Məhkəmə qərarları › İş №2(103)-4162/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4162/2023

05.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4162/2023 05.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “müqavilə şərtlərinin dəyişdirilməklə, artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-62/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh "xxxx" MTK-ya (bundan sonra, cavabdeh) qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7595,60 ABŞ dolları məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 19 iyul 2006-cı il tarixdə tərəflər arasında mənzil alğı-satqısına dair müqavilə imzalanmış, cavabdeh Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2945-ci məhəllədə inşa etdiyi binanın 11-ci blok, 6-cı mərtəbəsində 3 otaqlı, ümumi sahəsi 118.94 kv.m olan mənzili iddiaçıya satmışdır. Müqaviləyə uyğun olaraq iddiaçı 40412 ABŞ dolları pul məbləğini cavabdeh şirkətə ödəmişdir. Lakin, təmir işləri aparılan zaman evin 118.94 kv.m deyil, 96.6 kv.m olduğu aşkar edilmişdir. Göründüyü kimi cavabdeh iddiaçıya müqavilədə göstərdiyindən 22,34 kv.m az sahədə mənzil satmışdır. Bu da o deməkdir ki, müqavilə bağlanan vaxtın məzənnəsinə görə şirkət iddiaçıdan 7595,6 dollar məbləğində artıq pul almışdır. Daha sonra iddiaçı tərəf Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 19 iyul 2006-cı il tarixli müqavilənin 2-ci bəndində “ümumi sahəsi 118.94 kv.m” əvəzinə “ümumi sahəsi 96.6 kv.m” sözləri ilə əvəz edilməklə, həmin bənddə “cəmi 40412 ABŞ dolları” sözü “cəmi 32844 ABŞ dolları” sözləri ilə əvəz edilməklə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və iddiaçı tərəfindən artıq ödənilmiş 7595,6 ABŞ dolları məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(011)-62/2023 saylı qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia tələbinin rədd edilməsi, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat pul vəsaitinin İddiaçı tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, ödənilmiş 130 (bir yüz otuz) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət olunmuşdur. İddiaçı qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, tərəflərin razılaşmasına əsasən mənzilin ümumi sahəsinin hansısa norma və əmsalların tətbiqi ilə deyil, faktiki ölçülər əsasında aparılması və müqavilədə razılaşdırlmış sahələrin ölçüləri ilə faktiki yerində təhvil verilmiş ölçülər arasında fərq olması, mənzilin ümumi sahəsinin içəri arakəsmələr nəzərə alınmadan çöl divarlardan hesablanmasının düzgün olmaması, müqavilədə qeyd edilmiş "xxxx" sözünün hansı anlama gəlməsini başa düşməməsi, şifahi olaraq soruşduqda isə ona əhəmiyyət verilməməsinin bildirilməsi, müqavilənin imzalanmasının tələb olunması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsində və apellyasiya şikayətində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, iddiaçı yaşlı olduğundan izahatında müəyyən məsələləri tam dəqiqlikdə bildirə bilməmişdir. Mübahisəli mənzil həqiqətən 2008-ci ildə təhvil verilmiş, həmin vaxtı orada müəyyən təmir işlərinə (işıq çəkilməsi, malyar işlərinin aparılması və s.) başlanılmış, 2011-ci ildə isə mənzil tam təmir olunmuş, yaşayış üçün yararlı hala salınmışdır. Həmin vaxtı mənzilin sahəsinin az olmasını bilməmişlər. Bundan sonra iddiaçı və ailə üzvləri orada yaşamağa başlamış, 2022-ci ilədək mənzildə yaşayış olmuşdur. 2018-ci il tarixdə iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq, adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Çıxarışda mənzilin ümumi sahəsi 96,6 m2 göstərilmiş, bununla da mənzilin sahəsinin müqavilədə göstəriləndən az olması onlara məlum olmuşdur. Bu səbəbdən də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı izahatında bildirmişdir ki, mənzil 2008-ci ildə təhvil almış, bundan sonra orada təmir işlərinə başlamışdır. Təmir zamanı ustalar ölçmə işləri aparmış, mənzilin sahəsinin müqavilədə göstəriləndən az olmasını aşkar olunmuşq, bu barədə cavabdeh təşkilatın rəhbərliyinə məlumat vermiş, hər dəfə ona məsələnin həll olunacağı bildirilmişdir. Təmir işləri tam başa çatmış, orada yaşamış, nəhayət 2018-ci ildə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq, adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Çıxarışda mənzilin ümumi sahəsi 96,6 m2 göstərilmişdir. Bu səbəbdən də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində iddiaya qarşı verilmiş etiraza və izahatlarına uyğun izahat vermiş, əlavə olaraq 2008-ci ildə mənzilin iddiaçıya təhvil verilməsini, orada təmir işlərinin aparılmasını, təqribən bir neçə il sonra iddiaçının orada yaşamasını, həmin vaxt sahənin az olması barədə heç bir müraciətin onlara ünvanlanmadığını, ümumilikdə isə "xxxx" sahə barədə həmin vaxt müraciət edən vətəndaşlara müvafiq izahların verildiyini, iddiaçının mənzili təhvil alaraq orda uzun müddət yaşamasına baxmayaraq, indi bu cür iddia verməsinin heç bir əsasının olmadığını, iddia müddətinin keçməsini, bu səbəbdən də apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia aşağıda göstərilən əsaslarla rədd olunmamalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında 19 iyul 2006-cı il tarixli müqavilənin bağlanması, müqaviləyə əsasən iddiaçıya ünvan 1 ünvanında yerləşən sahəsi 118.94 kv.m olan 26 saylı mənzilin verilməli olması, mənzilin 2008-ci il tarixdə iddiaçıya təhvil verilməsi, iddiaçı tərəfindən mənzilin razılaşdırılmış dəyərinin ödənilməsi işin mübahisə olunmayan hallarıdı. Bununla yanaşı, müqavilədə mənzilin ümumi sahəsi "xxxx" 118,94 m2 kimi müəyyən olunmuşdur. İşdə olan sübutlara, eləcə də iddiaçı tərəfin bildirməsinə görə - mənzil 2008-ci il tarixdə təhvil verilmiş, həmin ildə orada müəyyən təmir işlərinə başlanılmış, mənzilin tam təmiri isə 2011-ci ildə başa çatmış, bundan sonra orada yaşamağa başlanılmışdır. Sözügedən mənzil 19 noyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmış, bu barədə verilən çıxarışda mənzilin ümumi sahəsi 96.6 m2 göstərilmişdir. Bundan sonra, yəni 2022-ci ilin aprel ayında iddiaçı hazırki iddia ildə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi isə iddiaya etiraz edərək, iddiaçıya 2008-ci il tarixdə faktiki olaraq müqavilədə nəzərdə tutumuş ölçüdə mənzilin təhvil verilməsini, müqavilədə "xxxx" 118,94 m2 sahəsinin xüsusi olaraq qeyd olunması, iddiaçı tərəifndən 2008-ci il tarixdən etibarən mənzildə təmir işlərinin aparılmasını, bir-neçə il sonra isə orada yaşayışın olmasını, keçən uzun müddət ərzində iddiaçının mənzilin ölçüsü ilə bağlı etirazının olmamasını, iddiaçıya hər hansı pul vəsaiti qaytarılmalı olmamasını bildirmiş, eyni zamanda mübahisəyə iddia müddətinin tətbiq olunması barədə ərizə verərək, iddianın rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi qənaəti belə əsaslandırmışdır ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən - 19 iyul 2006-cı il tarixli müqavilədə Cavabdeh MTK, İddiaçı ümumi sahəsi 118.94 kv.m. olan mənzil verməyi öhdəsinə götürmüşdür. İddiaçı razılaşdırılmış sahədə mənzilin ona verilmədiyini iddia edir, cavabdeh MTK isə bu xüsusat üzrə müqavilə öhdəliyini lazımınca yerinə yetirdiyini bildirərək ona istinad edir ki, mənzilin ümumi sahəsi "xxxx", yəni ölçünün divarların çöl tərəfindən aparılması ilə hesablanır və bu şərt MTK-nın iddiaçı ilə bağladığı 19 iyul 2006-cı il tarixli müqavilədə nəzərdə tutulmuşdur. İş materiallarında mövcud olan 28 sentyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, mənzildəki arakəsmələr nəzərə alınmadan ümumi sahəsi 118.94 kv.m təşkil edir. Məhkəmə qeyd edir ki, tərəflər müqaviləni bağlayarkən müqavilə azadlığı prizmasından iradələrini ifadə etməkdə müstəqildilər. Müqavilə azadlığı Konstitusiya ilə təminat verilən mülkiyyət və azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Mülki Məcəllənin 390.1-ci maddəsində təsbit olunmuş müqavilə azadlığı, mülki hüquq subyektlərinin seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək imkanlarını təmin edir. İstinad olunanlardan belə qənaətə gəlmək olur ki, cavabdeh olan MTK müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi tam şəkildə icra etmişdir. Cavabdeh olan Cavabdeh MTK məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə verərək müddətin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə verilmiş vəsatətə qiymət verərək hesab edir ki, iddiaçı 19 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Çıxarışı əldə etmiş, həmin çıxarışa əsasən MTK-dan aldığı mənzilin ümumi sahəsinin 96.6 kv.m olduğunu, yəni ona məxsus mənzilin sahəsinin müqavilədə nəzərdə tutulmuş sahədən az göstərilməsini öyrənmişdir. İddiaçı hazırkı iddia tələbi ilə 21 aprel 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı işə daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə 6 illik iddia müddəti tətbiq olunmalıdır. İş materiallarından da göründüyü kimi, hazırkı iş üzrə iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməməsini qənaətinə gəlmiş, lakin iddia tələbinin əsassız olmasına görə iddianı rədd etmişdir. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı iddia tələbini dəyişərək, 19 iyul 2006-cı il tarixli müqavilənin 2-ci bəndində “ümumi sahəsi 118.94 kv.m” əvəzinə “ümumi sahəsi 96.6 kv.m” sözləri ilə əvəz edilməklə, həmin bənddə “cəmi 40412 ABŞ dolları” sözü “cəmi 32844 ABŞ dolları” sözləri ilə əvəz edilməklə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və iddiaçı tərəfindən artıq ödənilmiş 7595,6 ABŞ dolları məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin, məhkəmə dəyişdirilmiş tələbə (tələbin birinci hissəsinə) ümumiyyətlə hüquqi qiymət verməmişdir. Halbuki, iddiaçı dəyişdirilmiş tələbi üzrə ilk öncə müqavilənin müəyyən bəndlərinin dəyişdirilməsini tələb etmişdir. Bununla yanaşı, məhkəmə iddia müddəti ilə bağlı məsələyə də düzgün hüquqi qiymət verməmişdir. Beləliklə, məhkəmə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir ki, bu da qətnamənin ləğvinə tam əsasdır. «L.İ.Binnətovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmşdir ki, «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmaq vəzifəsi birinci instansiya məhkəməsi ilə yanaşı, həmçinin apellyasiya instansiyası məhkəməsinin araşdırmalı olduğu məsələdir. Ona görə də, məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir. Məhkəmə kollegiyası, tələbin hüquqi əsaslarını nəzərdən keçirib mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. MM-nin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Qeyd edilməlidir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MM-nin 389, 390 və s. maddələri). MM-nin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MM-nin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. MM-nin 405.2-ci maddəsinin tələbinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. MM-in 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Yuxarıda da qeyd edildiyi kimi, mübahisə predmeti olan mənzillə bağlı tərəflər arasında 19 iyul 2006-cı il tarixli müqavilə bağlanmışdır ki, iddiaçının da həmin müqaviləyə əsaslanmaqla, cavabdehə qarşı müvafiq tələblər irəli sürməkdə subyektiv (tələb) hüquqları mövcuddur. Belə olan halda isə, məhkəmə tərəfindən yoxlanılmalı olan növbəti hal iddianın mahiyyəti üzrə əsaslı olması, iddia müddətinin keçib-keçməməsi məsələsidir. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığının onun iştirakçılarının bərabərliyi əsasında təmin edilməsi kimi müəyyən edilmişdir (Mülki Məcəllənin 1.1-ci maddəsi). Azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyriəmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı). MM-nin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Həmin Məcəllənin 423.1-ci maddəsi isə məhz bu məqsədlə bağlanan müqavilənin (razılaşmanın) formasına aid məsələni tənzimləyir. Həmin maddəyə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. İşin hallarından göründüyü kimi, 19 iyul 2006-cı il tarixli müqavilənin bəzi bəndlərinin iddiaçının iddia etdiyi forma dəyişdirilməsi istiqamətində tərəflər arasında qarşılıqlı razılaşma mövcud deyildir. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşin müəyyən olunmuş hallarına əsasən tərəflər 19 iyul 2006-cı il tarixli müqavilədə mübahisə predmeti olan mənzilin ümumi sahəsini "xxxx" 118,94 m2 müəyyən etmişlər. İddiaçı özü apellyasiya şikayətində göstərmişdir ki, müqavilə bağlanılan zamanı sahənin "xxxx" olaraq müəyyən edilməsi istiqamətində danışıqlar olmuş, buna baxmayaraq sonra müqaviləni imzalamışdır. Göründüyü kimi, iddiaçı müqavilə bağlanan zamanı bu hala diqqət yetirmiş, həmin şərtin dəyişdirilməsi və ya ləğv edilməsi, mənzilin ümumi sahəsinin digər formada hesablanması ilə bağlı şərtlərini irəli sürmən imkanına malik olmuş, lakin bunu etməmiş və müqaviləni mövcud şərtlərlə imzalamışdır. Bununla yanaşı, işdə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 sentyabr 2022-ci il tarixli rəyinə əsasən - Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2945 saylı məhəllədə yerləşən binanın 11-ci blok 6-cı mərtəbəsində 3 otaqlı 26 nömrəli mənzilin çöl divarının çöl hissəsindən ölçülməklə, mənzildəki arakəsmələr nəzərə alınmadan ümumi sahəsinin 118.94 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Ekspert qeyd etmişdir ki, "xxxx" sahəsi balkonlar, divarlar, üst-üstə düşən otaqlar da daxil olmaqla, mənzildə olan bütün otaqların ümumi sahəsini nəzərdə tutur və ölçü divarların çöl tərəfindən aparılır. Əgər alıcının “netto” sahəsini öyrənmək istəyi yaranarsa, onda mənzillərin plan sənədləri tələb edilir. Memar tərəfindən tərtib edilmiş planda hər bir otağın (tikilinin) netto sahəsi göstərilir. Ümumilikdə tikinti obyektinin "xxxx" sahəsinə bütün tikinti ərazisi daxildir. MM-nin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-nin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. MM-nin 762.2-ci maddəsinə əsasən, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. MM-nin 773-cü maddəsinə əsasən, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Göründüyü kimi, müqavilənin iddia olunan şərtləri baxımından onun cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması halı müəyyən edilmir. Tədqiq olunmuş sübutlardan da göründüyü kimi, cavabdeh müqavilənin mübahisə predmeti olan hissəsi üzrə iddiaçı qarşısında öhdəliklərini lazımi qaydada icra etmişdir. Ona görə də, iddiaçının bu müqavilədən irəli gələn hazırkı iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Xüsusilə qeyd edilməlidir ki, iddiaçı iddia müddətini də ötürmüşdür. Bu hal isə iddianın mahiyyəti üzrə əsaslı olub-olmamasından asılı olmayaraq, iddianın rəddi üçün müstəqil əsasdır. Belə ki, MM-in 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. MM-in 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göründüyü kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. MM-in 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır. Qeyd edilən hüquq normalarının tələblərinə əsasən məhkəmə kollegiyası qeyd edir ki, hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Yuxarıda da qeyd edildiyi kimi, mübahisə predmeti olan yaşayış sahəsi hələ 2008-ci il tarixdə faktiki olaraq iddiaçıya təhvil verilmiş, sonuncu mənzil üzərində müstəqil sahibliyə və istifadəyə malik olmuş, 2008-ci ildə mənzildə təmir işlərinə başlamış, 2011-ci ildə təmir tam başa çatmışdır. Bu hal isə özü-özlüyündə şəxsin öz hüququnun pozulduğunu bilməli olduğu anlamına gəlir. Eyni zamanda, iddiaçının özü də bildirmişdir ki, təmir zamanı ustalar tərəfindən müvafiq ölçmə işlərində mənzilin sahəsinin az olmasını bilmiş, bu barədə cavabdehin səlahiyyəti şəxslərinə bildirmişdir. Belə olan halda isə iddiaçının məhz müvafiq çıxarış alandan sonra (2018-ci ildə) hüquqlarının pozulmasını bilməsi barədə mövqe əsassız olmaqla, işin halları ilə uzlaşmır. MM-in 373-cü maddəsinə görə ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. MM-nin 776.1-ci maddəsinin tələbinə görə isə sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. İş materiallarından isə görünür ki, iddiaçının iddia ərizəsi 2022-ci ilin aprel ayında, yəni bütün iddia müddətlərinin (hətta ümumi iddia müddətinin) bitməsindən sonra verilmişdir. «Stanyo Belçikaya qarşı» İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 7 iyul 2009cu il tarixli Qərarındakı hüquqi mövqeyinə görə qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq göstərmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). MM-in 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçının və onun nümayəndələrinin izahatları isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası, həmçinin məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində icraat zamanı ümumilikdə 100 manat məbləğində ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “müqavilə şərtlərinin dəyişdirilməklə, artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-62/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-62/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunsun, iddia təmin olunmasın. Məhkəmə xərci İddiaçı aid edilsin. İddiaçıdan aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar