Məhkəmə qərarları › İş №2(103)-412/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-412/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-412/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Gasan Guseinovun iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 dekabr 2019-cu il tarixli 2(004)-236/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 20 avqust 2014-cü il tarixli AL-1438 saylı Daxili lizinq müqaviləsinin ləğv olunması və Cavabdeh həmin lizinq müqaviləsi üzrə, lizinq obyektinin tam yararsız vəziyyətə düşdüyü 06 sentyabr 2017-ci il tarixə 11799,03 manat əsas borc, 3788,67 manat mükafat və həmin günə hesablanmış 10853,6 manat dəbbə pulu, cəmi 26441,3 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 20 avqust 2014-cü il tarixli AL-1438 saylı Daxili lizinq müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, Az **-PE-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA587651 ban, 0378 mühərrik nömrəli, ağ rəngli avtomobil 12550 manat məbləğində pula İddiaçı ASC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 17 faiz hesablanmaqla 48 ay müddətinə hər ay 362,11 manat, ümumilikdə isə 17380,99 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan 17380,99 manatın 12550 manatını əsas məbləğ təşkil edir. İddiaçı ASC-yə məxsus Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “Daewoo Gentra” markalı, Az **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil 06.09.2017-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə lizinq şirkətinin müvəqqəti duracağına gətirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş zərərin qiymətləndirilməsinə dair akta əsasən lizinq obyekti olan avtomobil tam yararsız vəziyyətdədir. Tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsinin 11.4.1-ci maddəsinə əsasən, ödənilməli olan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərqi lizinq alan lizinq verənə ödəməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 dekabr 2019-cu il tarixli 2(004)- 236/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 20 avqust 2014-cü il tarixli AL-1438 saylı Daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh həmin müqaviləyə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 11799,03 manat əsas borc, 3788,67 manat mükafat, 1085 manat dəbbə pulu, ümumilikdə 16672,7 manat məbləğində borc və ödənilmiş 18,9 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, 120 manat məbləğində məhkəmə ekspertizasının dəyərinin 75,6 manatının Cavabdeh, 44,4 manatının İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı borcu 20 avqust 2014-cü il tarixdən 20 avqust 2018-ci il tarixə kimi hesablamalı olduğu halda, 20 avqust 2018-ci il tarixdən sonra da ona qanunsuz olaraq borc hesablamışdır. Həmin borcun isə hansı qaydada hesablanmasını məhkəmədə əsaslandırmamışdır. Həqiqi borcun müəyyən olunmasından ötrü məhkəmə mühasibatlıq ekspertizasının təyin olunmasına zərurət vardır. Lizinq obyektinin qiyməti 12550 AZN olmuş və o həmin puldan kifayət qədər ödənişlər etmişdir. Daxili lizinq müqaviləsində isə mükafatların hansı qaydada hesablanması və nəyə görə məhz 3788,67 manat təşkil etməsi göstərilməmişdir. Bundan əlavə hesab edir ki, hesablanmış 1085 manat dəbbə pulu da silinməlidir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Gasan Guseinov apellyasiya şikayətinin əsassız olduğunu bildirərək məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş borclu məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiyinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə əsas borc və mükafat borcunun məbləği hissəsində dəyişdirilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 20 avqust 2014-cü il tarixli AL-1438 saylı Daxili lizinq müqaviləsinə əsasən ümumi dəyəri 12550 manat təşkil edən avtomobil lizinq yolu ilə lizinq alanın sahibliyinə və istifadəsinə verilmişdir. Həmin müqaviləyə və ödəniş cədvəlinə əsasən Cavabdeh illik 17% hesablanmaqla 48 ay müddətinə hər ay 362,11 manat olmaqla ümumilikdə 17380,99 manat pulu (12550 manat əsas borc, 4830,99 manat mükafat məbləği) İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 20 avqust 2014-cü il tarixli təhvil-təslim aktına əsasən lizinq obyekti olan “Daewoo Gentra” markalı, Az **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 15.02.2017-ci il tarixli aktdan görünür ki, “Daewoo Gentra” markalı, Az **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil ********** saylı VÖEN-ə malik olan fərdi sahibkar X1 məxsus avtomobil servis mərkəzində ümumi texniki baxışdan keçirilərkən avtomobilin tam yararsız vəziyyətdə olması müəyyən edilmişdir. İş materiallarına “Daewoo Gentra” markalı, Az **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilmiş vəziyyətdə fotoşəkilləri əlavə olunmuşdur. Birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 18 dekabr 2019-cu il tarixli 27984 saylı rəyinə əsasən, 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, Az **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil halhazırda təyinatı üzrə istifadəyə tam yararsız vəziyyətdədir. Təyinatı üzrə istifadəyə yararlı 2014-cü il buraxılışlı “Daewoo Gentra” markalı avtomobilin respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 8000 manat müəyyən edilir. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 30 aprel 2021-ci il tarixli 9/72 saylı rəyinə əsasən, 20 avqust 2014-cü il tarixli AL-1438 saylı Daxili lizinq müqaviləsinə əsasən Cavabdeh tərəfindən İddiaçı ASC-yə 06 sentyabr 2017ci il tarixinə 8581,57 manat məbləğində əsas borc, 4454,39 manat məbləğində mükafat borcunun ödənilməsi nəzərdə tutulmuş, həmin tarixədək ödənilmiş puldan 750,97 manat məbləğində əsas borc, 699,09 manat məbləğində mükafat borcu və 10,94 manat məbləğində dəbbə borcu silinməklə ümumilikdə 1461 manat məbləğində ödəniş edilmişdir. Həmin ekspert rəyinə əsasən, Cavabdeh 06 sentyabr 2017-ci il tarixinə 7830,60 manat məbləğində əsas borcu, 3755,30 manat məbləğində mükafat borcu, cəmi 11585,90 manat məbləğində borcu vardır. Tərəflər arasında bağlanmış 20 avqust 2014-cü il tarixli AL-1438 saylı Daxili lizinq müqaviləsi üzrə təqdim edilmiş sənədlərdə lizinq ödənişlərinin gecikdirilməsinə görə lizinq verən tərəfindən cərimə hesablanması göstərilməmişdir. Göstərilən səbəblərdən hazırkı tədqiqatla cərimə hesablanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Yenə həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Mülki Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı ASC tərəflər arasında bağlanmış 20 avqust 2014-cü il tarixli AL-1438 saylı Daxili lizinq müqaviləsinin ləğv olunmasını və Cavabdeh həmin lizinq müqaviləsi üzrə, lizinq obyektinin tam yararsız vəziyyətə düşdüyü 06 sentyabr 2017-ci il tarixə 11799,03 manat əsas borc, 3788,67 manat mükafat və həmin günə hesablanmış 10853,6 manat dəbbə pulu, cəmi 26441,3 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı ASC lizinq obyekti olan “Daewoo Gentra” markalı, Az **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin 06 sentyabr 2017-ci il tarixdə yararsız vəziyyətdə lizinq şirkətinin müvəqqəti duracağına gətirilməsini göstərsə də, avtomobilin duracağa gətirilməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. İş materiallarında olan sübutlardan görünür ki, “Daewoo Gentra” markalı, Az **-PE- *** dövlət qeydiyyat nişanlı avtomobil hal-hazırda istifadəyə yararsız vəziyyətdədir. İddiaçı ASC hazırkı iddianı qaldırarkən tərəflər arasında bağlanmış müqavilənin 11.4.1-ci maddəsinə istinad etmişdir. Müqavilənin həmin bəndinə əsasən, ödənilməli olan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərqi lizinq alan lizinq verənə ödəməlidir. Məhkəmə kollegiyası hesab edir ki, lizinq obyektinin məhv olması ilə bağlı vurulmuş ziyanın əvəzinin ödənilməsi haqqında iddia tələbləri ziyan vurmaqdan irəli gələn öhdəliklərlə bağlı olduğundan, tərəflər arasında bağlanmış müqavilənin 11.4.1-ci maddəsi etibarsızdır. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 15.1-ci maddəsinə əsasən, lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edilə bilər. İş materiallarından görünür ki, cavabdeh lizinq obyektini işlək halda saxlamadığına və lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədiyinə görə müqavilənin ləğv olunması qənaətinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizasının rəyinə uyğun olaraq Cavabdeh İddiaçı ASC-yə 06 sentyabr 2017-ci il tarixinə əsas borcunun məbləği 7830,60 manat, mükafat borcunun məbləği 3755,30 manat məbləğində müəyyən edilməlidir. Cərimə borcuna gəldikdə, kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin 13.10-cu maddəsində lizinq alanın gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0,3% hesablanmaqla cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də qətnamə ilə müəyyən olunmuş 1085 manat dəbbə pulunun məbləği dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya həmçinin qeyd edir ki, lizinq obyektinin yararsız vəziyyətə düşməsinə görə vurulmuş zərərin əvəzinin ödənilməsi üçün iddiaçı lizinq şirkəti tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası MPM-in 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 dekabr 2019-cu il tarixli 2(004)- 236/2019 saylı qətnaməsi cavabdehdən tutulmalı əsas borc və mükafat məbləği hissəsində dəyişdirilsin. Cavabdeh 20 avqust 2014-cü il tarixli AL-1438 saylı “Daxili lizinq” müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə tutulan əsas borcun məbləği 7830,60 manat, mükafat borcunun məbləği 3755,30 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun 14 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 17 manat pul iddiaçının özünə aid edilsin. Apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumu cavabdehə aid edilsin. İş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə sərf olunmuş 200 manat pul Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar