Məhkəmə qərarları › İş №2(103)-4145/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4145/2025

08.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4145/2025 08.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti geri qaytarılmışdır) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-613/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı (vəkil - Nümayəndə1) tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-613/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir.

3. Qətnamədən İddiaçı (vəkil - Nümayəndə1) tərəfindən apellyasiya şikayəti verilmişdir.

Tətbiq edilən hüquq normaları:

4. Mülki Prosessual Məcəlləsinin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. 5.Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir.

6. Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsində qeyd edilir ki, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.

7. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

8. Həmin Məcələnin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

9. Mülki Prosessual Məcəllənin 363.1.1-ci madəsində qeyd edilir ki, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı üçün işə apellyasiya qaydasında baxılması qeyrimümkündür.

11. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-613/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə elektron qaydada onun vəkili Nümayəndə1 tərəfindən imzalansa da apellyasiya şikayətinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli etibarnamənin etibarlılıq müddəti xx.xx.2025-ci il tarixdə bitmiş, iş materiallarında isə apellyasiya şikayətinin imzalandığı tarixdə qüvvədə olan başqa etibarnamə aşkar edilməmişdir.

12. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Odur ki, verilmiş apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır.

13. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-613/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı (vəkil - Nümayəndə1) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar