Məhkəmə qərarları › İş №2(103)-4162/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4162/2024

01.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4162/2024 01.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-281/2024 saylı, 17 may 2024cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "Bakı şəhəri 35 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-58 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında və xx.xx.2022-ci il tarixli 2V-57 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, xx.xx.2020-ci ildə təsdiq edilən və reyestrdə 2V-04 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən anası X1 məxsus olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti ev 70 mənzil 4 (yeni qaydalarla: AZ1092, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51,3 kv.metr olan mənzildən ibarət miras əmlakdan məcburi payının müəyyən olunması və qətnamənin icrasının Bakı şəhəri 35 saylı Notariat Ofisinə həvalə edilməsi" barədə iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan sonra, iddiaçının nümayəndəsi Vəkil2 xx.xx.2024-cü ildə məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə verərək, Bakı şəhəri 35 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V58 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında və xx.xx.2022-ci il tarixli 2V-57 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, xx.xx.2020-ci ildə təsdiq edilən və reyestrdə 2V-04 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən anası X1 məxsus olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti ev 70 mənzil 4 (yeni qaydalarla: AZ1092, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51,3 kv.metr olan mənzildən ibarət miras əmlakdan məcburi payının müəyyən olunması və qətnamənin icrasının Bakı şəhəri 35 saylı Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-281/2024 saylı, 17 may 2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan İddiaçı şikayət verərək ləğv edilməsini və mülki işin icraata qəbul edilərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətində göstərib ki, birinci iddia üzrə iddia tələbi başqa bir predmet, yəni qanun üzrə vərəsəlik payı və başqa əsasla - qanun üzrə vərəsəlikdə payın müəyyən edilməsi barədə verilmişdir. Hazırki iddia tələbi isə digər predmet, yəni işdə vəsiyyətnamə olduğundan miras əmlakda məcburi pay və başqa əsasla, yəni vəsiyyətnaməyə əsasən miras əmlakda müəyyən edilməli olan məcburi pay barədə olduğundan, sözügedən mülki iş eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisə kimi qəbul edilə bilməz. Digər tərəfdən, məhkəmə özü də etriaf edir ki, “ikinci iddiada irəli sürülmüş xx.xx.2022-ci il tarixli 2V-57 reyestr nömrəli "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi və miras mənzildən məcburi payın müəyyən olunması tələbləri birinci iddiada olmamışdır.” Elə bunun özü də, birinci və ikinci iddia tələblərini predmetdən baxımından fərqləndiyini sübut edir. Bundan əlavə, birinci iddiada xx.xx.2022-ci il tarixli2V-58 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin ləğv edilməsi tələbinin ikinci iddiada yenidən irəli sürülməsini onunla əsaslandırmışdıq ki, Bakı şəhəri 35 saylı Notariat Ofisinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına 26 yanvar 2024-cü il tarixli 55 №-li cavab məktubunda göstərilir ki, “Qeyd etməyi zəruri hesab edirik ki, yuxarıda göstərilənlərə əsasən Cavabdeh vəsiyyət üzrə vərəsə kimi 2V-57 reyestr nömrəli şəhadətnamə verilərkən onun payı tam həcmdə göstərilməli olduğu halda texniki səhvlə payı vəsiyyət üzrə ½ hissədə müəyyən edilmişdir. Həmin səhv elektron reyestrə işlənməklə vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi çap edilib təsdiq edildikdən sonra müəyyən edilmişdir. Notariusun öz şəhadətnaməsini tam və ya qismən ləğv etmək (dəyişdirmək) səlahiyyəti olmamasını nəzərə alaraq 6 ay gözləməklə mirasdan irs almış yeganə vərəsənin əlavə süründürməçiliyə məruz qalaraq məhkəməyə müraciət etmək məcburiyyətində olmasının qarşısını almaq və vətəndaş məmnunluğunu təmin etmək üçün həmin səhv tərəfimdən şəhadətnamədən kənarda qalmış ½ hissəyə dair eyni tarixli (xx.xx.2021-ci il) daha bir şəhadətnamə - 2V-58 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi verməklə aradan qaldırılmışdır.” Göründüyü kimi, miras payının tam həcmdə kimə keçməsi vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsində deyil, qanun üzrə vərəsəlik şəhadətnaməsində nəzərdə tutulduğundan yalnız vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin etibarsızlığı barədə irəli sürdüyü tələb iddiaçının mirasda məcburi payının daha az həcmdə müəyyən ediləcəyinə səbəb olacaqdı. Göründüyü kimi, işin halları iddiaçıya çatacaq mirasda məcburi payın həcminin düzgün hesablanması üçün qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsızlığı tələbini də zəruri edir ki, bu da həm faktiki, həm də qanuni cəhətdən digər əsas kimi qiymətləndirilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-281/2024 saylı, 29 may 2024-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərardadı qismən, yəni "Bakı şəhəri 35 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-57 reyestr nömrəli "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi, xx.xx.2020-ci ildə təsdiq edilən və reyestrdə 2V-04 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən anası X1 məxsus olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti ev 70 mənzil 4 (yeni qaydalarla: AZ1092, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51,3 kv.metr olan mənzildən ibarət miras əmlakdan məcburi payının müəyyən olunması və qətnamənin icrasının Bakı şəhəri 35 saylı Notariat Ofisinə həvalə edilməsi" tələbləri üzrə icraata xitam verilməsi hissəsində ləğv edilmiş və şikayət "Bakı şəhəri 35 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-58 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi" tələbi ilə bağlı hissədə baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Cavabdeh analarından qalmış miras əmlak üzrə digər vərəsələrin olmaması barədə notariat ofisinə yalan məlumat vermişdir. Vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin mövcudluğundan, onun cavabdehə qarşı qanun üzrə vərəsəlik payının müəyyən edilməsi barədə əvvəlki iddia tələbi üzrə Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən məlum olmuşdur. Müəyyən edilmişdir ki, İddiaçı hazırkı iddiadan əvvəl Cavabdeh qarşı "mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi üzrlü hesab edilərək, həmin müddətin uzadılması, Bakı şəhəri 35 saylı Notariat Ofisi tərəfindən reyestrdə 2V- 58 nömrə ilə qeydə alınan xx.xx.2022-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin ləğv edilməsi, mərhum X1 məxsus Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti ev 70 mənzil 4-ün cavabdeh və iddiaçı arasında bölünməsi" barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3263/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə həmin iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-683/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3263/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul olunaraq iddia rədd edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və 2(102)-3071/2023 nömrəli mülki iş Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatına daxil olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(008)- 4770/2023 nömrəli qərardadına əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan 2(102)-3071/2023 nömrəli mülki iş üzrə məhkəmənin qətnaməsi qanuni qüvvəyə minənə qədər hazırkı iş üzrə icraat dayandırılmışdır. Bundan sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3071/2023 nömrəli qərarına əsasən, qeyd olunan mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 683/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-720/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-3263/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtinaya dair iddiaçının nümayəndəsinin ərizəsi qəbul edilərək mülki iş üzrə apellyasiya icraatına xitam verilmiş və həmin qərardad çıxarıldığı andan qanuni qüvvəyə minmişdir. Beləliklə, işin dayandırılmasına səbəb olan hal aradan qalxdığına görə hazırkı mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmənin təşəbbüsü ilə X2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuşdur. Bundan sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024- cü il tarixli qərardadına əsasən, hazırkı iş üzrə icraata xitam verilmişdir. Qərardad belə əsaslandırılmışdır ki, İddiaçı həm əvvəlki, həm də indiki iddia tələbi eyni tərəflər arasında, eyni əsaslarla və mahiyyət etibarilə vərəsəliklə bağlıdır. Birinci iddianın 2-ci tələbi və ikinci iddianın 2-ci tələbi eynilik təşkil edir. İkinci iddiada irəli sürülmüş xx.xx.2022-ci il tarixli 2V-57 reyestr nömrəli "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi və miras mənzildən məcburi payın müəyyən olunması tələbləri birinci iddiada olmasa da, birinci iddia üzrə məhkəmənin qətnaməsində İddiaçı mirası üzrlü səbəb olmadan qəbul etməməsi, buna görə onun mirasın bölünməsində iştirak etmək hüququnun olmaması müəyyən edilmiş, bununla da əvvəlki iddia üzrə qətnamədə faktiki olaraq hazırkı mübahisə bütövlükdə həll olunmuşdur. Daha sonra, İddiaçı nümayəndəsi X3 məhkəməyə şikayət verərək həmin qərardadın ləğv olunmasını, mülki işin icraata qəbul edilməsini və mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. O, şikayətini belə əsaslandırmışdır ki, birinci iddia üzrə iddia tələbi başqa bir predmet, yəni qanun üzrə vərəsəlik payı və başqa əsasla, yəni qanun üzrə vərəsəlikdə payın müəyyən edilməsi barədə verilmişdir. Hazırkı iddia tələbi isə digər predmet, yəni işdə vəsiyyətnamə olduğundan miras əmlakda məcburi pay və başqa əsasla, yəni vəsiyyətnaməyə əsasən miras əmlakda müəyyən edilməli olan məcburi pay barədə olduğundan, sözügedən mülki iş eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisə kimi qəbul edilə bilməz. Göründüyü kimi, İddiaçı xx.xx.2022-ci il tarixli 2V-58 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"ni həm əvvəlki iddiada, həm də hazırkı iddiada mübahisələndirmişdir. O, əvvəlki iddiada şəhadətnamənin ləğv olunmasını, hazırkı iddiada isə etibarsız hesab olunmasını tələb etsə də, hər iki tələb eyni hüquqi nəticəni ehtiva etdiyinə görə məhkəmə hesab edir ki, hər iki tələb eyni predmet barəsindədir. Həmin tələblər eyni tərəflər arasında və eyni əsaslar üzrədir. Belə olan halda, hazırkı iddianın xx.xx.2022-ci il tarixli 2V-58 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi ilə bağlı hissəsi üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə uyğundur. Həmin maddədə deyilir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Ona görə də məhkəmə qərardaddan iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayəti qeyd olunan tələblə bağlı hissədə əsaslı hesab etmir. İddiaçının hazırkı işdə olan digər iddia tələbləri, yəni xx.xx.2022-ci il tarixli 2V-57 reyestr nömrəli "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi və miras mənzildən məcburi payının müəyyən olunması ilə bağlı isə məhkəmə qeyd edir ki, həmin tələblər əvvəlki iddiada olan tələblərlə tam üstüstə düşmədiyinə görə onlar üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə uyğun olmamışdır və şikayət bu hissədə əsaslıdır. Ona görə də xx.xx.2024-cü il tarixli qərardad göstərilən iki tələblə bağlı hissədə ləğv olunmalıdır. Məhkəmə verilmiş şikayəti xx.xx.2022-ci il tarixli 2V-58 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi tələbi ilə bağlı hissədə əsaslı hesab etmədiyinə görə bu qərara gəldi ki, şikayət həmin hissədə baxılması üçün 7 gün müddətində işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. İddiaçı vəkili Vəkil2 ərizə ilə məhkəməyə müracət edərək səhhəti ilə əlaqədar 28 iyun-21 iyul 2024-cü il tarixlərdə məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və növbəti məhkəmə iclaslarının 21 iyul 2024-cü il tarixdən sonraya təyin edilməsini xahiş etsə də hazırki işə yazılı icraat qaydasında baxıldığına diqqət yetirməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 Babalı oğlu elektron kabinet vasitəsilə təqdim etdiyi və birinci instansiya məhkəməsinin qərardadı ilə eyni məzmunda tərtib etdiyi şikayətə etirazında şikayətin təmin olunmamasını və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-281/2024 saylı, 29 may 2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Əvvəla İddiaçı hazırkı iddiadan əvvəl Cavabdeh qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi üzrlü hesab edilərək, həmin müddətin uzadılması, Bakı şəhəri 35 saylı Notariat Ofisi tərəfindən reyestrdə 2V-58 nömrə ilə qeydə alınan xx.xx.2022-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, mərhum X1 məxsus Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti ev 70 mənzil 4-ün cavabdeh və iddiaçı arasında bölünməsi barədə iddiası qanuni qüvvəyə minmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3263/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. İddiaçı birinci iddiada xx.xx.2022-ci il tarixli 2V-58 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbinin ikinci iddiada yenidən irəli sürülməsini Bakı şəhəri 35 saylı Notariat Ofisinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına 26 yanvar 2024-cü il tarixli 55 №-li cavab məktubunda göstərilənlərlə əlaqələndirir. Əvvəla, Notariat Ofisinin qeyd olunan məktubda göstərdiyi səhvi birinci iddiaya baxılan zaman da iddiaçıya bəlli idi və o, da hər bir halda xx.xx.2022-ci il tarixli 2V-58 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni birinci iddiasında onsuzda mübahisələndirmişdir. Hətta Notariat Ofisinin məktubunda qeyd olunanlar ona sonradan məlum olsa da belə, bu hal iddiaçıya eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna görə yenidən məhkəməyə müraciət etməyini istisna edir. Bundan əlavə, miras payının tam həcmdə kimə keçməsi vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsində deyil, qanun üzrə vərəsəlik şəhadətnaməsində nəzərdə tutulması dəlili də başadüşülən olmamışdır. Eyni zamanda yalnız vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin etibarsızlığı barədə irəli sürdüyü tələb iddiaçının mirasda məcburi payının daha az həcmdə müəyyən ediləcəyinə səbəb olacağı halı da iddiaçıya əsas vermir ki, o, qanun üzrə vərəsəlik şəhadətnaməsini qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda yenidən mübahisələndirsin. Üstəlik işin haları iddiaçıya çatacaq mirasda məcburi payın həcminin düzgün hesablanması üçün qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsızlığı tələbini zəruri etmiş olsa belə, bu həm faktiki, həm də qanuni cəhətdən digər əsas kimi qiymətləndirilə bilməz. Əlbətdə ki, iddiaçının hazırki iddiasının uğurlu olacağı təqdirdə o, nail olmaq istədiyi məqsədə çata bilər yaxud zərurət olarsa yeni əsasla məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qərardadının mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir, ona görə də şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-281/2024 saylı, 17 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-281/2024 saylı, 17 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar