Məhkəmə qərarları › İş №2(103)-4084/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4084/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4084/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 fevral 2019-cu il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı MMC, onun mülkiyyətində olan “BYD F3” markalı, **- AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehə lizinqə verilməsi barədə onunla cavabdeh arasında bağlanmış 31.03.2017-ci il tarixli AL-253 №-li “Daxili lizinq müqaviləsinin” ləğv edilməsi, lizinq obyekti olan avtomobilin cavabdehdən alınaraq ona qaytarılması, müqavilənin bağlandığı tarixdən 21.01.2019-cu il tarixədək olan dövr ərzində cavabdehin avtomobildən istifadə etməsinə görə hesablanmış əsas lizinq borcun ödənilməsi məqsədi ilə 2.837,36 manat, müqavilə ilə nəzərdə tutulmuş mükafatın əvəzinin ödənilməsi məqsədi ilə 940,63 manat, əsas borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 1.329,74 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC ilə cavabdeh arasında bağlanmış 31.03.2017-ci il tarixli, AL-253 saylı “Daxili lizinq müqaviləsinə” əsasən cavabdehin sifarişi ilə iddia ərizəsində qeyd edilən avtomobil MMC tərəfindən əldə olunmuş və cavabdeh həmin avtomobili MMC-dən müvəqqəti sahiblik və istifadə üçün götürmüşdür. “Daxili lizinq müqaviləsinə” və müqavilənin ayrılmaz tərkib hissəsi olan “Ödəniş cədvəlinə” əsasən cavabdeh illik 17 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 376,18 manat, ümumilikdə isə 13.542,27 manat məbləğində pulu MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan həmi məbləğin 10.550 manatı əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən MMC-yə sonuncu ödəniş 02.03.2018-ci il tarixdə 370 manat məbləğində olmuşdur. Cavabdehin iddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməkdən yayınmış, ödənişləri yuxarıda qeyd edilən qaydada və məbləğdə etməmişdir. Bunun nəticəsində 21.01.2019-cu il tarixə cavabdehin aşağıdakı məbləğdə borcu yaranmışdır: əsas lizinq borcu 2.837,36 manat, əsas borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə (dəbbə) borcu 1.329,74 manat, müqavilə ilə nəzərdə tutulmuş mükafat 940,63 manat. MMC qeyd edilən borcun ödənilməsini cavabdehdən tələb etsə də, müsbət nəticə əldə olunmamşdır. Bu səbəbdən də, MMC hazırki iddia ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 11.02.2019-cu il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, MMC ilə cavabdeh arasında bağlanmış 31.03.2017-ci il tarixli “Daxili lizinq müqaviləsinin” ləğv edilməsini, lizinq obyekti olan avtomobilin cavabdehdən alınaraq MMC-yə qaytarılmasını, cavabdehdən 2.837,36 manat əsas borc, 940,63 manat mükafat borcu, 50 manat dəbbə pulu, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pul vəsaitinin MMC-nin xeyrinə tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə əsassız olan iddianı qismən də olsa təmin etmişdir. Belə ki, Rayon Məhkəməsi məhkəmə baxışı iclasında cavabdehin iştirakını təmin etməmiş, məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada cavabdehə məlumat verməmişdir. Bundan başqa, 19.03.2018ci il tarixdə Binəqədi rayonu ərazisində bina uçmuş və cavabdehin iddiaçı MMC-dən götürdüyü həmin avtomobil yararsız hala düşmüşdür. Buna görə də ödənişləri edə bilməmişdir. Çünki həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuş və gəliri kəsildiyi üçün təbii olaraq da ödənişləri edə bilməmişdir. Cavabdeh qeyd edilən hadisə barədə MMC-nin əməkdaşlarına məlumat vermişdir. İşə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Özünü Cavabdeh vəkili və nümayəndəsi kimi təqdim edən X2 ərizə ilə Məhkəməyə müraciət edərək apellyasiya baxışı iclasını təxirə salınmasını xahiş etmişdir. Z.Musayevin cavabdehin vəkili (nümayəndəsi) olmasını təsdiq edən order (etibarnamə) Məhkəməyə təqdim edilmədiyindən Məhkəmə apellyasiya baxışı iclasının təxirə salınması üçün əsas tapmamışdır. İddiaçı MMC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və hazırki iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, bildirdi ki, apellyasiya şikayətində qeyd edilən hadisə barədə cavabdeh tərəfindən MMC-yə məlumat verilməmişdir. Məlumat verilmiş olsa idi belə, bu heç nəyi dəyişməyəcəkdir. Çünki lizinq obyekti təhvil verildikdən sonra təsadüfən məhv olmasına görə məsuliyyəti lizinq alan daşıyır. Bundan başqa, cavabdehin avtomobili sığorta etmək imkanı olmuş, lakin o bunu etməmişdir. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 31.03.2017-ci il tarixli "xxxx" görünür ki, MMC, həmin müqaviləyə əsasən cavabdehin sifarişi ilə iddia ərizəsində qeyd edilən avtomobili əldə etmiş və cavabdeh həmin avtomobili MMC-dən müvəqqəti sahiblik və istifadə üçün götürmüşdür. Müqavilədən və müqavilənin ayrılmaz tərkib hissəsi olan “Ödəniş cədvəlindən” görünür ki, lizinq götürən olan cavabdeh illik 17 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 376,18 manat (sonuncu ay 375,97 manat), ümumilikdə isə 13.542,27 manat məbləğində pulu MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan həmi məbləğin 10.550 manatı əsas məbləğ təşkil edir. 31.03.2017-ci il tarixli "xxxx" görünür ki, cavabdeh qeyd edilən avtomobili MMC-dən qəbul etmişdir. İşdə olan sənədlərdən görünür ki, cavabdeh tərəfindən iddiaçı MMC-yə sonuncu ödəniş 02.03.2018-ci il tarixdə 370 manat məbləğində olmuşdur. İşdə olan sənədlərdən və cavabdehin apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh iddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir. O, MMC tərəfindən ona edilmiş xəbərdarlığa baxmayaraq ödənişləri müqavilədə və "xxxx" nəzərdə tutulmuş qaydada və məbləğdə etməmişdir. İddiaçı MMC tərəfindən təqdim edilmiş hesablamalardan görünür ki, 21.01.2019-cu il tarixə cavabdehin iddiaçı MMc-yə aşağıdakı məbləğdə borcu yaranmışdır: əsas lizinq borcu 2.837,36 manat, əsas borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə (dəbbə) borcu 1.329,74 manat, müqavilə ilə nəzərdə tutulmuş mükafat 940,63 manat. İşdə olan sənədlərdən görünür ki, MMC qeyd edilən borcun ödənilməsini cavabdehdən tələb etmişdir. "xxxx" görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Göstərilənlərə əsasən apellyasiyanın nəticəsi ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış və şərtlərini icra etmiş MMC-nin ləğv edilməsini xahiş etdiyi 31.03.2017-ci il tarixli "xxxx" üzrə cavabdehin iddiaçı MMC qarşısında icra edilməmiş öhdəliyi mövcuddur və cavabdeh bu halı inkar etmir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, lizinq obyekti uçqun nəticəsində yarasız vəziyyətə düşdüyü üçün o ödəniş etməli deyil. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə tərəflər arasında mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 747-ci maddəsinə görə, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1.). Lizinq müqaviləsinə görə lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır (maddə 747.3.). Mülki Məcəllənin 747-2 maddəsinə görə, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Məcəllənin 748-1.12.4. maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verən lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək və lizinq obyektini mübahisəsiz geri almaq hüququna malikdir. Məcəllənin 748-2.5. maddəsinə görə, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Məcəllənin 748-7.1. maddəsinə görə, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Məcəllənin 748-10-ci maddəsinə görə, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir (maddə 748-10.1.). Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir (maddə 748-10.4.). Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır Maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Məcəllənin 448-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd olunan normaların tələblərindən göründüyü kimi, lizinq müqaviləsinin predmetini təşkil edən avtomobilin bütün risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. Bundan başqa, nəzərə alınmalıdır ki, iddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 31.03.2017-ci il tarixli “Daxili lizinq müqaviləsinin” 11.1-ci bəndindən görünür ki, qəbul protokolu imzalandığı andan lizinq obyektinin təsadüfən məhv olması və zədələnməsi riski lizinq alana keçir. Odur ki, göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, cavabdehin məsuliyyətini aradan qaldıracaq heç bir hal yoxdur, cavabdeh müqavilə üzrə öhdəliklərin icrasına görə məsuliyyət daşıyır. Belə olan halda hesab edilməlidir ki, cavabdehin müzakirə edilən bu dəlil əsaslı deyil. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclasında cavabdehin iştirakını təmin etməmiş, məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada cavabdehə məlumat verməmişdir. İş materiallarından görünür ki, Rayon Məhkəməsi məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə məhkəmə bildirişini göndərmiş, lakin bildiriş, poçt şöbəsi tərəfindən poçt zərfinin üzərinə “bu ünvanda yaşamır” qeydi edərək bildirişi Rayon Məhkəməsinə qaytarmışdır. Belə olan halda hesab edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi qanunla onun üzərinə qoyulmuş vəzifəni icra etmişdir, Rayon Məhkəməsi, MPM-nin tələblərini pozmamışdır. Qətnaməni çəkişmə şəraitində qəbul etmişdir. Apellyasiya şikayətinin müzakirə olunan bu dəlili də əsassızdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384-cü maddəsində təsbit edilmiş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 fevral 2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar