Məhkəmə qərarları › İş №2(103)-4125/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4125/2022

10.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4125/2022 10.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-4125/2022 (Açar sözlər: “borcun silinməsi”) Bakı şəhəri 10 oktyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(011)-576/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi ünvanda yerləşən evində ailəsi ilə birlikdə yaşayır.

2. 2018-ci ilin oktyabr ayında Cavabdeh əməkdaşları tərəfindən istifadəsində olan qaz sayğacı çıxarılmış və təkrarən yerinə xx.xx.2020-ci il tarixdə quraşdırılmışdır.

3. Qaz sayğacı olmadığı 17 ay müddətində iddiaçıya borclar hesablanmışdır.

4. Misal üçün, təkcə 2020-ci ilin yanvar ayında iddiaçıya 5032,60 manat borc hesablanmışdır.

5. Azəriqaz İB tərəfindən tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçıya məxsus ünvandakı RVA G-10 markalı 75116035 saylı qaz sayğacı çıxarılmışdır.

6. Həmin sənəddən görünür ki, Qaz sayğacının çıxarılmasının səbəbi kimi növbədənkənar yoxlama göstərilmişdir.

7. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” xx.xx.2018-ci il tarixli ******* №-li aktın surətindən görünür ki, 2018-ci ilin dekabr ayı üçün hesablanmış qaz sərfinin miqdarı 4449, hesablanmış qaz sərfinin məbləği 889,80 manatdır.

8. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” xx.xx.2018-ci il tarixli 00041441 №-li aktın surətindən görünür ki, 2018ci ilin oktyabr ayı üçün hesablanmış qaz sərfinin miqdarı 983 kub/metr, hesablanmış qaz sərfinin məbləği 196,60 manatdır.

9. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” xx.xx.2019-cu il tarixli ******* №-li aktın surətindən görünür ki, 2019-cu ilin yanvar ayı üçün hesablanmış qaz sərfinin miqdarı 5971 kub/metr, hesablanmış qaz sərfinin məbləği 1024,20 manatdır.

10. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” xx.xx.2019-cu il tarixli ******* №-li aktın surətindən görünür ki, 2019-cu ilin fevral ayı üçün hesablanmış qaz sərfinin miqdarı 4810 kub/metr, hesablanmış qaz sərfinin məbləği 962 manatdır.

11. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” xx.xx.2019-cu il tarixli ******* №-li aktın surətindən görünür ki, 2019-cu ilin noyabr ayı üçün hesablanmış qaz sərfinin miqdarı 2536, hesablanmış qaz sərfinin məbləği 511,20 manat, gündəlik sərfiyyat 84,5 kub/metrdir.

12. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” xx.xx.2020-ci il tarixli ******* №-li aktın surətindən görünür ki, 2020-ci ilin yanvar ayı üçün hesablanmış qaz sərfinin miqdarı 26263, hesablanmış qaz sərfinin məbləği 5032,6 manat, gündəlik sərfiyyat 875,40 kub/metrdir.

13. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” xx.xx.2020-ci il tarixli ******* №-li aktın surətindən görünür ki, 2020-ci ilin fevral ayı üçün hesablanmış qaz sərfinin miqdarı 3791, hesablanmış qaz sərfinin məbləği 758,20 manat, gündəlik sərfiyyat 145,81 kub/metrdir.

14. İddiaçının **********00640 saylı abonent kodu üzrə xx.xx.2021-ci il tarixli Abonent Saldosundan görünür ki, həmin sənədin “qalıq və aktlar” qrafasına 09/2018 üçün 64,60, 10/2018 üçün 196,60, 11/2018 üçün 511,20, 12/2018 üçün 889,80, 01/2019 üçün 597,10, 02/2019 üçün 962, 03/2019 üçün 981,60, 04/2019 üçün 394,40, 05/2019 üçün 130,40, 06/2019 üçün 64, 07/2019 üçün 45,40, 08/2019 üçün 56,80, 09/2019 üçün, 64,60, 10/2019 üçün 212,60, 11/2019 üçün 511,20, 12/2019 üçün 889,80, 01/2020 üçün 2626,30, 02/2020 üçün 758,20 manat borc yazılmışdır.

15. Həmin Saldodan görünür ki, “sərfin məbləği” adlı qrafaya 09.2018-ci il tarixi üçün qazdan sayğac üzrə sərfiyyata görə 64,60 manat, 10.2018-ci il tarix üçün 16 manat, 02.2020-ci il tarixi üçün isə 291,60 manat borc hesablanmışdır.

16. Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(103)-4125/2022 saylı qərardadına əsasən iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin olunmuşdur.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 avqust 2022-ci il tarixli, 4/1148 nömrəli rəyinin məzmunundan görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 108-109-110-cu vərəqlərində olan 00026211 saylı, ******* saylı və ******* saylı aktlarda “İddiaçı” yazıları qarşısındakı imzalar – İddiaçı tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

18. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Xəzər rayonu, Pirallahı qəsəbəsi ünvanda yerləşən evinə hesablanmış 12298,30 manat əsassız borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

19. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xəzər rayonu, Pirallahı qəsəbəsi ünvanda yerləşən evində ailəsi ilə birlikdə yaşayır, 2018-ci ilin oktyabr ayında cavabdehin əməkdaşları tərəfindən istifadəsində olan qaz sayğacı çıxarılmış və təkrarən yerinə xx.xx.2020-ci il tarixdə quraşdırılmışdır, qaz sayğacı olmadığı 17 ay müddətində ona külli miqdarda əsassız borclar hesablanmışdır, misal üçün, təkcə 2020-ci ilin yanvar ayında ona 5032,60 manat borc hesablanmışdır, bu absurddur, qaz sayğacı çıxarıldıqdan sonra qazın verilişi dayanmamalı və hesabat öncəki ayın orta günlük sərfiyyatına uyğun aparılmalı idi, cavabdeh isə sayğac olmadığı müddət ərzində həqiqətə uyğun olmayan əsassız borclar hesablamışdır, istifadə etdiyi qazın dəyərini artıqlaması ilə daim ödəmişdir, bütün bunların qanunsuz və əsassız olmasını bildirməsinə baxmayaraq cavabdehin əməkdaşları buna məhəl qoymamışdır, cavabdeh mövcud qanunlara heç bir məhəl qoymadan öz bildiyi kimi hərəkət edir.

20. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(011)-576/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı **********00640 saylı abonent koduna Cavabdeh tərəfindən hesablanmış 8859 (səkkiz min səkkiz yüz əlli doqquz) manat borcun silinməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, Cavabdehndən 108 (yüz səkkiz) manat 60 (altmış) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilməsi qət olunmuşdur.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xx.xx.2018-ci il tarixdə “növbədənkənar yoxlama” səbəbi ilə cavabdeh tərəfindən Akt əsasında çıxarılmışdır, qaz sayğacının olmadığı müddət oktyabr 2018 – fevral 2020-ci il müddətini əhatə edir (17 ay = 510 gün), bu dövr ərzində hesablaşma akt əsasında aparılmış və iddiaçıya bu əsasla cəmi 9892 (196,60 + 511,20 + 889,80 + 597,10 + 962 + 981,60 + 394,40 + 130,40 + 64 + 45,40 + 56,80 + 64,60 + 212,60 + 511,20 + 889,80 + 2626,30 + 758,20 = 9892) manat borc hesablanmışdır, həmin borc məbləği iddiaçıdan tələb olunur, sayğac çıxarıldığı gündən əvvəlki ay - 2018-ci ilin sentyabr ayıdır, həmin ay üzrə iddiaçının sayğacla aparılmış orta günlük sərfiyyatı 2,15 (64,6:30=2,153) manat təşkil edir, iddiaçıdan qaz sərfiyyatına görə 2018-ci ilin oktyabr ayı və 2020-ci ilin fevral ayı üzrə həm akt, həm də sayğac sərfiyyatı üzrə hesablaşma aparılmışdır. Bununla bərabər, qaz sayğacının çıxarılmasına, o cümlədən onun zədələnməsinə səbəb olan hallarla bağlı iddiaçının (istehlakçının) təqsiri məhkəmə tərəfindən müəyyən olunmur.

22. Məhkəmə iddiaçıdan silinməli olan borc məbləğinə münasibətə qeyd etmişdir ki, bu zaman sayğac olmadığı dövr ərzində istifadə edilmiş qazın dəyəri, qanunvericiliyə uyğun olaraq, sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun olaraq 1033 (480 gün (16 ay) x 2,153 manat = 1033) manat həddində müəyyən edilməlidir. Belə olan halda məhkəmə hesab etmişdir ki, əsassız olaraq hesablanmış 9892 manat borcdan 8859 (9892-1033=8859) manat borc silinməlidir.

23. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab ermişdir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti 1000 manatdan çox (8859 manat) olduğundan, cavabdehdən dövlət mədaxilinə 108,6 manat məbləğində dövlət rüsumu alınmalıdır.

24. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 9-cu bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.6-cı bəndinə, 4.8-ci bəndinə, 4.9-cu maddəsinə, 5.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

25. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-576/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

26. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının səhv tətbiq edilməsi (səhv nəticəyə qəlməsi) ilə bağlı bildirir ki, iş materiallarında yer alan Aktlar ümumiyyətlə araşdırılmamış, aktlara iddiaçı tərəfin də, imza etməsi və iddiaçı ilə cavabdehin razılaşması təhqiq edilməmişdir. Həmin maddəyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin 1-ci instansiya məhkəməsi bu halı nəzərə almamış, iddia tələbini qismən təmin edərək, səhv qətnamə qəbul etmişdir. Həmin bəndə əsasən Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Birinci instansiya məhkəməsi sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə olmasaydı 1-ci instansiya məhkəməsi iddia tələbini qismən yox, tam təmin ediməsini qət edərdi. İddiaçı olaraq dəymiş maddi zərərin ödənilməsi barədə iddia tələbi irəli sürülməsinə əsas olmuş halları sübuta yetirmə vəzifəsi ilk növbədə onların üzərinə düşdüyündən iddia ərizəsinin təmin edilməsinə dair, onun əsaslı olmasına dair kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) 1- ci instansiya məhkəməsinə təqdim edilmişdir. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Birinci instansiya məhkəməsi özbaşına hesablamalar apararaq, dəymiş maddi zərərin miqdarını müəyyənləşdirməyə çalışmış və xüsusi bilik tələb edən məsələdə səhv nəticəyə gəlmiş və bununla da cavabdehin qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir. Məhkəmə qətnamə qəbul edərkən bir çox vacib məsələləri araşdırmamış və öz qətnaməsində yer verməmişdir.Belə ki, İddiaçı sayğac olmadığı dövrdə ona hesablanmış xx.xx.2019 il tarixdə ******* saylı aktla 511,20 manat, xx.xx.2020 il tarixdə ******* saylı aktla 5032,60 manat və xx.xx.2020 il tarixdə ******* saylı aktla 758,20 manat həcmində, ümumilikdə 6302 manat həcmində hesabatı Azəriqaz İB-lə razılaşdırılmış, həmin aktlara imza etmişdir. Ümumi məbləğin 6302 manat olan hesabı qəbul etmişdir. Buna baxmayaraq məhkəmə qarşılıqlı qəbul edilmiş sazişi görməzdən gələrək qeyri obyektiv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə qətnaməsində yalnız 3439,30 manat hissəsi saxlanılmış, 8859 manat məbləğin silinməsi isə qət edilmişdir. Bununla da cavabdeh Azəriqaz İB-nin qanunla qorunan hüquqlarını kobud surətdə pozmuşdur.

b) Apellyasiya şikayətinə yazılı etiraz

27. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə iddiaçı tərəfindən etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

30. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun:

31. 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

33. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

34. 4.9-cu maddəsinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

35. 5.4-cü maddəsinə əsasən, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

41. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

42. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

45. Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

46. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

48. Belə ki, apellyasiya şikayətinin dəlillərindən biri odur ki, iş materiallarında olan borc yazılmış Aktlar ümumiyyətlə araşdırılmamış, aktlara iddiaçı tərəfin də, imza etməsi və iddiaçı ilə cavabdehin razılaşması təhqiq edilməmişdir.

49. Məhkəmə Kollegiyası qeyd edir ki, şikayətin göstərilən dəlili üzrə araşdırma aparılaraq Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(103)- 4125/2022 saylı qərardadına əsasən iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin olunmuşdur.

50. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 avqust 2022-ci il tarixli, 4/1148 nömrəli rəyinin məzmunundan görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 108-109-110-cu vərəqlərində olan 00026211 saylı, ******* saylı və ******* saylı aktlarda “İddiaçı” yazıları qarşısındakı imzalar – İddiaçı tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur.

51. Beləliklə, apellyasiya şikayətinin göstərilən dəlili üzrə qeyd edilənlər, yəni 00026211 saylı, ******* saylı və ******* saylı aktların iddiaçı tərəfindən imzalanması sübut olunmamışdir.

52. Apellyasiya şikayətinin dəlillərindən digəri isə odur ki, birinci instansiya məhkəməsi özbaşına hesablamalar apararaq, dəymiş maddi zərərin miqdarını müəyyənləşdirməyə çalışmış və xüsusi bilik tələb edən məsələdə səhv nəticəyə gəlmiş və bununla da cavabdehin qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir.

53. Şikayətin göstərilən dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, dəymiş maddi zərərin miqdarını müəyyənləşdirərkən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.4-cü maddəsinə əsasən (Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.) hesablama aparmışdır.

54. Belə ki, işin araşdırılan hallarından görünür ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xx.xx.2018-ci il tarixdə “növbədənkənar yoxlama” səbəbi ilə cavabdeh tərəfindən Akt əsasında çıxarılmışdır, qaz sayğacının olmadığı müddət oktyabr 2018 – fevral 2020-ci il müddətini əhatə edir (17 ay = 510 gün), bu dövr ərzində hesablaşma akt əsasında aparılmış və iddiaçıya bu əsasla cəmi 9892 (196,60 + 511,20 + 889,80 + 597,10 + 962 + 981,60 + 394,40 + 130,40 + 64 + 45,40 + 56,80 + 64,60 + 212,60 + 511,20 + 889,80 + 2626,30 + 758,20 = 9892) manat borc hesablanmışdır, həmin borc məbləği iddiaçıdan tələb olunur, sayğac çıxarıldığı gündən əvvəlki ay - 2018-ci ilin sentyabr ayıdır, həmin ay üzrə iddiaçının sayğacla aparılmış orta günlük sərfiyyatı 2,15 (64,6:30=2,153) manat təşkil edir, iddiaçıdan qaz sərfiyyatına görə 2018-ci ilin oktyabr ayı və 2020-ci ilin fevral ayı üzrə həm akt, həm də sayğac sərfiyyatı üzrə hesablaşma aparılmışdır. Bununla bərabər, qaz sayğacının çıxarılmasına, o cümlədən onun zədələnməsinə səbəb olan hallarla bağlı iddiaçının (istehlakçının) təqsiri məhkəmə tərəfindən müəyyən olunmur.

55. Məhkəmə kollegiyası iddiaçıdan silinməli olan borc məbləğinə münasibətə qeyd edir ki, bu zaman sayğac olmadığı dövr ərzində istifadə edilmiş qazın dəyəri, qanunvericiliyə uyğun olaraq, sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun olaraq 1033 (480 gün (16 ay) x 2,153 manat = 1033) manat həddində müəyyən edilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, əsassız olaraq hesablanmış 9892 manat borcdan 8859 (9892-1033=8859) manat borc silinməlidir.

56. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi, İddiaçı **********00640 saylı abonent koduna Cavabdeh tərəfindən hesablanmış 8859 (səkkiz min səkkiz yüz əlli doqquz) manat borcun silinməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, Cavabdehndən 108 (yüz səkkiz) manat 60 (altmış) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür.

57. Həmçinin, məhkəmə Kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xərci olaraq 126 (bir yüz iyirmi altı) manat məbləğində pul İddiaçı və Cavabdehndən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) VÖEN:**********; Hesab AZ34CTRE******************** ödənilməlidir.

58. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(011)-576/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xərci olaraq 126 (bir yüz iyirmi altı) manat məbləğində pul İddiaçı və Cavabdehndən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) VÖEN:**********; Hesab AZ34CTRE******************** ödənilsin Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar