Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4076/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi),Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı Cavabdeh1 oğluna və qeyrisinə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(010)-108/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 oğluna və qeyrisinə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə 14 fevral 2020-ci il tarixdə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(010)- 108/2021 saylı qərardadı ilə (hakim Nərminə Rzayeva) iddia ərizəsi baxılmamış saxlanmışdır. İddiaçı qərardaddan şikayət vermiş, şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayət – qərardadın əsassız olması, prosessual hüquq normalarının pozulması, vəkilinin məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmaması, özünün isə xəstə olması, işə baxılmasında süründürməçiliyin olması və s. kimi əsaslandırılmış, məhkəmədən şikayətin təmin edilməsi xahiş olunmuşdur. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf şikayəti müdafiə edərək, orada göstərilənlərə yuğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, məhkəmə iclasları dəfələrlə təxirə salınmış, işə baxılmasında süründürməçiliyə yol verimiş, hər dəfə məhkəmə iclaslarında iştirak edərək izahatlar vermişlər. Sonuncu dəfə vəkilə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməmiş, iddiaçı isə xəstə olmuşdur. Hesab edirlər ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını pozaraq, vaxtında işə baxmamış, əksinə iddianı əsassız olaraq baxılmamış saxlamış, nəticədə iddiaçının hüquqları pozulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsin əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, qərardad ləğv olunmalı, sonrakı prosessual zhərəkətlər yerinə yetirilməlidir. İlkin olaraq qeyd edilməlidir ki, hazırki iş üzrə iddia ərizəsi 14 fevral 2020-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş, tərəflərin iştirakı ilə bir çox məhkəmə iclasları keçirilmiş, izahatlar verilmiş, şahid ifadələri dinlənilmiş, sübutlar tədqiq olunmuş, müvafiq ekspertiza təyin olunmuş, rəy alınmış və s. prosessual hərəkətlər yerinə yetirilmişdir (işdən görünür ki, məhkəmə iclasları 10 dəfədən çox təxirə salınmışdır). İşdən görünür ki, iddiaçı tərəf hər dəfə məhkəmə iclaslarında iştirak etmiş, sonuncu məhkəmə iclası 05 fevral 2021-ci il tarixə təxirə salınmış, həmin məhkəmə iclasında iddiaçı tərəf iştirak etməmiş, nəticədə iddia baxılmamış saxlanmışdır. Göründüyü kimi, iddia ərizəsi uzun zaman (1 ildən artıq artıq) icraatda olmuş, məhkəmə iclaslarında iddiaçı tərəf iştirak etmiş, ekspertiza keçirilmiş, sübutlar əldə olunmuş, yalnız sonuncu iclasda ərizə baxılmamış saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin yalnız sonuncu iclasda iddiaçının iştirak etməməsi əsası ilə ərizəni baxılmamış saxlaması prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Məhkəmə nəyə görə iddiaçı tərəfin iştirakı olmadan işə mahiyyəti üzrə baxılaraq yekun məhkəmə aktının çıxarılmasının mümkün olmamasını əsaslandırmamışdır. Bununla yanaşı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qərardadı ziddiyyətli olmaqla, əsaslandırılmamışdır. Belə ki, qərardadda cavabdeh tərəfin iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını tələb etməmələrini göstərilmiş, lakin baxılmamış saxlamanın əsası kimi MPMnin 259.0.11-ci maddəsinə istinad olunmuşdur. Halbuki, MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. İşdə isə iddiaçı tərəfin iddia ərizəsinin qaytarılması barəsində ərizəsi mövcud deyildir. Belə olan halda birinci instansiya məhkəməsinin mövqeyi anlaşılmaz olmaqla iddiaçının hüquqlarının əsassız olaraq məhdudlaşdırılması ilə nəticələnmişdir. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi «X3rşı» (21 fevral 1975, 35-ci bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu, yəni məhkəməyə müraciət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı. Əgər məhkəmə prosesi yoxdursa, o halda məhkəmə prosesinə xas olan ədalətlilik, açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. Beləliklə göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 259-260, 263-264 və 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 oğluna və qeyrisinə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(010)-108/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(010)-108/2021 saylı qərardadı ləğv edilsin, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4076/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4076/2021
06.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver