Məhkəmə qərarları › İş №2(103)-4115/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4115/2020

21.09.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4115/2020 21.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-73/2020 saylı qətnaməsindən Cavabdehtərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ünvan 1 ünvanından keçən İddiaçı ASC-yə məxsus diametri 530 mm olan magistral su kəmərinin üzərində və mühafizə zonalarında inşa edilmiş özbaşına tikilinin sökülməsi və kəmərlərin üzərinin və mühafizə zonalarının boşaldılmasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-73/2020 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən ünvan 1 ünvanından keçən İddiaçı ASC-yə məxsus diametri 530 mm olan magistral su kəmərinin üzərində və mühafizə zonalarında inşa edilmiş özbaşına tikilinin sökülməsi və kəmərlərin üzərinin və mühafizə zonalarının boşaldılmasının təmin edilməsi qət edilmişdir. Qətnamədən Cavabdehapellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ona məxsus yaşayış evi 2000-ci ildən inşa edilmişdir və həmin vaxtdan da orada yaşayır. Tikinti işləri apararkən hər hansı aidiyyəti qurum ona xəbərdarlq etməmiş, tikintinin aparılmasını qadağan etməmişdir. Qeyd ediləndən başqa Xətai rayonu 66 saylı MKİS tikilinin sxemini də cızmışdır. Həmin sxemi məhkəməyə təqdim etmişdir. Onun tərəfindən tikintisi aparılmış ev su kəmərinin üzərində deyil, ona yaxın tikilmişdir. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli rəyindən də müəyyən olunur ki, tərəfindən tikilmiş fərdi yaşayış evinin bir tərəfi su xəttinin təxminən 4 metrliyində, digər tərəfi isə 1 metrdən artıq məsafədədir. Su xəttinə hər hansı təhlükə yaratmır. Əraziyə nəzər saldıqda müəyyən olunur ki, həmin ərazidə su xəttinə bilavasitə yaxın çoxsaylı yaşayış və iaşə obyektləri tikilmişdir. Onun tikdirdiyi fərdi yaşayış evi ilə su xəttinə məsafədə eynilik təşkil edir və hətta daha yaxındırlar. Artıq 2000-ci ildən mübahisəli evi tikdirmiş, tikinti təxminən 7-8 ay müddətində aparılmışdır, iddiaçı tərəfin tikinti aparılmasından məlumatı olmuşdur və 2000-ci ildən orada yaşayır. Keçən müddət ərzində iddiaçı həmin evin tikilməsindən və onun orada yaşamağından məlumatlı olub və ona qarşı hər hansı iddia tələbi irəli sürməyib. Qanunvericiliyin tələbi ilə müəyyən olunmuş iddia müddəti də keçirilib. Qeyd ediləndən başqa hazırda ölkədə ağır iqtisadi durumdur. Vətəndaşlar evlə təmin oluna bilmirlər. Belə bir ağır maddi durum vəziyyətində ona məxsus fərdi yaşayış evi formal əsaslara görə sökülərsə 6 nəfər ailə üzvləri ilə harada yaşamalıdır. Məgər iddiaçı həmin ev tikiləndə tikinti aparılmasını görmürdü? Belə çıxmırmı ki, tikintinin aparıldığı 3 il ərzində iddiaçı tərəf kəmərini nəzarətsiz baxımsız buraxıb. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdeh isə səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdə olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli, 23955 saylı ekspert rəyinə əsasən, baxış keçirilən zaman ünvan 1 ünvanında İddiaçı ASC-yə məxsus su xəttinin Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin bir tərəfindən 4.0 metr, digər tərəfindən isə 1.0 metr məsafə aralıda olduğunu, su xəttinin cavabdehin istifadəsində olan torpaq sahəsinin daxilində yerləşən daş hasarın aşağı yaxın hissəsindən keçdiyi nəzərə alınaraq, həmin fərdi yaşayış evi və daş hasarın xx xxxxxxx 1999-cu il tarixli, 723-İQ nömrəli “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 70-ci maddəsinin a) bəndində göstərilən 5.0 m-lik mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Torpaq Məcəlləsinin 22.1-ci maddəsinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, mübahisə edilən ünvan 1 ünvanında inşa edilmiş fərdi yaşayış evinin Cavabdeh tərəfindən “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin, "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun, "Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının tələblərinə uyğun inşa edilmədiyi, bununla da, iddiaçının hüquqlarının pozulması məhkəmə baxışı zamanı təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, cavabdehə məxsus ünvan 1 ünvanında inşa edilmiş fərdi yaşayış evinin xx xxxxxxx 1999-cu il tarixli, 723-İQ nömrəli “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 70-ci maddəsinin a) bəndində göstərilən 5.0m-lik mühafizə zonasına düşdüyü iş üzrə keçirilmiş məhkəmə tikintitexniki ekspertizasının rəyi ilə təsdiq olunmuşdur. Bu hal iş materialları ilə də təsdiq olunur və işin mübahisəsiz halına çevrilmişdir. İkincisi, «Su təchizatı və tullantı suları haqqında» Qanunun 70-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərinin yerinə yetirilməsi qəti qadağandır. Bu hal özü iddianın təmin edilməsi üçün əsas idi. Çünki, qeyd olunan sahələrdə tikilinin inşa olunması özü-özlüyündə təhlükəli olmaqla yolverilməzdir. Üçüncüsü, mübahisəli torpaq sahəsində tikilinin aparılmasına icazə verən hər hansı bir hüquqmüəyyənedici sənədin olmaması da, hazırkı iddianın rədd edilməsi üçün deyil, təmin olunması üçün əsasdır. Birinci instansiya məhkəməsi bu halı da nəzərə almışdır. Dördüncüsü, İddiaçı ASC-nin hazırki iddia ilə, o cmlədən analoji işlər üzrə minlərlə iddialarla iddiaçı qismində məhkəmələrə müraciət etmiş və bununla bağlı hər üç instansiya məhkəməsindən keçmiş, qanuni qüvvəyə minmiş çoxsaylı məhkəmə aktları mövcuddur. Həmin ərazidə cavabdehə məxsus başqa yaşayış evlərinin və iaşə obyektlərinin mövcud olması hazırki iddianın rədd edilməsi üçün əsas ola bilməz. Beşincisi, apellyasiya baxışı zamanı müəyyən edilmiş hallarla birinci instansiya məhkəməsinin qətnamədə gəldiyi qənaət ziddiyyət təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibəti üzrə düz nəticəyə gəlmişdir. Çünki, mübahisəli torpaq sahəsinin su kəmərlərinin mühafizə zonasına aid torpaqlar kateqoriyasına aid olması, özü-özlüyündə iddiaçının hüquqlarını və qanunla qorunan mənafeyi pozduğundan belə bir iddia qaldırmaq üçün subyektiv hüququ olmuşdur. Göründüyü kimi, bu məsələlər, birinci instansiya məhkəməsi tərəfindən araşdırılmaqla düzgün olan yekun nəticəyə gəlinmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilmiş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, ona münasibətdə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-73/2020 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi alındığı tarixdən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar