Məhkəmə qərarları › İş №2(103)-4135/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4135/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4135/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsinə” tələbinə dair iddiası qismən təmin olunaraq, İddiaçı BOKT ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 46 000 manat əsas, 9620 manat faiz, 2500 manat dəbbə pulu olmaqla cəmi 58 120 manatın Cavabdeh ASC-nin xeyrinə tutulması, ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 28 nömrəli mənzilə tutma yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 110 000 manat müəyyən edilməsi, mənzilin ilkin satış qiyməti ilə satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaitinin borc məbləği həddində ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin Cavabdeh verilməsi, mənzilin açıq hərrac yolu ilə satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılması, ASC tərəfindən iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 145 manat vəsaitin 45 manat hissəsinin ASC-dən, 100 manat hissəsinin Cavabdeh tutulub dövlət büdcəsinə, “xxxx” MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat vəsaitin 50 manat hissəsinin ASC-dən, 100 manat hissəsinin isə Cavabdeh tutulub “xxxx” MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun “2500 manat cərimənin tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin 110 000 manat müəyyən edilməsi” hissələrində ləğv edilməsini və cərimənin azaldılaraq ipoteka predmetinin real bazar qiymətinin müəyyənləşdirilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin cərimə məbləğini ədalətli həddədək azaltmadığı, habelə ipoteka predmetinin real qiymətləndirilməsini həyata keçirməməklə maddi hüquq normalarını pozması arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçı təşkilatın nümayəndəsi isə məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin “Cavabdeh 2500 manat dəbbə pulunun tutulması və ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 28 nömrəli mənzilin ilkin satış qiymətinin 110 000 manat müəyyən edilməsi” ilə bağlı hissələrinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü qətnamədən iddiaçı (BOKT) ümumiyyətlə şikayət verməmiş, cavabdehin nümayəndəsi isə qətnamənin yalnız qeyd olunan hissələrini mübahisələndirmişdir. Başqa sözlə, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmədiyi hissədə, eləcə də İddiaçı BOKT ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 46 000 manat əsas, 9620 manat faiz borcunun Cavabdeh ASC-nin xeyrinə tutulması, ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 28 nömrəli mənzilə tutma yönəldilməsi, mənzilin satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaitinin borc məbləği həddində ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin Cavabdeh verilməsi, mənzilin açıq hərrac yolu ilə satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılması, ASC tərəfindən iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 145 manat vəsaitin 45 manat hissəsinin ASC-dən, 100 manat hissəsinin Cavabdeh tutulub dövlət büdcəsinə, “xxxx” MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat vəsaitin 50 manat hissəsinin ASC-dən, 100 manat hissəsinin isə Cavabdeh tutulub “xxxx” MMC-nin hesabına köçürülməsi” hissələrində hazırkı apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası cavabdehin vəkilini bu kontekstdə dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunmayaraq qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, İddiaçı BOKT ASC (BOKT) ilə Cavabdeh arasında xx xxxx 2019-cu il tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən BOKT Cavabdeh illik 36 faizlə, 36 ay müddətinə 46 000 manat kredit verməyi, Cavabdeh isə krediti ödəniş cədvəlinə uyğun olaraq qaytarmağı öhdələrinə götürmüş, kreditin və hesablanmış faizlərin qaytarılması müddətləri və qaydası razılaşdırılmış, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 28 nömrəli mənzili BOKT qarşısında ipoteka ilə yüklü etmiş, ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 100 000 manat müəyyənləşdirilmişdir. Qətnamənin mübahisələndirilən, yəni cavabdehdən 2500 manat cərimə borcunun tutulması ilə bağlı hissəsi üzrə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, borcalanın 46 000 manat olduğu mübahisələndirilməyən əsas borcuna münasibətdə iddiaçı BOKT 10 488 manat cərimə hesablayıb tələb etmişdir və kollegiyanın qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmaqla, məhkəmə cərimə məbləğini ağlabatan və ədalətli həddədək azaltmışdır. Nəzərə alınmalıdır ki, qanunvericilik, yuxarıda göstərildiyi kimi yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını nəzərdə tutur, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur. Kollegiya apellyatorun şikayətinin ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissəsini də əsassız hesab edir; belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Birinci instansiya məhkəməsinin təyin etdiyi qiymətləndiricinin rəyi ilə müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 28 nömrəli mənzilin likvid satış qiyməti 110 000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Qiymətləndirmə rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır və birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini haqlı olaraq həmin rəyə istinadla müəyyənləşdirmişdir. Qeyd olunmalıdır ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2-ci maddəsi); hazırkı iş üzrə verilmiş rəydə isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından təkrar qiymətləndirmə təyin edilməsinin prosessual əsasları mövcud deyildir. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, 2019-cu ilin iyul ayında bağlanmış ipoteka müqaviləsində əmlak 100 000 manat məbləğində qiymətləndirilmişdir; bu qiymətlə müqayisədə isə qiymətləndiricinin müəyyənləşdirdiyi qiymət real qiymətə uyğun olmayan hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh nümayəndəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-98/2021 saylı iş üzrə xx xxxxxx 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Cavabdeh 2500 manat dəbbə pulunun tutulması və ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 28 nömrəli mənzilin ilkin satış qiymətinin 110 000 manat müəyyən edilməsi” hissələrində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar