Məhkəmə qərarları › İş №2(103)-4089/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4089/2022

08.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4089/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-468/2022 saylı, 17 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən qanunsuz olaraq itirilmiş qaz sərfiyyatına görə hesablanmış 2.650 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Həmin evə dair Cavabdeh İB ilə iddiaçının arasında qazın alğı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilə nəticəsində mənzilə smart tipli, G-4 markalı qaz sayğacı quraşdırılmışdır. İddiaçı evində quraşdırılan qaz sayğacının kartı vasitəsilə pul məbləği yükləyərkən kartın blokda olduğunu görmüş, cavabdehə müraciət etdikdə sayğacın işlək vəziyyətdə olmadığı və ona itirilmiş qaz sərfiyyatına görə 2650 manat borc yazıldığı məlum olmuşdur. İddiaçı evində quraşdırılan qaz sayğacına heç bir müdaxilə etməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-468/2022 saylı, 17 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı **********03884 saylı abunə koduna hesablanmış 2.650 (iki min altı yüz əlli) manat məbləğində borcunun silinməsi, Cavabdehndən 46.50 (qırx altı manat əlli qəpik) manat dövlət rüsumunun və iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 (bir yüz) manatın alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh İB apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia məhkəmə tərəfindən təmin edilərək 2650,00 manat borcun silinməsi qət edilmişdir. Borc məbləği iddiaçıya təbii qazdan qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması nəticəsində yazılmışdır. Faktlarla bağlı əməkdaşlar tərəfindən “qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Aktla iddiaçının qazdan qeyri-qanuni olaraq sayğaca müdaxilə etməklə istifadə edilməsi öz təsdiqini tapmışdır. Bununla bağlı dəymiş ziyan hesabatları tərtib edilərək 2650,00 manat həcmində qazın talandığı müəyyən edilmişdir. Məhkəmə tərəfindən mülki iş ekspertizaya göndərilsə də, ekspertiza obyektiv keçirikməmişdir. Belə ki, mülki iş materiallarında olan fotoşəkillərin iddiaçının mənzilinə aid olub-olmaması təhlil edilməmişdir. Cavabdeh tərəfindən ekspertizanın keçirilməsinə dair vəsatət verilərkən, vəsatətə əlavə edilmiş fotoşəkildən aydın şəkildə görünür ki, iddiaçının mənzilində açıq şəkildə sayğacdan kənar əlavə xətdən istifadə edilir. Lakin məhkəmə əhəmiyyət kəsb edən bu xüsusu nəzərə almamış və ekspert rəyi bu gün faktiki durumu əks etdirmişdi. Hal bu ki, həmin fotoşəkil 30 dekabr 2020-ci ildə çəkilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-468/2022 saylı, 17 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 dekabr 2020-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı məxsus mənzilə baxış zamanı sayğacdan kənar qaz xətti aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonentə 2021-ci ilə 2.650 manat borcu yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 27 yanvar 2022-ci il tarixli rəydən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış zamanı təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq və s.) aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus evdə quraşdırılan sayğaca baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edilməsi aşkar edilməsi əsası ilə aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 2.650 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Lakin, məhkəmə iclasında iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyriqanuni xətlə qoşulması halı öz təsdiqini tapmadı. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etmədiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurmadığından cavabdeh qarşısında məsuliyyət daşımır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Odur ki, iddia əsaslıdır, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 2.650 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək haqlı olaraq hesab etmişdir ki, iddianın qiyməti 1000 manatdan çox olduğundan və iddia tələbi tam təmin olunduğundan cavabdehdən 46.50 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 manat cavabdehdən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, yaranmış vəziyyətdə iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın sərfiyyatı düzgün qeyd etmədiyini sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus evə dair qazdan istifadəyə görə ona hesablanmış borcun iddiaçı tərəfindən ödənilməli olmasına dair mövqeyini əsaslandıra və bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlərə əsasən formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-468/2022 saylı, 17 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-468/2022 saylı, 17 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar