Məhkəmə qərarları › İş №2(103)-4116/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4116/2023

10.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4116/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Aida Əli qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-340/2023 saylı, 31 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Cavabdeh İstehsalat Biriliyinin Bakı X3 Departamenti ilə istehlakçı İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixində 03-405 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə paylayıcının ünvanına müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır.

2. Verilən qaz xətti üzrə **********00000 sayla qeydiyyata alınmış abonent koduna (abonent İddiaçı) 2022-ci ilin mart ayınadək ümumilikdə cəmi 6619,4 (4199,0 manat sayğacdan kənar qaz xəttindən istifadəyə görə aktlar əsasında hesablanmış borc, 2420,4 manat borc isə köhnə dövrə aiddir) manat zərər hesablanmışdır.

3. Abonent İddiaçı sayğacdan kənar təbii qazdan istifadə etdiyinə görə Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-cı il tarixli ******* saylı akt əsasında 64,8 manat, xx.xx.2018-cı il tarixli ******* saylı akt əsasında 133,2 manat, xx.xx.2018-cı il tarixli ******* saylı akt əsasında 266,4 manat, xx.xx.2018-cı il tarixli ******* saylı akt əsasında 66,6 manat, xx.xx.2018-cı il tarixli ******* saylı akt əsasında 142,2 manat, xx.xx.2018-cı il tarixli ******* saylı akt əsasında 142,2 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142.20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli 02152225 saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 207,0 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 59,0 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 149,02 manat borcu yaranmışdır. Aktların tərtibində istehlakçı İddiaçı aktları imzalamaqdan imtina etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus ünvana Cavabdeh tərəfindən ona (abonent kodu: **********00000) əsassız hesablanmış 6619,4 manat borcun həmin hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Tələbdə göstərilir ki, iddiaçı ünvan 1 ünvanında yaşayır və həmin ünvanda hər ay istifadə etdiyi təbii qaza görə borcunu vaxtında ödəyir. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 17 oktyabr 2022-ci il tarixli, ******* nömrəli akta əsasən yaşadığı ünvanda quraşdırılmış qaz sayğacı dəyişdirilərək yenisi ilə əvəz edilmiş, aktda sayğacın çıxarılma səbəbi debitor borcun olması göstərilmişdir. Halbuki, yuxarıda qeyd etdiyi kimi onun heç vaxt təbii qazdan istifadəyə görə borcu olmamışdır. Bundan sonra o, smart karta pul ödəmək istədikdə, kartın bloklandığını müəyyən etmişdir. Hazırda iddiaçı təbii qazdan istifadə etmək üçün smart karta ödəniş edə, bunun nəticəsində də təbii qazdan istifadə edə bilmir. Məsələnin aydınlaşdırılması üçün Cavabdehnə getdikdə ona 06 mart 2020-ci il tarixdə ******* nömrəli aktın surətini təqdim edərək, onun əsasında borcun yarandığını bildirmişlər. Hesab edir ki, ona 6619,40 manat məbləğində borc tamamilə əsassız hesablanmışdır.

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-340/2023 saylı, 31 mart 2023-cü il tarixli qətnaməsi (hakim Ramilə Xəzri) ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı abonent hesabına (abonent kodu **********00000) hesablanmış 6117,2 manat məbləğində borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdehndən 81,19 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, cavabdeh tərəfindən tərtib edilmiş aktlar iddiaçı tərəfindən imzalanmamış, həmin aktlar cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə həmçinin qeyd etmişdir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qanunun tələbindən göründüyü kimi akt 2 nüsxədən ibarət olmaqla tərtib olunmalı və aktın bir nüsxəsi istehlaçıya təqdim edilməlidir. Lakin iş materiallarında olan müvafiq akt istehlakçıya təqdim edilməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, zərərin hesablanmasına əsas olmuş aktlar tərtib edilərkən cavabdeh tərəfindən imzalanması barədə xüsusi qeyd edilməmiş, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməməklə aktın bir surəti digər tərəfə təqdim edilməmiş, formal olaraq abonentin imtina etməsi qeyd edilmişdir. Məhkəmə qeyd edilənləri və iddiaçı tərəfindən yuxarıda göstərilən və onun tərəfindən 2019-cu ilin noyabr və dekabr aylarında sayğacdan kənar qaz xəttindən qanunsuz istifadə etməsini, onun sayağaca qanunsuz qoşulma kimi iddiaçının qanunsuz olaraq təbii qazdan istifadə etməsini təsdiq edən sübut kimi qəbul etməklə hesab etmişdir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı məhkəməyə verdiyi izahatında 2019-cu ilin noyabr və dekabr aylarında sayğacdan kənar qaz xəttindən qanunsuz istifadə etməsini bildirdiyindən, məhkəmə 2019-cu ilin noyabr və dekabr aylarında akt əsasında hesablanmış 502,2 manat borcun silinməsi hissəsində iddiaçının tələbini əsaslı hesab etməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçıya aktlar əsasında sayğacdan kənar qaz xəttinə görə cəmi aktlar əsasında 6619,4 manat məbləğində borc hesablanmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvana aid qaz sayğacdan kənar qaz xətdindən istifadəyə görə aktlara görə hesablanmış 6117,2 (6619,4– 502,2) manat borc silinməlidir. Bundan başqa iş materiallarından görünür ki, iddiaçıya 2018-ci il tarixədək olan dövrə aktlar əsasında borc hesablanmışdır ki, hal-hazıra həmin hesablanmış borcdan ödənişlər nəzərə alınmaqla ümumilikdə 2420,4 manat məbləğində borcu qalmışdır. Əvvəlki illərə dair sənədi tapılmayan dövr üçün tələb edilən 2420,4 manat zərərə aid hissəyə münasibətdə də məhkəmə hesab etmişdir ki, həmin hissədə də, iddia əsaslı olmaqla təmin edilməlidir. Belə ki, sübutetmə yükü cavabdehdə olmaqla onun tərəfindən hesablanmış borcun yaranmasına əsas olan sənədlər də məhkəməyə təqdim edilməmişdir. Məhkəmə bütün qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, cavabdeh tərəfindən kənar müdaxilə etməklə və qanunsuz qoşulmaqla təbii qazdan istifadə edilməsi iddiaçının özünün etiraf etdiyi hissədən başqa məhkəmə araşdırması zamanı öz sübutunu tapmadığından iddia tələbi qismən təmin edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş edib şikayətində göstərir ki, Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Həmçinin sözügedən abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur və heç bir nasazlıqdan söz açıla bilməz. Təqdim olunmuş sübutlara, yəni aktlara hərtərəfli və tam baxılmamış və hakim təqdim edilən sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. O cümlədən məhkəmə tərəfindən təqdim edilmiş akt, saldo və fotoşəkillər araşdırlmamış və düzgün hüquqi nəticəyə gəlməmişdir. Məhkəmə nədənsə iddiaçıdan sübut təqdim edilməsini tələb etməmiş və sübutsuz işə baxaraq əsassız qətnamə qəbul etmişdir. Həmçinin iddiaçıdan təbii qazın sərfiyyatının qeydə alınmamasının o cümlədən demək olar ki, ödənişin olmamasının səbəbi nə araşdırılmış, nədəki, buna dair iddiaçıdan sübut tələb edilmişdir. İddiaçı izahat və iddia ərizəsində qeyd edilənləri demək olar ki, heç birini sübut edə bilməməyinə baxmayaraq məhkəmə iddia tələbinin böyük bir qismini təmin etmişdir. Qeyd edildiyi kimi iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İddiaçının qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunverciliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. İşin halları ilə bilavasitə əlaqədar olan halların araşdırılması üçün ekspertiza təyin edilməsi zəruri və qaçınılmazdır. Abonentin qazsayğacı tam işlək vəziyyətdə olmuşdur və heç bir səhvə yol verilmədiyini yoxlamaq məqsədi ilə ekspertiza və yerində müayinə təyin edilməsi məqsədəmüvafiqdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

9. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə(zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

11. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

12. Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»:

Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas olmasa da, dəyişdirilməsi üçün əsasdır.

15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

17. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin tam ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, apellyasiya şikayətinin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi(obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

18. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

19. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olsa da, yəni dispozisiya əlamətləri ilə uzlaşsa da, dəymiş zərərin məbləği hissəsində məhkəmənin gəldiyi nəticə düzgün olmamışdır.

20. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə qismən uzlaşır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də tam aradan qalxmır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İddiaçının sayğacdan kənar təbbi qazdan istifadə etməsi işin mübahisəsiz halıdır. Ən azından 2019-cu ilin noyabr və dekabr aylarında sayğacdan kənar qazdan istifadə etdiyini və həmin tarxə yazılmış aktları qəbul etdiyini etiraf etmişdir. Düzdür, iddiaçı 2 ay müddətində sayğacdan kənar xətdən istifadə etdiyini etiraf edir. Lakin iddiaçının bu dəlili inandırıcı və ağlabatan sayıla bilməz.

22. Birinci instansiya məhkəməsi iddiaçının 2019-cu ilin noyabr və dekabr aylarında sayğacdan kənar qaz xəttindən qanunsuz istifadə etməsinə görə həmin aylarda akt əsasında hesablanmış 502,2 manat borcun silinməsi hissəsində iddiaçının tələbini əsaslı hesab edib 6117,2 (6619,4– 502,2) manatı silsə də, iddiaçının 2018 və 2020-ci illərdə də sayğacdan kənar qazdan istifadə etməsini, yəni iddiaçının barəsində 2018-ci ildə tərtib edilmiş aktlar üzrə 815,4 manat və 2020-ci ilin mart ayınadək tərtib edilmiş aktlar üzrə 354,20 manat, cəmi 1169,6 manat dəyərində qazdan sayğacsız istifadə etməsini nəzərə almamışdır. Belə ki, iddiaçının qeyd olunan dövrlərdə də qazdan qanunsuz istifadə etməsi təsdiq olunur. Əks halda iddiaçı həmin dövrdə təbii qazdan qanuni şəkildə istifadə etdiyinə, yəni həmin dövr üzrə istehlak etdiyi qazın dəyərini ödəməsinə dair məhkəməyə sübut təqdim edə bilərdi, ancaq etmir, məhkəmə iclaslarına dəvət edilsə də gəlib şikayətin dəlillərinə münasibət bildirmək istəmir. Birinci instansiya məhkəməsinin gəldiyi qənaəti, yəni iddiaçının 2019-cu ilin noyabr və dekabr aylarında 502,2 manat dəyərində qazdan qanunsuz istifadə etməklə zərər vurduğunu iddiaçı da qəbul edir. Bu cür vəziyyətdə iddiaçının 2018-ci və 2020-ci ildə də ən azından tərtib edilmiş aktlar üzrə qazdan qeyriqanuni istifadə etməklə cavabdehə zərər vurması təsdiq edilmiş olur.

23. Maddi zərər vurulması üçün təqsirli olaraq mülki hüquq pozuntusu törədilməli zərərçəkən şəxs bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçının cavabdehə zərər vurması açıq-aşkardır, lakin zərərin məbləği hissəsində məhkəmənin gəldiyi nəticə düzgün olmamışdır.

24. İddiaçı qazdan sayğacdan kənar istifadə etsə də itirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək də mümkünsüzdür. Buna görə də iddiaçının qeyd olunan məbləğdə cavabdehə zərər vurması da inandırıcı və ağlabatan görünmür.

25. Göstərilənləri nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-340/2023 saylı, 31 mart 2023-cü il tarixli qətnaməsi qismən, yəni silinməli məbləğin cəmi hissəsində dəyişdirilməli və həmin məbləğ azaldılaraq 4947,6(dörd min doqquz yüz qırx yeddi manat, altmış qəpik)manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-340/2023 saylı, 31 mart 2023-cü il tarixli qətnaməsi qismən, yəni silinməli məbləğin cəmi hissəsində dəyişdirilsin və məbləğ azaldılaraq 4947,6(dörd min doqquz yüz qırx yeddi manat, altmış qəpik)manat müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar