göstərir ki, Cavabdeh özü belə istinad etdiyi halların tamamilə qanunsuz və əsassız olduğunun fərqindədir, yalnız formal cümlələrlə iddiaçının müraciəti üzrə sığorta ödənişinin verilməsindən imtina etmişdir. Beləliklə yuxarıda qeyd olunan hüquqi və faktiki əsaslara görə hesab edir ki, cavabdeh qanunsuz və əsassız olaraq sığorta ödənişinin verilməsindən imtina etmişdir və sığorta ödənişi üzrə 18460 manat məbləğində pul vəsaiti faydalanan şəxs Bank "xxxx" ASC-nə, sığorta ödənişi üzrə 3627 manat pul vəsaiti isə iddiaçı tərəfindən kredit müqaviləsi üzrə faydalanan şəxsə ödədiyi pul vəsaitinin əvəzində ona cavabdehdən tutularaq ödənilməlidir. Həmçinin Qərarın 18.2-ci bəndinə əsasən sığortaçı sığorta ödənişini bütün sənədlərin ona daxil olduğu gündən etibarən 7 yeddi iş günü müddətdə həyata keçirmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Hazırkı halda cavabdeh tərəfindən sığorta ödənişinin verilməsi 365 təqvim günü gecikdirilmişdir və cavabdeh tərəfindən 8062 manat məbləğində dəbbə pulu (22087×0,1%×365) da cavabdehdən tutularaq ona ödənilməlidir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-885/2025 saylı, xx.xx.2025ci il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddianın qismən təmin edilməsi, MLİ-ZB- 0000495 saylı sığorta şəhadətnaməsinə əsasən 17601 manat sığorta ödənişinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-yə ödənilməsi öhdəliyi cavabdeh “Qala Həyat “ Sığorta şirkəti ASC-nin üzərinə qoyulmuş, İddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilmiş 5025 manat məbləğində pulun Cavabdeh Sığorta şirkəti ASC-dən tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 157 manat hissəsinin cavabdeh “Qala Həyat “ Sığorta şirkəti ASC-dən tutularaq İddiaçı ödənilməsi, dövlət rüsumunun qalan hissədə iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 884.1, 884.2, 884.4, 884.6, 884.6-2, 885.1, 885.2, 885.3, 901.1, 914.3, 922.1, 922.2, 926.1, 926.2-ci maddələri, Azərbaycan Respublikası Mərkəzi X8 16 may 2024-cü il tarixli, 20/4 saylı “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nın təsdiq edilməsi barədə Qərarı ilə təsdiq edilmiş “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nın 5.1. 5.2, 5.2.1, 5.2.2, 5.2.3, 6.1, 6.1.1, 6.1.2, 6.2, 7.1, 7.2, 7.3, 7.5, 7.6. 7.7, 7.8, 7.9-cü bəndlərinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apelyasiya şikayətinin dəlilləri

9. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək iddianın təmin edilmiş hissəsində ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apelyasiya şikayətində göstərilmişdir ki, A.S.Nağıyevin ölümünə səbəb olan xəstəliyin başlanılma tarixi 26 fevral 2016-cı il tarixli, MLİ-ZB-0000495 nömrəli sığorta müqaviləsinin qüvvədəolmadığı müddətə (sığorta müqaviləsi bağlanmamışdan əvvəl) təsadüf edir. Beləliklə, ölümünə səbəb olan hal sığorta müqaviləsinin qüvvədə olmadığı müddətdə yarandığından baş vermiş hadisə sığorta hadisəsi kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 911.2-ci maddəsinə əsasən sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Lakin iş materiallarında olan sənədlərdən də göründüyü kimi A.Nağıyev 2016-cı ildə sığorta müqaviləsi bağlayarkən arterial hipertenziyadan əziyyət çəkdiyini bildiyi halda bu barədə cavabdeh sığorta sirkətinə qəsdən məlumat verməmişdir. Halbuki Cavabdeh Sığorta Şirkəti ASC ilə A.Nağıyev arasında bağlanan26 fevral 2016-cı il tarixli, MLİ- ZB0000495 nömrəli “İpoteka krediti üzrə borcalanın həyat sığortası” müqaviləsi könüllü sığorta müqaviləsi növü olduğundan, müqavilə bağlanan zaman A.Nağıyev onun xəstəliyinə dair sığortaçıya məlumat təqdim etsəydi “Fiziki şəxslərə təqdim edilən kreditmüqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nın 4.3-cü maddəsinə əsasən sığortaçının sığortalı ilə müqavilə bağlamaqdan imtina etmək hüququ olardı. Digər tərəfdən, sığortalı arterial hipertenziya- ürək damar xəstəliyini sığortaçıdan gizlətməklə xəstəliyi barədə məlumat verilməsində tam təqsirli olmuş, nəticə etibarilə cavabdehin ödənişdən imtinası sığorta qanunvericiliyinin tələblərinə uyğun olmuşdur.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi Leili İsmayılovanın apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

13. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apelyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.

15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. Maddə 884.2. Sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir;

19. Maddə 884.4. Sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir;

20. Maddə 884.6 Faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır;

21. Maddə 884.6-2. Şəxsi sığorta üzrə sığorta hadisəsi nəticəsində sağlamlığına zərər dəymiş şəxs, onun öldüyü halda isə ailə üzvləri zərərçəkən sayılır;

22. Maddə 885. Sığorta sığortaçıların fəaliyyət istiqamətləri baxımından həyat sığortası və qeyrihəyat sığortası (ümumi sığorta) sahələrinə, sığorta obyekti baxımından şəxsi sığorta və əmlak sığortası sahələrinə bölünür;

23. Maddə 885.2. Həyat və qeyri-həyat sığortası sahələrinin hər biri “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində nəzərdə tutulmuş sığorta siniflərindən ibarətdir;

24. Maddə 885.3. Həyat sığortası sahəsinə aid olan sığorta sinifləri sığorta obyektinə görə yalnız şəxsi sığortaya aiddir;

25. Maddə 903.7. Elektron sənəd formasında olan sığorta müqaviləsi üzrə sığorta haqqının ödənilməsi sığortalının müvafiq sığorta qaydaları və sığorta müqaviləsinin şərtləri ilə tanış olmasını, həmin qaydalar və şərtlərlə razılığını, həmçinin sığorta müqaviləsinin bağlanması faktını təsdiqləyir;

26. Maddə 911.2. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir;

27. Maddə 917.2. Sığortalının həyat sığortası müqaviləsinin bağlanması zamanı özünün məlumat vermək vəzifəsini icra etməməsi müqavilənin bağlandığı vaxtdan 5 il müddət keçdikdən sonra sığortaçının müqavilə üzrə vəzifələrinin icrasından imtina etməsi üçün əsas ola bilməz. Bu halda sığortalı məlumat vermək vəzifəsini qəsdən icra etməmişdirsə, müqavilədən imtinaya yol verilir;

28. Maddə 935.1.6. Bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişindən imtina edilməsi hallarından biridir;

29. Maddə 935.2. Bu Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz.

Tərəflər arasında müqavilə bağlanan zaman qüvvədə olan “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”

30. Maddə 4.3. Sığorta müqaviləsində başqa cür müəyyən edilmədiyi hallarda, aşağıdakı kateqoriyalara aid şəxslərlə bağlı sığorta müqaviləsi bağlanmır: 18-dən aşağı, 65-dən yuxarı yaşı olanlar; İ və İİ qrup əlillər; narkoloji, psixonevroloji, vərəm, dərizöhrəvi dispanserlərdə qeydiyyatda olan şəxslər; Hepatit C, onkoloji, xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələr, QİÇS olan xəstələr, İÇV daşıyıcıları olan xəstələr; 4.4-cü bəndinə əsasən sığortaçı sığorta müqaviləsinə əsasən ən azı aşağıdakı risklərdən sığorta təminatı verir: sığorta olunanın ölməsi; sığorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirməsilə əlaqədar ona əlillik dərəcəsinin təyin olunması;

31. Maddə 6.7. Sığorta müqaviləsi bağlanarkən sığortaçı sığorta olunan şəxsin səhhətinin mövcud vəziyyətini qiymətləndirmək məqsədilə onun sığorta müqaviləsinin şərtlərindən asılı olaraq öz hesabına və ya sığortalının hesabına müayinə olunmasını tələb edə bilər;

32. Maddə 13.6. Sığorta müqaviləsi üzrə sığorta məbləği kredit müqaviləsi üzrə borc məbləğindən yüksək olmamaqla sığortaçı ilə sığortalının razılığı əsasında aşağıdakılardan biri üzrə müəyyənləşdirilir: kredit müqaviləsi üzrə borcun ödənilərək azalmasından asılı olmayaraq sığorta müqaviləsində nəzərdə tutulmuş müddətin sonuna qədər dəyişməyən sabit sığorta məbləğində; kredit müqaviləsi üzrə borcun ödəniş qrafikində nəzərdə tutulmuş qaydada azalmasına uyğun olaraq azalan sığorta məbləğində;

33. Maddə 18.1.3. Bu Qaydaların 18.2-ci bəndi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir;

34. Maddə 18.2. Bu Qaydaların 18.1.3-cü yarımbəndində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə sığortalanma haqqında ərizə formasında tələb olunan sorğulara sığortalının cavab verməməsinə baxmayaraq, sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

41. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edildiyindən və cavabdeh tərəfindən iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamə hissədə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

43. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir.

44. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, fiziki şəxs X5 ilə "xxxx" ASC arasında 27 iyul 2011-ci il tarixində 308/ZB saylı kredit müqaviləsi və 309/ZB saylı yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Belə ki, Kredit müqaviləsi üzrə "xxxx" ASC tərəfindən 35000 manat (otuz beş min) məbləğində pul vəsaiti 240 ay müddətinnə Borcalana ümumi dəyəri 45000manat, ümumi sahəsi 65 kv.m olan, ünvan 1 ünvanında yerləşən 43 saylı mənzilin satın alınması üçün verilmişdir. Alqı-satqı və ipoteka müqaviləsinə əsasən Borcalan Yaşayış sahəsinin ümumi dəyərinin 10000 manat hissəsini öz vəsaiti hesabına, qalan 35000 manat hissəsini isə "xxxx" ASC-dən əldə etdiyi kredit hesabına ödəyərək Yaşayış sahəsini satın almışdır. Borcalanın Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına həm Yaşayış sahəsinin "xxxx" ASC-nin xeyrinə ipotekaya qoyulması ilə, həm də Borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi halından sığortası vasitəsilə təminat verilmişdir. Belə ki, Borcalanın həyatının ölüm halından və əmək qabiliyyəyinin itirilməsi halından sığortası üzrə Cavabdeh Sığorta Şirkəti ASC ilə 26 fevral 2016-cı ildə müqavilə bağlanmış və həmin müqavilənin bağlanmasının təsdiqi olaraq Borcalana MLİ-ZB-0000495 saylı sığorta şəhadətnaməsi təqdim edilmişdir. X14 16 noyabr 2023-cü ildə Sumqayıt şəhər Təcili Tibbi yardım Xəstəxanasında beyin ödemi səbəbindən vəfat edib və bu onun 27 noyabr 2023-cü il tarixində verilmiş AZ-İİ № 398877 saylı ölüm haqqında şəhadətnaməsində qeyd olunub. X1 həyat yoldaşı olub və onların nikahı xx.xx.2018-ci ildə ləğv edilib. Birgə nikahdan isə onların xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X11 adlı iki oğul övladları var. Akif Nağıyevin vəfatından sonra onun mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Yaşayış sahəsi vərəsəlik üzrə hər iki yetkinlik yaşına çatmayan övladının ½ hissə payı olmaqla birgə mülkiyyətinə keçmişdir və xx.xx.2024- cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən (Reyestr nömrəsi: **********03-05101-093069) onların birgə mülkiyyətindədir. Borcalan ilə Kredit və İpoteka müqavilələrini bağlayan Kreditor və İpoteka saxlayan "xxxx" ASC ləğvetmə prosesində olduğundan və onun ipoteka portfeli Bank "xxxx" ASC-nə ötürüldüyündən sığorta qanunvericiliyinə uyğun olaraq faydalanan şəxs Bank "xxxx" ASC Borcalanının ölümündən sonra sığorta hadisəsinin baş verməsi barədə xx.xx.2023-cü il tarixində İH-2023/5475 saylı məktubla Cavabdeh Sığorta şirkəti ASC-ni (bundan sonra “Sığortaçı”və “Cavabdeh”) məlumatlandırmışdır. Həmçinin Sığorta müqaviləsi ilə sığortalanmış risk üzrə (borcalanın ölümü və əmək qabiliyyətinin itirilməsi) sığorta hadisəsi baş verdiyi üçün (Borcalanın xx.xx.2023-cü il tarixində vəfatı) Yaşayış sahəsinin hazırkı mülkiyyətçilərinin qanuni nümayəndəsi olaraq sığorta ödənişinin faydalanan şəxsə verilməsi ilə bağlı 29 avqust 2024-cü il tarixində İddiaçı tərəfindən Cavabdehə müraciət ünvanlanmışdır. Lakin Cavabdeh 03 sentyabr 2024-cü il tarixli 0331-24 saylı cavab məktubu ilə qanunsuz və əsassız səbəblərlə Sığorta ödənişinin faydalanan şəxsə verilməsindən imtina etmişdir və bugünə qədər də həmin səbəblərlə sığorta ödənişini ödəmir. İddiaçı hal-hazıradək ödədiyi ödənişi, banka qalıq qalan borcun sığorta şəhadətnaməsinə əsasən cavabdeh tərəfindən ödənilməsini tələb edir, cavabdeh isə iddia tələbinə etiraz edir.

45. Beləliklə, işin hallarından da göründüyü kimi Cavabdeh sığorta ödənişindən imtinanın əsası kimi iddiaçının əri tərəfindən sığorta müqaviləsi bağlanarkən xəstəliyi ilə bağlı yanlış məlumat verməsinə, daha dəqiq desək, xroniki xəstəliyinin olması barədə məlumat verməməsinə nəticədə və ölüm səbəbinin də məhz həmin xroniki xəstəliklə bağlı olmasına istinad edir.

46. Məhkəmə kollegiyası mülki qanunvericiliyin yuxarıda sadalanan müddəalarını rəhbər tutaraq qeyd edir ki, qanunvericilikdə sığortalının sığortaçıya sığorta predmeti, sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması halı sığorta ödənişinin verilməsinin əsaslarından biri kimi müəyyən edilmiş, lakin bununla belə bu yanlışlıq sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçının sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslanması imperativ qaydada qadağan edilmişdir. 47 Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, cavabdeh qeyd edilən hala istinad etsə də, sığortalının xəstəliyi ilə bağlı yalnış məlumat verməsi (xəstə olması barədə məlumat verməməsi) halını və bunun nəticəsində sığorta riskini qiymətləndirilməsindən məhrum olmasını sübuta yetirməli idi. Çünki sığorta qanunvericiliyində sığorta ödənişindən imtinanın əsası kimi yanlız sığortalı tərəfindən qəsdən yanlış məlumat verilməsi halı nəzərdə tutulmuşdur.

48. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, cavabdeh mərhum A.Nağıyev hipertonik ensefalopatiya, arterial hipertenziya xəstəliyindən uzun müddət əziyyət çəkməsini və bu barədə cavabdehə qəsdən məlumat verilməməsini əsas gətirsə də, sığortalı A.Nağıyev xx.xx.2023-cü il tarixdə beyin ödemindən vəfat etmişdir. Bu halda iddiaçıda mövcud olmuş arterial hipertenziya xəstəliyi ilə onun ölüm səbəbi arasında birbaşa səbəbli-əlaqənin olmasına dair hər hansı əsas və ya dəlil müəyyən edilməmiş, cavabdeh sadəcə öz mülahizəsinə uyğun olaraq mərhumun sağlığında uzun müddət arterial hipertenziya xəstəliyindən əziyyət çəkməsini əsas gətirmiş və bu səbəblə ödənişin edilməsindən imtina etmişdir.

49. Bundan əlavə həyat sığortası müqaviləsi bağlanmasından imtina edilməsini şərtləndirə biləcək xəstəliklərin siyahısında da arterial hipertenziya xəstəliyinin adı konkret olaraq çəkilməmiş, ümumi olaraq “xroniki xəstəliklər” formasında təsbit olunmuş, mərhum A.Nağıyevin arterial hipertenziya xəstəliyindən ən son nə vaxta kimi əziyyət çəkməsi və daha dəqiq desək, ölüm anında bu xronikliyin davam edib-etməməsi də qeyri-müəyyən olmuşdur.

50. Digər tərəfdən qanunvericilikdə həyat sığortası sahəsində sığorta müqavilələri bağlanarkən sığortalının məlumat vermək vəzifəsini icra etməməsinə istinad edərək sığortaçının müqavilə üzrə vəzifələrinin icrasından imtina etməsi ilə bağlı 5 illik kəsici müddət (müqaviləsi bağlandığı tarixdən hesablanmaqla) nəzərdə tutulmuşdur. Başqa sözlə, həyat sığortası sahəsində bu hala əsaslanmaqla (sığortalının məlumat verməməsi) sığortaçının sığorta ödənişindən imtina etməsi 5 illik müddətlə məhdudlaşdırılmış və bu müddətin axımı sığorta müqaviləsinin bağlanması tarixindən hesablanmış, sonrakı zaman kəsimində bu hala istinad edərək sığorta ödənişindən imtina edilməsi yolverilməz hesab edilmişdir.

51. Hazırki mübahisə üzrə məhkəmə kollegiyası qeyd edir ki, sığorta müqaviləsi xx.xx.2016-cı il tarixdə bağlansa da, sığortaçı bundan 7 il sonra sığortalının (hazırki halda iddiaçının ərinin) xəstəliyi barədə məlumat verməməsinə əsaslanaraq sığorta ödənişinin verilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh imtinanın əsası kimi çıxış edən bu hala istinad edərək sığorta ödənişinin verilməsindən imtina etməklə qanunvericilikdə nəzərədə tutulmuş 5 illik müddəti ötürdüyündən onun qeyd edilən sığorta hadisəsi üzrə sığorta ödənişindən imtinası qanunsuz olmuşdur. Nəzərə alınmalıdır ki, sığortalının (xx.xx.2023-cü il tarixdə ölmüş X5) xəstəliyi ilə bağlı məlumat vermək vəzifəsini qəsdən icra etməməsi də müəyyən edilməmişdir.

52. Məhkəmə kollegiyası sığorta ödənişin məbləğinə münasibətdə qeyd edir ki, “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları”na əsasən sığorta müqaviləsi üzrə sığorta məbləği kredit müqaviləsi üzrə borc məbləğindən yüksək olmamaqla 2 formada müəyyən edilə bilər: 1) kredit müqaviləsi üzrə borcun ödəniş qrafikində nəzərdə tutulmuş qaydada azalmasına uyğun olaraq azalan sığorta məbləğində; 2) kredit müqaviləsi üzrə borcun ödənilərək azalmasından asılı olmayaraq sığorta müqaviləsində nəzərdə tutulmuş müddətin sonuna qədər dəyişməyən sabit sığorta məbləğində. Hazırda mübahisə predmetini təşkil edən sığorta müqaviləsində azalan sığorta məbləği nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi də haqlı olaraq “Bank "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli arayışına əsasən qalıq borcun 17601,90manat təşkil etdiyini nəzərə alaraq "xxxx" ASC-yə sığorta ödənişi kimi məhz 17601,90 manat məbləğin ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur.

53. Məhkəmə kollegiyası iddiaçıya ödənilməli məbləğə münasibətdə qeyd edir ki, bu hissədə cavabdehin əsas dəlili sığorta ödənişinin qalıq borcdan çox olması istimaqətindədir. Bununla bağlı məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaçının əri xx.xx.2023-cü il tarixdə vəfat etmiş, bank tərəfindən müvafiq sənədlər əlavə edilməklə sığorta ödənişinin verilməsi üçün sığorta tələbi ilə cavabdehə müraciət edilmiş və cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə sığorta ödənişinin verilməsindən imtina edilmişdir Məhkəmə kollegiyası sığortaçı tərəfindən imtinanın əsassız və qanunsuz olaraq verildiyini nəzərə alaraq hesab edir ki, kredit borcuna görə iddiaçının ərinin ölümündən sonra sığorta ödənişi ilə qalıq kredit borcu bağlanılmalı olduğundan, lakin sığorta şirkəti tərəfindən imtina verildiyindən, iddiaçı da bundan qaynaqlanaraq kredit borcu üzrə ödənişləri davam etdiyindən, iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir.

54. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə o halı da qeyd edir ki, hər bir halda iddiaçının kredit borcunu ödəmək vəzifəsi olmamış, lakin sığorta şirkəti tərəfndən əsassız imtina verildiyi üçün ödənişlərin icra edilməsi onun üzərində qalmışdır. Məhkəmə kollegiyası bu səbəbdən hesab edir ki, iddiaçı tərəfindən borcun qrafik üzrə vaxtında ödənilməməsi nəticəsində yaranmış faizlərin də əvəzi cavabdehdən tutulmalıdır. Bununla bağlı məhkəmə kollegiyası o halı da xüsusilə qeyd edir ki, X3 ölümündən xx.xx.2025-ci il tarixinədək iddiaçı tərəfindən 4435,52 manat, xx.xx.2025-ci ildə isə 589,81 manat olmaqla, cəmi 5025,33 manat ödəniş edilmişdir və nəticədə birinci instansiya məhkəməsi də haqlı olaraq cavabdehdən qeyd edilən məbləğdə pul tutmuşdur.

55. Beləliklə, kollegiyanın mövqeyinə əsasən birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuş, qanunvericiliyin maddi və prosessual normalarının tətbiqini düzgün həyata keçirmişdir.

56. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

57. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

58. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

59. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

60. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

61. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

62. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

63. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilməlidir.

64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-885/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar