Məhkəmə qərarları › İş №2(103)-4132/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4132/2023

10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4132/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, e-2(007)-1115/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 mart 2020-ci il tarixli 800804-861249/1 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 15,5 faiz ödəmək şərti ilə 18100 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı vaxtında ödənilməsini öhdəsinə götürmüş və kassa məxaric orderinə imza edərək müqavilə üzrə pul məbləğini 02 mart 2020-ci il tarixdə iddiaçı bankdan almışdır. İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış 06 dekabr 2021-ci il tarixli bildirişdən görünür ki, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur. İddiaçı hazırda ödənilməmiş borcu tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 02 mart 2020 il tarixli, 800804- 861249/1 nömrəli kredit müqaviləsi üzrə 10.504,05 manat məbləğində əsas borc və 1.620,48 manat faiz borcu olmaqla, cəmi 12.124,53 manat borcun və 126,78 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçıASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 02 mart 2020 il tarixli, 800804-861249/1 nömrəli kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 15,5% dərəcəsi ilə 18100 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. 14 fevral 2022 ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 10504,05 manat məbləğində əsas borc və 1620,48 manat faiz borcu olmaqla, ümumilikdə 12124,53 manat məbləğində kredit borcu yaranmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit borcu yaranmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, e-2(007) 1115/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, 02 mart 2020-ci il tarixli 800804 861249/1 saylı krediti müqaviləsi üzrə 10504,05 manat əsas borc, 1620,48 manat faiz borcu olmaqla, cəmi 12124,53 manat borc və ödənilmiş 126,38 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi Cavabdeh tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1-ci maddələri ilə əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə borcu dəqiq əks etdirən yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qəbul edilərkən tərəflərin bərabərlik hüquq və çəkişmə prinsipi pozulmuş və nəticə etibarı ilə tam əsaslı və qanuni qərar verilməmişdir. Belə ki, cavabdehin peşəkar hərbçi olması və məhkəmə prosesində iştirak imkanını məhdud olması səbəbindən borcun müəyyən hissəsinin qaytarılmasını əks etdirən lazımi sənədləri təsdiq edə bilməmiş və bununda nəticəsi olaraq cavabdehin üzərinə əlavə pul tələbi qoyulmuşdur. Həmçinin borcun qaytarılmasındakı gecikmələr cavabdehin hərbçi olaraq 44 günlük müharibədə iştirak etməsi və sonradan isə aldığı yaradan uzun müddət müalicədə qalması olmuşdur. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli müqavilədən isə normada qeyd edilən bu şərti müşahidə etmək olmur, bu isə hesablamaların düzgün aparılmamasına dəlalət edir. Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi qərar qəbul edərkən cavabdeh tərəfindən ödənilmiş və bank tərəfindən qəbul edilmiş, lakin bəzi hallarda təyinatı üzrə hesablanmayan məbləğlərin mövcudluğu ilə tələb edilən borcun reallığı əks etdirmədiyini müəyyən etməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasında öz nümayəndəsinin iştirakını təmin etmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iş üzrə borcu dəqiq əks etdirən yeni qətnamə çıxarılmasını xahiş etdiyindən məhkəmə kollegiyası hesab edir ki, qətnamə tam hissəsində yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı Mülki Məcəllə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 428.4. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan mətn) 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (xx.xx.2023-cü il tarixədək qüvvədə olan mətn)

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan mətn) 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan mətn)

743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan mətn)

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi - faiz borcu hissəsində dəyişdirilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02 mart 2020-ci il tarixli 800804-861249/1 saylı kredit müqaviləsi ilə bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 15,5 faiz ödəmək şərti ilə 18100 manat məbləğində kredit verilmişdir. Cavabdeh 36 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan 02 mart 2020-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh həmin tarixli kredit müqaviləsi üzrə pulu İddiaçı ASC-dən almışdır. İddiaçı tərəf qeyd olunan müqaviləyə münasibətdə təqdim etdiyi maliyyə arayışı ilə cavabdehin müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyararaq, nəticədə onun bank qarşısında 14 fevral 2022-ci il tarixə banka 10504,05 manat məbləğində əsas borc və 1620,48 manat faiz borcu olmaqla, cəmi 12124,53 manat məbləğində borcu yaranmasını bildirmişdir. Birinci instansiya məhkəməsi də cavabdeh tərəfindən ödənilməli olan borcun məbləğini müəyyən edərkən, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına istinad etmişdir. Bununla belə cavabdeh tərəf apellyasiya şikayətində tərəfindən ödənişlər edildiyini, lakin həmin ödənişlərin təyinatı üzrə hesablanmadığını bildirmişdir. Göründüyü kimi cavabdeh tərəf iddiaçı banka borcunun olmasını inkar etmir, lakin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş borcun məbləğini mübahisələndirir. Apellyasiya şikayətinin dəlillərini nəzərə almaqla iddiaçı tərəfindən verilmiş maliyyə arayışının və qətnamə qəbul edilən eləcə də bildiriş göndərilən tarixlərə kredit müqaviləsi üzrə əsas və faiz borcunun düzgün hesablanıb-hesablanmadığının müəyyənləşdirilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə 01 avqust 2023-cü il tarixdə 9/5738 nömrəli rəydən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 8000804-861249/1 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən; 06 dekabr 2021-ci il tarixədək, yəni bildiriş göndərilən tarixədək - əsas borc üzrə 10766,72 manat; faiz borcu üzrə 403,20 manat; 14 fevral 2022-ci il tarixə (yəni-maliyyə arayışı verilən tarixədək) əsas borc üzrə 10766,72 manat; faiz borcu üzrə 718,53 manat; qətnamə çıxarılan günədək, yəni 25 may 2022-ci il tarixədək - əsas borc üzrə 10766,72 manat və faiz borcu üzrə 1186,73 manat müəyyən edilir. Məhkəmə kollegiyası mövcud sübutlara və eskpert rəyinə qiymət verərək qeyd edir ki, 02 mart 2020-ci il tarixli 800804-861249/1 saylı kredit müqaviləsinə görə cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələblərinin pozulması halları mövcud olmuşdur. Bununla da cavabdehin bank qarşısında borcu yaranmışdır. Məhkəmə kollegiyası ilk olaraq tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 8000804-861249/1 saylı kredit müqaviləsi üzrə əsas borcun məbləğinə münasibətdə qeyd edir ki, ekspert rəyi ilə əsas borc (06 dekabr 2021-ci il tarixədək, yəni bildiriş göndərilən tarixədək, maliyyə arayışı verilən tarixədək eləcə də qətnamə çıxarılan günədək) 10766,72 manat müəyyən edilsə də iddiaçı tələbində əsas borc üzrə 10504,05 manat tələb etdiyindən həmçinin Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tutulmalı olan əsas borcun məbləği iddia ərizəsində tələb edilən və birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğdə, yəni 10504,05 manat müəyyən edilməlidir. Belə ki, qeyd edilən normaya əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə kollegiyası həmçinin bildirir ki, qeyd olunan maddənin ikinci cümləsində göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası digər tərəfdən qeyd edir ki, ekspertiza tədqiqatı nəticəsində müqavilə şərtlərinə uyğun hesablanmış – faiz borcunun məbləği iddia ərizəsi üzrə tələb və təmin edilən məbləğə uyğun olmamışdır. Belə ki, iddiaçı hazırda tələb etdiyi faiz borcunu 14 fevral 2022-ci il tarixli maliyyə arayışına əsasən tələb etsə də iddiaçı tərəfindən cavabdehə yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar edilməsi barədə 06 dekabr 2021-ci il tarixli bildiriş göndərilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tutulmalı olan faiz borcunun məbləği məhz cavabdehə ünvanlanmış bildirişin tarixinədək hesablanmalıdır. Həmin tarixə də faiz borcu ekspert rəyi ilə 403.20 manat hesablanmışdır (Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı). Beləliklə də, 02 mart 2020-ci il tarixli 800804-861249/1 saylı kredit müqaviləsi üzrə cavabdehin faiz borcu ekspert rəyində müəyyən olunmuş 403.20 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ekspert rəyinin nəticə hissəsini şübhə altına almaq üçün isə əsas yoxdur, həmin hissə ekspert tərəfindən müvafiq hesablamalar aparılmaqla əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi isə işin sadalanan hallarına dair araşdırma aparmayaraq (ekspertiza təyin etmədən) iddia tələbini faiz borcuna münasibətdə tam təmin etdiyindən məhkəmə kollegiyası cavabdehin borc məbləğlərinin düzgün hesablanmaması barədə apellyasiya şikayətinin dəlilini qismən əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilməli, 02 mart 2020-ci il tarixli 800804-861249/1 saylı kredit müqaviləsi üzrə cavabdehin faiz borcu 403.20 manat müəyyən edilməli, digər hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, e-2(007)- 1115/2022 nömrəli qətnaməsi İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02 mart 2020-ci il tarixli 800804-861249/1 saylı kredit müqaviləsi üzrə faiz borcu məbləği hissəsində dəyişdirilsin. 02 mart 2020-ci il tarixli 800804-861249/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalı olan faiz borcu 403.20 (dörd yüz üç manat iyirmi qəpik) müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul İddiaçı ASCdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən cavabdeh qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar