Məhkəmə qərarları › İş №2(103)-4159/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4159/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4159/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Həmidov Həmid Üzeyir oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və “xxxx” MMC-yə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan ünvanda tikilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun, 1-ci mərtəbəsində, ümumi sahəsi 60,18 m2 olan 1 otaqlı mənzilin, həmçinin 3-cı mərtəbədə 1-ci sıra, sağdan 3-cü olan 12 m2 qeyri-yaşayış sahəsinin, 3-cü mərtəbədə 1-ci sıra, sağdan 4-cü olan 11 m2 sahəsi olan qeyri-yaşayış sahəsinin sahiblik və isitfadə edilməsi məqsədilə ona təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və həmin sahələrlə (yaşayış və qeyriyaşayış) bağlı cavabadehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan ünvanında yerləşən binanın 2-ci mərtəbəsində, ümumi binanın isə 4-cü mərtəbəsində yerləşən, sahəsi 60,18 m2 olan mənzildən istifadəsinə və sahibliyinə cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim P.Zamanlı, iş № 2(011)-220/20) iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 MMC ilə 17 iyun 2006-cı il tarixli, 103 nömrəli müqavilə bağlayaraq binanın 1-ci giriş, 1-ci mərtəbəsində 60,18 kv.m sahədən ibarət 1 otaqlı mənzil almışdır. Bundan başqa, 05.01.2008-ci il tarixli 225 saylı müqavilə ilə binanın 1-ci blokunun 13-cü mərtəbəsində 75,46 kv.m. sahəsi olan 2 otaqlı mənzili də almışdır. Mənzillərin dəyərini tam ödəmişdir. Cavabdeh1 MMC-nin rəhbərliyi barəsində cinayət işi başlanandan və iş “xxxx” MMC-yə həvalə olunduqdan sonra ona həmin MMC-nin rəhbərliyi 1-ci blok, 1-ci mərtəbədəki mənzilə çıxarış vermişdir. 13-cü mərtəbədə olan mənzili isə 3-cü mərtəbədə 11 və 12 kv.m. olan 2 ayrı qeyri-yaşayış sahələri ilə əvəz etmişdir. Lakin sonradan onun müraciətlərinə baxmayaraq həmin sahələr ona təhvil verilməmiş, sahiblik və istifadəsinə maneələr yaradılmışdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 25.06.2020-ci il tarixli, 28424 saylı rəyinə əsasən iddiaçı ilə Cavabdeh1 MMC arasında 17.06.2006-cı il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı şəh, Xətai ray, Gəncə pr, 2935A ünvanında tikilmiş çoxmərtəbəli yaşayış binasının ümumi sahəsi 60,18 kv.m olan 1 otaqlı mənzili 2006-cı il tarixdə “xxxx” MMC-nin adına verilmiş eskiz layihəsinə əsasən yaşayış mərtəbəsinin 2-ci mərtəbəsində, ümumi binanın dördüncü mərtəbəsindən başlayaraq yerləşir. Ekspert rəyində “mərtəbəsindən başlayaraq yerləşir” sözləri tam dəqiqləşdirilməsi məqsədilə verdiyi vəsatət əsasında dindirilmiş ekspert bildirmişdir ki, iddiaçının mənzili “2006-cı il tarixdə “xxxx” MMC-nin adına verilmiş eskiz layihəsinə əsasən yaşayış mərtəbəsinin 2-ci mərtəbəsində, ümumi binanın dördüncü mərtəbəsində yerləşir”. Bununla iddia edilən mənzilin iddia tələbindəki kimi, yaşayış binasının 2-ci, ümumi binanın 4-cü mərtəbəsində yerləşməyi sübut olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 06 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının dəqiqləşdirilmiş tələbi ünvan ünvanında yerləşən binanın 2-ci mərtəbəsində, ümumi binanın isə 4-cü mərtəbəsində yerləşən, sahəsi 60,18 m2 olan mənzildən istifadəsinə və sahibliyinə cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasından ibarətdir. İddiaçı tələbinin faktiki əsası kimi onunla Cavabdeh1 MMC arasında bağlanmış 17 iyun 2006-cı il tarixli müqaviləyə istinad etmişdir. Həmin müqavilədə sifariş olunan mənzilin bir otaqlı olması, yaşayış binasının 1-ci blok, 1-ci mərtəbəsində yerləşməsi və sahəsinin 60,18 kvm olduğu qeyd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış müqavilədə cəmiyyətin Bakı səhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanında tikəcəyi yaşayış binasının 1-ci giriş, 1-ci mərtəbəsində, 60,18 kv.m sahədən ibarət 1 otaqlı mənzili inşa edərək iddiaçıya təhvil verməyi öhdəsinə götürdüyü halda, iddiaçı hazırkı işdə binanın 2-ci mərtəbəsində yerləşən 1 otaqdan ibarət 60,18 kv.m-dən ibarət mənzilə dair onun sahiblik və istifadə hüququna yaradılmış maneələrin aradan qaldırılmasını tələb etmişdir. Halbuki, iddiaçı həmin binanın 2-ci mərtəbəsində yerləşən 60,18 kv.m olan 1 otaqlı mənzillə bağlı müqavilə bağlamamışdır və bu səbəbdən də həmin mənzili tələb etmək hüququna malik deyil. 25.06.2020-ci il tarixli, 28424 saylı ekspertiza rəyində isə dəqiq göstərilmişdir ki, eskiz layihəsinə əsasən tədqiq olunan çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun yaşayış mərtəbəsinin 1-ci mərtəbəsində, ümumi sahəsi 60,18 kv.m olan 1 otaqlı mənzil layihəyə əsasən mövcud deyildir. İşin şərh edilən hallarından isə bəlli olur ki, Cavabdeh1 MMC ilə iddiaçı arasında ünvan ünvanında yerləşən binanın 2-ci mərtəbəsində, ümumi binanın isə 4-cü mərtəbəsində yerləşən, sahəsi 60,18 m2 olan 1 otaqdan ibarət mənzillə bağlı hər hansı müqavilə bağlanmamışdır. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 157.4, 157.8-ci və s. maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, iddiaçının tələb etdiyi mənzilə dair onunla cavabdeh arasında hər hansı müqavilə bağlanmamış və deməli cavabdehin bu mənzillə bağlı iddiaçı qarşısında müqavilə öhdəliyi də yoxdur. İddiaçının tələb etdiyi mənzilə dair müqavilə 27.05.2006-cı il tarixdə, yəni iddiaçı ilə müqavilə bağlanmamışdan əvvəl X1 ilə bağlanmışdır (i.v.163). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 06 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: Həmid Həmidov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar