Məhkəmə qərarları › İş №2(103)-4158/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4158/2023

10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4158/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: subroqasiya hüququndan istifadə edilərkən iddia müddətinin axımının başlandığı vaxtın düzgün müəyyən edilməməsi) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Aida Əli qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-278/2023 saylı, 05 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. xx.xx.2012-ci il tarixli sığorta şəhadətnaməsi ilə "xxxx" ASC ilə Nəsirov Vəli İmamverdi oğlu arasında bağlanmış xx.xx.2012-ci il tarixli sığorta müqaviləsinə əsasən, "xxxx" ASC tərəfindən “Mazda CX-9” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixə qədər avtokasko riskləri üzrə tam sığortalanmışdır.

2. AYP 012687 nömrəli, 23 avqust 2012-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Cavabdeh özünə məxsus “HYUNDAİ İX-35” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobillə 22 avqust 2012-ci il tarixdə, saat 15:30-da “Yol hərəkəti haqqında” Qanununun 42-ci maddəsinin 8-ci bəndinin tələbini pozaraq, Bakı-Sumqayıt yolu, 16-cı km.də geriyə hərəkət edərkən təhlükəli manevr etmiş və “Mazda CX-9” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 151.5-ci maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir.

3. Abşeron Rayon Məhkəməsinin 3(012)-886/2012 saylı, 04 noyabr 2012-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.5-ci maddəsi ilə təqsirli bilinsə də inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.

4. 24 avqust 2012-ci il tarixli, CM-300/2012 saylı Zərər aktı ilə "xxxx" ASC-nin İdarə Heyətinin sədri R.Ağayev və sığortalı Nəsirov Vəli İmamverdi oğlu tərəfindən aparılan baxış nəticəsində sığortalı V.İ.Nəsirova məxsus “Mazda CX-9” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün görüləcək tədbirlərin nədən ibarət olması müəyyənləşdirilmişdir.

5. "xxxx" ASC-nin 06 noyabr 2012-ci il tarixli, 313/20**-CM-***/2012 saylı Sığorta aktından müəyyən olunur ki, xx.xx.2012-ci iİ tarixli yol nəqliyyat hadisəsi zamanı “Mazda CX-9” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 6157,66 manat məbləğində zərər dəymişdir, sığorta ödənişi dəymiş zərərdən MİB-HO-02542/12 saylı sığorta şəhadətnaməsində razılaşdırılmış 500 manat azadolma məbləği çıxılmaqla 5657,66 manat təşkil edir.

6. 22 sentyabr 2022-ci il tarixli məktubla Cavabdeh “Mazda CX-9” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 5657,66 manat sığorta ödənişi məbləğini 5 gün müddətində "xxxx" ASC-yə ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

7. 06 noyabr 2012-ci il tarixli kassa məxaric orderindən görünür ki, "xxxx" ASC tərəfindən Nəsirov Vəli İmamverdi oğluna ödənilən məbləğ 5657,66 təşkil edir.

Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 5657,66 manat və dövlət rüsumunun əvəzi olan 76,57 manatın iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiada göstərilir ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh təqsirli bilinmişdir və onun barəsində o vaxt qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 151.5-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir.

10. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiqinə dair xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müaciət edərək göstərib ki, yol-nəqliyyat hadisəsi xx.xx.2012-ci il tarixdə baş vermiş, xx.xx.2012-ci il tarixdə DİN BDYPİ tərəfindən protokol tərtib olunmuş, xx.xx.2012-ci il tarixdə "xxxx" ASC tərəfindən zərər aktı tərtib olunmuş, xx.xx.2012-ci il tarixində "xxxx" ASC-nin Sumqayıt filialı tərəfindən zərərçəkmiş Nəsirov Vəli İmamverdi oğluna pulun ödənilməsinə dair "xxxx" ASC-yə məktub göndərilmiş, xx.xx.2012-ci il tarixində "xxxx" ASC tərəfindən zərərçəkmiş Nəsirov Vəli İmamverdi oğluna sığorta ödənişi olunmuş, xx.xx.2013-cü il tarixində "xxxx" ASC tərəfindən Cavabdeh subroqasiya qaydasında pulun tələbinə dair məktub göndərilmiş, eyni zamanda xx.xx.2022-ci il tarixlində eyni məzmunlu məktub yenidən göndərilmiş və xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən aidiyyəti üzrə məhkəməyə müraciət olunmuşdur. Göründüyü kimi sığorta hadisəsi xx.xx.2012-ci il tarixdə baş versə də, iddiaçı tərəfindən 10 il 2 ay sonra məhkəməyə müraciət olunub. Həmçinin xx.xx.2012ci il tarixində "xxxx" ASC tərəfindən tərtib olunmuş zərər aktına və sonuncuya xx.xx.2012ci il tarixində "xxxx" ASC-nin Sumqayıt filialı tərəfindən zərərçəkmiş Nəsirov Vəli İmamverdi oğluna pulun ödənilməsinə dair göndərilmiş məktuba əsasən, iddiaçı subroqasiya hüququnun yarandığını bilmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq, "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iş üzrə iddia müddəti bitdiyindən iddianın rədd olunmasını xahiş edir.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-278/2023 saylı, 05 may 2023-cü il tarixli qətnaməsi (hakim Ayşən Sultanova-Məmmədova) ilə iddia tələbi təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, iş üzrə iddiaçı "xxxx" ASC xx.xx.2012-ci il tarixdə baş vermiş sığorta hadisəsindən məlumatlı olduğu və xx.xx.2012-ci il tarixdə zərər aktı ilə sığortalanan nəqliyyat vasitəsinə dəymiş zərəri müəyyən etdiyi halda, iddia müddətini ötürərək xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, hazırki mülki iş üzrə iddia müddəti ötürüldüyündən və cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verildiyinə görə iddia tələbi rədd edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edərək şikayətində göstərir ki, birinci instansiya məhkəməsi sığorta hadisəsi baş verdiyi anda sığortaçı tərəfindən aidiyyəti qurumlardan sənədlərin toplanması zərurətini və zərərin məbləğinin hesablanmalı olmasını nəzərə almamışdır. Subroqasiya qaydasında iddia ilə məhkəməyə müraciət edilməsi üçün zəruri sübutların toplanması zəruridir. Birinci instansiya məhkəməsinin mövqeyindən məsələyə yanaşdıqda belə nəticəyə gəlmək olar ki, sığorta hadisəsi baş verən gündən sığortaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ yaranır. Belə olduğu halda təbii sual yaranır ki, zərərin məbləği müəyyən edilmədiyi halda sığortaçı zərərvurandan reqres qaydada hansı məbləğdə pulu tələb etməlidir. Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin zərərvurana qarşı malik olduğu hüquqlardan zərərin əvəzini ödəmiş sığortaçının malik olduğu hüquqları özündə ehtiva edir. Subroqasiya hüququnun mahiyyəti hesablanıb ödənilmiş zərərin zərərvurandan tələb edilməsidir. Cavabdeh Nəbiyev X4 Rayon Məhkəməsinin 04 noyabr 2012-ci il tarixli qərarı ilə yolnəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək İXM-in 151.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. "xxxx" ASC-nin 06 noyabr 2012-ci il tarixli kassa məxaric orderinə əsasən ASC tərəfindən 06 noyabr 2012-ci il tarixdə həyata keçirilmişdir. Zərərin əvəzi 06 noyabr 2012ci il tarixdə ödənildiyi üçün iddiaçının subroqasiya hüququ həmin tarixdən yaranmışdır. Hazırki mübahisəyə ümumi iddia müddəti (10 (on) il) tətbiq edilməli olduğundan iddia qaldırılması üçün son müddət 06 noyabr 2022-ci il tarixidir. Qeyd edilənlərdən və iş materiallarından göründüyü kimi, iddiaçı heç bir halda iddia müddətini (ümumi iddia müddəti) ötürməyib. Yəni, iddia müddətinin axımı cavabdeh barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edildiyi tarixdən (xx.xx.2012) başlanılsa belə iddiaçı tərəfindən məhkəməyə müraciət olunduğu tarixdə (xx.xx.2022 (qətnamənin 3- cü səhifəsinin 6-cı abzası)) 10 (on) iilik iddia müddəti ötürülməmişdir. İddia müddətinin axımının başlanılmasının zərərin vurulması tarixi (yol-nəqliyyat hadisəsinin baş verməsi) ilə bağlanılmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ümumiyyətlə qəbuledilməzdir. Belə ki, iş üzrə qərar qəbul edilmədiyi, hadisənin baş verməsində təqsirkar şəxs müəyyən edilmədiyi və qərar iddiaçıya təqdim edilmədiyi halda tələb kimə və hansı əsasla irəli sürülə bilər.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

14. Məhkəmə iclasında İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

15. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Maddə 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır.

19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

21. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

22. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

23. İdda tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, birinci instansiya məhkəməsinin iddianı tam rədd etməklə gəldiyi nəticə düzgün olmamışdır.

24. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbi ilə bağlı faktiki hallar Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün iddia haqlı sayılırdı.

25. Belə ki, hazırki iddia tələbi üzrə iddia müddətinin 10 il təşkil etməsi işin mübahisəsiz halıdır və ən azından tərəflər bu faktı mübahisələndirmir. Mübahisələndirilən hal iddia müddətinin axımının hansı vaxtdan başlanılması ilə bağlıdır. Birinci instansiya məhkəməsi bu məsələ ilə bağlı cavabdehin mövqeyi ilə razılaşaraq hesab edib ki, iddiaçı xx.xx.2012-ci il tarixdə baş vermiş sığorta hadisəsindən məlumatlı olduğu və xx.xx.2012-ci il tarixdə zərər aktı ilə sığortalanan nəqliyyat vasitəsinə dəymiş zərəri müəyyən etdiyi halda, iddia müddətini ötürərək xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı isə nə cavabdehin, nədə məhkəmənin bu mövqeyi ilə razılaşmır və səbəblərini apellyasiya şikayətində göstərir.

26. Mülki Məcəllənin 377.4-cü maddəsinə əsasən reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Həmin Məcəllənin 936.1-ci maddəsində də subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. İddiaçı sığortaçı olaraq könüllü sığorta müqaviləsi üzrə(sığorta şəhadətnaməsi üzrə) baş vermiş sığorta hadisəsinə görə sığortalıya 06 noyabr 2012-ci il tarixdə sığorta ödənişini vermişdir. Demək ki, iddiaçının hazırki iş üzrə cavabdehə qarşı subroqasiya hüququ sığorta ödənişini etdiyi vaxtdan yarandığından, iddia müddətinin axımı da 06 noyabr 2012ci ildən başlanır və müddətin sonuncu günü 06 noyabr 2022-ci il tarixdə bitməli idi. İddiaçı da 10 il müddət bitməmiş, yəni 10 oktyabr 2022-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət edib, deməli iddia müddətini ötürməmişdir.

27. Abşeron Rayon Məhkəməsinin 3(012)-886/2012 saylı, 04 noyabr 2012-ci il tarixli qərarı ilə Nəbiyev X3 Xətalar Məcəlləsinin 151.5-ci maddəsi ilə təqsirli bilinsə də inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, bu faktın özü də iddiaçının sığortaçı olaraq həm sığortalıya sığorta ödənişinin ödənilməsində, həm də subroqasiya hüququ yaranacaq təqsirli şəxsin müəyyən edilməsində əhəmiyyət kəsb edirdi. Çünki, sığorta hadisəsinin baş verməsinə səbəb olmuş yol nəqliyyat hadisəsinin törədilməsində təqsiri müəyyən edilməyən hansısa şəxsə, o cümlədən hazırki iş üzrə cavabdehə qarşı subroqasiya hüququ yarana bilməzdi. Ona görə də iddia müddətinin axımının başlanılmasının zərərin vurulması yaxud müəyyən edilməsi tarixi ilə başlanılmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun olmamışdır. 28.Göstərilənlərlə yanaşı, iddiaçı sığortalı avtomobilə 6157,66 manat məbləğində zərər dəydiyini müəyyən etdiyindən, sığorta ödənişi dəymiş zərərdən sığorta şəhadətnaməsində razılaşdırılmış 500 manat azadolma məbləği çıxılmaqla 5657,66 manat ödənilmişdir. Ancaq birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza rəyi ilə zərərin məbləği 5264 manat müəyyən edilmişdir. Düzdü, sual oluna bilər ki, iddiaçı sığorta ödənişi olaraq sığortalıya 5657,66 manat ödəlmişdir və həmin məbləği də zərər vuran şəxsdən tələb edə bilər. Lakin zərər vuran, yəni hazırki iş üzrə cavabdeh də törətdiyi mülki hüquq pozuntusu həcmində mülki hüquqi məsuliyyət daşımalı və həddindən artıq maliyyə itkisinə məruz qalmamalıdır. Ona görə də 5264 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

29. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-278/2023 saylı, 05 may 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia qismən təmin edilməli, Cavabdeh dəymiş 5264(beş min iki yüz altmış dörd) manat alınaraq iddiaçıya ödənilməli, iddianın qalan hissəsi təmin edilməməlidir.

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-278/2023 saylı, 05 may 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. Cavabdeh dəymiş 5264(beş min iki yüz altmış dörd) manat alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Ekspertiza xərci olan 100 (yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar