Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4107/2023 26.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə evdən çıxarılma tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(003)- 36/23 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 26 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Qeydiyyat vəsiqəsinin təsdiq olunmuş sürətindən görünür ki, Əzizbəyov rayonu Zirə qəsəbəsi ünvanda yerləşən 2 yaşayış otaqlı (sahəsi 47,6 kv.m), köməkçi sahəsi 26,6 kv.m. olan ev İcraiyə Komitəsinin xx.xx.1988-ci il tarixli qərarı ilə İddiaçı adına qeydə alınmışdır. Bakı şəhəri, Zirə qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında yerləşən yaşayış evi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdeh1 onun oğludur. Son vaxtlar cavabdeh evdə dava salır. Davalara tab gətirməyən iddiaçının həyat yoldaşı xx.xx.2019- cu il tarixdə vəfat etmişdir. İddiaçı Cavabdeh1 iddiaçı tərəfindən 20000,0 manat məbləğində pul kompensasiyası ödənilməklə onun Bakı şəhəri Zirə qəsəbəsi Südçülük tərəvəzçilik sovxozu ünvanında yerləşən evinə olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə ailə üzvləri: arvadı Cavabdeh2, yetkinlik yaşına çatmayan övladları X6 və X5 ilə birlikdə evdən çıxarılmaları tələb edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh1 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 onun tərəfindən 20000,0 (iyirmi min) manat məbləğində pul kompensasiyası ödənilməklə onun ailə üzvləri ilə birlikdə Baki şəhəri, Zirə qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında yerləşən evinə olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, hazırda Cavabdeh1 ilə birgə yaşayış qeyrimümkündür. Ona görə də evdən çıxıb qızının evində yaşayır. Ona görə də, hesab edir ki, onun cavabdehə qarşı kompensasiya ödəməklə evə istifadə hüqüquna xitam verilməsi tələbi ilə iddia irəli sürmək hüqüqu vardır.
4. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 mart 2023-cü il tarixli, 2(003)-36/23 saylı qətnaməsi ilə (hakim Xəzri Ramilə) iddia tələbi təmin edilmiş, Cavabdeh1 20.000 (iyirmi min) manat miqdarında kompensasiya ödənilməklə onun Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və Cavabdeh1, Cavabdeh2 və azyaşlı uşaqları X6 və X5 Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin Cavabdeh1 20.000 (iyirmi min) manat miqdarında kompensasiya ödənilməsi hissəsində dəyişdirilərək, 80000 manat məbləğində müəyyən edilməklə və kompensasiya ödənildikdən sonra istifadə hüququna xitam verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayətində göstərilmişdir ki, kompensasiyanın məbləğinin hesablanmasının meyarlarına dair qanunda konkret göstəriş olmasa da məhkəmə təcrübəsində müxtəlif kompensasiya məbləğlərinin təyin edilməsi ilə rastlaşılır. Məhkəmə təcrübəsinə görə məhkəmələr tərəfindən kompensasiyanın məbləği müəyyən olunarkən kompensasiya ödəyənin maddi vəziyyəti və digər diqqətəlayiq halları ilə yanaşı kompensasiya alanın da maddi vəziyyəti və iş üçün əhəmiyyət kəsb edən digər halları da nəzərə alınmaqdadır. Belə hallarda kompensasiya alan şəxsin ailə üzvlərinin sayı, onların mübahisəli mənzildən çıxarıldıqdan sonra həmin mənzilə uyğun müvəqqəti olaraq digər yaşayış sahəsinin əldə edə bilməsi imkanı, onların maddi vəziyyəti və s. hallar nəzərə alınır. Ona görə də Konstitusiya Məhkəməsinin məlum qərarına görə “kompensasiya ödənilməklə şəxs(lər)in mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair” iddialara baxılarkən bazar qiymətinə uyğun kompensasiya məbləğini müəyyən etmək vəzifəsini qanunverici məhz həmin tələbə baxan məhkəmələrin üzərinə qoymuşdur. Lakin buna baxmayaraq, Xəzər Rayon Məhkəməsi qanunvericinin ona verdiyi bu səlahiyyətdən istifadə etməmiş, yalnız iddiaçının iddia tələbində qeyd etdiyi 20000 manat kompensasiya verilməsini əsas götürərək iddiaçının iddia tələbinin ona münasibətdə təmin olunması barədə qətnamə qəbul etmişdir. Məhkəmə kompensasiya məbləğini müəyyən edərkən həmin məbləğin nəinki bazar qiymətinə uyğun olub olmamasını araşdırmamış, bu məbləğin bazar qiymətlərinə uyğunlaşdırılmasına dair heç bir təşəbbüs göstərməmişdir. İddiaçı tərəfindən mənə ödənilən kompensasiyanın məbləği ilə razı deyildir. Bu məbləğ ona davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq və təsərrüfatla məşğul olmaq imkanı vermir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
8. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi.
9. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Eyni zamanda cavabdeh tərəf artıq ikinci dəfə məhkəmə iclasına gəlməmişdir. Cavabdeh1 məhkəməyə səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə teleqram göndərərək təxirə salınmasını xahiş etsə də, məhkəməyə bununla bağlı hər hansl bir sənəd göndərməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan iclasın keçirilməsini mümkün sayır.
Tətbiq edilən hüquq
2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi
10. Maddə 53. icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
11. Maddə 54. icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
12. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
14. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
15. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Hazırda qətnamə yalnız Cavabdeh1 tərəfindən və yalnız kompensasiyanın məbləği ilə bağlı hissədə mübahisələndirildiyindən qətnamə ona aid hissədə və kompesasiyanın məbləğinə aid hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli yaşayış yeri haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən Bakı şəhəri, Zirə qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər isə Cavabdeh1 və X11 və X1.
21. İş materiallarında olan Azərbaycan Respublikası Qeydiyyat vəsiqəsinin təsdiq olunmuş sürətindən görünür ki, Əzizbəyov rayonu Zirə qəsəbəsi ünvanda yerləşən 2 yaşayış otaqlı (sahəsi 47,6 kv.m), köməkçi sahəsi 26,6 kv.m. olan ev İcraiyə Komitəsinin xx.xx.1988-ci il tarixli qərarı ilə İddiaçı adına qeydə alınmışdır.
22. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2019-cu il tarixdə ölmüşdür və bu barədə xx.xx.2019-cu il tarixdə 1184 saylı qeyd aparılmışdır.
23. İş materiallarında olan “Fərdi yaşayış Fonduna daxil olan yaşayış sahəsinin texniki pasportunun təstiq olunmuş sürətindən görünür ki, Zirə sovxozu ünvanında yerləşən sözügedən evin sahibi İddiaçıdır.
24. İş materiallarında olan "xxxx" MMC-nin №035/21 saylı qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə sovxozunda yerləşən 47,6 kv.metr yaşayış və 26,6 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin hazırki dövrə olan orta aylıq kirayə qiyməti 250 (iki yüz əlli) manat müəyyən edilmişdir.
25. Kollegiya qeyd edir ki, Bakı şəhəri, Zirə qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında yerləşən ev mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Yaşayış yeri üzrə həmin mənzildə qeydiyyatda olan Cavabdeh1 ailə quraraq sözügedən ünvanda yaşamışdır. Cavabdeh1 isə mənzildən istifadə hüququ mövcuddur. İddiaçı Cavabdeh1 iddiaçı tərəfindən 20000,0 manat məbləğində pul kompensasiyası ödənilməklə onun Bakı şəhəri Zirə qəsəbəsi Südçülük tərəvəzçilik sovxozu ünvanında yerləşən evinə olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə ailə üzvləri: arvadı Cavabdeh2, yetkinlik yaşına çatmayan övladları X6 və X5 ilə birlikdə evdən çıxarılmaları tələb edir. Oxşar yaşayış sahəsinin aylıq kirayə haqqı 250,0 manat təşkil edir.
26. Kollegiya qeyd edir ki, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qa qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun xüsusiyyətini mülkiyyətçidən başqa ona məxsus olan yaşayış sahəsində yaşayan digər şəxslərin hüquqlarının mövcudluğu təşkil edir. Məhz bu məqamda “yaşayış binasının tərkib hissəsindən istifadə hüququ” meydana gəlir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bu mənada, məhkəmə kollegiyası Cavabdeh1 kompensasiyanın məbləğinin bazaq qiymətinə uyğun olmadığına dair bildirdiklərini əsassız hesab edir. Kompensasiyanın məbləği qeyd olunan meyarlara əsasən müəyyənləşdirilmir. Mənzil Məcəlləsinin 123-cü maddəsi ilə bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur. Digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir. Həmin maddə qeyri müəyyən olsa da yaşayış sahəsindən istifadə etmək hüququ kompensasiya verilməklə mülkiyyətçinin könüllü iradəsi əsasında mümkündür.
28. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir.
29. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərardan görünür ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur.
30. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan "xxxx" MMC-nin №035/21 saylı qiymətləndirmə hesabatından müəyyən edildiyi kimi Bakı şəhəri, Xəzər rayonu, Zirə sovxozunda yerləşən 47,6 kv.metr yaşayış və 26,6 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinin aylıq kirayə qiyməti və ona yaxın ərazidə analoji evlərin orta aylıq kirayə qiyməti 250 manat təşkil edir. Beləliklə, təklif olunan kompensasiya ilə Cavabdeh1 təqribən 7 ilə yaxın müddətə oxşar yaşayış sahəsi ilə təmin edilmiş olur. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində cavabdeh yaşayış sahəsi ilə təminatsız qalmır və məhkəmə istifadəçinin kompensasiya verilməklə hüquqlarına xitam verilməsi zamanı onun davamlı surətdə müəyyən müddət daxilində əvvəlki mənzildə ona məxsus olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir.
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmiş, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir.
32. Bütün qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməmli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(003)-36/23 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.