Məhkəmə qərarları › İş №2(103)-4099/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4099/2022

14.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4099/2022 14.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Cavabdehin nümayəndəsi Rəşad Əliyevin iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi tələbinə dair» 2(011)-836/2022 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Z.Kərimov küçəsində yerləşən 96B saylı fərdi yaşayış evinə hesablanmış 1721,22 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Z.Kərimov küçəsində yerləşən 96B saylı fərdi yaşayış evi faktiki olaraq onun və ailə üzvlərinin istifadəsindədir. Həmin ünvanda Abonent kodu **********20000 olmaqla Cavabdeh tərəfindən qazla təmin olunmaqdadır. Həmişə tərəfindən vaxtaşırı ödəmələr edilmiş, həmin ünvan qazla təmin olunmuşdur. Son zamanlar qaz smart kartına ödənişlər edərkən ödədiyi məbləğin bir hissəsinin karta oturduğunu, məbləğin qalan hissəsinin isə karta köçürülmədiyini öyrənmişdir. Məsələnin araşdırılması ilə bağlı Cavabdehnə müraciət etmiş, ona bildirdimişlər ki, ona məxsus sayğac dəyişdirilmiş və qazdan istifadəyə görə 1721,22 manat borc hesablanmışdır. Karta ödənilən məbləğin yarısı həmin borca silinir, yerdə qalan məbləğ karta yüklənir. Ona xx.xx.2021-ci il tarixli, ******* saylı akt təqdim edərək bildirmişlər ki, həmin tarixdə müəssisənin əməkdaşları yaşadığı ünvanda olublar, ərizə əsasında qaz sayğacını dəyişdiriblər. Həmin aktı da guya iddiaçı imza etmişdir. Halbuki, iddiaçının qaz sayğacının dəyişdirilməsi ilə bağlı Cavabdehnə heç bir müraciəti olmayıb, aktın tərtib edilməsində o iştirak etməmişdir, aktda olan imza ona məxsus deyil. Ümumiyyətlə həmin vaxt heç kim nə yaşadığı ünvana gəlmiş, nə də o, harasa dəvət olunmamışdur. 1721,22 manat pul borc kimi qanunsuz və əsassız olaraq yazılmışdır. Qaz sayğacının yenisi ilə əvəz edilməsi ilə bağlı istehlakçının tələbi olmalıdır. Belə bir tələb olmadıqda sayğac, yalnız istehlakçı tərəfindən sayğaca zədə yetirildikdə dəyişdirilə bilər. Bu halda sayğac istehlakçının vəsaiti hesabına dəyişdirilir. Əgər sayğacda hər hansı bir zədə aşkar edilmişdirsə, bu hal tərtib edilmiş aktda göstərilməli idi. Lakin göründüyü kimi, aktda əvəzləmə qeyd edilmiş ve səbəb kimi “ərizə əsasında" göstərilmişdir. Halbuki, iddiaçı tərəfindən hər hansı bir ərizə verilməmişdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının və ya ailə üzvlərinin sayğaca hər hansı müdaxilə edilməsi, təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi, onun tərəfindən sayğacın dəyişdirilməsi ilə bağlı ərizə olmadığı halda, əlavə pul hesablanması yolverilməzdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borc məbləği iddiaçıya sayğacın mənfi qaz sərfi nəticəsində yazılmışdır. Faktlarla bağlı cavabdehin əməkdaşları tərəfindən «qazdan istifadə qaydalarının pozulması haqqında» akt tərtib edilmişdir. Aktla iddiaçının qazdan qeyri-qanuni olaraq sayğaca müdaxilə etməklə istifadə edilməsi öz təsdiqini tapmışdır. Bununla bağlı dəymiş ziyan hesabatları tərtib edilərək 1.721,22 manat həcmində qazın talandığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının səhv tətbiq edilməsi (səhv nəticəyə qəlməsi) ilə bağlı bildirirlər ki, iş materiallarında yer alan dəymiş ziyan haqqında Akt iddiaçının qanunazidd hərəkətləri nəticəsində və əsasında tərtib edilmişdir. Daha sonra həmin Akt əsasında Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçmi ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği 1721,22 manat təşkil etmişdir. Lakin, birinci instansiya məhkəməsi dəymiş ziyan məbləğinə «cərimə» borcu kimi hüquqi qiymət verərək səhv nəticəyə gəlmişdir. Qətnamənin «Qət etdi» hissəsində cavabdehdən təbii qazdan istifadəyə görə 1721,22 manat borcun silinməsi qət edilmişdir. Göründüyü kimi iddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamış, iddia tələbini təmin edərək, səhv qətnamə qəbul etmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə»nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, iddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair saldoda yer almış məlumatları da araşdırmamışdır. Belə ki, abonentin ödənişləri demək olar yoxdur. Qeyd edilən borc məbləği kənar xəttdən istifadə və ya sayğaca müdaxilə nəticəsində yaranmış borc deyil. Borc sayğacın mənfiyə işləməsi, yəni istehlakçı müəyyən ödənişlər həyata keçirmədən qaz sayğacından və təbii qazdan istifadə edərək dəyəri ödənilmədən istifadə edilən təbii qaz üzrə yaranmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır. Apellyasiya baxışı zamanı Cavabdeh nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, 22 saylı MKİS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu» haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktda qeyd olunmuşdur ki, iddiaçıya məxsus ünvanda «Zenner 4» markalı **********3 nömrəli qaz sayğacı çıxarılaraq, yeni «Zenner G-4» markalı **********874 nömrəli qaz sayğacı quraşdırılmışdır. «Zenner smart sayğaca olan ödənişlər» çıxarışından görünür ki, **********20000 abonent kodu üzrə Vasif Əliyev küçəsi ev 96B ünvanda **********874 saylı sayğaca xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 84 ay müddətində yekun ödənilən məbləğ 1044 manat təşkil edir. xx.xx.2021-ci il tarixli abonentin saldosundan görünür ki, iddiaçının abonent hesabına 11/2021-ci il üçün 1721,22 manat borc hesablanmışdır. «Gasrep» sənədindən görünür ki, 2016-cı ilin sentyabr ayı üçün iddiaçının **********20000 saylı abonent hesabına 2444,3 manat borc yazılmışdır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi Cavabdeh tərəfindən İddiaçı adına olan abonent hesabına 2016-cı ilin sentyabr ayı üçün 2444,30 manat borc yazılmışdır. Həmin borcdan cavabdeh tərəfindən qismən tutulmalar aparılmışdır. Təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xx.xx.2021-ci il tarixdə yenisi ilə əvəz edilmişdir. İddia tələbi 1721,22 manat borcun silinməsi barədədir. Bununla belə, borc hesablanmasına əsas verən, həmçinin vaxtaşırı ödənişlər haqqında tələblər üzrə müddətin keçməsini istisna edən, müddətin axımının kəsilməsinə əsas verən hallar müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2-ci maddəsinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə alaraq cavabdeh tərəfindən iddiaçının **********20000 saylı abonent hesabına 2016-cı ilin sentyabr ayı üçün hesablanmış məbləğdən 1721,22 manat qalıq borcun silinməsi qənaətinə gələn zaman haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-836/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar