Məhkəmə qərarları › İş №2(103)-4079/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4079/2022

14.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4079/2022 14.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Kənan Əliyevin iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh «Daşınar və Daşınmaz Əmlakların Satışı X1» MMC-yə qarşı «hərracın yekunlarının və reyestrdə aparılmış qeydlərin etibarsız hesab edilməsi» tələbinə dair 2(005)-4858/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh «Daşınar və Daşınmaz Əmlakların Satışı X1» MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Daşınar və Daşınmaz Əmlakların Satışı X1» MMC-nin xx.xx.2011-ci il tarixli, 744 saylı əmlakın qiymətləndirilməsi barədə rəyinin ləğv edilməsi, əmlakın hərracda satılması ilə bağlı tərtib edilmiş 18 may 2021-ci il tarixli 43/01 saylı hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin 18 may 2021-ci il tarixli, 43/01 saylı hərracın nəticələri haqqında protokol və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqaviləyə əsasən aparılmış qeydlərin etibarsız hesab edilməsi və onun mülkiyyətində olması barədə çıxarış təqdim edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbi onunla əsaslandırmışlar ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 aprel 2017-ci il tarixli, 2(002)-1455/2017 saylı qətnaməsinə əsasən iddiaçı "xxxx" BOKT MMC-nin iddia tələbi bütövlükdə təmin edilərək 23850,44 ABŞ dolları məbləğində əsas borc, 3525,25 ABŞ dolları məbləğində faiz və 5207,25 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə 32582,79 ABŞ dolları məbləğində borcun və məhkəmə xərclərinə görə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər olaraq onlardan tutularaq iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməsi və İddiaçı2 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, N.Mustafayev küçəsində istifadədə olan 0,1544 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1 mərtəbəsində 53,5 m2 ümumi, 32 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı, 13 nömrəli mənzilin ilkin satış qiymətinin 36000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılaraq satışdan əldə olunan vəsaitdən 32582,79 ABŞ dolları pulun iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayətinə baxan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini qismən təmin edərək, qətnaməni hesablanmış cərimə hissəsində qismən ləğv edərək 23850,44 ABŞ dolları məbləğində əsas borc, 3525,25 ABŞ dolları məbləğində faiz və 100 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə 27475,54 ABŞ dolları məbləğində borcun və məhkəmə xərclərinə görə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər olaraq onlardan tutularaq iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməsi və İddiaçı2 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, N.Mustafayev küçəsində istifadədə olan 0,1544 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1 mərtəbəsində 53,5 m2 ümumi, 32 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı, 13 nömrəli mənzilin ilkin satış qiymətinin 58500 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılaraq satışdan əldə olunan vəsaitdən 27475,54 ABŞ dolları pulun iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2018-ci il tarixli, 2(103)-463/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 aprel 2017-ci il tarixli, 2(002)-1455/2017 saylı qətnaməsi icraya yönəldilmişdir. Məhkəmənin icra vərəqəsi əsasında icra işi başlanmışdır. İş materiallarından məlum olur ki, ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, N.Mustafayev küçəsində istifadədə olan 0,1544 ha torpaq sahəsində yerləşən 2 nömrəli 5 mərtəbəli binanın 2-ci girişində, 1 mərtəbəsində 53,5 m2 ümumi, 32 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı, 13 nömrəli mənzilin ilkin satış qiyməti 58.500 manat məbləğində müəyyən edilmişdir. Amma buna baxmayaraq cavabdeh qurum borclu olaraq onlara heç bir bildirişlər göndərmədən 2 dəfə ardıcıl olaraq hərrac keçirərək birinci hərracda 15 % 49725 manat, 2-ci hərracda 25 % olmaqla 37293,75 manat müəyyən edilmiş və xx.xx.2021-ci il tarixdə 01/1346 nömrə ilə tərəflərə təklif olunmuşdur. Onlar cavabdeh tərəfindən əmlakın qiymətləndirilməsi ilə bağlı verdiyi rəylə razı deyil, amma buna baxmayaraq cavabdeh «Daşınar və Daşınmaz Əmlakların Satışı X1» MMC tərəfindən tərtib olunmuş Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, N.Mustafayev küçəsində istifadədə olan 0,1544 ha torpaq sahəsində yerləşən 2 nömrəli 5 mərtəbəli binanın 2-ci girişində, 1 mərtəbəsində 53,5 m2 ümumi, 32 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı, 13 nömrəli mənzili xx.xx.2021-ci il tarixdə onlara təqdim edilmiş 43/01 nömrəli «hərracın yekunları» barədə protokoluna əsasən məlum olmuşdur ki, mənzilin ilkin qiyməti 58500 manat, təkrar hərracda satış qiyməti 49725 manat müəyyən edilmişdir, ikinci hərracda əmlakın qiyməti 37293,75 manat müəyyən edilərək tələbkar "xxxx" BOKT MMCyə təklif edilmişdir. Beləliklə, əmlakın qiyməti sonuncu qiymətləndirmə ilə 37293,75 manat müəyyən edilmişdir. Qeyd edirlər ki, onlar əmlakın ilkin qiyməti 58500 manatdan, təkrar hərracda 37293,75 manata endirilməsindən qəti narazıdırlar və hesab edirlər ki, bu qərəzli mövqe cavabdeh və tələbkarın birgə planlaşdırdıqları plandır və belə olan halda mülkiyyətçinin mülkiyyət hüquqları pozulur. Belə ki, həmin qiymətləndirmə tərəfindən verilmiş rəy onları qane etmir. Ekspertin rəyinin qiymətin müəyyən edilməsi meyarı bəndində qiymətləndirici qiymətin hansı metodla müəyyən ediləcəyi barədə məlumatlar yerləşdirsə də, həmin metodun bu hansı formada tətbiq etdiyini əks edilməmişdir. Məsələn, mənzilin dəniz ətrafında yerləşməsi, bazara və orta məktəbə yaxın olması və s. Hal-hazırda adı çəkilən evin bazar qiyməti 85000-90000 manat arasındadır(mənbə: əmlak.az, birja.az). Hazırki bazar qiymətindən aydın olur ki, qiymətləndirmə evin qiymətini ucuz qiymətləndirmişdir. Hesab edirlər ki, qiymətləndirmə əmlakı qiymətləndirərkən qanunun tələblərini pozduğundan əmlakın qiymətləndirilməsi barədə rəyi ləğv edilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə icraata «qiymətləndirmə rəyinin ləğvi» tələbinə dair hissəsində xitam verilmişdir. Belə ki, həmin hissədə iddia tələbinə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2018-ci il tarixli 2(103)-463/2018 saylı qətnaməsi ilə münasibət bildirilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi, əmlakın hərracda satılması ilə bağlı tərtib edilmiş 18 may 2021-ci il tarixli, 43/01 saylı hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alğısatqısı barədə müqavilənin ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində 18 may 2021-ci il tarixli, 43/01 saylı Hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqaviləyə əsasən aparılmış qeydlərin etibarsız hesab edilməsi və əmlakın onun mülkiyyətində olması barədə çıxarışın onlara təqdim edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci inistansiya məhkəməsi iddianın rədd edilməsinə əsas kimi cavabdeh tərəfindən hərracın keçirilməsi ilə bağlı guya iddiaçıların xəbərdar edilməsi barədə bildirişlərin məhkəməyə təqdim edilməsi olmuşdur. Halbu ki, həmin bildirişlərin onlar tərəfindən alınmadığı məhkəmədə sübut olunsa da, işə baxan məhkəmə bu hissəyə hüquqi qiymət verməmişdir. Apellyasiya baxışı zamanı üçüncü şəxsin nümayədəsi apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçılar və cavabdehin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası üçüncü şəxsin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 aprel 2017-ci il tarixli, 2(002)- 1455/2017 saylı qətnaməsi ilə iddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşı «kredit üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi» barədə iddiası qismən təmin edilərək, İddiaçı1 əsas borc üzrə 23850,44 ABŞ dolları, faiz üzrə 3525,10 ABŞ dolları, cərimə üzrə 5207,25 ABŞ dolları olmaqla, cəmi 32582,79 ABŞ dolları və ödənilmiş dövlət rüsumu məbləğindən 30 manatın tutularaq iddiaçı təşkilatın hesabına ödənilməsi, İddiaçı2 məxsus Bakı şəhəri, Sahil qəsəbəsi, N.Mustafayev küçəsində istifadədə olan 0,1544 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində 53,5 m2 ümumi, 32 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı 13 nömrəli mənzilin ixtisaslaşdırılmış açıq hərracdan satılması, mənzilin satışından əldən edilmiş vəsaitdən 32582,79 ABŞ dolları iddiaçı təşkilatın xeyrinə ödənilməsi, mənzilin satışından götürülmüş məbləğ iddiaçı təşkilatın tələbini ödəməyə kifayət etməsə, çatışmayan məbləğin İddiaçı1 təşkilatın xeyrinə tutulması, mənzilin satışından əldə edilmiş məbləğ iddiaçının tələbindən artıq olarsa, artıq məbləğin İddiaçı1 qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2018-ci il tarixli, 2(103)-463/2018 saylı qətnaməsi ilə cavabdeh İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 aprel 2017-ci il tarixli, 2(002)- 1455/2017 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, iddia həmin hissədə qismən təmin edilərək, İddiaçı1 ilə iddiaçı təşkilat arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə və xx.xx.2013-cü il tarixli razılaşmaya xitam verilməsi, İddiaçı1 əsas borc üzrə 23850,44 ABŞ dolları, faiz üzrə 3525,10 ABŞ dolları, cərimə üzrə 100 ABŞ dolları olmaqla, cəmi 27475,54 ABŞ dollarının tutularaq iddiaçı təşkilatın hesabına ödənilməsi, tərəflər arasında bağlanmış kredir müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, N.Mustafayev küçəsində istifadədə olan 0,1544 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində 53 m2 ümumi, 32 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı 13 nömrəli mənzilin ilkin satış qiymətinin 58500 manat müəyyən edilməsi, ekspertiza tədqiqatının dəyəri qismində 150 manat pulun cavabdeh İddiaçı1 tutularaq "xxxx" MMC-yə ödənilməsi, ödənilmiş 15 manat dövlət rüsumunun cavabdeh İddiaçı1 özünə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 may 2018-ci il tarixli, 2(102)-3754/2018 nömrəli qərarı ilə cavabdehlər İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2018-ci il tarixli, 2(103)-463/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. «Daşınar və Daşınmaz Əmlakların Satışı X1» MMC tərəfindən İddiaçı1, İddiaçı2, "xxxx" BOKT MMC-yə və Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 02 nömrəli bildirişin təsdiq edilmiş surətindən göründüyü kimi, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli, 2(103)-463/2018 saylı icra vərəqəsi üzrə ipoteka qoyulan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, N.Mustafayev küçəsində istifadədə olan 0,1544 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində 53,5 m2 ümumi, 32 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı 13 nömrəli mənzilə dair hərracın xx.xx.2021-ci il tarixdə saat 11.00-da keçiriləcəyi bildirilmişdir. Hərrac Təşkilatının xx.xx.2021-ci il tarixli, 43/01 nömrəli, hərracın yekunları barədə protokoluna əsasən, İddiaçı2 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, N.Mustafayev küçəsində istifadədə olan 0,1544 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində 53,5 m2 ümumi, 32 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı 13 nömrəli mənzil Bakı Apellyasiya Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli, 2(103)-463/2018 saylı icra vərəqəsinin, Qaradağ rayon icra şöbəsinin xx.xx.2021-ci il tarixli, xx/xx-168699/4 nömrəli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 58500 manat, əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 49725 manat, ipoteka predmetinin 25 % aşağı olan qiyməti “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 37293,75 manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirmişdir. «Birja Yenilikləri» qəzetlərinin aidiyyatı sayından göründüyü kimi, İddiaçı2 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, N.Mustafayev küçəsində istifadədə olan 0,1544 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1ci mərtəbəsində 53,5 m2 ümumi, 32 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı 13 nömrəli mənzil ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi, hərracla bağlı proseslər 2021-ci ildə yarandığından Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası «İpoteka haqqında» Qanununun qüvvədə olan müvafiq müddəaları tətbiq olunmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun: 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş «İcra haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4-cü maddəsinə əsasən, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6-cı maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.3-cü maddəsinə əsasən əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Göründüyü kimi, İddiaçı2 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, N.Mustafayev küçəsində istifadədə olan 0,1544 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində 53,5 m2 ümumi, 32 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı 13 nömrəli mənzilə dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-463/2018 nömrəli icra vərəqəsinin, Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli, xx/xx-168699 nömrəli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 58500 manat, əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 49725 manat, ipoteka predmetinin 25 % aşağı olan qiyməti “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 37293,75 manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirmişdir. Qeyd olunmalıdır ki, Hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir. Bundan başqa tələbkar bank tərəfindən də borclulara əmlakın hərracda satılması ilə bağlı müvafiq xəbərdarlıq məktubları göndərilmişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar "xxxx" BOKT MMC-yə təklif olunmuşdur. Belə olan halda, ipoteka ilə yüklü edilmiş İddiaçı2 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, N.Mustafayev küçəsində istifadədə olan 0,1544 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində 53,5 m2 ümumi, 32 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı 13 nömrəli mənzil «İcra haqqında» Azərbaycan Respublikası Qanununun, «İpoteka haqqında» Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə tələbkara təklif edilmişdir. Göründüyü kimi, hərracın yekunları barədə 18 may 2021-ci il tarixli, 43/01 saylı hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişçdir ki, hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, 18 may 2021-ci il tarixli, 43/01 saylı hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin, habelə alğı-satqı barədə müqaviləyə əsasən aparılmış qeydlərin etibarsız hesab edilməsi hissəsində də iddia tələbi əsassızdır, həmin hissədə iddia tələbinə əlavə qiymət verilməsinə lüzum yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın rədd edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 4858/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar