Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4139/2025 07.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı icbari sığorta üzrə birdəfəlik sığorta ödənişinin və qətnamə icra olunan günədək gecikdirilmiş günlər üçün dəbbə pulunun ödənilməsi barədə mülki iş üzrə (açar sözlər: sığorta ödənişi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X10 (sədrlik edən və məruzəçi), X26 və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, onun nümayəndələri Vəkil1 və X7, cavabdehin nümayəndələri Leili İsmailovanın və X8 iştirakı ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı icbari sığorta üzrə birdəfəlik sığorta ödənişinin və qətnamə icra olunan günədək gecikdirilmiş günlər üçün dəbbə pulunun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, 2(004)-2165/2025 nömrəli qətnaməsindən Cavabdeh Sığorta Şirkəti ASC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X27 tərəfindən ayrı - ayrılıqda verilmiş apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X19 16 mart 2024-cü il tarixdə vəfat etmişdir, İddiaçı onun atasıdır.
2. Kəlbəcər rayon Polis Şöbəsinin 08 iyun 2024-cü il tarixli qərarına əsasən X9 yol nəqliyyat hadisəsi nəticəsində ölməsi faktına görə istintaq edilən cinayət işinin icraatına CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir.
3. Cavabdeh Sığorta Şirkəti ASC ilə X9 işlədiyi "xxxx" MMC arasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək peşə qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi” bağlanmışdır.
4. X27 tərəfindən 23 iyul 2024-cü il tarixdə ərizə ilə Cavabdeh Sığorta Şirkəti ASCyə müraciət olunaraq əri X19 13 mart 2024-cü il tarixdə baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etdiyinə görə sığorta ödənişinin müvafiq ödənilməsini xahiş etmişdir.
5. 11 sentyabr 2024-cü il tarixli sığorta ödənişi barədə akta əsasən müəyyən edilir ki, sığorta ödənişi 135065,20 manat təşkil edir, faydalanan şəxslər arvadı 14 dekabr 1997ci il təvəllüdlü X27 və qızı 24 aprel 2022-ci il təvəllüdlü X20r.
6. Mingəçevir şəhər 8 saylı Mənzil İstismar Sahəsinin 06 avqust 2024-cü il tarixli, 346 nömrəli aktına əsasən müəyyən edilir ki, mərhum X19 vəfat edərkən himayəsində arvadı X27 və övladı 2022-ci il təvəllüdlü X23 olmuş və onlar ünvan 1 ünvanında qeydiyyatsız yaşamışlar.
7. Mingəçevir Regional “ASAN xidmət” X18 tərəfindən verilmiş 22 aprel 2024-cü il tarixli arayışa əsasən müəyyən edilir ki, X15 ailə üzvləri əri X19 və qızı X20r.
8. Yevxal şəhər İcra Hakimiyyəti Başçısının Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 12 dekabr 2024-cü il tarixli arayışında qeyd edilir ki, İddiaçı, arvadı X24 və 16 mart 2024-cü il tarixdə vəfat etmiş oğlu X4 şəhər İcra Hakimiyyəti Başçısının Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin qaytanlanmış təsərrüfatbaşına 17 saylı kitabın 1104 şəxsi hesab nömrəsi ilə qeydiyyatdadır.
9. İş materiallarında olan Yevxal şəhər İcra Hakimiyyəti Başçısının Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 30 yanvar 2025-ci il tarixli arayışında qeyd edilir ki, X5 rayonu Havarlı kəndində qeydiyyatdadır. Vətəndaşın özündən başqa əri İddiaçı və 16 mart 2024-cü il tarixdə vəfat etmiş oğlu X19 həmin ünvanda qeydiyyatdadır.
10. 1 saylı Bakı Dost Mərkəzinin 30 yanvar 2025-ci il tarixli arayışına əsasən müəyyən edilir ki, İddiaçı yaşa görə 280 manat məbləğində pensiya alır.
11. Pensiya haqqında arayışa əsasən müəyyən edilir ki, İddiaçı yaşa görə 280 manat məbləğində pensiya alır, hüququn yaranma tarixi 09 avqust 2024-cü il, təyinat tarixi isə 25 oktyabr 2024-cü ildir.
12. Yevxal şəhər İcra Hakimiyyəti Başçısının Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və qonşular tərəfindən tərtib edilmiş arayışa əsasən qeyd edilir ki, İddiaçı 3 nəfər ailə tərkibi olan arvad X24 və oğlu X19 ilə birlikdə 2022-ci ilin dekabr ayından etibarən vəfat edənə qədər Yevlax rayonu Havarlı kəndində yaşamış, X1 qəbirstanlığında dəfn edilmiş, dəfni və yas mərasimləri valideynləri tərəfindən həyata keçirilmişdir. X19 valideynləri ilə birlikdə Havarlı kəndində yaşasa da, arvadı X27 ilə faktiki ayrıldıqlarına görə sonuncu həmin müddətdə Havarlı kəndində yaşamamışdır. Eyni məzmunlu xüsusatlar Yevxal şəhər İcra Hakimiyyəti Başçısının Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5-9-18/2-108/2025 nömrəli arayışında qeyd edilmişdir.
13. Yevxal şəhər İcra Hakimiyyəti Başçısının Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 15 aprel 2025-ci il tarixli arayışa əsasən müəyyən edilir ki, X19 vəfat edərkən himayəsində atası İddiaçı və anası X24 olmuşdur.
14. Mingəçevir Regional “ASAN xidmət” X18 tərəfindən verilmiş 26 aprel 2025-ci il tarixli arayışa əsasən müəyyən edilir ki, X9 ailə üzvləri arvadı X27, övladı X28, atası İddiaçı və anası X16r.
15. Mingəçevir şəhəri 3 saylı MİS tərəfindən verilmiş arayışda qeyd edilir ki, İddiaçı 2021-ci ilin fevral ayında həyat yoldaşı X24 və oğlu X19 ilə ünvan 4 ünvanına kirayəyə köçüb yaşamışlar. 2021-ci ilin mart ayında X2 Aytac Vüqar qızı ilə ailə qurmuş və həmin ünvanda yaşamışlar. 2022-ci ilin aprel ayında ailə münaqişəsi nəticəsində X27 mənzili tərk edərək öz valideynlərinin yanına getmiş və geri qayıtmamışdır. Bundan sonra 2022-ci ilin dekabr ayında İddiaçı arvadı və oğlu X19 ilə birlikdə Yevlax rayonu Havarlı kəndinə köçmüşdür.
Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Sığorta Şirkəti ASC-dən icbari sığorta üzrə birdəfəlik sığorta ödənişinin və qətnamə icra olunan günədək gecikdirilmiş hər gün üçün 0,1% həcmində dəbbə pulunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-də əmək müqaviləsi üzrə sürücü işləmiş iddiaçının övladı 02 noyabr 1984-cü il təvəllüdlü X19 13 mart 2024-cü il tarixdə iş vaxtı idarə etdiyi yük avtomobili ilə Kəlbəcər rayonunda qəzaya düşmüş və aldığı xəsarətlərdən 16 mart 2024-cü il tarixdə vəfat etmişdir. İddiaçı 09 avqust 2024-cü il tarixdən etibarən yaşa görə əmək pensiyası alır. İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə ərizə ilə müraciət edərək sığortalı olan oğlunun pensiyaçı atası kimi sığorta ödənişinin ödənilməsini xahiş etmişdir. Lakin, Cavabdeh Sığorta Şirkəti ASC sığorta ödənişindən imtina etmişdir.
18. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, 2(004)- 2165/2025 nömrəli qətnaməsinə əsasən iddia təmin olunaraq 02 noyabr 1984-cü il təvəllüdlü X9 16 mart 2024-cü il tarixdə ölümü ilə əlaqədar icbari sığorta üzrə qanunvericiliklə müəyyən edilmiş birdəfəlik sığorta ödənişi və qətnamə qanuni qüvvəyə mindiyi tarixdən icra olunan günədək gecikdirilmiş hər gün üçün 0,1% həcmində dəbbə pulunun Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
19. Qətnamə onunla əsaslandırılmışdır ki, X9 ata-anası ilə birlikdə 2022-ci ilin dekabr ayından etibarən vəfat edənə qədər daimi əsaslarla Yevlax rayonu Havarlı kəndində yaşaması, X11 daimi olaraq faktiki olaraq ayrı yaşaması sübuta yetirilmir, bu barədə mötəbər sübutlar mövcud deyildir. Belə ki, X27 tərəfindən təqdim edilmiş fotoşəkillərin tarixinə əsasən müəyyən edilir ki, 2022-ci ilin 31 dekabr tarixində ailə Yeni ilin gəlişini birlikdə qeyd etmiş, ailəyə dair 2023 və 2024-cü illərə aid fotoşəkillərə əsasən X19 2024-cü ilin 5 mart tarixində (hadisədən bir neçə gün əvvəl) azyaşlı övladı ilə fotoşəkil çəkmişdir. Həmin şəkillərə əsasən müəyyən edilir ki, fotoşəkillər şəhər ərazisində, bina evində çəkilmiş (həyət), Yevlax rayonunun Havarlı kəndinə aid deyildir. Lakin, bu hal İddiaçı pensiyaçı valideyn kimi övladı X9 himayəsində olmasını, övladın valideynlərinə mütəmadi qayğı göstərməsini istisna etmir. Belə ki, himayədə olmaq fiziki olaraq daimi əsaslarla bir-biri ilə birlikdə yaşamanı ehtiva etmir. Nəzərə alınmalıdır ki, X19 əmək funksiyasını Kəlbəcər rayonunda həyata keçirtmişdir, yəni ailəsindən də uzaqda olmuşdur. Yəni, himayədə olmaq bütün günü yanaşı olmağı, eyni evdə yaşamağı deyil, birinin digərinə dair qayğısını, yardımı, lazım olanda ehtiyacın qarşılanmasını özündə əks etdirir. Nəzərə alınır ki, iddiaçının digər oğlu uzun illərdir ki, ölkə xaricində yaşayır, onun valideyn kimi X9 hamiçiliyində olması milli mentalitet və yaşam dəyərlərinə uyğun olmaqla ağlabatandır. Hazırki iddia tələbinin təmin edilməsi nəticəsində iddiaçıya ödəniləcək sığorta məbləğinin hesablanması xüsusi düstur əsasında (cavabdeh tərəf etirazda qeyd etmişdir) həyata keçiriləcəyindən X21 ödənilmiş sığorta haqqından müvafiq hissənin tutularaq iddiaçıya ödənilməsi ilə nəticələnməyəcəkdir. Lakin, hər hansı hissədə əsassız varlanma aşkar edilərsə (yalnız düstur üzrə yenidən hesablanma aparılmaqla müəyyən ediləcəkdir) bu barədə sığorta şirkəti tərəfindən müvafiq prosessual hərəkətlər həyata keçirilə bilər. Hazırki mübahisə üzrə şəxslərə (pensiyaçı ata, ana, arvad, azyaşlı övlad) ödənilən sığorta haqqlarının hesablanma əsasları və düsturları fərqlidir, odur ki, hesablanma və ödəniş ayrı-ayrılıqda həyata keçirilməlidir. İddiaçı bildirir ki, 2024- cü ilin sentyabr ayında sığorta ödənişi həyata keçirilməzdən əvvəl o, cavabdeh sığorta şirkəti ilə əlaqə saxlamış və özünə dair müvafiq sığorta ödənişinin aparılmasını xahiş etmişdir. Cavabdeh sığorta şirkəti tərəfindən müvafiq sənədlər tələb edilmiş və sənədlərin siyahısı iddiaçıya bildirilmişdir. İddiaçı həmin sənədləri cavabdeh sığorta şirkətinə təqdim edən zaman cavabdeh tərəfindən artıq sığorta ödənişinin həyata keçirildiyi bildirilmişdir (bunun əski cavabdeh tərəfindən sübuta yetirilməmiş, bu xüsusat mübahisələndirilməmişdir). Qeyd olunan xüsusatların araşdırılması üçün cavabdeh sığorta şirkəti tərəfindən araşdırma aparılmalı və faydalanan şəxs kimi bütün ailə üzvlərinin siyahısı müəyyənləşdirildikdən sonra ödəniş həyata keçirilməli idi. Lakin, bu öhdəlik cavabdeh sığorta şirkəti tərəfindən pozulmuş, tam araşdırma aparılmadan, faydalanan şəxslərin tam dairəsi müəyyən edilmədən sığorta ödənişi həyata keçirilmişdir. Həmin arqumentə münasibətdə cavabdeh tərəf bildirir ki, sığorta ödənişinin aparılması 7 gün ərzində həyata keçirilməlidir, məhz bu səbəbdən, bütün xüsusatların araşdırılması imkanı olmamışdır. Sözügedən arqumentə münasibətdə məhkəmə qeyd edir ki, araşdırma müddətinin məhdudluğu faydalanan şəxsin sığorta ödənişindən məhrum edilməsi ilə nəticələnməməli, əgər qanunvericilikdə müvafiq nöqsanlar varsa həmin nöqsanlar müvafiq təkilflər əsasında aradan qaldırılmalı, müvafiq anlayış, situasiya və terminlər konkretləşdirilməlidir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16.5-ci maddəsinin dispozitiv şərtləri əsas götürülməklə iddia tələbi “qətnamə icra olunan günədək gecikdirilmiş hər gün üçün 0,1% həcmində dəbbə pulunun ödənilməsi” hissəsində əsaslıdır. Belə ki, bu xüsusat gələcəkdə əlavə məhkəmə mübahisəsinin qarşısının alınmasına (əgər gecikdirmə olarsa) və “prosessual qənaət” prinsipinin şərtlərinə uyğundur.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 884.6-cı, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1, 5.1.2, 5.2, 16.3.2, 16.5-ci, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
21. Cavabdeh Sığorta Şirkəti ASC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X27 ayrı - ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
22. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə görə işin mübahisəli halı sığorta ödənişinin verilməsinə əsas olan sənədlərdən biri mərhum Lətif Əhmədovun himayəsində olmuş ailə üzvləri haqqında arayışların bir-biri ilə ziddiyyət təşkil etməsidir. Lətif Əhmədovun vəfatı ilə əlaqədar sığorta ödənişinin verilməsi barədə həyat yoldaşı X27 xx.xx.2024-cü il tarixində şirkətimizə müraciət etmişdir. Daha sonra mərhum L.Əhmədovun himayəsində olan şəxslər barədə Mingəçevir şəhəri 8 nömrəli Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 346 nömrəli arayış təqdim edilmişdir. Həmin arayışdan görünür ki, L.Əhmədovun himayəsində həyat yoldaşı Aytac Əhmədova və övladı Mədinə Əhmədova olmuşdur. Bundan sonra xx.xx.2024-cü il tarixində İA-014/24 nömrəli sığorta ödənişi barədə akt tərtib edilmiş, yetkinlik yaşına çatmayan Mədinə Əhmədliyə və ona qulluq edən anası Aytac Əhmədovaya sığorta ödənişi verilmişdir. İddiaçı adı sözügedən 346 nömrəli arayışda göstərilmədiyindən qanunvericiliyin tələbinə uyğun olaraq sığorta ödənişi verilməmişdir. Daha sonra iddiaçı birinci instansiya məhkəməsində işə baxılarkən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının Havarlıkənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5-9-18/2-135/2025 nömrəli arayışda L.Əhmədovun vəfat edərkən himayəsində olan ailə üzvləri atası İddiaçı və anası Sahilə Əhmədova göstərilmişdir. Göründüyü kimi L.Əhmədovun himayəsində olan şəxslərə dair bir-biri ziddiyyət təşkil edən 2 arayış olmuşdur. Lakin işə baxan məhkəmə hansı arayışın mötəbər, hansının etibarsız olmasını müəyyən etməmişdir. Digər tərəfdən, tərəfimizdən elektron məhkəmə sisteminə yerləşdirilərək məhkəməyə təqdim edilmiş Mingəçevir şəhəri 8 nömrəli Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 346 nömrəli və Havarlı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5-9-18/2-135/2025 nömrəli arayışların məhkəmə tərəfindən yoxlanılması üçün araşdırılma aparılmamış, aidiyyəti üzrə sorğular göndərilməmişdir. Bundan başqa birinci instansiya məhkəməsi himayədə olma barədə arayışın necə və hansı formada verilməsinin qanuni əsasını müəyyən etməmiş, bunun əksinə milli mentalitet və yaşam dəyərlərinə uyğun olaraq İddiaçı mərhum L.Əhmədovun himayəsində olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması” Qaydasında nəzərdə tutulmuş düsturlara əsasən hər hansı bir faydalanan şəxs üçün birdəfəlik sığorta ödənişinin məbləği hesablanır. Həmin düsturda nəzərə alınan əsas əmsallardan biri N-himayədə olan şəxslərin sayı sığorta ödənişi aktı tərtib edilərkən cavabdehə təqdim edilmiş xx.xx.2024-cü il tarixli Mingəçevir şəhəri 8 nömrəli Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 346 nömrəli arayışda göstərildiyindənsığorta ödənişi həmin adamların sayına müvafiq olaraq hesablanmışdır. Faydalanan şəxs L.Əhmədovun azyaşlı övladının 1 yaşı olduğundan ona kifayət qədər yüksək məbləğdə sığorta ödənişi verilmişdir. Əvvəlcədən cavabdehə təqdim edilmiş arayışda İddiaçı L.Əhmədovun himayədə olması göstərilsəydi, hər bir faydalanan şəxsə verilməli məbləğ tamamilə fərqli olardı. Bu səbəbdən işə baxan məhkəmənin “hazırki iddia tələbinin təmin edilməsi nəticəsində iddiaçıya ödəniləcək sığorta məbləğinin hesablanması xüsusi düstur əsasında (cavabdeh tərəf etirazda qeyd etmişdir) həyata keçiriləcəyindən X21 ödənilmiş sığorta haqqından müvafiq hissənin tutularaq iddiaçıya ödənilməsi ilə nəticələnməyəcəkdir” mövqeyi əsassız olmuşdur. Həmçinin iddiaçı sığorta ödənişinin verilməsini tələb edirsə, faydalanan şəxslərə (Aytac Əhmədova və Mədinə Əhmədliyə) verilmiş sığorta ödənişi yenidən hesablanacaqsa, onlara verilmiş sığorta ödənişi azalacaq. Bu səbəbdən də birinci instansiya məhkəməsi tərəfindən Aytac Əhmədovanın hazırkı iddiaya cavabdehliyi müəyyən edilməli idi. Cavabdeh olaraq sığorta ödənişinin verilməsi barədə öhdəliyimiz icra edilmişdir. Dəbbə pulunun ödənilməsi üçün zəruri şərt sonuncu sənədin sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq ödəniş və ya imtina verilməsi barədə qərar qəbul edilməsinin gecikdirilməsidir. Lakin hazırda belə bir hal mövcud olmamış, iddiaçı xx.xx.2025-ci il tarixində (sığorta ödənişi barədə tələb-sonuncu sənəd) cavabdehə müraciət etmiş, xx.xx.2025-ci il tarixində sığorta ödənişindən imtina edilməsi barədə müvafiq qərar qəbul edilmişdir. Sığortaçı tərəfindən müraciət edildiyi tarixdən 7 iş günü müddət ötürülmədən müvafiq qərar verildiyindən dəbbə pulunun hesablanması üçün müddətin axımı başlamamışdır. Məhkəmə qətnaməsinin nəticəvi hissəsində cavabdehin üzrərinə birdəfəlik sığorta ödənişinin verilməsi öhdəliyi qoyulmuşdur. Bu hissədə də məhkəmənin gəldiyi nəticə düzgün olmamış, birdəfəlik sığorta ödənişinin hansı məbləğdə olacağı birinci instansiya məhkəməsində işə baxılarkən aydınlaşdırılmamış, cavabdehin öhdəliyinin həddi müəyyən edilməmişdir. Bu hal isə gələcəkdə yenidən məhkəmə mübahisəsinin predmeti ola bilər. Birinci instansiya məhkəməsi iddiaçıya sığorta ödənişinin verilmısi barədə cavabdehin öhdəliyini müəyyən etməmişdən öncə iddiaçının faydalanan şəxs olub-olmamasını müəyyən etməli idi. Qeyd edilən qanunun tələbinə əsasən faydalanan şəxs olmaq üçün 2 əsas şərt olmalıdır: sığortaolunanın himayəsində və əmək qabiliyyətsiz olmalıdır. Lakin iddiaçı əmək qabiliyyətsiz (pensiya yaşına çatmış şəxs) olsa da, sığorta ödənişi verilərkən təqdim edilən himayədə olan şəxslərə dair arayışda iddiaçının adı qeyd edilməmiş, sonradan iddiaçı tərəfindən himayədə olan şəxslərə dair yeni arayış təqdim edilmişdir. İşə baxan məhkəmə isə 2 ayrı inzibati ərazi vahidindən (biri Yevlax rayon, digəri Mingəçevir şəhəri) verilmiş arayışların mötəbərliyinə qiymət vermədən cavabdehin iddiaçıya ödəniş etmək öhdəliyini müəyyən etmişdir. Birinci instansiya məhkəməsi məhkəmə iclası zamanı əldə edilmiş Havarlı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5-9-18/2-135/2025 nömrəli qeyri-mötəbər arayışa və mentalilet qaydalarımıza istinad etməklə iddia tələbininin təmin edilməsi barədə qərar qəbul etmişdir.
23. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X27 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə görə X19 xx.xx.2024-cü il tarixdə ölmüş və işəgötürən tərəfindən sığorta olunduğundan sığortalı olmuşdur. 16 mart 2024-cü ildə sığorta hadisəsi baş verərkən sığortalının «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası qanunun 5.1-ci maddəsinə əsasən faydalanan şəxs qızı -xx.xx.2022-ciil təvəllüdlü Əhmədli Mədinə və arvadı Aytac Əhmədova olmuşdur. xx.xx.2024-cü il tarixdə faydalanan şəxs statusu qazandığını iddia edən iddiaçı məhkəməyə doğru olmayan arayışlar təqdim etmişdir. Həmin arayışlarda göstərilmişdir ki, “İddiaçı 3 nəfər ailə tərkibi olan arvad X24 və oğlu X19 ilə birlikdə 2022-ci ilin dekabr ayından etibarən vəfat edənə qədər Yevlax rayonu Havarlı kəndində yaşamış, X1 qəbirstanlığında dəfn edilmiş, dəfni və yas mərasimləri valideynləri tərəfindən həyata keçirilmişdir. X19 valideynləri ilə birlikdə Havarlı kəndində yaşasa da, arvadı X27 ilə faktiki ayrıldıqlarına görə sonuncu həmin müddətdə Havarlı kəndində yaşamamışdır.” Buna etiraz edərək məhkəməyə 20 may 2025-ci il tarixli akt və əri Lətif Əhmədovla ölməzdən qısa müddət əvvəl çəkilmiş şəkilləri təqdim etmişdir. İddiaçı sığorta məbləğini əldə etmək üçün mərhum oğlunu belə incitməkdən çəkinməmişdir. Halbuki, oğlunu evindən qovduğundan biz onlardan ayrılıb ayrı yaşamışıq, bayramlarda belə Lətif valileynlərinin yanına getməmiş, ölərkən isə küsülü olmuşdur. Bütün bunlara baxmayaraq məhkəmə təqdim etdiyi 20 may 2025-ci il tarixli aktı qəbul etməmiş, fotoşəkillərə baxış keçirib subyektiv mülahizə irəli sürmüş, bir - biri ilə ziddiyyət təşkil edən arayışlara işin hallarına uyğun olmvyan qiymət verərək göstərmişdir ki, “Lakin, bu hal İddiaçı pensiyaçı valideyn kimi övladı X9 himayəsində olmasını, övladın valideynlərinə mütəmadi qayğı göstərməsini istisna etmir. Belə ki, himayədə olmaq fiziki olaraq daimi əsaslarla bir-biri ilə birlikdə yaşamanı ehtiva etmir. Nəzərə alınmalıdır ki, X19 əmək funksiyasını Kəlbəcər rayonunda həyata keçirtmişdir, yəni ailəsindən də uzaqda olmuşdur. Yəni, himayədə olmaq bütün günü yanaşı olmağı, eyni evdə yaşamağı deyil, birinin digərinə dair qayğısını, yardımı, lazım olanda ehtiyacın qarşılanmasını özündə əks etdirir. Nəzərə alınır ki, iddiaçının digər oğlu uzun illərdir ki, ölkə xaricində yaşayır, onun valideyn kimi X9 hamiçiliyində olması milli mentalitet və yaşamdəyərlərinə uyğun olmaqla ağlabatandır”. İddiaçı heç bir vaxt Lətif Əhmədovun himayəsində olmamışdır. Məhkəmə nəzərə almamışdır ki, sığorta olunan vəfat edərkən iddiaçı onun himayəsində olan şəxs olmadığından məhkəmənin qiymətləndirməsi əsassızdır. Məhkəmə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsini düzgün tövsif etməmişdir. Belə ki, qanunun 5.1.2.4-cü maddəyə əsasən sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra beş ilərzində əmək qabiliyyətini itirmiş şəxslər bu Qanuna əsasən faydalanan şəxs sayılırlar. Məhkəmə həmin qanunun 5.2.3-cü maddəsinə əsasən bu Qanunun 5.1.2.1-ci və 5.1.2.4-cü maddələrinin məqsədləri üçün əmək qabiliyyəti olmayan və əmək qabiliyyətini itirmiş şəxs dedikdə ata, ana, ər, arvad, övlad “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələrinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud əlilliyi olan şəxsdirsə başa düşülür izahına diqqət etsə də, nəzərə almamışdır ki, bu zaman iddiaçının sığorta olunan himayəsində olmasını zəruri şərt kimi irəli sürmüşdür. İşin məhz sübut edilməli olan halı iddiaçının sığorta olunanın himayəsində olub olmaması ilə bağlı məsələni isə təqdim edilmiş həqiqəti əks etdirməyən, ziddiyyətli arayışları araşdırmaqla qanuni qərar qəbul edilməli olduğu halda məhkəmə subyektiv mülahizə əsasında qərar qəbul etmişdir. İddiacının təqdim etdiyi arayışları qəbul etməyən məhkəmə qətnaməni subyektiv mülahizə ilə əsaslandırmağa calışmışdır. Sığorta olunan ölən günə kimi əmək haqqını ancaq ailəsinə xərcləmişdir. Əgər belə deyildirsə, iddiacı oğlu Lətif tərəfindən ona ünvanlanmış hər hansı vəsait qəbzini təqdim edə bilirsə təqdim etsin. Bayramları isə yalnız qızı və arvadı ilə kecirmişdir. Yaxud iddiacı ölməzdən əvvəl son 1 ilin bir şəklini belə təqdim edə bilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə etiraz iddia ərizəsində göstərilən xüsusatlarla əsaslandırılmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Cavabdehin nümayəndəsi X25 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi.
26. İddiaçı, onun nümayəndələri Vəkil1 və X12 apellyasiya şikayətlərinin dəlilləri ilə razı olmadıqlarını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
27. İddiaçı izahatında göstərdi ki, təqaüdə çıxlığı dövrə qədər işləmiş və aylıq əmək haqqı 360 – 400 manat təşkil etmişdir. Bundan başqa həyat yoldaşı da gözəllik salonunda işləyir və aylıq qazancı təxminən 250 – 300 manat təşkil edir. Mərhum oğlu tərəfindən onlara maddi cəhətdən köməklik olunmasını onlar özləri istəməmişlər.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 884.6. Faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Maddə 884.6–2. Şəxsi sığorta üzrə sığorta hadisəsi nəticəsində sağlamlığına zərər dəymiş şəxs, onun öldüyü halda isə ailə üzvləri zərərçəkən sayılır. Maddə 909.1. Sığortalı sığorta müqaviləsi bağlayarkən istənilən şəxsi (şəxsləri) faydalanan şəxs kimi təyin etmək, habelə sığorta hadisəsi baş verənədək onu dəyişdirmək hüququna malikdir. Maddə 909.3. Öz həyatını sığorta etdirən fiziki şəxs müvafiq sığorta müqaviləsində istənilən şəxsi (şəxsləri) faydalanan şəxs qismində təyin edə bilər. Maddə 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir.
29. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir. Maddə 6.5. Bu Qanunun 6.4-cü maddəsində nəzərdə tutulmuş, sığorta olunanın və ya üçüncü şəxsin faydalanan şəxs qismində çıxış edən ailə üzvləri sığorta ödənişinin alınmasında bərabər pay hüququna malikdirlər.
30. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.1. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (bundan sonra – icbari sığorta) – istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfidir. Maddə 2.0.6. faydalanan şəxs – bu Qanuna uyğun olaraq sığorta müqaviləsindən faydalanan (sığorta ödənişi verilməli olan) şəxs; Maddə 5.1.2. Sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda aşağıdakı şəxslər: 5.1.2.1. sığorta olunanın himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 5.1.2.2. sığorta olunanın ölümündən sonra doğulmuş uşağı; 5.1.2.3. sığorta olunanın himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü; 5.1.2.4. sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər. Maddə 5.2. Bu Qanunun 5.1.2.1-ci və 5.1.2.4-cü maddələrinin məqsədləri üçün əmək qabiliyyəti olmayan və əmək qabiliyyətini itirmiş şəxs dedikdə, aşağıdakılar başa düşülür: 5.2.1. 18 yaşına çatmamış uşaqlar; 5.2.2. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladlar, lakin ən çoxu 23 yaşına çatanadək; 5.2.3. ata, ana, ər, arvad, övlad “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələrinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud əlilliyi olan şəxsdirsə. Maddə 16.3.2. Sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda birdəfəlik sığorta ödənişi verilir. Maddə 16.5. Sığortaçı sığorta ödənişini bu Qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya şikayəti ilə qətnamənin ləğv olunaraq iddianın təmin olunması tələb edildiyindən, qətnamə apellyasiya şikayəti və dəlillər üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur ki, bu da qətnamənin ləğv olunması üçün əsasdır.
34. Mülki Məcəllənin 909.1-ci maddəsinə əsasən sığortalı sığorta müqaviləsi bağlayarkən istənilən şəxsi (şəxsləri) faydalanan şəxs kimi təyin etmək, habelə sığorta hadisəsi baş verənədək onu dəyişdirmək hüququna malikdir.
35. Sığorta müqaviləsinin 3.2 və 3.3-cü bəndlərində faydalanan şəxslə bağlı aşağıdakı müddəalar nəzərdə tutulmuşdur: 3.2. Sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda aşağıdakı şəxslər faydalanan şəxs kimi tanınır: 3.2.1. sığorta olunanın himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 3.2.2. sığorta olunanın ölümündən sonra doğulmuş uşağı; 3.2.3. sığorta olunanın himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü; 3.2.4. sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər. 3.3. Müqavilənin 3.2.1-ci və 3.2.4-cü maddələrinin məqsədləri üçün əmək qabiliyyəti olmayan və əmək qabiliyyətini itirmiş şəxs dedikdə, aşağıdakılar başa düşülür: 3.3.1. 18 yaşına çatmamış uşaqlar; 3.3.2. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladlar, lakin ən çoxu 23 yaşına çatanadək; 3.3.3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələrinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış, yaxud əlilliyi olan şəxsdirsə ata, ana, ər, arvad, övlad.
36. Sığorta ödənişinin verilməsi üçün əsas olan sığorta müqaviləsinin adından və məzmunundan da görünür ki, bu müqavilə icbari sığorta müqaviləsidir, buna görə də sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığorta qanunları ilə müəyyən olunmalıdır.
37. Müqavilədə qeyd olunan şərtlər “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununda da əksini tapmışdır və eyni məzmunludur.
38. Məhkəmənin ilkin vəzifəsi hazırkı iddianı qaldıran şəxsin müvafiq subyektiv hüquqa, yəni, sığorta ödənişi tələb etmək üçün hüququnun olub – olmamasını müəyyən etməkdir.
39. İddiaçının subyektiv hüququnun olub – olmamasını müəyyən etmək üçün “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2.1 və 5.1.2.4-cü bəndləri nəzərdən keçirilərək təhlil olunmalı və işin halları baxımından qiymətləndirilməlidir: 5.1.2.1. sığorta olunanın himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 5.1.2.4. sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər.
40. Qanunun 5.1.2.1-ci bəndində “və ya” bağlayıcısından istifadə olunduğundan 2 şərtdən biri mövcud olmalıdır: faydalanan şəxs sığorta olunanın himayəsində olmalı; sığorta olunanın öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş şəxsin əmək qabiliyyəti olmamalıdır.
41. İddiaçının sığorta olunanın himayəsində olması işin mübahisələndirilən halıdır və bu xüsusatla bağlı işdə müxtəlif məzmunlu arayışlar mövcuddur. Arayışların bir qismində sığorta olunanın himayəsində yalnız arvadının və övladının, digər qismində isə atası İddiaçı və anası X13 olması qeyd olunur. Bu arayışların hansının əsas götürülməli olduğu ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
42. İddianın təmin olunması ilə bağlı nəticəyə gələn birinci instansiya məhkəməsinin qətnaməsində də qeyd olunur ki, “... X9 ata-anası ilə birlikdə 2022-ci ilin dekabr ayından etibarən vəfat edənə qədər daimi əsaslarla Yevlax rayonu Havarlı kəndində yaşaması, X11 daimi olaraq faktiki olaraq ayrı yaşaması sübuta yetirilmir, bu barədə mötəbər sübutlar mövcud deyildir. Belə ki, X27 tərəfindən təqdim edilmiş fotoşəkillərin tarixinə əsasən müəyyən edilir ki, 2022-ci ilin 31 dekabr tarixində ailə Yeni ilin gəlişini birlikdə qeyd etmiş, ailəyə dair 2023 və 2024-cü illərə aid fotoşəkillərə əsasən X19 2024-cü ilin 5 mart tarixində (hadisədən bir neçə gün əvvəl) azyaşlı övladı ilə fotoşəkil çəkmişdir. Həmin şəkillərə əsasən müəyyən edilir ki, fotoşəkillər şəhər ərazisində, bina evində çəkilmiş (həyət), Yevlax rayonunun Havarlı kəndinə aid deyildir.”
43. Məhkəmə kollegiyası da bu əsaslandırma ilə razılaşır və qeyd edir ki, bu halların əksini təsdiq edən hər hansı bir sübut təqdim olunmamışdır.
44. Lakin məhkəmə iddianın təmin olunması ilə gəldiyi nəticəni bununla əsaslandırır ki, “... Lakin, bu hal İddiaçı pensiyaçı valideyn kimi övladı X9 himayəsində olmasını, övladın valideynlərinə mütəmadi qayğı göstərməsini istisna etmir. Belə ki, himayədə olmaq fiziki olaraq daimi əsaslarla bir-biri ilə birlikdə yaşamanı ehtiva etmir. Nəzərə alınmalıdır ki, X19 əmək funksiyasını Kəlbəcər rayonunda həyata keçirtmişdir, yəni ailəsindən də uzaqda olmuşdur. Yəni, himayədə olmaq bütün günü yanaşı olmağı, eyni evdə yaşamağı deyil, birinin digərinə dair qayğısını, yardımı, lazım olanda ehtiyacın qarşılanmasını özündə əks etdirir. Nəzərə alınır ki, iddiaçının digər oğlu uzun illərdir ki, ölkə xaricində yaşayır, onun valideyn kimi X9 hamiçiliyində olması milli mentalitet və yaşam dəyərlərinə uyğun olmaqla ağlabatandır.”
45. Məhkəmə kollegiyası bu əsaslandırma ilə razılaşmayaraq, həmçinin, himayədə olma barədə iddiaçının özü tərəfindən təqdim olunmuş sübutları (arayış, akt) qiymətləndirərək qeyd edir ki, iddiaçının sığorta olunanın himayəsində olması “milli mentalitet və yaşam dəyərlərinə uyğun olmaqla ağlabatanlıq” meyarı ilə müəyyən edilə bilməz, bu xüsusat iddiaçının məhkəmə iclasında verdiyi izahatı ilə də təkzib olunur.
46. Ümumiyyətlə “himayə” sözü ərəb mənşəlidir, “ḥimaya”– “qorumaq”, “sığınacaq vermək”, “hifz etmək”, “himayə etmək” kimi mənaları ifadə edir, Azərbaycan dilində himayə – bir şəxsin, qurumun və ya dövlətin digər bir şəxsi, ailəni, qrupu və ya varlığı təhlükədən, zərərdən qoruması, ona qayğı göstərməsi, müdafiə etməsi, zəruri ehtiyaclarını təmin etməsi mənasında işlədilir. Müasir hüquq sistemlərində isə himayə xüsusi hüquqi termin kimi işlədilir, uşaq hüquqlarının müdafiəsi, kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaqların qorunması, yaşlıların və xəstələrin sosial müdafiəsi, qadınlara və məhdud imkanlılara dövlət tərəfindən göstərilən himayə kimi izah olunur. Yuxarıda qeyd olunan normativ hüquqi aktlarda isə “himayədə olma” ifadəsi məhz himayədə olanın zəruri ehtiyaclarının təmin olunmasını nəzərdə tutur.
47. İddiaçı izahatında bildirmişdir ki, təqaüdə çıxlığı dövrə qədər işləmiş və aylıq əmək haqqı 360 – 400 manat təşkil etmişdir, bundan başqa həyat yoldaşı da gözəllik salonunda işləyir və aylıq qazancı təxminən 250 – 300 manat təşkil edir, mərhum oğlu tərəfindən onlara maddi cəhətdən köməklik olunmasını onlar özləri istəməmişlər. İzahatın məzmunu ilə də təsdiq olunur ki, iddiaçının digər şəxsin himayəsində olmağına zərurət olmamış və iddiaçının özü də buna imkan verməmişdir. Belə olduğu təqdirdə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş arayışlar onun öz izahatı ilə ziddiyyət təşkil etdiyindən, işdə olan digər sübutlara əsasən yalnız arvadının və övladının sığorta olunanın himayəsində olması təsdiqini tapdığından mötəbər sübut kimi qəbul oluna bilməz.
48. Qanunun 5.1.2.1-ci bəndində göstərilən 2-ci şərt - sığorta olunanın öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş şəxsin əmək qabiliyyətinin olmaması şərti də mövcu deyildir.
49. Qanunun 5.1.2.4-cü bəndində isə “və” bağlayıcısından istifadə olunduğundan 2 şərt birlikdə mövcud olmalıdır, yəni, faydalanmalı olan şəxs sığorta olunanın himayəsində olmalı və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirməlidir. Bu bənddə də “sığorta olunanın himayəsində olması” əsas şərt kimi irəli sürüldüyündən və şərt mövcud olmadığından iddiaçının bu bənd baxımından da subyektiv hüququ yaranmır. İddiaçının subyektiv hüququ yaranmadığından məhkəmə işin halları və apellyasiya şikayətinin digər dəlilləri üzrə əsaslandırma və qiymətləndirmə aparılmasına zərurət görmür.
50. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız olmuş, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qətnamənin ləğvinə əsas verir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd olunmalıdır.
51. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı icbari sığorta üzrə birdəfəlik sığorta ödənişinin və qətnamə icra olunan günədək gecikdirilmiş günlər üçün dəbbə pulunun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, 2(004)-2165/2025 nömrəli qətnaməsindən Cavabdeh Sığorta Şirkəti ASC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X27 tərəfindən ayrı - ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, e-2(004)- 2165/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı icbari sığorta üzrə birdəfəlik sığorta ödənişinin və qətnamə icra olunan günədək gecikdirilmiş günlər üçün dəbbə pulunun ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.