Məhkəmə qərarları › İş №2(103)-4128/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4128/2022

31.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4128/2022 31.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pul tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, e-2(001)-1948/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 31 avqust 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 23 aprel 2020-ci il tarixli, 039/2020 saylı “məhsulların nisyə alğı-satqısı barədə” müqavilədən görünür ki, İddiaçı MMC Cavabdeh ümumi dəyəri 30000 manat olan məhsulu satmağı, sonuncu isə həmin məhsulları nisyə olaraq qəbul edib borcu 3 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür.

2. 23 aprel 2020-ci il tarixli “mövcud borcun etirafı haqqında mücərrəd müqavilə”dən görünür ki, Cavabdeh İddiaçı MMC-yə ödəməli olduğu 30000 manat pulu 3 aya qədər tam ödəməyi öhdəsinə götürmüşdür.

3. 23 aprel 2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, həmin tarixdə İddiaçı MMC Cavabdeh ümumi dəyəri 30000 manat olan müxtəlif adda məhsullar təqdim etmiş, Cavabdeh aktda göstərilənləri qəbul etmişdir.

4. Cavabdeh iddiaya etiraz ərizəsinə əlavə edilmiş sosial arayışdan görünür ki, 10 sentyabr 2019-cu il tarixdən 05 oktyabr 2020-ci il tarixə qədər əmək haqqı 250 manat olmaqla İddiaçı MMC-də sənayə məhsullarının satış üzrə nümayəndə vəzifəsində işləmişdir.

5. 23 aprel 2020-ci il tarixli, 039/2020 saylı “məhsulların nisyə alğı-satqısı barədə” müqavilənin 5-ci bəndinə əsasən “Alıcı” “Satıcı”- nın hesabına ödəməli olduğu vəsaiti nağd və ya köçürmə formasında, yalnız “Satıcı”-nın səlahiyyətli nümayəndəsindən qəbz (təhsilat) almaqla ödəyir. Bu qaydanın pozulması nəticəsində yaranmış mübahisəyə görə məsuliyyəti “Alıcı” daşıyır.

6. İddiaçı MMC 27 sentyabr 2021-ci il tarixdə borcun ödənilməsinə dair Cavabdeh xəbərdarlıq məktubu göndərmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən aralarında olan müqavilə üzrə ödənilməmiş 4808,29 manat məbləğində pul vəsaitinin və 68,08 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alğı-satqısı” barədə 23 aprel 2020-ci il tarixli, 039/2020 saylı müqavilənin 1-ci bəndinə əsasən, iddiaçı cavabdehə nisyə (borc) olaraq ümumi dəyəri 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmağı, cavabdeh isə müqavilənin 2-ci bəndinə əsasən həmin məhsulları qəbul etməklə 3-cü bəndinə əsasən malların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında mövcud borcun etirafı haqqında 23 aprel 2020-ci il tarixli müqavilə bağlanmışdır ki, cavabdeh borclu olduğu 30000 manat pulu 3 aya qədər tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən tam olaraq yerinə yetirilməmiş, ona borcun ödənilməsin barədə xəbərdarlıqlar edilməsinə baxmayaraq 4808,29 manat məbləğində məhsulların dəyəri ödənilməmişdir.

9. Cavabdeh iddia ərizəsinə yazılı surətdə etiraz təqdim edərək, İddiaçı MMC-nin işçisi olduğunu, 05 oktyabr 2020-ci il tarixdə öz təşəbbüsü ilə işdən çıxdığını, bağlanmış müqavilə ilə ziyan vurduğu təqdirdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən ziyan vurulmasının aşkar edildiyi vaxtdan 1 il ərzində iddia qaldırılması müddətinin ötürüldüyünü, MMC bütün işçilərinə formal olaraq müxtəlif məbləğlərdə nisyə alğı-satqı müqaviləsinin imazalatdırdığını göstərmişdir. Həmin ərizədə İddiaçı MMC-nin cavabdehə qarşı pul tələbinə dair iddia müddətinin tətbiq edilməklə iddianın təmin edilməməsi xahiş olunmuşdur.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, e-2(001)- 1948/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan sənədlərdən görünür ki, tərəflər arasında iddia edilən öhdəlik əmək münasibətlərindən deyil, müqavilədən irəli gələn münasibətlərdən yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyin hissə-hissə ödənilməsi şərti razılaşdırılsa da, müqavilədə pul vəsaitinin hansı dövrlər üzrə hansı həcmdə ödəniləcəyi barədə digər mühüm əhəmiyyət kəsb edən razılaşma öz əksini tapmamışdır. İddiaçının cavabdehə onun etdiyi ödəniş müqabilində verdiyi qəbzləri təqdim etməklə cavabdehin əsas borc üzrə ödənişin hansı həcmdə ödəməməsini müəyyən etmək mümkün olardı. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında olan münasibətlər üzrə öhdəliyin icra edilməməsi deyil, lazımınca icra edilməməsi barədədir. Qeyd olunanlara əsasən hazırda iddiaçının irəli sürdüyü tələblər əsaslandırılmamış olduğu görünür, iddia üzrə cavabdehin öhdəliyi lazımınca icra etməməsini müəyyən etmək mümkün olmur.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 405.1, 601.1, 600.4, 529.1, 529.7 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

13. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apelyasiya şikayətində göstərilmişdir ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən deyil, müqavilədən irəli gələn münasibətlərdən yaranması məhkəmə araşdırması ilə müəyyən edilmişdir. İddianın rədd edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində də bunu təsdiqləmişdir. Lakin daha sonra məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, guya iddiaçının irəli sürdüyü tələblər əsaslandırılmamışdır. Halbuki, iş materiallarına əlavə edilmiş “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2020-ci il tarixli, 039/2020 saylı müqavilə, cavabdehin İddiaçı MMC-nin rəhbərinin adına yazdığı ərizə və müqavilə üzrə malların cavabdehə təhvil verildiyini təsdiq edən təhvil təslim aktı ilə iddianın tam əsaslı olduğu sübuta yetirilmişdir. Məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, guya tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin hissə-hissə icrası şərti razılaşdırılsa da, müqavilədə pul vəsaitinin hansı dövrlər üzrə hansı həcmdə ödəniləcəyi barədə digər mühüm əhəmiyyət kəsb edən razılaşma öz əksini tapmamışdır. Lakin təəssüflər olsun ki, məhkəmə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini öz qətnaməsində təhrif etmişdir. Belə ki, müqavilədə öhdəliyin hissə-hissə icrası şərti mövcud deyildir. Müqavilənin 3-cü bəndinə əsasən, borclu müqavilə məbləğini 3 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Həmin şərtin hərfi mənasından da aydın olur ki, öhdəlik hissə-hissə deyil, növbəti 3 ay ərzində istənilən vaxt tam şəkildə icra edilməlidir. Bundan başqa tərəflər arasında bağlanmış müqavilə məhkəmə tərəfindən istinad edilən maddi hüquq normalarının və Mülki Məcəllənin digər normalarının bütün tələblərinə uyğun tərtib edilmiş və tərəflər həmin müqaviləni öz imzaları ilə təsdiqləmişlər. Müqavilənin etibarsız hesab edilməsi və ya ləğv edilməsi üçün heç bir əsas mövcud deyil və məhkəmə öz qətnaməsində belə bir nəticəyə gəlməmişdir. Belə olan halda, iddianın rədd edilməsinin heç bir hüquqi əsaslandırılması yoxdur. Məhkəmə müqavilə öhdəliklərinin icrası tələbləri üzrə iddialara baxıldığı halda, ayrıca icraatda həmin müqavilələrin etibarsızlığı tələblərinə baxılmasının mümkünlüyünə dair qanunvericiliyin tətbiqi üzrə mübahisəli hüquqi məsələnin müzakirəyə çıxarılmasına dair Ali Məhkəmənin 03 iyun 2021-ci il tarixli məlumata istinad etmişdir. Məlumatda yazılıb: “Nəzərə alınması tövsiyə olunur ki, kredit borcunun tutulması tələbinə dair işə baxan məhkəmə mübahisəni mahiyyəti üzrə həll edərkən iddianın əsaslı olub-olmadığını müəyyən etmək üçün ilk növbədə bu tələbin əsasını təşkil edən etibarlı borc müqaviləsinin bağlanıb-bağlanmadığını müəyyən etmək vəzifəsi daşıyır və həmin vəzifəni yerinə yetirməklə tələbin qanuni və əsaslı olmasına hüquqi qiymət verir”. Lakin məhkəmə həmin Məlumatın hazırki işə tətbiq edilməsinin zəruriliyini və bu “tətbiqetmə”nin nəticələri barədə öz qətnaməsində heç nə yazmamışdır. Lakin, qeyd edilməlidir ki, istinad edilən Məlumatın hazırki mübahisəyə tətbiq edilməsi yolverilməzdir. Çünki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki: “Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil”. Yəni, indiki halda, tərəflər arasında bağlanmış müqavilənin mövcud qanunvericiliyin və Mülki Məcəllənin tələblərinə əməl edilməklə bağlanması, cavabdehin həmin müqavilə ilə bağlı dediklərindən də üstündür və cavabdehin dedikləri həmin müqavilənin qanuniliyini və etibarlılığını şübhə altına sala bilməz.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İzahatında əlavə olaraq bildirdi ki, iddiaçı ilə cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı” barədə 23 aprel 2020-ci il tarixli, 039/2020 saylı müqavilənin 1-ci bəndinə əsasən, iddiaçı cavabdehə nisyə (borc) olaraq ümumi dəyəri 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmağı, cavabdeh isə müqavilənin 2-ci bəndinə əsasən həmin məhsulları qəbul etməklə 3-cü bəndinə əsasən malların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Təqdim edilmiş qəbzlərdən də görünür ki, cavabdeh öhdəlikləri qismən icra etsə də üzərinə götürdüyü öhdəlikləri tam icra etməmişdir. Həmçinin tərəflər arasında bağlanmış müqavilə etibarlı olmaqla hər iki tərəf üçün hüquq və vəzifələr yaratmışdır. Birinci instansiya məhkəməsi isə işin hallarına düzgün qiymət verməmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən təqdim edilmiş qəbzlərdə onun tərəfindən imza edilməmişdir. Həmçinin qəbzlərdən məlumatı olmamış, iddiaçının istinad etdiyi müqavilə formal olaraq bağlanmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

19. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

20. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

21. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

22. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

Apelyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmiş, qətnamə tam mübahisələndirildiyindən bütövlükdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir.

27. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlsə də, maddi hüquq normalarının tələblərini pozmuşdur.

28. Belə ki, iş materiallarından göründüyü kimi tərəflər arasında əmək münasibətləri olmuş, cavabdeh MMC-nin işçisi olmuşdur. İddiaçı ilə cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alğı-satqısı” barədə 23 aprel 2020-ci il tarixli, 039/2020 saylı müqavilənin 1-ci bəndinə əsasən, iddiaçı cavabdehə nisyə (borc) olaraq ümumi dəyəri 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmağı, cavabdeh isə müqavilənin 2-ci bəndinə əsasən həmin məhsulları qəbul etməklə 3-cü bəndinə əsasən malların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür.

29. Kollegiya hesab edir ki, 23 aprel 2020-ci il tarixli, 039/2020 saylı nisyə alqı-satqı müqaviləsi tərəflər arasında bağlanmış əmək və tam maddi məsuliyyət müqaviləsi üzrə işçinin işəgötürənə vura bilməsi güman edilən maddi ziyanın aradan qaldırılması məqsədi ilə bağlanmışdır.

30. Bununla yanaşı iddiaçı tərəf apellyasiya baxışı zamanı mədaxil qəbzləri təqdim etsə də qeyd edilməlidir ki, əsas vəzifələrindən biri şirkətə məxsus malların satışını təşkil etməkdən ibarət olan işçisi ilə iddiaçının 30000 manat məbləğində nisyə alqı-satqı müqaviləsi bağlaması, müqavilənin predmeti olan 30000 manat dəyərində malların şirkətin anbarından hansı qaiməyə əsasən çıxarılaraq cavabdehə təhvil verilməsi, bu müqavilə üzrə vergilərin kimin tərəfindən ödənilməsi barədə sübutların məhkəməyə təqdim edilməməsi, bu müqavilə üzrə ödənişlərin aparılması barədə mədaxil qəbzlərinin yalnız cavabdeh tərəfindən imzalanması, cavabdehə qarşı iddia tələbi ilə, sonuncu ilə əmək müqaviləsinə cavabdehin xahişi ilə xitam verildikdən sonra məhkəməyə müraciət olunması 23 aprel 2020-ci il tarixli, 039/2020 saylı nisyə alqı-satqı müqaviləsinin yalan əqd olmaqla tərəflər arasında bağlanmış əmək və tam maddi məsuliyyət müqaviləsi üzrə işçinin işəgötürənə vura bilməsi güman edilən maddi ziyanın aradan qaldılması məqsədi ilə bağlanması deməkdir.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).

32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi müqavilə yalan əqd olmaqla əhəmiyyətsiz olsa da birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan hallarına düzgün qiymət verməyərək, əhəmiyyətsiz əqd üzrə iddiaçının tələbini sübut edə bilməməsi əsası ilə iddianı rədd etmişdir.

33. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, əqd yalan əqd hesab olunduqda, həmin əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Lakin hazırki işdə iddiaçı əmək müqaviləsi və ondan doğan məsələlərlə bağlı hər hansı tələb (dəlil) irəli sürmədiyindən və hazırki işin icraatı çərçivəsində bu məsələni araşdırmaq mümkün olmadığından, həmin qaydaları tətbiq etmək mümkün deyildir.

5. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin icraatında olmuş analoji işlərdən görünür ki, (2(103)-5464/2022, 2(103)-5626/2022 saylı mülki işlər) hazırki iddia ərizəsi iddiaçının ilk tələbi olmamış, İddiaçı MMC öz işçiləri ilə müxtəlif vaxtlarda 30000 manat məbləğində nisyə alqı-satqı müqaviləsi bağlamış, sonradan isə həmin müqaviləyə istinad edərək iddia ərizələri ilə məhkəməyə müraciət etmişdir.

36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla iddia tələbinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

37. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

38. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. MPM-nin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

41. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

42. Göründüyü kimi birinci instansiya məhkəməsi iş üzrə düzgün əsaslandırma aparmayaraq maddi normanın tətbiqində səhvə yol verdiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbi başqa əsasla – iddiaçının istinad etdiyi müqavilənin əhəmiyyətsiz əqd olması əsası ilə iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

43. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə iddianın qiyməti 4808,29 manat pulun tutulması olmuşdur. Göründüyü kimi qeyd olunan məbləğ beş min manatdan az olduğundan, istinad edilən normanın tələbləri baxımından həmin qətnamədən kassasiya şikayətinin verilməsi istisna edilmişdir, bir sözlə apellyasiya instansiya məhkəməsinin qeyd olunan qətnaməsindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, e-2(001)- 1948/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə ödənilməmiş 4808,29 manat məbləğində pul vəsaitinin və 68,08 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” barədə iddia tələbi rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar