Məhkəmə qərarları › İş №2(103)-4110/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4110/2025

14.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4110/2025 14.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1287/2025 saylı, 16 may 2025-ci il tarixli qərardadından Cavabdeh şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod SNJKP4J2FNJ İPAD PRO 11 markalı planşet üçün 2749.78 manat ödənilməmiş hissə, 274.22 manat cərimə olmaqla, ümumilikdə, 3024 manat borc və 50.24 manat ödənilmiş dövlət rüsumu əvəzi alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1287/2025 saylı, 24 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod SNJKP4J2FNJ İPAD PRO 11 markalı planşet üçün 2749.78 manat ödənilməmiş hissə, 137 manat cərimə olmaqla ümumilikdə 2886.78 manat borc və 48.86 manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsini və qətnamənin ləğv edilərək iddia ərizəsini baxılmamış saxlanılmasını xahiş edib. Ərizədə göstərib ki, e-2(008)-1287/2025, xx.xx.2025-ci il tarixli qətnamə qəbul edilmişdir. Lakin bu qətnamədən xəbəri olmamışdır. Belə ki, məhkəmə işə sadələşmiş icraat qaydasında baxmışdır. Eyni zamanda qətnamə barəsində ancaq icra şöbəsi tərəfindən çağırıldıqda ona məlumat verilmişdir. Bundan sonra o, ərizə ilə məhkəməyə müraciət edərək qətnaməni qəbzə imza etməklə əldə etmiş və elə həmin gün də qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti müddəti 1 aydır, qətnaməni 05 may 2025-ci ildə əldə edib. Ancaq qətnamə 24 yanvar 2025-ci ildə elan edilmişdir. Qətnamə bu günə qədər rəsmi qaydada təqdim edilməmişdir. Odur ki, apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti bərpa edərək işi mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1287/2025 saylı, 16 may 2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş və cavabdehin apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə qaytarılmışdır. Məhkəmə qənaətində göstərib ki, qətnamə xx.xx.2025-ci il tarixdə elektron sistemə yerləşdirilmiş və həmin tarixdə poct vasitəsi ilə cavabdehin iddia ərizəsində qeyd olunan ünvanına göndərilmişdir. Sözügedən qətnamə xx.xx.2025-ci il tarixdə xəbərnaməyə imza edilməklə Cavabdeh tərəfindən təhvil alınmışdır. Bununla da, cavabdeh müvafiq qətnamədən məlumatlı olmuşdur. Bununla yanaşı Cavabdeh təkrarən xx.xx.2025-ci il tarixdə sözügedən qətnamə məhkəmə qəbzinə imza edilməklə təqdim edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1287/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindiyindən xx.xx.2025-ci il tarixdə icraya yönəldilmişdir. Apellyasiya şikayəti vəsatətlə birgə kifayət qədər müddət ötürülməklə məhz xx.xx.2025-ci il tarixdə verildiyindən və iş materialları ilə müddətin buraxılmasının üzrlü səbəbləri müəyyən edilmədiyindən hazırkı ərizə təmin edilə bilməz. Həmin qərardaddan cavabdeh şikayət verərək ləğv edilməsini prosessual müddətin bərpası barədə ərizənin təmin edilməsini xahiş etmiş və şikayətini bununla əsaslandırmışdır ki, məhkəmənin gəlmiş olduğu nəticə tamamilə qanunsuzdur. Belə ki, o, heç bir poçt qəbzində imza etməmiş və qətnaməni almamışdır. Məhkəmə qeyd etdiyi vaxt qeydiyyatda olduğu ünvanda yaşamamış və ona gələn məktublardan tamamilə xəbərsiz olmuşdur. Əgər belə olsa idi, necə ola bilərdi ki, məhkəmə onun ərizə ilə müraciətindən sonra qətnaməni ona məhkəmədə qəbzə imza etməklə təqdim etmişdir. Ümumilikdə hazırki işə baxan hakim elektron kabinetə belə sənədləri səhv yerləşdirmişdir. Belə ki, o, qətnamənin verilməsinə dair ərizəni xx.xx.2025-ci il tarixdə vermiş və həmin tarixdə qətnamə ona təqdim edilmiş, elə həmin tarixdə apellyasiya şikayəti vermişdir. Məhkəmə ərizəni 07 may tarixində sistemə yerləşdirmişdir. Bundan sonra, məhkəmə müddətin bərpasından imtina barədə qərardadı 16 may tarixində elan etdiyini bildirsə də, sistemə də guya həmin qərardadı eyni tarixdə yerləşdirmişdir. Ancaq əslində qeyd edilən qərardad xx.xx.2025-ci il tarixində sistemə yerləşdirilmişdir. Ancaq yenə də hakim qərardadın yerləşdirilmə tarixində fərqli tarixlər göstərmişdir. Göründüyü kimi, işə baxan məhkəmə ona qarşı qərəzlilik nümayiş etdirərək qanunsuzluğa yol vermişdir. Mübahisəli qətnaməni xx.xx.2025-ci il tarixdə rəsmi olaraq əldə etmiş və qanunvericiliyə uyğun apellyasiya şikayəti və müddətin bərpasına dair əriə ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə bu halları nəzərə almamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1287/2025 saylı, 21 iyun 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. İşdən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1287/2025 saylı, 24 yanvar 2025-ci il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir, həmçinin xəbərnaməli poçtla cavabdehə göndərilmiş və xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, cavabdeh apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulan müddəti ötürdüyündən, müddətin bərpası üçün də ərizədə və şikayətdə göstərilən dəlillər əsaslı olmadığından şikayət təmin edilə bilməz. Çünki onun şikayət vermək üçün kifayət qədər vaxtı və imkanı olmuşdur. Bununla yanaşı, cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından ona gələn məktublardan tamamilə xəbərsiz olduğunu və qəbzə imza etmədiyini göstərsə də, bu dəlillər şikayətin təmin edilməsi üçün əsas ola bilməz. Çünki qeydiyyatda olduğu ünvanda yaşamadığına dair məhkəməyə sübut təqdim etməyib, üstəlik qeydə alındığı ünvanda yaşamırdısa, yaşadığı ünvanda qeydə alınmalı idi və ya əksinə yaşadığı ünvanda qeydə alınmamışdırsa onda qeydə alındığı ünvanda yaşamalı idi. Məhkəmənin cavabdehin faktiki yaşadığı ünvanı tapmaq üçün hüquqi imkanı demək olar ki, yoxdur. Bu cür vəziyyətdə məhkəmə daha nə etməli idi ki, cavabdeh onu qərəzlilik nümayiş etdirməkdə qınamasın. Əlbətdə ki, bu ritorik sual kimi səslənsə də cavabdeh bu cür dəlillərdən istifadə edərkən diqqətli olmalı idi. Bir də ki, apellyasiya şikayətinin dəlilləri kimi göstərib ki, müqavilə onun tərəfindən imzalansa da satılmış planşeti qohumu-əmisi qızı tərəfindən alınmışdır, həmçinin məbləğ süni şəkildə artırılmışdır. Bu cür dəlillər də əslində cavabdehin qətnamənin icrasını yubatmaq xarakteri daşımasına dəlalət edir. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 10-1.8-ci maddəsinə görə, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıdan sadalanan prosessual hüquq normalarından da göründüyü kimi elektron kabineti olan şəxslərə məhkəmə sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə çatdırılır və məhkəmə aktlarından şikayətin elektron kabinet vasitəsilə elektron sənəd formasına tərtib edilib, imzalanıb təqdim edilməsi Mülki Prosessual Məcəllənin imperativ tələbidir. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1287/2025 saylı, 16 may 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1287/2025 saylı, 16 may 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar