Məhkəmə qərarları › İş №2(103)-4132/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4132/2025

29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4132/2025 29.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), X1 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3300/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “alqı-satqı müqaviləsi üzrə pulun ödənilməsi” tələbinə dair kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1210 manat borcun və 33 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıdan xx.xx.2020-ci il tarixli, SRFK5672235 nömrəli müqavilə əsasında ümumi dəyəri 1320 manat olan məişət avadanlığı (avadanlıqları) əldə etmişdir. Cavabdehin müqavilə üzrə qismən ödəniş etdikdən sonra iddiaçıya 1210 manat borcu qalmış, öhdəliyini tam yerinə yetirməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3300/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia təmin edilərək, Cavabdeh xx.xx.2020ci il tarixli, SRFK5672235 saylı müqavilə üzrə 1210 (bir min iki yüz on) manat əsas borcun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 33 (otuz üç) manat olmaqla, cəmi 1243 (min iki yüz qırx üç) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsini, iddianın təmin edilməməsini barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti - qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması, tərəflər arasındakı faktiki münasibətlərə, işin hallarına düzgün hüquqi qiymət verilməməsi, iddia müddətinin ötürülməsi, məhkəmə tərəfindən bu halın düzgün müəyyən edilməməsi, nəticədə düzgün olmayan nəticəyə gəlinməsi və s. göstərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 394-1-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, SRFK5672235 saylı alqı-satqı müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh İddiaçı-dən hissə-hissə ödəniş şərti ilə 1320 manat məbləğində məişət avadanlığı əldə etmiş, ödənişləri isə 24 ay müddətinə aylıq 55 manat olmaqla həyata keçirməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı MMC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, SRFK5672235 saylı müqavilə üzrə 1210 manat məbləğində əsas (qalıq) borcunun ödənilməsi xahiş olunmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 33 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında alıq-satqı müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə öhdəliyini icra etmiş, cavabdeh isə müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir. Qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Həmçinin, cavabdehin müddətin tətbiqi barədə ərizəsinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında müqavilə iki il müddətinə bağlanmış, müddət 27 sentyabr 2022-ci il tarixdə bitmişdir. İddiaçı isə həmin tarixdən 3 il iddia müddəti ərzində (07 may 2025-ci il)məhkəməyə müraciət etmiş, bununla da iddia müddətini ötürməmişdir. Məhkəmə kollegiyası iddianın təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli, SRFK5672235 saylı alqı-satqı müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən cavabdehə dəyəri 1320 manat təşkil edən əşyalarının satılması, əşyaların cavabdehə təhvil verilməsi, sonuncunun isə həmin əşyalarının dəyərini hissə-hissə, yəni 24 ay müddətinə, hər ay 55 manat olmaqla ödəməyi öhdəsinə götürməsi işin mübahisə olunmayan hallarıdır. İddiaçı öhdəliyin cavabdeh tərəfindən lazımi qaydada icra olunmamasına əsaslanaraq ödənilməmiş 1210 manat pulun cavabdehdən tutulmasını tələb etmişdir. Cavabdeh isə etirazının əsası kimi iddia müddətinin kesçməsinə, habelə satılmış əşyanın qüsurlu olmasını bu səbəbdən də onun qalıq dəyərini ödəməməsini bildirmişdir. Qeyd edilməlidir ki, mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (Mülki Məcəllənin 389, 390 və s. maddələri). Əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Yazılı əqdin bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalamasıdır. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarı). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki qanunvericilikdə nəzərdə tutulan müqavilə növlərindən biri də alqı-satqısı müqaviləsidir. MM-in 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-nin 597.1-ci maddəsinə görə alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. MM-in 600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi yazılı ərizəsində və apellyasiya şikayətində satın aldığı əşyanın qalıq dəyərini ödəməməsini onda olan qüsurlarla əlaqələndirsə də, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmiş, keçən uzun müddət ərzində əşyanın qüsurları ilə bağlı tələb irəli sürməmişdir. Belə olan halda cavabdeh satın aldığı əşyanın dəyərini ödəməkdən imtina etməkdə haqlı olmamışdır. Cavabdeh həmçinin mübahisəyə iddia müddətinin tətbiq olunması barədə ərizə vermiş, bu istiqamətdə apellyasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, tərəflər arasında vaxtaşırı icra edilməli öhdəlik mövcud olmuş, o ilk vaxtlardan hissəvi ödənişləri həyata keçirməmiş, iddiaçı isə məhz həmin vaxtdan etibarən hüquqlarının pozulduğunu bilmiş, lakin qanunla müəyyən olunmuş 3 il müddət ərzində iddia qaldırmamışdır. Belə olan halda birinci instansiya məhkəməsi iddia müddətinin axımını məhz müqavilənin müddətinin başa çatdığı 27 sentyabr 2022-ci il tarixdən hesablamaqda haqlı olmamışdır. Məhkəmə kollegiyası cavabdehin qeyd edilən dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. MM-in 372.1 və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. MM-in 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır. MM-in 373-cü maddəsinə görə ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. MM-nin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. MM-nin 432.1-ci maddəsinə əsasən əgər kreditor razıdırsa, borclu öhdəliyi hissəhissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). Hazırkı halda isə, iş materiallarından müəyyən olunur ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə cavabdeh (alıcı) aldığı əşyanın dəyərini iki il müddətində hissə-hissə ödəməyi öhdəsinə götürmüş, son icra müddəti 27 sentyabr 2022ci il müəyyən edilmişdir. Həmçinin, tərəflər arasında yaranmış mülki hüquqi münasibətin (alqı-satqı müqaviləsi) xarakteri nəzərə alınmaqla, iddiaçı öhdəliyini tam yerinə yetirmiş, satdığı əşyaları faktiki olaraq cavabdehə təhvil vermiş, cavabdeh isə onları mülkiyyətinə qəbul etmişdir. Alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin hissə-hissə, yəni razılaşdırılmış müəyyən müddət ərzində ödənilməsi faktı isə həmin öhdəliyi vaxtaşırı icra olunan öhdəlik halına gətirmir. İşin hallarına əsasən müqavilə üzrə əşyanın dəyərinin ödənilməsinin son icra müddəti 27 sentyabr 2022-ci il müəyyən edilmiş, cavabdeh həmin müddət ərzində öhdəliyini tam, lazımi qaydada icra etməmiş, iddiaçı isə həmin müddətdən sonra qanunla müəyyən olunmuş 3 il iddia müddəti ərzində hazırki tələblə məhkəməyə müraciət etmiş (07 may 2025-ci il), beləliklə iddia müddətini ötürməmişdir. Göründüyü kimi, cavabdehin iddia müddətinin keçməsi ilə bağlı dəlilləri əsassız olmaqla işin halları ilə müəyyən edilmir. Bununla yanaşı, cavabdeh tələb olunan 1210 manat pul vəsaitinə münasibətdə hər hansı etiraz (borcun daha az olması və s.) irəli sürməmişdir. Belə olan halda məhkəmə kollegiyası qalıq borcun məbləğini əsaslı sayaraq, onu işin hallarına və tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesab edir. MM-in 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Həmçinin qeyd edilməlidir ki, MM-nin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə qətnamənin ləğvi üçün əsas ola bilməz. Bu səbəbdən də, şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmaldır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı hazırki iddianın verilməsi üçün müvafiq dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin olunması nəticəsinə gəldiyindən haqlı olaraq həmin məhkəmə xərcini cavabdehə aid etmişdir. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır, bu səbəbdən də qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə “pul tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3300/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3300/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi apellyasiya şikayəyinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar