Məhkəmə qərarları › İş №2(103)-4127/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4127/2023

27.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4127/2023 27.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1238/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq 1 bağ massivində yerləşən 961 saylı bağ evi İddiaçı (bundan sonra iddiaçı) məxsusdur (abonent haqqında məlumata əsasən 2349 saylı evin, 0001 saylı mənzili). İddiaçı ilə cavabdeh "xxxx" ASC (bundan sonra cavabdeh) arasında bağlanmış müvafiq müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən elektrik enerjisi ilə təchiz edilmiş və iddiaçıya **********90001 nömrəli abonent kodu verilməklə, ötürülən elektrik enerjisinin hesablanması məqsədi ilə evin xarici tərəfində elektrik sayğacı quraşdırılmışdır. Həmin ünvan üzrə istifadə edilmiş elektrik enerjisinə görə xx.xx.2022-ci il – xx.xx.2022-ci il tarixlərdə 111,97 manat, xx.xx.2022-ci il – xx.xx.2023-cü il tarixlərdə 127,70 manat və xx.xx.2023-cü il - xx.xx.2023-cü il tarixlərdə 252,80 manat məbləğində pul hesablanmış və bununla bağlı cavabdeh tərəfindən iddiaçıya hesab (qəbz) təqdim edilmişdir. İddiaçı bu məbləğlərlə razılaşmayaraq, cavabdehə müraciət etmiş və elektrik sayğacının çıxarılmasını, laboratoriya şəraitində yoxlanılaraq, nəticəsi üzrə rəy verilməsini xahiş etmişdir. Həmin müraciət üzrə cavabdehin əməkdaşları tərəfindən elektrik sayğacına baxış keçirilmiş və sayğacın axan yükə əsasən sərfiyyatı düzgün qeyd etdiyi, xəta ilə işləməməsi müəyyən edilmişdir. Bu barədə iddiaçıya məlumat verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC tərəfindən ünvan 2nin sayğacına (abunə kodu **********90001) hesablanmış 364 manat borc məbləğinin qanunsuz və əsassız hesab edilərək, silinməsi və yeni sayğacın quraşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq 1 bağ massivi ünvanında olan 961 saylı bağ ona məxsusdur. Həmin ünvana abunə kodu **********90001 olan sayğac quraşdırılmışdır. Təxminən 2013-cü il tarixdə "xxxx" ASC-nin Sabunçu rayon Maştağa İşıq İdarəsinin nəzarətçisi tərəfindən bağa 2012-ci il tarixdə istehsal olunan sayğac quraşdırılmışdır. Uzun müddət hər ay nəzarətçi tərəfindən yoxlama zamanı sayğacda heç bir qüsur və ümumiyyətlə evdə kənar xəttin və həyətdə elektrik sərfiyyatına təsir edəcək hər hansı bir elektrik avadanlığının olduğu aşkar edilməmişdir. O, özü də bunu etiraf etmişdir. Buna baxmayaraq son bir neçə ay ərzində 364 manat məbləğində borc hesablanmışdır. Həmin məbləğdə borcun hesablanması qanunsuzdur və bu səbəbdən silinməlidir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1238/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, "xxxx" ASC tərəfindən ünvan 2 ünvanına (abonent kodu **********90001) əsassız hesablanmış 233.20 manat borcun silinməsi, "xxxx" ASC-dən 30 manatın alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim X9)

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, "xxxx" ASC tərəfindən təqdim edilmiş abunəçi İddiaçı abunə məlumatlarına baxdıqda müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər ona hesablanmış sərfiyyatın ümumi məbləği 464,48 manat təşkil etmişdir. Həmin cədvəlin davamında abunəçi tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər edilən ümumi ödənişlərin məbləği isə 458,79 manat təşkil etdiyi görünür (mülki işin 7-ci səhifəsi). Təqdim edilmiş cədvələ əsasən sərfiyyatla ödəniş məbləği arasında 5,69 manat ödənilməmiş məbləğ müəyyən edilir (464,48-458,79=5,69 manat). Həmin cədvəlin 2022-ci il üzrə aylıq sərfiyyat və ödəniş məbləğlərinə baxdıqda isə onların hər ay üzrə ortalama 30-40 manat olması, mübahisə edilən son aylarda isə sərfiyatın məbləğinin 77 və 97 manat olması müşahidə olunur. Qeyd olunanların qeyri müəyyənlik kimi qəbul olunmasını iddiaçı onunla əsaslandırmışdır ki, onun istifadəsində olan sayğac istismar olunduğu dövrdən, mübahisə yaranan dövrə qədər sərfiyyatı təxminən eyni məbləğdə hesablayır. Bunu cavabdeh tərəfindən təqdim edilmiş cədvəldəki göstəricilər də təsdiq edir. İddiaçı sübut kimi onu da qeyd etmişdir ki, mübahisələndirilən dövrdən sonra, yəni mart-aprel ayları üzrə sərfiyyatın məbləği müvafiq olaraq 15 manat təşkil etmişdir ki, bu da işə əlavə edilmiş xx.xx.2023 xx.xx.2023 tarixləri əhatə edən qəbzlə təsdiq olunur. Bu qeyri-müəyyənliyi iddiaçı elektrik sayğacın texniki nasazlığı və ya istismar müddətinin keçməsi ilə əlaqələndirərək, sayğacın dəyişdirilməsi üçün "xxxx" ASC-nin müvafiq qurumlarına müraciət etmişdir. Cavabdehin nümayəndəsi isə iddiaçının istifadəsində olan elektrik sayğacının qeyd etdiyi sərfiyyatla əlaqələndirmişdir. Sübut kimi, sayğacın xəta ilə işləməməsi barədə "xxxx" ASC tərəfindən iddiaçıya baxışın keçirilməsi və sayğacın axan yükə əsasən sərfiyyatı düzgün qeyd etməsi barədə 20 fevral 2023-cü il tarixli, 13-13/2-2/17-M-550-5/2023 nömrəli məktubu təqdim edilmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə mübahisələndirilən dövrün sərfiyyatında qeyri müəyyənliyin olması qənaətinə gəlmişdir. Mübahisələndirilən dövr üçün abunə hesabına əsassız olaraq hesablanmış 364,77 manat borcun 131,57 manat hissəsinin iddiaçı tərəfindən könüllü olaraq ödəməsini nəzərə alaraq hazırda əsassız hesablanmış borcun 233,20 manat təşkil etdiyi müəyyən olunur (364,77-131,57=233,20) Nəticədə məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin olunmaqla, cavabdeh "xxxx" ASC tərəfindən ünvan 2 ünvanına əsassız hesablanmış 233.20 manat borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsinə əsasən bu tip mübahisələrdə sübutetmə vəzifəsi icraçının, yəni "xxxx" ASC-nin üzərinə düşür ki, hazırki işdə ASC tərəfindən məhkəməyə həmin borcun yaranma səbəbləri barədə təqdim etdiyi sübutlar bir birinə ziddiyyət təşkil edir. Eyni zamanda məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqları üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, buna görə də, 30 manat dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.

6. Məhkəmə öz mövqeyini “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı, 13.8-ci, 17-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.6-cı, 8.2-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76-cı, 119.1-ci, 124.1-ci, 217-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1238/2023 saylı, 18 aprel 2023-cü il tarixli qətnaməsinin qismən iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsi və iddianın tam təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus ünvan 2ndə (abunə kodu: **********90001 ) quraşdırılmış elektrik sayğaca hər ay baxış keçirilir və abunə haqqında məlumatda istifadə olunan elektrik enerjisinin sərfiyyatı qeyd olunur. Baxış zamanı mənzilə məxsus 15830699M436232 nömrəli elektrik sayğacın elektron tablosu üzərində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər göstəricinin 39.607 kvts olduğu müəyyən edilmişdir. İstifadə olunan elektrik enerjisi 969 kvts təşkil etmişdir (969 kvts*0,08 = 77,52 manat, limitdən artıq sərfiyyat – 34,45 manat = 111,97 manat); xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər göstəricinin 40.697 kvts olduğu iddiaçıya ünvanlanmış müəyyən edilmişdir. İstifadə olunan elektrik enerjisi 1.090 kvts təşkil etmişdir (10.090 kvts*0,08 =87,20 manat, limitdən artıq sərfiyyat – 40,50 manat = 127,70 manat); xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər göstəricinin 41.767 kvts olduğu müəyyən edilmişdir. İstifadə olunan elektrik enerjisi 1.070 kvts təşkil etmişdir (10.070 kvts*0,08 =85,60 manat, limitdən artıq sərfiyyat – 39,50 manat= 125,10 manat). xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər iddiaçi tərəfindən istifadə olunan elektrik enerjisinin dəyəri 364,77 manat təşkil etmiş, iddiaçı tərəfindən yalnız 111,97 manat ödənilmişdir (son ödəniş xx.xx.2023-çü il tarixdə). İddiaçı abonent (abunə kodu: **********90001) xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər istifadə olunan elektrik enerjisinə görə mövcud olan 252,80 manat məbləğındə borc İddiaçı tərəfindən ödənilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir.

11. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi istilik enerjisinin dəyərini sayğacın göstəricilərinə (sayğac yalnız binanın istilik şəbəkəsinə qoşulma nöqtəsində quraşdırıldığı halda isə bu Qanunun 11-ci maddəsinin birinci hissəsində göstərilən istilik enerjisindən istifadə qaydalarına) əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik və istilik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik və istilik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

13. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsinə əsasən icraçı görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. Abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçıdır. Məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır; 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir; 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir; 8.15-ci bəndinə əsasən ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda, elektrik sayğaclarına onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə yenidən hesablaşma aparılır. 8.16-cı maddəsinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Hazırkı apellyasiya şikayətində qətnamənin qismən, yəni iddianın təmin olunan hissədə ləğv edilməsi və iddianın tam təmin olunmaması xahiş olunduğundan, qətnamə yalnız iddianın təmin edilmiş hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

20. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə hesablaşma elektrik sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı, o cümlədən məişət abonenti tərəfindən həmin sayğacların zədələnməsi (plombun qoparılması, baxış şüşəsinin sındırılması, gövdəsinin zədələnməsi və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), habelə sayğacdan kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulması hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmişdir. Bununla belə, bu işlərin görülməsini təmin edən, o cümlədən sayğacın işlək vəziyyətdə saxlanılmasına və elektrik enerjisindən düzgün istifadə edilməsinə nəzarət edən enerji təchizatı müəssisəsinin əməkdaşları bu sahədə hər hansı pozuntular aşkar etdikdə bunun səbəblərini qanunvericiliyin tələblərinə uyğun araşdırmalı və rəsmiləşdirməlidir. Bu zaman pozuntular bilavasitə istehlakçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində yaranmasını sübut etmək vəzifəsini də məhz enerji təchizatı müəssisəsi daşıyır. Əks halda, pozuntunun istehlakçı tərəfindən yol verilməsinə dair aparılmış hər hansı rəsmiləşdirmə hüquqi nəticə etibarı ilə etibarsız, bunun nəticəsi olaraq, istehlakçıya hesablanmış zərər məbləği isə əsassız olacaqdır.

21. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, "xxxx" ASC tərəfindən təqdim edilmiş abunə haqqında məlumata əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi sərfiyyatın ümumi məbləği 464,48 manat, abunəçi tərəfindən ödənilmiş ümumi məbləğ 458,79 manat, sərfiyyatla ödəniş məbləği arasında fərq isə (464,48-458,79=5,69 manat) 5,69 manat təşkil edir. Həmin cədvələ əsasən 2022-ci il üzrə elektrik enerjisinin aylıq sərfiyyat həcmi, avqust (53,60 manat) və sentyabr (56,72 manat) ayları istisna olmaqla 15-25 manat dəyərində olmuş, yalnız sonuncu iki, yəni mübahisəli ay müvafiq olaraq 77,52 və 87,20 manata yüksəlmişdir.

22. İddiaçı tərəfindən ay ərzində maksimum 52,64 manat (cəmi bir dəfə) dəyərində elektrik enerjisinin sərf edilməsi 2020-2021-ci illərin göstəriciləri ilə də öz təsdiqini tapır. İddiaçı da 2022-ci ilin noyabr – 2023-cü ilin fevral ayları üzrə sayğacın göstəriciləri ilə razılaşmayaraq, cavabdehə müraciət etmiş və sayğacın çıxarılması və laboratoriya şəraitində muayinə edilərək, nəticələrinə dair rəyin tərtib edilməsini xahiş etmişdir.

23. Bununla belə, iddiaçı sayğacın göstəricilərində anlaşılmazlıq aşkar edərək, bu məsələnin aydınlaşdırılması məqsədi ilə cavabdehə yazılı müraciət etmişdir. Lalik buna baxmayaraq, cavabdehin əməkdaşları sayğaca baxış keçirməklə kifayətlənmişlər və bu hallara uyğun olaraq sayğacın yoxlanılmasını, o cümlədən laboratoriya şəraitində müayinəsini həyata keçirməmişdilər. Halbuki, həm iddiaçının müraciəti, həm də ona aid abunə məlumatında olan göstəricilər belə bir yoxlamanın keçirilməsi zərurətini bilavasitə yaratmışdır.

24. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçıya məxsus bağ evində quraşdırılmış elektrik sayğacın 2022-ci ilin noyabr – 2023-cü ilin fevral ayları üzrə göstəricilərinin son iki ilin ortalama göstəricilərindən bir neçə dəfə yüksək olmasını istehlakçının təqsiri ucbatından əmələ gəlməyən qüsur kimi qiymətləndirir və belə qənaətə gəlir ki, həmin ev üzrə real olaraq 233,20 manat dəyərində elektrik enerjisindən istifadə edilməmişdir. Bu da öz növbəsində bu məbləğin silinməsini şərtləndirir.

25. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq 233,20 manat məbləğində borcu əsassız hesablanmış borc kimi qiymətləndirmiş və iddiaçının abunə hesabından silmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və bu səbəbdən təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh "xxxx" ASC-yə aid edilməlidir.

26. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə silinməli olan 233,20 manat pul, məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: . Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1238/2023 nömrəli, 18 aprel 2023cü il tarixli qətnaməsi cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh "xxxx" ASC-yə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar