Məhkəmə qərarları › İş №2(103)-4130/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4130/2023

25.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4130/2023 25.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Mənzil Tikinti Koopetativinə qarşı iş üzrə (Açar sözlər: kirayə haqqının ödənlməsi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), un katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının nümayəndəsi və vəkili Vəkil3, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-469/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2020-ci il tarixli mənzil-tikintisi müqaviləsi bağlanmışdır.

2. Həmin müqaviləyə əsasən Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində tikilən binanın “D” girişində 12-ci mərtəbədə yerləşən 3 otaqdan, 130,21 kv.metr sahədən ibarət 278 saylı mənzil MTK tərəfindən payçı kimi İddiaçı adına rəsmiləşdirilmişdir. Müqavilə hər iki tərəfin imzaladığı tarixdən qüvvəyə minmiş və 24 ay müddətinə tikinti quraşdırma işləri başa çatdıqdan sonra mənzil payçıya verilənədək qüvvədədir.

3. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli kirayə müqaviləsindən görünür ki, kirayəyə verən X6 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 122,4 kv.m, yaşayış sahəsi 73 kv.m, yardımçı sahəsi 49,4 kv.m olan 3 otaqlı mənzilini kirayəçi İddiaçı xx.xx.2026-cı il tarixədək aylıq 900 manat kirayə haqqı ödənilməklə kirayəyə vermişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdehnə qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK tərəfindən mənzil təhvil verilmədiyi üçün cari ilin sentyabr ayından qalacağı mənzilin kirayə haqqının Cavabdeh MTK tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MTK arasında xx.xx.2020-ci il tarixli mənzil-tikinti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı xx.xx.2016-cı il tarixli qərarına və Nəsimi rayonu, İcra Hakimiyyəti Başçısının 263 və 264 saylı xx.xx.2017-ci il tarixli sərəncamın əsasən Cavabdeh MTK tərəfindən X1 məxsus ünvan 2 ünvanında yerləşən 3 saylı, 6 saylı, 7 saylı, 9 saylı mənzilləri, 46 kv.m olan qeyri-yaşayış sahəsi sökülmüşdür. Əvəzində ona Süleyman Rəhimov küçəsində tikiləcək çoxmərtəbəli binanın “D” girişində 11-ci və 12-ci mərtəbələrində hər biri ayrı-ayrılıqda 130,21 kv.m olan 271 və 278 saylı mənzillərin verilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı Cavabdeh MTK və Məmmədhüseyn Kamil oğlu xx.xx.2020-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizə ilə MTK-ya müraciət edərək ona əvəzlənmə kimi MTK tərəfindən verilən binanın “D” girişində 12-ci mərtəbədə, 3 otaq 130,21 kv.metrdən ibarət 278 saylı mənzili 1978-ci il təvəllüdlü ünvan 3 ünvanda qeydiyyatda olan İddiaçı adına rəsmiləşdirilməsini xahiş etmişdir. Ərizə əsas götürülərək Cavabdeh MTK ilə İddiaçı ilə müqavilə bağlanaraq Süleyman Rəhimov küçəsində tikilən binanın “D” girişində 12-ci mərtəbədə, 3 otaq 130,21 kv.metrdən ibarət 278 saylı mənzil İddiaçı adına rəsmiləşdirilmişdir və MTK-ya maliyyə borcu yoxdur. xx.xx.2021-ci il tarixli, № M-21 saylı müqaviləyə əsasən, tikilən yeni yaşayış binasının Avtomobil üçün “D” blokunun qaraj sahəsində yerləşən 84 saylı 37,50 kv.m olan 1 Qaraj sahəsi ayrılmışdır. Həmin müqaviləyə əsasən, tərəfindən Bakı şəhəri Nəsimi rayonu, Süleyman rəhimov küçəsində işa etdiyiniz çox mərtəbəli binanın “D” girişi 12-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi 130,21 kv.m olan 278 saylı mənzili əldə etmişdir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, tərəflərin sözügedən müqaviləni imzaladıqdan sonra mənzil 24 ay müddətinə tikinti quraşdırma işləri başa çatmalı və mənzil təhvil verilməli idi. Nəzərə çatdırır ki, hazırda kirayə yaşayır və daha kirayə qalmaq üçün maddi imkanı yoxdur. Buna görə də cari ilin sentyabr ayından MTK-dan əldə etdiyi mənzilə köçməyi planlaşdırırdı. Lakin mənzil hələ də təhvil verilməmişdir

6. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, cavabdeh ilə aralarında bağlanan xx.xx.2020-ci il tarixli mənzil-tikinti müqaviləsi bağlansa da, cavabdeh müqavilənin şərtlərini yerinə yetirməyib, bu səbəbdən kirayə yaşadığı mənzilin kirayə haqqını ödəməkdə çətinlik çəkir, həmçinin hesab edir ki, hazırkı müqavilədə nəzərdə tutulmamasına baxmayaraq, qeyd olunmalıdır ki, sentyabr ayı 2022-ci il tarixdən mənzil tam təhvil verilənə qədər kirayə yaşadığı mənzil haqqını tərəfindən ödənilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə öhdəlik qoyulmaqla, müqavilənin şərtləri icra edilsin. Qeyd edilənlərə əsasən Cavabdeh MTK tərəfindən yeni mənzil tam təhvil verilənə qədər, həmçinin daha əvvəl cavabdeh tərəfindən ödənilməli olan kirayə haqqının ödənilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, cavabdeh ilə aralarında bağlanan xx.xx.2020-ci il tarixli mənzil-tikinti müqaviləsi bağlansa da, cavabdeh müqavilənin şərtlərini yerinə yetirməyib, bu səbəbdən kirayə yaşadığı mənzilin kirayə haqqını ödəməkdə çətinlik çəkir. Həmçinin, hesab edir ki, Cavabdeh MTK-nın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəbindən ona hər ay üçün 900 manat məbləğində kirayə haqqı pul ödəmişdir və hazırda da ödəməyə davam edir. Halbuki, xx.xx.2020-ci il tarixli müqavilənin 9.1-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən 24 ay müddətinə mənzil ona təhvil verilməli idi. Lakin göründüyü kimi cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, bu səbəbdən ona maddi ziyan dəymiş və dəyməkdə də davam edir. Qeyd edilənlərə əsasən Cavabdeh MTK tərəfindən xx.xx.2020-ci il tarixli müqavilə öhdəlikləri yerinə yetirilmədiyi səbəbindən ona dəymiş (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) 2.700 manat məbləğində maddi ziyanın cavabdehdən tutularaq ona ödənməsi, 2023-cü ilin yanvar ayından etibarən Cavabdeh MTK tərəfindən yeni mənzil tam təhvil verilənə qədər hər ay üçün 900 manat məbləğində kirayə haqqının tutularaq ona ödənilməsini xahiş etmişdir.

8. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)- 469/2023 nömrəli qətnaməsi ilə (hakim Q.Y.Əliyeva) iddia tələbi təmin edilməmişdir.

9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, bağlanmış müqavilədə mənzilin 24 ay müddətində iddiaçıya təhvil veriləcəyi göstərilmişdir. Müqavilənin düzgünlüyü prezumpsiyası qüvvədə olduğundan iddiaçı mənzilin ona təhvil verilməməsi əsası ilə ona kirayə haqqı ödənilməli olduğunu qeyd etsə də, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh üzərinə belə bir öhdəlik götürməmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş öhdəliklərin hazırda iddia tələbinə aid hissədə icra edilməməsi, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəyməsi halları müəyyən edilməmişdir.

10. Bundan başqa, iddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixli kirayə müqaviləsini təqdim etsə də, müqavilə üzrə edilmiş kirayə haqqı ödənişlərini məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı iddia tələbində mənzilin təhvil verilməməsi nəticəsində kirayədə yaşadığını və bu səbəbdən də ona kirayə haqqı verilməli olduğunu göstərmişdir.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, binanın tikintisi başa çatmış və müqavilə üzrə sözügedən mənzil faktiki olaraq iddiaçıya təhvil verilmişdir, iddiaçı mənzildə təmir işləri aparır. Lakin iddiaçı mənzildə kommunal sisteminin olmaması ilə əlaqədar mənzilin ona tam təhvil verilmədiyi, mənzildə yaşamağın mümkün olmadığını bildirmişdir.

12. Beləliklə, mənzil faktiki olaraq iddiaçıya təhvil verilmiş, iddiaçı hazırda mənzildə təmir işləri həyata keçirir. Belə olan halda, iddiaçının iddia tələbində göstərdiyi halların mövcudluğu öz təsdiqini tapmamışdır. Eyni zamanda, iddiaçı hazırda Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində tikilən binanın “D” girişində 12-ci mərtəbədə yerləşən 3 otaqdan 130,21 kv.metr sahədən ibarət 278 saylı mənzildə yaşaya bilməməsi əsası ilə kirayə haqqı kimi ödədiyi 900 manat məbləğin xx.xx.2022-ci il tarixdən cavabdehdən onun xeyrinə tutulmasını xahiş etsə də, tərəflər arasında bağlanmış müqavilə üzrə kirayə haqqının ödənilməsi nəzərdə tutulmamışdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 324.1, 390.1, 390.5, 421.3, 425.1, 427.3, 430.1, 442-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 4.1, 9.1, 14.2, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. Belə ki, cavabdehin nümayəndəsi mənzilin təhvil verildiyini, lakin binanın tam hazır vəziyyətdə təhvil verilmədiyini öz ifadəsi ilə təsdiq etmişdir. Binanın tikintisinin başa çatması və mənzilin iddiaçıya təqdim edilməsi hələ cavabdeh tərəfindən qanunla nəzərdə tutulmuş öhdəliklərinin tam şəkildə yerinə yetirilmiş olması demək deyil. Tikinti şirkətinin öhdəlikləri (binanın təhvil verilməsi üçün müraciət edilməsi, kommunal xidmətlərlə təminat, mənzillərin sənədləşdirilməsinə başlanması və s.) hansı müddətlərdə icra ediləcəyi (icra qrafikini) alıcılara mütləq qaydada bildirilməli və müqavilə şərtlərinə daxil edilməlidir. Binanın təhvil-təslim prosesi həyata keçirilmədən alıcılara mənzillərin təhvil verilməsi alıcıların həyat təhlükəsizliyinə birbaşa risk yaradır. Cavabdehin nümayəndəsi öz ifadəsində liftin, qaz və istilik sayğaclarının quraşdırılmaması barədə bunların iddiaçıya heç bir aidiyyətinin olmamasını bildirmişdir. Mənzilin iddiaçı tərəfindən təmir edilməsi həyata keçirilsə də, bir insanın tam, rahat şəkildə mənzildə yaşaması üçün kommunal xidmətlərin olması vacibdir. Cavabdeh tərəfindən öhdəliklərin tam yerinə yetirilməməsi səbəbindən iddiaçı bugünə qədər kirayədə yaşamağa məcbur qalmış və hər ay kirayə haqqı ödəmişdir. Qeyd olunan hallar məhkəmə tərəfindən nəzərə alınmamış, məsələyə yalnız cavabdeh aspektindən baxılaraq faktlara hüquqi qiymət verilmişdir. Binanın tikintisi tam başa çatdıqdan sonra müvafiq icra orqanlarından rəylər alınmalı və binanın tam istismara yararlı vəziyyətdə olduğu müvafiq sənədlərlə təsdiq edildikdən sonra mənzillər alıcılara təqdim edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, mənzildə sadəcə təmir işləri görməyə icazə verilmişdir, mənzilin təhvil verilməsi üçün iddiaçıya yazılı sənəd təqdim olunmalıdır. Mənzilin təhvil verilməsi üçün işığı, yanğın su hovuzu, içməli su hovuzu olmalıdır.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və suallara cavab olaraq bildirdi ki, artıq binada yaşayanların sayı kifayət qədər artmışdır. Onların tərəfindən bütün tikinti-quraşdırılma işləri yerinə yetirilmiş və yekunlaşmışdır. Yerli baxış zamanı iddiaçı tərəf mənzilin qapısını açmadığından mənzilə baxış keçirilmədi. Mənzil təhvil verilmişdir. Cavabdeh öz öhdəliyini yerinə yetirmişdir. İddiaçının maddi vəziyyətinin yaxşı olmamasından təmir edə bilməməsi cavabdeh tərəfindən hər hansı öhdəliyin yerinə yetirilməməsi mənasına gəlmir. Binanın birinci blokunda görülən işlər yeni yekunlaşmışdır. Tam bitmədən binanın istismara qəbul edilməsi üçün dövlət komissiyasına müraciət edilmir. Sayğaclar artıq sifariş olunub və quraşdırılmağa başlanılır. Binanın yerində əvvəl evi olub sökülən sakinlərə verilən kirayə haqqı müxtəlif məbləğlərdə olmuşdur. Onlara 250-300 manat kirayə haqqı ödənilmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür.

21. Azərbayan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Madddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul etməklə iddia qismən təmin edilməlidir.

26. Belə ki, işə baxan birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.

27. Tərəflər arasında bağlanmış müqavilənin 9.1-ci bəndinə əsasən müqavilə hər iki tərəfin imzaladığı tarixdən qüvvəyə minir və 24 ay müddətində tikinti-quraşdırma işləri başa çatdıqdan sonra mənzil payçıya verilənədək qüvvədədir.

28. Həmin müqavilə üzrə MTK üzərinə müəyyən öhdəliklər götürmüşdür: binanın ümumi tikinti-quraşdırma işlərini, fasad tərtibatını və bina ətrafında abadlıq işlərini layihəyə uyğun tam başa çatdırmaq, bina üçün yeraltı su ehtiyyatı anbarı quraşdırmaq və s.

29. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mənzil iddiaçıya MTK tərəfindən faktiki olaraq təhvil verilsə də və iddiaçı tərəfindən mənzilində təmir işləri görülsə də, yaşayış üçün tam şərait olmadığından iddiaçı təmiri yekunlaşdıraraq mənzilinə köçə bilməmişdir.

30. Tərəflərin izahatlarından, habelə işə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən yerində müayinə zamanı müşahidə edilənlərdən aydın olur ki, cavabdeh MTK tərəfindən inşa olunan çoxmərtəbəli binada tam olaraq yaşayış yoxdur. Binada lift mövcuddur və işlək vəziyyətdədir. 12-ci mərtəbədə ümumi su xətti mövcud olsa da, mənzillər üzrə su xətti və sayğac yoxdur. Mənzillərdə təmir işləri görülür. Təmir işlərinin həyata keçirilməsi üçün pilləkən meydançasında yerləşən ümumi su xəttindən istifadə olunur. Suyun təzyiqi aşağıdır. Cari təmir olunan mənzillərdə elektrik enerjisi ümumi elektrik xəttindən istifadə olunur. Belə ki, ümumi elektrik xəttinə dəhliz boyu, divarın çölündən çəkilməklə naqillər vasitəsilə qoşulmuşdur. Bundan əlavə, binanın həyətində və ətrafında təmir və abadlıq işləri yekunlaşmamışdır (fotoşəkillər iş materiallarına əlavə edilmişdir).

31. Yerində müayinə zamanı həmin binanın sakini X2 məhkəmə kollegiyasına bildirmişdir ki, 13-cü mərtəbədə yerləşən mənzilini tam təmir etsə də, ailəsi ilə mənzilə ancaq gecə yatmağa gəlirlər. Belə ki, binada su, qaz xəttləri yoxdur, elektrik xəttini isə mənzilə müvəqqəti olaraq dəhlizdə yerləşən ümumi elektrik xəttindən özü çəkmişdir. Pilləkən meydançasında yerləşən ümumi su xəttində olan su qrunt suyudur. Binada təxminən 10 ailə yaşayır.

32. Müəyyən edildiyi kimi, cavabdeh tərəfindən inşa edilmiş binada təmir-tikinti işləri tam yekunlaşdırılmamış və iddiaçıya müqavilə üzrə təhvil verilməli olan mənzil hal-hazırda onun daimi yaşaması üçün yararlı deyil. Məhkəmə iclasında cavabdehin nümayəndəsinin bildirdiklərinə görə sayğaclar sifariş olunub və quraşdırılmağa başlanılır. Binanın yaşayış üçün əlverişli şəraitdə olmaması, təmir-tikinti işlərinin yekunlaşmaması öz təsdiqini tapdığından məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kirayə haqqının ödənilməsi ilə bağlı iddia tələbini irəli sürməkdə haqlı olmuşdur. Belə ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərini tam olaraq icra etməmişdir.

33. Məhkəmə kollegiyası iddiaçının tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, kirayə haqqının “bina təhvil verilənədək ödənilməsi” tələbi mücərrəd olmaqla binanın təhvil verilməsinin konkret olaraq hansı an ilə əlaqələndirildiyi iddiaçı tərəfindən dəqiq göstərilməmişdir. Məhkəmə təcrübəsində binanın müvafiq dövlət qurumları tərəfindən istismara qəbul edilməsindən öncə sakinlərin bütün kommunal xidmətlərlə təchiz olunmuş mənzillərdə yaşaması hallarına rast gəlinir. Belə olan halda məhkəmə kollegiyası tutulmalı olan kirayə haqqının hazırki iş üzrə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldığı tarixədək hesablanmasını ağlabatan hesab edir.

34. İddiaçı tərəfindən tələb edilən kirayə haqqının məbləği ilə bağlı kollegiya qeyd edir ki, iddiaçı təqdim etdiyi xx.xx.2022-ci il tarixli kirayə müqaviləsi üzrə edilmiş kirayə haqqı ödənişlərinə dair hər hansı sənəd təqdim etməmişdir. Ümumi məhkəmə təcrübəsinə əsasən pilot layilələr üzrə yaşayış binalarını inşa edən MTK-lar tərəfindən sakinlərə ödənilən kirayə haqqının məbləği bir ay üçün təqribən 500 manat təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı olan kirayə haqqının məbləği bir ay üçün həmin məbləğdə müəyyən edilməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-469/2023 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. xx.xx.2022-ci il tarixindən başlayaraq hazırki qətnamə qanuni qüvvəyə minənədək aylıq 500 manat məbləğində kirayə haqqı Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar