Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4078/2024 09.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-yə qarşı iş üzrə (Açar sözlər: müqavilədən irəli gələn mübahisələr, mənzilin təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 MTK-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-ə qarşı qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-1351/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. 0059902 nömrəli Çıxarışa əsasən Bakı şəhəri Xətai rayonu, ünvan 1 ünvanındakı mənzil tam pay əsasında xüsusi mülkiyyət kimi xx.xx.2012-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
2. Cavabdeh1 MTK (Hikmət Yigitdöl şəxsində) və İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin 1.3-ci bəndinə görə “Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərancamına əsasən Cavabdeh1 MTK Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın Xocalı prospektinə baxan A1 blokun 19-cu mərtəbəsində 550 kv.m, “Kooperativ” “Payçı”a (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər.
3. xx.xx.2012-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən qeyri-yaşayış binasındakı A1 blokun 19-cu mərtəbəsində yerləşən 550 kv.m sahəsi olan mansart İddiaçı məxsusdur. 300 000 nağd + 250 000 kupça əvəzində verilmişdir, pay dəyəri tam ödənilmişdir.
4. 21.02.2019-cu il tarixli Auditor rəyindən görünür ki, ... "xxxx" MTK və İnter"MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yüksəkmərtəbəli yaşayış kompleksinin tikintisi ilə bağlı olaraq aparılmış torpaq, mal, pul, əmlak, yaşayış, qeyri-yaşayış sahələrinin alqı-satqısı və bununla bağlı olan digər müvafiq əməliyyatların yoxlanılması, o cümlədən, müvafiq şəxslərə vurulmuş ziyan məbləğinin, bir mənzilin neçə şəxsə satılmasının və kim tərəfindən satılmasının, satılan sahələrin dəyərinin və ölçüsünün, satışdan daxil olan vəsaitlərin MTK-ya və ya MMC-yǝ mədaxil edilib edilməməsinin, satış pullarının hara və necə xərclənilməsinin, inşa edilmiş hündürmərtəbəli yaşayış binalarında yerinə yetirilmiş tikinti işlərinin həcminin, işlərin və xidmətlərin faktiki icra vəziyyətinin, sərf olunmuş mal materialların miqdarının(ölçüsünün və ya çəkisinin), qiymətinin, məbləğinin, binaların inşaası zamanı tikinti norma və qaydalarına əməl edilib - edilməməsinin, tikintisi başa çatdırılmamış blokların layihə üzrə maya dəyərinin, hər iki Müəssisə üzrə olan bloklardan boş qalmış yaşayış və qeyri yaşayış sahələrinin və istintaq üçün xüsusi əhəmiyyət kəsb edən digər müvafiq faktların, məsələlərin, öhdəliklərin müəyyən edilməsi məqsədi ilə keçirilmiş Auditor yoxlamasının nəticəsində pozuntular müəyyən edilmiş, Cavabdeh1 MTK ilə müqavilə bağlamış şəxslər müəyyən edilmişdir. Həmin rəydə İddiaçı ilə müqavilə bağlanmasına dair hər hansı bir qeyd yoxdur.
5. Cavabdeh1 MTK (X12 şəxsində) və X16 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, “Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərancamına əsasən Cavabdeh1 MTK Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən 19 mərtəbəli binanın A blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 270 m2 təşkil edən sahəni “Kooperativ” “Payçı”a (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər.
6. Cavabdeh1 MTK (X12 şəxsində) və X17 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, “Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərancamına əsasən Cavabdeh1 MTK Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən 19 mərtəbəli binanın A blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 130 m2 təşkil edən sahəni “Kooperativ” “Payçı”a (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər.
7. Cavabdeh1 MTK (Hikmət Yigitdöl şəxsində) və X5 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, “Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərancamına əsasən Cavabdeh1 MTK Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A blokunun 19-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 165.0 m2 təşkil edən mansart sahəsini “Kooperativ” “Payçı”a (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər.
8. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-78/2020 nömrəli, X2 Azərbaycan Respublikası CM-nin 29, 178.3.2, 178.3.2, 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair hökmünün 21-ci vərəqində olan təqsirləndirilən şəxs qismində dindirilmiş X3 ifadəsində qeyd olunmuşdur ki, ...2013-cü ilin ortasında Qabil Əliyevlə "xxxx" MTK-nın şərikləri arasında müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən C və D blokunun 60%-i özünə, 40%-i Qabil Əliyevə, E blokunun isə Orduxan və Yavər Aslanova məxsus olması barədə razılaşmışlar. Razılaşmadan bir ay sonra Qabil ona «sən heç nəyə qarşıma, mənə icraçı direktor kimi etibarnamə ver, bütün işləri mən görəcəm, tikintini mən aparacam, qazancın 60%-ni sənə verəcəm, 40%-i isə mənim olacaq» dediyi üçün onunla razılaşmış, xx.xx.2013-cü il tarixdə payından Qabilə 20% vermiş, lakin Qabilin özü həmin müqaviləni rəsmiləşdirməmişdir. Sonradan Qabil blokun tikintisinə başlamış, 2013-cü ilin ortalarında Qabilə icraçı direktor kimi etibarnamə vermiş, bir müddət sonra Qabil ona «bu etibarnaməni dəyişdir, mənə əlavə səlahiyyətlər ver» demiş, 2014-cü ilin əvvəlində yenidən Qabilə etibarnamə vermiş, Qabil yenə etiraz etdiyi üçün 2014-cü ilin ortasında Qabilin səlahiyyətlərini bir az daha genişlədərək ona 3-cü etibarnaməni vermişdir. 2013-cü ilin ortalarında da MTK-nın möhürünü Qabilə vermiş, 2013-cü ilin iyul ayından 2017-ci ilin may ayına kimi möhür Qabildə qalmış, 2017-ci ilin may ayında etibarnaməni ləğv edib möhürü Qabildən geri almış, 2013-cü ilin yay aylarından 2017-ci ilin may ayına kimi satışları özü və Qabil həyata keçirmiş, Türkiyə Respublikasında olan zaman Qabil müqavilələri Türkiyəyə göndərib ona imza etdirmişdir. 2015-ci ilin əvvəlindən 2017-ci ilin mart ayına kimi Türkiyə Respublikasında olmuş, 2016-cı ilin axırına kimi Qabil blokları tikib qurtarmalı olduğu halda binanı tikə bilməmiş, müştərilər ona zəng edib binanın tikilmədiyini bildirmiş, 2017-ci ilin mart ayında Bakı şəhərinə gəlmiş, Qabilin ondan xəbərsiz sərəncamı Cavabdeh2 MMC-nin adına keçirtməyini eşitmiş, ona görə də məhkəməyə müraciət edərək sərəncamı ləğv etdirmiş, sonra Qabildə Cavabdeh1 MTK-ya məxsus 2-ci başqa bir saxta möhürün olmasını öyrənmiş, Qabildən nəyə görə başqa bir möhür əldə etməsini soruşduqda sonuncu bunu inkar etmiş, ona görə də şikayəti əsasında Bakı şəhəri Xətai rayon polis idarəsində araşdırma aparılmış, ikinci möhürü Qabildən geri alınmışdır.
9. 03.03.2014-cü il tarixli etibarnamədən görünür ki, Cavabdeh1 MTK-nın qanuni təmsilçisi Yığıtdöl Hikmet adına har hansı ev, mənzil, torpaq və ya qeyri-yaşayış sahəsi almağı, qəbul etməyi, sənədləşmə işlərinin aparılmasını, lazımi sənədləri toplamağı; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-də, Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsində, bankda, notariat kontorlarında, digər dövlət və qeyri-dövlət idarə və müəssisələrində nümayəndə olmağı, müqavilələri imzalamağı, sənədləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nə təhvil verib Reyestrdən Çıxarış, forma №1 arayışı almağı, Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsindən kadastr planı almağı, aldığına dair imza etməyi, bununla əlaqədar ərizələr verməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi X9 etibar etmişdir. Etibarnamə xx.xx.2019-cu ilədək qüvvədə olmuşdur.
10. Cavabdeh2nə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında xx.xx.2015-ci il tarixli sərəncamı ilə Cavabdeh2 xx.xx.2015-ci il tarixli, 02 saylı müraciətini və «X22» Mənzil Tikinti Kooperativinin xx.xx.2015-ci il tarixli, 72 saylı razılıq məktubunu nəzərə alaraq, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 saylı sərəncamının 1-ci bəndi ilə «X22» MTK-ya ayrılmış 0,73 ha torpaq sahəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmış layihə sənədlərinə uyğun olaraq, tikilməmiş 0,4984 ha hissəsi eyni məqsədlə Cavabdeh2 MMC-nin istifadəsinə verilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK ilə aralarında xx.xx.2012-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın Xocalı prospektinə baxan A1 blokunda 19-cu mərtəbəsində 550 kv.m, təşkil edən sahəsinin Cavabdeh1 MTK tərəfindən ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh2 MMC-nin cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir.
13. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK ilə aralarında xx.xx.2012-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli C2 (yeni layihə ilə A5) blokunun 19-cu mərtəbəsində 550 kv.m, təşkil edən sahəsinin Cavabdeh1 MTK və İnter” MMC tərəfindən tikilərək iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, AR ƏMDK DƏDRX-dən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xətai rayonu, Xocalı prospekti ev 36-da yerləşən 13 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən “X22” MTK ilə aşağıdakı məzmunda müqavilə bağlamışdır: “Bakı şəhər icra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən Cavabdeh1 MTK Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçılarının) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın Xocalı prospektinə baxan A1 blokunda 19-cu mərtəbəsində 550 kv.m, təşkil edən sahəni “Kooperativ” “Payçı”ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməsini öz öhdəsinə götürürlər. Yaşayış sahəsini “Kooperativ” “Payçı”ya aşağıdakı texniki vəziyyətdə təhvil verməlidir: - binanın ümumi tikinti-quraşdırma işləri və fasad tərtibatı layihəyə uyğun olaraq tam başa çatdırılır, bina ətrafında abadlıq işləri tam başa çatdırılır, yaşayış sahəsinin giriş qapısı, alüminium profilli doğrama pəncərələr quraşdırılır, binanın tikintisində 100% Ukrayna armaturundan istifadə edilir, binanın mənzillərinin tavanının hündürlüyü 3.15 m-dir, binada xaricdə istehsal edilmiş 2 lift (sərnişin və yük) quraşdırılır, binaya su çəni, elektrik generatoru quraşdırılır, bina isti, soyuq su ilə təmin olunur, bina mərkəzləşdirilmiş istilik sistemi ilə təmin olunur, binada şəhər telefon və internet xətti, peyk anten xətti quraşdırılır, daxili elektrik xətləri və xarici işıqlanma sistemi quraşdırılır (elektrik sayğacları, rozetka və açarlar istisna olmaqla), yaşayış sahəsinin daxilində yalnız mala işləri görülür, ümumi kommunikasiya xətləri çəkilir, kooperativ yeraltı qarajları satmağı planlaşdırır. Həmin müqavilənin 2.1. bəndinə əsasən kooperativ obyektin tikintisinin layihə sənədlərinə və tikinti norma qaydalarının tələblərinə uyğun surətdə müəyyən edilmiş müddətdə başa çatdırılmasını, tikinti başa çatdıqdan sonra müqavilə şərtlərinə uyğun olaraq yeni tikilmiş binanın 19-cu mərtəbəsində 550 m2 sahəni “Payçı”ya təhvil verməyi, tikinti başa çatdıqdan sonra sahəni dəqiqləşdirməyi qarşılıqlı hesablaşmalarda nəzərə almağı öhdəsinə götürmüşdür. Payçı müqavilənin 3-cü bəndində göstərilən sahə haqqı ödəmələrini gecikdirərsə, onu müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün Cavabdeh1 MTK üzvlüyündən azad etməsini və bu müqavilənin 1.1-ci bəndində göstərilmiş sahənin tam dəyərinin Payçı tərəfindən Kooperativə ödənilmiş hissəsinin ona qaytarılması yalnız həmin sahəni başqa bir şəxsə verildikdən sonra mümkündür. 2.2. Payçı öhdəsinə götürür: müqavilənin 3-cü bəndində müəyyən edilmiş qrafikə əsasən vaxtı-vaxtında Kooperativə maliyyə vəsaitinin ödənilməsini, müqavilənin 3-cü bəndində müəyyən edilmiş qrafikə əsasən sahə haqlarının ödənilməsini gecikdirdiyi təqdirdə Kooperativ tərəfindən bu müqavilənin bir tərəfli qaydada ləğv edilməsinə və ödədiyi maliyyə vəsaitlərinin müqavilənin 2.1-ci bəndinin c bəndində göstərilən şərtlər ilə ona qaytarılmasına etiraz etməməyi, təhvil veriləcək ümumi sahənin ölçüsü 19-cu mərtəbəsində 550 kv.m, cəmi ümumi sahəsi 550 kv.m təşkil edir, bu sahənin ümumi dəyəri 550.000 manat məbləğində müəyyən edilir və hər 1 kv.m-nə 1.000 manat. xx.xx.2012-ci il tarixli maliyyə arayışından da göründüyü kimi, iddiaçı tərəfindən 300.000 manat nəğd ödənilməklə, 250.000 manata mülkiyyətində olan mənzilini verməklə müqavilə öhdəliyi tam yerinə yetirilmişdir.
15. Cavabdeh2 MMC xx.xx.2024-cü il tarixdə iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbinin Cavabdeh1 MTK-nə qarşı yönəldiyi görülmüşdür, belə ki, qeyd olunan iş üzrə iddia tələbi, iddiaçı ilə Cavabdeh1 MTK arasında olan müqavilə üzrə olan qeyri-yaşayış sahəsinin Cavabdeh1 MTK tərəfindən təhvil verilməsi tələbidir. İddiaçını onlar tanımırlar, əgər həqiqətəndə iddiaçı ilə "xxxx" MTK arasında müqavilə mövcud olmuşsa onda nəyə görə, bu 12 il müddətində iddiaçı gəlib həmin qeyri-yaşayış sahəsini tələb etmirdi. Həmçinin onlarda olan məlumata əsasən iddiaçı ilə Cavabdeh1 MTK-nin sədri Hikmət Yigildöl arasında qohumluq münasibəti var. Həmçinin təxminən 2014-cü ilə qədər iddiaçı özü də, “Hom-Paş Prestij" MTK-də kassir vəzifəsində işləmiş və işlərin gedişatına nəzarət etmişdir. Həmin dövrlərdə də, Cavabdeh1 MTK-nin sədri Hikmət Yigitdöl, müqavilədə qeyd olunun ünvanda yerləşən binalarda olan yaşayış və qeyriyaşayış sahələrini təkrar-təkrar başqa-başqa adamlara sataraq dələduzluq əməli törətmiş və buna görə də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzalandırılmışdır. Bu iş üzrə araşdırma təxminən 2017-2019-cu illərdə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparıİmışıdr. Maraqlıdır nə üçün bu müddətdə, iddiaçı bir dəfə də olsun sonuncu quruma müraciət etməmişdir. Həmçinin həmin araşdırma zamanı aparılmış araşdırma zamanı da məlum olur ki, "Hom-Paş Prestij” MTK tərəfindən Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yerləşən 19 mərtəbəli A1 adlanan blokunun 19-cu mərtəbəsində yerləşən 270 kv.m təşkil edən sahə X13 xx.xx.2016-cı il tarixdə, həmin ünvanda yerləşən binanın 19-cu mərtəbəsində yerləşən 130 kv.m sahə X14 xx.xx.2016-cı il tarixdə və həmin binanın 19-cu mərtəbəsində yerləşən 165 kv.m sahə xx.xx.2016-cı il tarixdə X1. Həmin sahənin yerləşdiyi bina artıq 6-7 ildir ki, sakinlərin istifadəsindədir. Həmin müqavilə təqdim edilir. Eyni zamanda digər cavabdehdən Cavabdeh1 MTK-nin sədri Hikmət Yigitdöl barəsində olan məlum hökmü tələb edilərək, qeyd olunan şəxsin həmin vaxtı istintaqa cəlb olunduğunu görmək mümkündür.
16. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi Yiğitdöl Hikmət oğlunun iştirakları ilə keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın Xocalı prospektinə baxan A1 blokunun 1-ci mərtəbəsində tikinti işləri gedir. Baxışda iştirak edən Cavabdeh1 MTKnın nümayəndəsi Hikmət Yiğitdöl bildirdi ki, onun mənzili başqa adamlara da satılıb, hündür mərtəbəli binanın son mərtəbəsində həmin şəxslər yaşayır. İddiaçıya mülkiyyət hüququ əsasında hər hansı mənzil yoxdur, iddiaçıdan alınmış mənzil sökülmüşdür və həmin yer tikinti sahəsidir.
17. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)- 1351/2024 nömrəli qətnaməsi ilə (hakim Ş.İ.Əliyev) iddia tələbi təmin edilməmişdir.
18. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilən 19 mərtəbəli binanın A blokunun 19-cu mərtəbəsində yerləşən və ümumilikdə sahəsi 565 (130+165+270) m2 təşkil edən sahələr müqavilələr bağlanmaqla müxtəlif şəxslərə satılmışdır, hazırda müqavilədə nəzərdə tutulan sahələr digər şəxslərin istifadəsində və sahibliyindədir, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında yerləşən binanın 19-cu mərtəbəsində 550 kv.m təşkil edən sahə dövlət reyestrində qeydiyyata alınmamışdır, keçirilmiş Auditor yoxlamasının nəticəsində Cavabdeh1 MTK və Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yüksəkmərtəbəli yaşayış kompleksinin tikintisi ilə bağlı yol verilmiş pozuntulara dair tətbiq edilmiş Aktda müəyyən edilmiş siyahıda İddiaçı adı yoxdur və o, xx.xx.2020-ci il tarixli 1(101)-78/2020 saylı cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmamışdır, hazırda iddiaçı Cavabdeh1 MTK ilə aralarında xx.xx.2012-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli C2 (yeni layihə ilə A5) blokunun 19-cu mərtəbəsində 550 kv.m. təşkil edən sahəsinin Cavabdeh1 MTK və Cavabdeh2 MMC tərəfindən tikilərək iddiaçıya təhvil verilməsini tələb edir. Bununla belə, mübahisəli Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli C2 (yeni layihə ilə A5) blokunun 19-cu mərtəbəsində 550 kv.m. təşkil edən mənzilə dair İddiaçı əmlak hüququnu təsdiq edən, həmçinin xx.xx.2012-ci il tarixli müqavilə və digər əsaslar üzrə Cavabdeh2 MMC-nin öhdəliyinin olmasına dair hallar məhkəmə tərəfindən müəyyən olunmur.
19. Məhkəmə, mübahisəli Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli C2 (yeni layihə ilə A5) blokunun 19-cu mərtəbəsində 550 kv.m. təşkil edən yaşayış sahəsinə münasibətdə qeyd etmişdir ki, həmin əmlaka dair nə iddiaçının, nə də Cavabdeh1 MTK-nın hər hansı bir mülkiyyət hüququ müəyyən deyil. Məhkəmə, İddiaçına məxsus maliyyə arayışının arxa hissəsində “A1 blokundakı mənzil əvəzinə C2 blokundan mənzilin verilməsinə razılıq qeydi”nə münasibətdə isə qeyd edir ki, əvvəla, bu qeyd tərəflərin qarşılıqlı razılığını ifadə etmədiyindən müqavilə şərti kimi nəzərə alına bilməz, ikincisi, Cavabdeh1 MTK-nın həmin mənzillərə əmlak hüququ olmadığından ona münasibətdə öhdəlik yaranmır, digər tərəfdən isə, belə qeyd, müqavilə tərəfi olmayan şəxsə, yəni Cavabdeh2 MMC-yə münasibətdə etibarlı hesab oluna bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının həmin mənzillərə dair subyektiv hüququ yoxdur və buna görə də iddia əsaslı deyil. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçının Cavabdeh2 MMC-yə qarşı subyektiv hüququ həmçinin ona görə də yoxdur ki, Cavabdeh2 MMC və Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədə, eyni zamanda həmin müqavilənin icrası məqsədilə aparılmış müvafiq Auditor yoxlaması nəticəsinə dair Rəydə iddiaçının mənzillə təmin edilməsi barədə Cavabdeh2 MMC-nin konkret öhdəliyi nəzərdə tutulmamışdır.
20. Məhkəmə, Cavabdeh1 MTK-nın “İddiaçı evinin digər Cavabdeh2 MMC-nin rəhbəri Q.Əliyev tərəfindən sökülməsi, buna görə də iddiaçıya mənzilin Cavabdeh2 MMC tərəfindən təhvil verilməsi” barədə dəlillərinə münasibətdə qeyd edir ki, əvvəla, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 saylı mənzilə iddiaçının mülkiyyət hüququ, onunla Hom-Paş Prestij” MTK arasında həmin mənzilə dair bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə əsasında, mənzilin əvəzi kimi ödənilmiş 300.000 manat nağd, 250.000 manat isə müqavilə tərəfi olan Hom-Paş Prestij” MTK-ya məxsus Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın Xocalı prospektinə baxan A1 blokunda 19-cu mərtəbəsində 550 kv.m, təşkil edən sahəsi müqabilində itirilmişdir ki, bu hal həmin mənzilə dair mülkiyyət hüququnu istisna edir, ələlxüsus da həmin əmlakla bağlı heç bir öhdəlik daşımayan Cavabdeh2 MMC-yə qarşı, ikincisi, həmin mənzilin Cavabdeh2 MMC tərəfindən sökülməsinə dair hər hansı bir sübutlar məhkəməyə təqdim edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Hom-Paş Prestij” MTK-nın bu dəlilləri də əsassızdır və məhkəmə tərəfindən nəzərə alına bilməz.
21. Bununla belə məhkəmə qeyd edir ki, hazırki halda iddiaçının Cavabdeh1 MTK-nın müqavilənin predmeti olan yaşayış sahəsinə deyil, həmin sahəyə görə ödədiyi pulun və ona dəymiş zərərin tələb edilməsi hüququ yaranmış olur və iddiaçı bu barədə Cavabdeh1 MTK-ya qarşı ümumi qaydada tələb irəli sürmək hüququna malikdir.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 16.1, 139.1, 149.2, 157.2, 157.4, 157.8, 182.1, 452.1, 560.1, 560.2, 560.3.1, 567, 568.1, 575.2, 646.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 124.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
23. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin Mülki Məcəllənin 139.1-ci maddəsinə istinad edərək iddiaçının qeydə alınmış mülkiyyət hüququnu pozması cavabdehlərin müdafiəsinə yönəlməkdən başqa bir şey deyil. Məhkəmə 157-ci maddənin tələbini qeyd etməsinə baxmayaraq mülkiyyətçinin öz əmlakını tələb etməsinə əhəmiyyət verməmişdir. İddiaçının cavabdehdən müqavilə şərtlərinə uyğun ölçüdə sahəni tələb etməsində haqlı olmasına baxmayaraq məhkəmə iddianı əsassız rədd etmiş, saxta müqavilələrlə mülkiyyət hüququ əldə etmiş şəxsləri mülkiyyət hüququnu mötəbər sübut kimi qiymətləndirməklə hüquqi sənəd halına gətirmişdir. İddiaçı öz iddiasını tam sübut etdiyi, cavabdehlərdən Cavabdeh1 MTK-nın iddianı qismən etiraf etməsinə və İnter MMC tərəfindən saxta müqavilələrə istinad etməklə iddiaya etiraz etməsinə baxmayaraq məhkəmə yalnız saxta müqavilələrə istinad edən tərəfin arqumentlərini sübut etmiş kimi qiymətləndirmişdir. Məhkəmə iddiaçının Azərbaycan Respublikası vətəndaşı olmadığını, cavabdehlərdən Cavabdeh1 MTK barəsində başlanılmış cinayət işi gedişində də ölkə ərazisində olmadığından müraciət edərək Cavabdeh1 MTK barəsində başlanılmış cinayət işində zərərçəkmiş şəxs qismində özünün cəlb edilməsini təmin edə bilmədiyini, bu səbəbdən keçirilən audit yoxlamasında adının olmamasına düzgün qiymət verməmiş əsassız olaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etmişdir. İlk öncə onu qeyd etmək istəyir ki, məhkəmə iddiaçının iddia tələbini belə doğru-düzgün dərk etməmişdir. Belə ki, məhkəmənin iddianın rədd edilməsi barədə qətnamənin əsaslandırma hissəsində iddiaçının tələb etdiyi mənzillərin başqa şəxslərə satılması ilə bağlı əsaslandırması heç də başa düşülən və qəbul edilən deyil. Çünki qətnamənin təsviri hissəsində tərəfindən iddia ərizəsinə dəqiqləşmə verildiyi qeyd edilməsinə və həmin dəqiqləşmədən də göründüyü kimi iddiaçının cavabdehlərdən İnter MMC tərəfindən hazırda inşa edilməkdə davam edən binadan müqavilədə qeyd edilən ölçüdə sahə istənildiyi halda məhkəmənin müqavilədə qeyd edilən mənzillərin başqa şəxslərə satılmasına istinad edərək iddianı rədd etməsi tamamilə qanunsuz və əsassızdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçıya məxsus mənzil cavabdehlər tərəfindən inşa edilən binaların yerində olmuşdur və məhz cavabdehlər tərərfindən öz öhdəlikləri icra edilmədən sökülmüşdür və tərəflər arasında mənzilin təhvil verilməsi və pulun ödənməsi barədə maliyyə arayışı da təqdim etməklə qeyd edilən sahənin verilməsi öhdəliyi götürülmüşdür. Məhkəmə iclaslarında cavabdehlərdən Cavabdeh1 MTK-nın iştirak etdiyi iddia tələbini qismən qəbul etməsi yalnız hazırda həmin binada heç bir səlahiyyəti olmaması əsası ilə öhdəliyin İnter MMC tərəfindən yerinə yetirilməsi olduğunu bildirməsinə məhkəmə tərəfindən heç bir əsaslı hüquqi qiymət verilməmiş və formal mülahizələrlə iddia tələbi rədd edilmişdir. Bununla yanaşı, məhkəmə iclas görüntüləri izlənilərkən sona qədər də məhkəmənin hakiminin işi tam, hərtərəfli mənimsəmədiyi və bunun nəticəsində əsassız qətnamə qəbul etdiyi görünür. Bununla yanaşı məhkəmə iclasında tərəfindən cavabdehlər barəsində xüsusi qərardad qəbul edilməsi xahiş edildiyi təqdirdə məhkəmənin, Cavabdeh1 MTK nümayəndəsinin iddiaçıya məxsus mənzilin söküldüyü ərəfədə Azərbaycanda belə olmadığını bildirməyinə baxmayaraq məhkəmə qərəzli olaraq onun vəsatətini təhrif edərək yalnız "xxxx" MTK barəsində xüsusi qərardad qəbul etməsi də hansı "əsaslarla" qəbul etməsini göstəricisidir. Belə ki, tərəfindən verilmiş vəsatətdə hər iki cavabdeh barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etməyimə baxmayaraq cavabdehlərdən Cavabdeh2 MMC-ni qorumağa yönəlmiş bütün addımları açıq-aydın görünür. Qeyd etdiyi hallardan ən vacib hal isə bundan ibarətdir ki, Cavabdeh2 MMC-nin xx.xx.2024-cü il tarixli iddia ərizəsinə etirazına əlavə etdiyi müqavilələrdən açıq-aydın həmin mənzillərin məhz Cavabdeh2 MMC-nin sədri Qabil Əliyev tərəfindən imzalandığı və heç bir səlahiyyəti olmadığı halda Cavabdeh1 MTK-nın möhüründən istifadə etdiyi, sonuncu müqavilədə isə Cavabdeh1 MTK-nın sədrinin imzasını saxtalaşdıraraq mənzilləri başqa şəxslərə satdığı tam sübut olunduğu, hazırki iddia tələbinin də məhz bu kimi səbəblərdən İnter MMC tərəfindən icra edilməli və iddiaçının mənzilinin yerində inşa edilmiş C2 blokunda təhvil verilməli olduğu açıq-aydın göründüyü və Cavabdeh1 MTK-in sədrinin dəfələrlə həmin mənzillərin onun tərəfindən deyil Cavabdeh2 MMC tərəfindən satıldığını, iddiaçının mənzilinin onun tərəfindən sökülmədiyini bildirdiyi halda məhkəmənin bu kimi halları görməzdən gələrək İnter MMC-ni hansısa maraqlar daxilində müdafiə edərək iddianı rədd etməsi məhkəmənin qanunlara söykənməyən qətnamə qəbul etməsinin açıq-aydın göstəricisidir. Məhkəmə qətnaməsi o zaman ədalətli olardı ki, məhkəmə həmin müqavilələrdəki imzaların kimə məxsus olmasına dair xəttşünaslıq ekspertizası təyin etməklə işi tam və hərtərəfli araşdırmış olsun. Lakin işdə bu qədər ziddiyyətli halların olmasına baxmayaraq məhkəmə işi tam və hər tərəfli araşdırmadan verilmiş vəsatətləri təmin etmədən tələsik qərar qəbul etməklə Cavabdeh2 MMC-nin müdafiəsini həyata keçirmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, iddia ərizəsinə dəqiqləşdirilmə barədə ərizə verərkən iş materiallarına əlavə edilmiş müqavilələrdən məlumatları yox idi. Məhkəmə iclası zamanı etiraz və etiraza qoşma olaraq Cavabdeh1 MTK-nın mənzili başqa şəxslərə satdığına dair sənədlər təqdim olundu. Bu səbəblə onlar iddia ərizəsinə dəqiqləşdirmə ilə bağlı məhkəməyə müraciət etmişlər və hazırda tikintisi davam edən binada və başqa şəxslərə satılması ilə bağlı problemi olmayan mənzillərin verilməsini xahiş edirlər. Lakin cavabdehin nümayəndəsi və özü bildirdi ki, həmin tarixdə o, Azərbaycan Respublikasında olmamışdır.
27. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən Cavabdeh1 MTK-nin nümayəndəsi və vəkili apelyasiya şikayətinə qarşı etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, X9 iş materiallarına əlavə edilmiş etibarnamədən görünür ki, Hikmət Yiğitdöl öz adından X9 etibarnamə vermişdir. Etibarnamə ilə verilmiş səlahiyyətlər Cavabdeh1 MTK-nın adından verilməmişdir. X12 hər hansı bir səlahiyyəti olmadığı təqdirdə Hikmət Yiğitdölün Azərbaycan Respublikasında olmadığı müddətdə həmin mənzilləri satmışdır. İddianın Cavabdeh1 MTK-ya aid hissəsində təmin olunmamasını xahiş edir. Çünki tərəflər arasında razılıq var. Hikmət Yiğitdöl də həmin müddətdə ölkədə olmayıb, hesab edir ki, o zərərçəkmişdir. Eyni zamanda, təkrar satılmış mənzillərlə bağlı İddiaçı da zərərçəkmişdir və ona dəymiş ziyan Cavabdeh2 MMC tərəfindən ödənilməlidir. Birinci instansiya məhkəməsində qeyd olunmuşdur ki, iddiaçıya məxsus daşınmaz əmlakın kim tərəfindən söküldüyü müəyyən olunmur. Lakin əslində iş üzrə sübutlardan görünür ki, həmin blokların tikintisi Cavabdeh2 MMC tərəfindən həyata keçirilib, iddiaçıya məxsus daşınmaz əmlak Cavabdeh2 MMC tərəfindən sökülüb. Çünki Cavabdeh1 MTK yalnız A1 və A2 blokları üzrə vətəndaşları köçürdüb. Qalan hissələr isə Cavabdeh2 MMC-nin səlahiyyətində olmuşdur.
28. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili apelyasiya şikayətinə qarşı etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, Cavabdeh1 MTK-nın rəhbərliyi ilə Cavabdeh2 MMC-nin rəhbərliyi arasında mübahisə var. Cavabdeh1 MTK-nın rəhbərliyi ilə iddiaçı xalaoğludurlar. Bu əvvəlcədən qurulmuş bir ssenaridir. Onlar əvvəlki tarixə dair müqavilə imzalayırlar və göstərirlər ki, guya ona da obyekt satılıb. Məqsəd isə yeni inşa olunan C2-ci blokundan mənzil əldə etməkdir. İlk olaraq orada 5 bina tikilməli idi. Belə ki, A1-dən A5-ə qədər idi. Sonra orada kodlaşma dəyişib. İddiaçı və Cavabdeh1 MTK-nın rəhbərliyi köhnə tarixli müqavilə bağlayırlar ki, onlardan 19-cu mərtəbəni alsınlar. Məhkəmədə bildirmişlər ki, vaxtilə dələduzluq edərək 70 nəfər şəxsi aldadıb, lakin şərik olduqları üçün onu audit rəyi əsasında çətin vəziyyətdən çıxartmışlar. Həmin rəydə kimlərə hansı mənzillərin satıldığı əks olunub. Həmin rəydə aldadılmış şəxslər siyahısında iddiaçının adı yoxdur. Bu səbəblə iddiaçı tərəfə bildirmişlər ki, digər cavabdehin barəsində olan cinayət işi ilə bağlı müraciət etsin. Məhkəmə tərəfindən də Cavabdeh1 MTK barəsində xüsusi qərardad qəbul edilir, lakin bu iddiaçını qane etmir. Bildirir ki, Cavabdeh1 MTK-nın deyil, Cavabdeh2 MMC-nin barəsində xüsusi qərardad çıxarılmalı idi. 2016-cı ildə olan müqavilələrdə Cavabdeh2 MMC-nin hazırki rəhbərinin adının qeyd olunması ola bilsin həmin dövrdə MTK-ya T.Əliyevin sədrlik etməsi ilə bağlı olmuşdur. Hesab edir ki, müqavilələrin kim tərəfindən imzalanmasından asılı olmayaraq onlara heç bir təsiri yoxdur. Audit rəyində iddiaçının adı yoxdur. Onlar ddiaçıya hər hansı mənzilin verilməsi ilə bağlı öhdəlik götürməmişlər. Mövqe budur ki, 2016-cı ildə bağlanmış müqavilələrdə kimin adı qeyd olunubsa, həmin şəxs tərəfindən də imzalanıb. Orada hər hansı saxtakarlığa yol verilməyib. 2012-ci il tarixli müqavilənin mövcudluğu onlar üçün sual altındadır, qəbul etmirlər. İcraçı direktorun fəaliyyəti binanı satmaqdır. Etibarnamənin sonuncu etibarnamə olub-olmaması barədə onlarda məlumat yoxdur. Audit rəyində qeyd olunmuşdur ki, yalnız audit rəyində adı qeyd olunmuş şəxslərin tələbi ödənilməlidir. İddiaçı həmin vaxt ümumiyyətlə müraciət etməmişdir. İstintaq aparılmış və iddiaçının zərərçəkmiş olduğu öz təsdiqini tapmamışdır.
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2008-ci il tarixli qərarı: Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Hazırkı işdə iddia tələbi təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. İşdən görünür ki, hazırda iddiaçının dəqiqləşmiş tələbi Cavabdeh1 MTK ilə aralarında xx.xx.2012-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli C2 (yeni layihə ilə A5) blokunun 19-cu mərtəbəsində 550 kv.m. təşkil edən sahəsinin Cavabdeh1 MTK və İnter” MMC tərəfindən tikilərək iddiaçıya təhvil verilməsi ilə bağlıdır.
36. Halbuki, iddiaçı ilə Cavabdeh1 MTK arasında xx.xx.2012-ci il tarixdə bağlanmış müqavilənin predmeti Bakı şəhəri Xocalı prospekti 32 ünvanında tikilən binanın Xocalı prospektinə baxan A1 blokun 19-cu mərtəbəsində 550 kv.metr yaşayış sahəsidir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
38. İddiaçının sözügedən xx.xx.2012-ci il tarixli müqaviləyə əsaslanaraq müqavilədə göstərilməyən daşınmaz əmlakı tələb etmək üçün subyektiv hüququ yaranmır. Belə ki, həmin müqavilədə iddiaçının hazırda tələb etdiyi C2 (yeni layihə ilə A5) blokunun 19-cu mərtəbəsində 550 kv.m mənzilə dair tərəflər arasında hər hansı razılaşma nəzərdə tutulmamışdır.
39. Belə olan halda, cavabdehlərin üzərinə müqavilədə nəzərdə tutulmayan mənzilin iddiaçıya təhvil verilməsi ilə bağlı öhdəlik qoyula bilməz.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-1351/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: