Məhkəmə qərarları › İş №2(103)-4131/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4131/2025

05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4131/2025 05.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 may 2025-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı MMC-nin buna səlahiyyəti olan nümayəndəsi MMC-nin adından cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, MMC ilə cavabdeh arasında xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə bağlanmış “Nisyə alğısatqı müqavilələri” üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 5.971,97 manat, müqavilələr üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyin icrasının gecikdirilməsinə görə müqavilələrin şərtlərinə əsasən hesablanmış cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 328,03 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün MMC-nin dövlət büdcəsinə ödəmiş olduğu dövlət rüsumunun əvəzi olaraq 83 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, onunla iddiaçı MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış "xxxx" əsasən MMC-dən, dəyərini 12 ay müddətində hissə-hissə, aybaay 450 manat, sonuncu ay isə 460 manat ödəmək şərti ilə ümumi qiyməti 5.410 manat, xx.xx.2024-cü il tarixdə bağlanmış "xxxx" əsasən isə, dəyərini 12 ay müddətində hissə-hissə, aybaay 433 manat, sonuncu ay isə 437 manat ödəmək şərti ilə ümumi qiyməti 5.200 manat olan məişət əşyaları almışdır. Cavabdeh, qeyd edilən müqavilələr üzrə MMC qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməmiş, müqavilələrin tərkib hissəsi olan və razılaşdırılmış “Ödəniş cədvəlləri” üzrə aybaay ödəniş etməmişdir. Nəticədə cavabdehin MMC-yə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1.936,56 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrəsə 4.035,41 manat, cəmi isə 5.971,97 manat məbləğində əsas borcu yaranmışdır. Müqavilələr üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyin icrasının gecikdirilməsinə görə MMC tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 225,44 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 102,59 manat, cəmi isə 328,03 manat məbləğində dəbbə hesablanmışdır. MMC, cavabdehə xəbərdarlı məktubları göndərərək, qeyd edilən məbləğlərin ödənilməsini cavabdehdən tələb etmiş, lakin cavabdeh həmin məbləğləri MMC-yə ödəməmişdir. Bu səbəbdən də, MMC hazırkı iddia ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət büdcəsinə 83 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, satıcı olaraq iddiaçı MMC ilə alıcı olaraq cavabdeh arasında bağlanmış hər iki “Nisyə alğı-satqı müqavilələri” üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 5.971,97 manat, müqavilələr üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyin icrasının gecikdirilməsinə görə müqavilələrin şərtlərinə əsasən hesablanmış cərimənin (dəbbənin) azaldılmasını və azaldılmış cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 298,03 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün MMC-nin dövlət büdcəsinə ödədiyi dövlət rüsumunun əvəzi olaraq 82,7 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı MMC-yə ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.

4. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, cavabdeh, onunla iddiaçı MMC arasında bağlanmış 2 "xxxx" üzrə dəyərini hissə-hissə və aybaay ödəmək şərti ilə MMC-dən məişət əşyaları alsa da, həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməmiş, müqavilələrin tərkib hissəsi olan və razılaşdırılmış “Ödəniş cədvəlləri” üzrə aybaay ödəniş etməmişdir. Nəticədə cavabdehin MMC-yə cəmi 5.971,97 manat məbləğində əsas borcu yaranmışdır. Müqavilələr üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyin icrasının gecikdirilməsinə görə MMC tərəfindən cavabdehə hər iki müqavilə üzrə cəmi 328,03 manat məbləğində dəbbə hesablanmışdır. MMC, həmin məbləğlərin ödənilməsini cavabdehdən tələb etsə də, cavabdeh həmin məbləğləri MMC-yə ödəməmişdir. Cavabdeh, MMC qarşısında üzərinə götürdüyü öhdəliklərin icra edilməməsinə görə mülki məsuliyyət daşıyır. Buna görə də cavabdehin MMC-yə olan əsas borcun ödənilməsi məqsədi ilə cavabdehdən MMC-nin xeyrinə 5.971,97 manat məbləğində pul tutulmalıdır. Bu hissədə iddia tələbi tam həcmdə əsaslıdır. Həmin məbləğ ilə yanaşı iddiaçı MMC xahiş edir ki, cavabdehdən onun xeyrinə 328,03 manat məbləğində dəbbə tutulsun. Məhkəmə hesab edir ki, bu tələb qismən əsaslıdır. Çünki tutulması tələb olunan dəbbənin məbləği kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərinə nisbətdə yüksəkdir. Buna görə də, müqavilələr üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyin icrasının gecikdirilməsinə görə müqavilələrin şərtlərinə əsasən hesablanmış cərimə (dəbbə) azaldılmalı və azaldılmış cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 298,03 manat cavabdehdən MMC-nin xeyrinə tutulmalıdır. Bundan başqa qeyd edilməlidir ki, cavabdeh, yaranmış borcu MMC-yə ödəmədiyi üçün, MMC hazırkı iddia ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət büdcəsinə dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. "xxxx" görünür ki, MMC iddia ərizəsinin məhkəməyə verilməsi üçün 83 manat məbləğində dövlət rüsumu ödəmişdir. Çəkilmiş bu xərc məhkəmə məsrəflərinə aid olduğundan və iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumunun 82,7 manat hissəsi cavabdehə, qalan hissəsi isə iddiaçı MMC-nin özünə aid edilməlidir. Buna gərə də, dövlət rüsumunun əvəzi olaraq 82,7 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçı MMC-yə ödənilməlidir. d) apellyasiya şikayəti və etiraz barədə məlumat

5. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, qətnamə ilə cavabdehdən iddiaçı MMC-nin xeyrinə tutulması qət edilmiş dəbbə pulu işin hallarına uyğun azaldılmamışdır. Rayon Məhkəməsi iddia tələbinin qismən təmin olunmasına baxmayaraq dövlət rüsumunu bütövlükdə cavabdehə aid etmişdir.

7. İddiaçı MMC apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, dəbbə pulunu və dövlət rüsumunun məbləğini qanuna uyğun qaydada azaltmışdır. Buna görə də, apellyasiya şikayəti təmin edilməməlidir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı barədə məlumat

8. İddiaçı MMC-nin nümayəndəsi və cavabdeh apellyasiya baxışı iclasının vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilsələr də, apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.

9. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) apellyasiya baxışının hədləri barədə məlumat

10. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı MMC qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirməmişdir.

11. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilib, iddianın rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, o, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir.

12. Odur ki, bunu, mübahisə predmetinin bölünməz olmadığını və MPM-in 372.6-ci maddəsinin tələbini nəzərə alan Məhkəmə, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamışdır. Çünki qeyd edilən prosessual normanın mənasına görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

13. Hazırkı apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

14. Belə ki, iddiaçı MMC ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış “Nisyə alğı-satqı müqaviləsindən” və işdə olan sənələrdən görünür ki, cavabdeh həmin müqaviləyə əsasən MMC-dən, dəyərini 12 ay müddətində hissə-hissə, aybaay 450 manat, sonuncu ay isə 460 manat ödəmək şərti ilə ümumi qiyməti 5.410 manat olan məişət əşyaları MMC-dən almışdır.

15. İddiaçı MMC ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış “Nisyə alğı-satqı müqaviləsindən” və işdə olan sənədlərdən görünür ki, cavabdeh həmin müqaviləyə əsasən, dəyərini 12 ay müddətində hissə-hissə, aybaay 433 manat, sonuncu ay isə 437 manat ödəmək şərti ilə ümumi qiyməti 5.200 manat olan məişət əşyalarını MMC-dən almışdır.

16. İşdə olan sənədlərdən görünür və cavabdeh tərəfindən mübahisələndirilmir ki, cavabdeh, qeyd edilən müqavilələr üzrə MMC qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməmiş, müqavilələrin tərkib hissəsi olan və razılaşdırılmış “Ödəniş cədvəlləri” üzrə aybaay ödəniş etməmişdir.

17. İddiaçı MMC-nin təqdim etdiyi hesablamalardan görünür ki, cavabdehin MMCyə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1.936,56 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 4.035,41 manat, cəmi isə 5.971,97 manat məbləğində əsas borcu yaranmışdır. Müqavilələr üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyin icrasının gecikdirilməsinə görə MMC tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 225,44 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 102,59 manat, cəmi isə 328,03 manat məbləğində dəbbə hesablanmışdır.

18. İşdə olan xəbərdarlıq məktublarından görünür ki, MMC, qeyd edilən məbləğlərin ödənilməsini cavabdehdən tələb etmişdir.

19. Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətində həmin məbləğlərin onun tərəfindən MMC-yə ödənilməsini və ya onun MMC-yə borcunun ümumiyyətlə olmadığını və yaxud onun həmin məbləğdə borcunun olmadığını bildirmir.

20. Göstərilənlərə əsasən müəyyən edilir ki, cavabdehin yuxarıda qeyd edilən hər iki "xxxx" üzrə iddiaçı MMC qarşısında icra edilməmiş öhdəliyi var.

21. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567.). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir (maddə 600.1.). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4.). Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (maddə 601.1.). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2.).

22. Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin hallarına yanaşdıqda müəyyən edilir ki, cavabdeh, onunla iddiaçı MMC arasında bağlanmış və yuxarıda qeyd edilən müqavilələr üzrə MMC qarşısında üzərinə götürdüyü öhdəliyin icra edilməməsinə görə mülki məsuliyyət daşıyır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməli və ödənilməmiş qalan 5.971,97 manat məbləğində əsas borcu iddiaçı MMC-yə ödəməlidir.

23. Bu baxımdan hesab edilməlidir ki, iddianın müzakirə edilən bu hissəsi, əsaslıdır. Rayon Məhkəməsi bu tələbi təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin qətnamənin bu hissəsinə aid dəlili əsassızdır.

24. İddiaçı MMC yuxarıda qeyd edilən müqavilələr üzrə cavabdehə cəmi 328,03 manat məbləğində dəbbə (cərimə) hesablamış və həmin məbləğin də cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

25. Məhkəmə qeyd edir ki, MMC ilə cavabdeh arasında bağlanmış müqavilələrdən görünür ki, müştəri olan cavabdeh “Ödəniş cədvəli” üzrə ödəniş şərtlərini pozduqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faiz həcmdə mübahisəsiz olaraq penya (cərimə) ödəyir.

26. Mülki Məcəllənin tələblərinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (maddə 467.).

27. Məhkəmə qeyd edilən maddi hüquq normalarının tələblərini və cavabdeh ilə iddiaçı MMC arasında bağlanmış müqavilələrin şərtlərini nəzərə alaraq hesab edir ki, 328,03 manat məbləğində cərimənin (dəbbənin) məbləği kreditorun – iş üzrə iddiaçı MMCnin həm əmlak mənafelərinə, həm də bütün əsaslı mənafelərinə uyğun olmuşdur. Lakin işə baxmış Rayon Məhkəməsi dəbbənin məbləğini azaltmış və bu mövqeyini əsaslandırmamışdır. Amma iddiaçı MMC-nin qətnamədən apellyasiya şikayəti verməmişdir.

28. Odur ki, iddiaçı MMC-nin apellyasiya şikayəti verməməsini, qətnamənin dəbbəyə aid hissəsi ilə bağlı cavabdehin verdiyi apellyasiya şikayətinin dəlilinin əsassız olmasını nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Daha sonra Məhkəmə bildirir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə qət etmişdir ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı MMCnin ödədiyi 83 manat məbləğində dövlət rüsumunun yalnız 82,7 manat hissəsi cavabdehə aid edilməlidir.

30. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsini bu nəticəsi də əsaslıdır. Belə ki, MPM-in “Məhkəmə xərcləri” adlı Vİİİ Fəslinin tələblərinə görə bu xərclər işin baxılması ilə əlaqədar məsrəflərə aiddir (maddə 115.). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119). Yuxarıda qeyd edildiyi kimi isə, işə baxmış Rayon Məhkəməsi dəbbə pulunun tutulması ilə bağlı tələbi qismən təmin etmişdir. Apellyasiya şikayətinin qətnamənin bu hissəsinə də aid dəlili əsassızdır. h) apellyasiya baxışının nəticəsi

31. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya şikayətinin dəlilləri əsassızıdır. Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və apellyasiya baxışının predmetini təşkil edən nəticəsinin tam və ya qismən ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsaslar yoxdur.

32. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 may 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar