Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4112/2024 24.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kiçik iddia üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2279/2024 nömrəli iş üzrə 26 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış 15 aprel 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən və müqaviləyə əlavədən görünür ki, cavabdehə dəyəri 1971 manat olan mətbəx mebeli satılmışdır.
2. İş materiallarında olan İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 15 aprel 2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin 15 aprel 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür
3. İş materiallarında olan 10 iyul 2023-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh1 İddiaçı ilə bağladığı 15 aprel 2022-ci il tarixli müqaviləyə əsasən 1860 manat ödənilməmiş məbləğ, 140 manat cərimə borcu vardır.
4. İş materiallarında olan İddiaçı cavabdehlərə ünvanladığı pretenziyaya əsasən məlum olur ki, cavabdehlər 3 gün müddətində borcun ödənilməsi ilə bağlı xəbərdar edilmişlər.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə mətbəx mebelinin nisyə alqı-satqısına dair nisyə alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin Müqaviləyə əsasən iddiaçı qeyd edilən malı cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malı qəbul edib razılaşdırılmış formada – ödəniş cədvəlinə uyğun olmaqla “Malların” dəyərini ödəməsini öhdəsinə götürmüşdür. Həmin müqaviləyə uyğun olaraq digər Cavabdeh2 ilə “Zaminlik” müqaviləsi bağlanmışdır. Qeyd edilən “Zaminlik” müqaviləsinə əsasən zamin, borclunun müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin tam icra edilməsi üçün onunla eyni həcmdə birgə məsuliyyət daşıdığını öhdəsinə götürmüşdür. Cavabdehlər üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, müqavilə şərtlərini qəsdən kobud şəkildə pozmuşlar. Belə ki, müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilə üzrə ödəməli olan borcu ödəməkdən yayınmışlar. Hazırda onların əsas borc üzrə 1860 manat, cərimə üzrə 140 manat, cəmi 2000 manat borcu vardır. İddiaçı göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada – xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 1860 manat, cərimə üzrə 140 manat, cəmi 2000 manat pulun və ödənilmiş 40 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2279/2024 nömrəli iş üzrə 26 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1860 manat əsas borc, 140 manat cərimə borcu, cəmi 2000 manat borc və 40 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulması qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 404.1, 442, 448.1, 448.2, 462.1, 470.1, 472.1, 472.2, 600.4, 601.1, 601.2, 741-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, proses iştirakçılarının məhkəmə iclasında iştirakı
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin baxılması və həll olunması zamanı maddi və prosessual hüquq normalarına riayət etməmişdir. Məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsi məhkəmə sübut etməsinin ayrılmaz hissəsidir və düzgün qiymətləndirilmə qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühim əhəmiyyət kəsb edir. Sübutların qiymətləndirilməsinə, məhkəmə tərəfindən onların aidliyini, mümkünlüyünü, habelə doğruluğunu, tamlığınımüəyyən etmək daxildir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlillər
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının məhkəmə iclasında iştirakı
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.3-ci maddəsinə görə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayətlərinə, apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
13. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
15. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir
17. 448.2-ci bəndinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
18. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
19. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
20. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin sussidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.(maddə 472.1)
21. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (maddə 472.2)
22. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
23. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
24. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
25. Əgər müqavilənin iştrakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (maddə 741)
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 119.2. iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2279/2024 nömrəli iş üzrə 26 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış 15 aprel 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən və müqaviləyə əlavədən görünür ki, cavabdehə dəyəri 1971 manat olan mətbəx mebeli satılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 15 aprel 2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin 15 aprel 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 10 iyul 2023-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh1 İddiaçı ilə bağladığı 15 aprel 2022-ci il tarixli müqaviləyə əsasən 1860 manat ödənilməmiş məbləğ, 140 manat cərimə borcu vardır.
34. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh1 nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən, eyni zamanda zaminlik müqaviləsinə əsasən digər Cavabdeh2 borca zamin durduğuna görə əsas borclu ilə birlikdə öhdəliyi icra etməli olduğundan cavabdehlərdən müştərək qaydada 1860 manat əsas borc, 140 manat cərimə borcu olmaqla, ümumilikdə 2000 manat məbləğində borc pul tutularaq iddiaçıya ödənilməlidir.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
36. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2279/2024 nömrəli iş üzrə 26 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.