Məhkəmə qərarları › İş №2(103)-4156/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4156/2021

14.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4156/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İBakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə Ərizəçinin nümayəndəsi və vəkili X1 iştirakı ilə Ərizəçi nümayəndəsi və vəkili X1 maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Ərizəçi “döyüşən ordunun sıralarında N saylı hərbi hissədə döyüşməsi və döyüşlərdə yaralanması faktının müəyyən edilməsi” barədə ərizəsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1469/2021 saylı, 15 fevral 2021-cu il tarixli qərardadından ərizəçinin şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Ərizəçi nümayəndəsi və vəkili X2 xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi 03 iyun 1993-cü il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü olaraq N saylı hərbi hissəsinin 3-cü taborunun N bölüyündə qulluq keçməyi, 25 oktyabr 1993-cü ildən N saylı hərbi hissənin tərkibində iştirak etməsi və döyüşlərdə yaralanması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.” “Ərizəçi nümayəndəsi və vəkili X2 xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi döyüşən ordunun sıralarında N saylı hərbi hissədə döyüşməsi və döyüşlərdə yaralanması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(007)- 1469/2021 saylı qərardadı ilə ərizəsinin qəbulundan imtina edilmiş, ərizə ona əlavə edilmiş sənədlərlə geri qaytarılmışdır. Həmin qərardaddan ərizəçi şikayət verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini məhkəmənin heç bir əsas olmadan ərizəsini geri qaytardığı arqumentləri ilə əsaslandırmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1469/2021 saylı, 09 mart 2021-cu il tarixli qərardadı ilə ərizəçinin şikayəti təmin edilməmiş, baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili ərizənin təmin edilməsini xahiş etdi. Kollegiya şikayəti iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə isə, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Mülki-prosessual qanunvericiliyin mülki işlər üzrə icraatın növlərindən biri olaraq müəyyənləşdirdiyi xüsusi icraat qaydasında baxılan işlər ərizəçilər tərəfindən qaldırılmaqla ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır (MPM-nin 306.2-ci maddəsi). Xüsusi icraat qaydasında baxılan işlərin siyahısı MPM-nin 305.1-ci maddəsində göstərilmişdir və bunların bir kateqoriyası da hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında olan işlərdir (MPM-nin 305.1.1-ci maddəsi). Mülki-Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən isə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Qərarda həmçinin qeyd edilir ki, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Ərizənin məzmunundan, habelə iş materiallarından aydın olur ki, ərizəçi döyüşlərdə yaralanması və müharibə iştirakçısı olması barədə məlumatların əldə edilməsi üçün maraqlı şəxs qismində işə cəlb edilmiş inzibati orqana müraciət etməmiş, bu səbəbdən hüquqi faktı təsdiq edən lazımi sənədlərin başqa qaydada ala bilməməsini, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmamasını əsaslandıra bilməmişdir. Bu əsasdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin geri qaytarılması nəticəsinə gəlməkdə, bu barədə qərardaddan verilmiş şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398, 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Ərizəçi şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1469/2021 saylı, 15 fevral 2021-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar