Məhkəmə qərarları › İş №2(103)-4164/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4164/2024

23.09.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4164/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əliyeva (Novruzova) Lalə Yaqub qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: özəlləşmənin ləğv edilməsi, qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Əliyeva (Novruzova) Lalə Yaqub qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özəlləşmənin ləğv edilməsi və qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2(008)-770/2005 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.1990-cu il tarixli, 002146 nömrəli orderə əsasən Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi 72 saylı evin 131 saylı mənzili Cavabdeh1 istifadəsinə verilmiş, orderdə ailə üzvü olaraq Cavabdeh2 göstərilmişdir.

2. Tikinti invertarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş 220361 nömrəli, ÖM seriyalı qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi 72 saylı evin 131 saylı mənzil Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.

3. Sabunçu Rayon Mənzil-kommunal Təsərrüfatı Birliyi 44 saylı Mənzil Kommunal İstismarı sahəsinin xx.xx.2004-cü il tarixli, 366 nömrəli arayışına əsasən Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi 72 saylı evin 131 saylı mənzildə Cavabdeh1 və Cavabdeh2 qeydiyyatda olmuşlar.

4. X3 ilə Cavabdeh2 xx.xx.2004-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər.

5. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2-1900 nömrəli qətnaməsi ilə X2 Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi 72 saylı evin 131 saylı mənzilinin yaşayış sahəsindən istifadə hüququnun tanınmaqla, ora köçürülməsi, mənzil bölünərək sahəsi 12.22 kv.m. olan bir yaşayış otağının, L.Əliyevanın istifadəsində, sahəsi 16.60 kv.m. olan bir yaşayış otağının isə cavabdehlərin istifadəsində saxlanılması, tərəflərin hər biri ilə ayrı-ayrılıqda icarə müqaviləsinin bağlanmasının Sabunçu Rayon İHnə həvalə edilməsi qət edilmişdir.

6. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın 1MK-521/05 nömrəli, xx.xx.2005-ci il tarixli qətnaməsi ilə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2-1900 nömrəli qətnaməsi qismən ləğv edilmiş, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi 72 saylı evin 131 saylı mənzili bölünərək sahəsi 12.22 kv.m 1 yaşayış otağının L.Əliyevanın istifadəsində, 16.60 kv.m olan 1 yaşayış otağının isə cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 istifadəsində və tərəflərin hər biri ilə ayrı-ayrılıqda icarə müqaviləsinin bağlanmasının Sabunçu Rayon İH-nə həvalə edilməsi hissəsində ləğv edilərək iddia tələbi həmin hissədə rədd olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı X3 cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, 72 saylı evin 131 saylı mənzilinin özəlləşdirilməsinin ləğv edilməsi və müvafiq olaraq həmin mənzilə dair Cavabdeh1 adına verilmiş ÖM seriyalı, 220361 saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1998-ci ilin noyabr ayında Cavabdeh2 ilə el adəti ilə toy edib ailə qurmuş və özünə məxsus cehiz əmlaklarını da aparmaqla Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi 72 saylı evin 131 mənzilinə gəlin köçmüşdür. Həmin mənzilin icarədarı Cavabdeh1 olmaqla mənzil 2 otaqdan ibarətdir. O, 1998-ci ildən 2004-cü ilin oktyabr ayınadək cavabdehlərlə birgə mübahisəli mənzildə yaşamış, oradan daimi istifadə etmişdir. Onun Cavabdeh2la nikahı xx.xx.2004-cü il tarixdə rəsmiləşmişdir. Onun mübahisəli mənzilə pasport qeydiyyatına alınmasına əri Cavabdeh2 razı olsa da, iş üzrə digər Cavabdeh1 razı olmamışdır. Ona görə də o, iddia ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2004-cü il tarixli qətnaməsi ilə onun mübahisəli Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi 72 saylı evin 131 saylı mənzilinin yaşayış sahəsindən istifadə hüququnun tanınmaqla, ora köçürülməsi, həmçinin onunla ayırca icarə müqaviləsi bağlanılması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər apellyasiya şikayəti vermişdir. Bütün bunlara baxmayaraq, cavabdehlər onun xəbəri olmadan mübahisəli mənzili xx.xx.2005-ci il tarixdə Cavabdeh1 adına özəlləşdirmiş və müvafiq olaraq həmin mənzilə dair sonuncunun adına qeydiyyat vəsiqəsi verilmişdir.

9. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2(008)- 770/2005 nömrəli qətnaməsi ilə (hakim A.M.Əbilhəsənov) iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi 72 saylı evin 131 saylı mənzilinin özəlləşdirilməsi ləğv edilərək, həmin mənzilə dair Bakı şəhəri Tİ və MHQ İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsinin etibarsız hesab olunması qət edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 24 sentyabr 2004-cü il tarixli qətnaməsi ilə onun mübahisəli Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi 72 saylı evin 131 saylı mənzilinin yaşayış sahəsindən istifadə hüququnu tanınmaqla ora köçürülməsi, həmçinin onunla ayrıca icarə müqaviləsi bağlanılması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər apellyasiya şikayəti vermiş və hazırda iş Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin icraatındadır. Buna baxmayaraq, cavabdehlər iddiaçının xəbəri olmadan mübahisəli mənzili xx.xx.2005-ci il tarixdə Cavabdeh1 adına özəlləşdirmiş və müvafiq olaraq həmin mənzilə dair sonuncunun adına qeydiyyat vəsiqəsi verilmişdir.

11. Məhkəmə öz mövqeyini xx.xx.2009-cu il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 84-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.1992-ci il tarixli, 2 saylı qərarına istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sabunçu rayon MN və Mİ şöbəsinin məhkəmə icraçısının xx.xx.2006-cı il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi tərəfindən verilmiş MK-521 nömrəli, xx.xx.2005-ci il tarixli icra sənədində X2 Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi 72 saylı evin 131 saylı mənzilinin yaşayış sahəsinə istifadə hüququ tanınmaqla mənzilə köçürülməsi qərara alınmışdır. Sabunçu Rayon Məhkəməsinin 2- 1900/2004 saylı, xx.xx.2004-cü il tarixli qətnaməsində qeyd edilən iddiaçının digər tələbləri isə təmin edilməmişdir (qeyd edilən qətnamənin ləğv edilməsi ilə bağlı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə müraciət edilmişdir). Mənzili aldığı gündən hal-hazıradək həmin mənzildə yaşayan Cavabdeh1 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X4 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyetsri publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli “mülkiyyətində olan mənzilə dair məhdudiyyət və yüklülüklər haqqında dövlət reyestrindən arayışın alınması” barədə müraciətinə “həmin mənzilə dair adına verilmiş qeydiyyat vəsiqəsinin məhkəmə qərarı ilə ləğv edildiyi” barədə cavabını aldıqdan sonra məlumatı olmuş, həmin vaxta qədər Cavabdeh1 mənzilində rahat yaşamış, hər hansı bir şəxs mənzillə bağlı onu narahat etməmiş, mənzilinə dair adına olan qeydiyyat yazısının ləğv edilməsinə görə təsəvvürü belə olmamışdır. Hətta iddiaçı məhkəmə icraçıları tərəfindən akt tərtib edilərək mənzilə köçürüldükdən sonra həmin mənzildə yaşamamış, könüllü olaraq mənzildən çıxıb getmiş və bundan sonra onunla heç bir əlaqələri olmamışdır. Sabunçu Rayon Məhkəməsi işə baxarkən, cavabdehlərin məhkəmə iclasında iştirakının təmin edilməsi üçün heç bir tədbir görməmiş, poçt vasitəsilə belə sadə bir məktub göndərməmiş, 75 yaşında olan Cavabdeh1 20 ilə yaxın bir müddətdə yaşadığı, mülkiyyətində olan mənzilin adına olan qeydiyyat yazısının məhkəmədə ləğv edilməsindən xəbərsiz olmuşdur. İş materiallarına baxarkən müəyyən olunur ki, məhkəmə qətnamə qəbul edərkən işə tez-tələsik birtərəfli qaydada ancaq iddiaçının izahatına əsaslanmaqla iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Faktiki olaraq iş üzrə heç bir araşdırma aparılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

16. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.2. işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa. Maddə 236-1.1. İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Maddə 236-1.2. Məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı işdə iddia təmin edildiyindən və apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və vəkilini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.

22. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş, cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş, bununla da prosessual hüquq normaları pozulmuş, habelə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə bütün faktiki hallar araşdırılmamış, nəticədə işin hallarına uyğun olmayan qətnamə qəbul edilmişdir.

23. Qanunvericiliyin yuxarıda istinad olunan tələblərindən göründüyü kimi, mənzillər, özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.

24. Apellyasiya araşdırılması zamanı Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi 72 saylı evin 131 saylı mənzilin Cavabdeh1 adına dövlət reyestrində keçməsinə əsas olmuş sənədlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsdən tələb edilmiş, təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, qeyd olunan mənzilin Cavabdeh1 istifadəsinə verilməsinə dair xx.xx.1990-cu il tarixli, 002146 nömrəli orderdə ailə üzvü olaraq yalnız digər Cavabdeh2 göstərilmişdir. Sonuncunun ərizəsinə əsasən sözügedən mənzilin Cavabdeh1 adına özəlləşdirilməsinə razılıq verilmişdir.

25. Göründüyü kimi, mənzilin Cavabdeh1 adına özəlləşdirilməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir.

26. Araşdırma zamanı Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan həmçinin müəyyən edilmişdir ki, iddiaçı hazırda digər şəxslə nikaha daxil olmuş və həmin nikahdan bir övladı var. Ailə qurduqdan sonra onun soyadı dəyişərək “Novruzova” kimi qeydə alınmış və hazırda yaşayış yeri Bakı şəhəri, Xətai rayonu ərazisindədir.

27. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2(008)-770/2005 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.

28. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən edilir ki, birinci instansiya məhkəməsinin qətnaməsi icra edilərək Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi 72 saylı evin 131 saylı mənzilə dair Cavabdeh1 adına verilmiş xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsi ləğv edilmiş və bu barədə xx.xx.2005-ci il tarixində reyestr kitabında qeydiyyat aparılmışdır.

29. Belə olan halda məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsinin icra edilmiş qətnaməsi ləğv edildiyindən icrada dönüş edilməsi barədə tədbirlər görülməli, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi 72 saylı evin 131 saylı mənzilinin özəlləşdirilməsi barədə Bakı şəhəri Tİ və MHQ İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş 18 yanvar 2005-ci il tarixli qeydiyyat vəsiqəsi bərpa edilməli və bununla bağlı reyestr kitabında müvafiq qeydiyyat aparılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2(008)-770/2005 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Əliyeva (Novruzova) Lalə Yaqub qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özəlləşmənin ləğv edilməsi və qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi 72 saylı evin 131 saylı mənzilinin özəlləşdirilməsi barədə Bakı şəhəri Tİ və MHQ İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş 18 yanvar 2005-ci il tarixli qeydiyyat vəsiqəsi bərpa edilsin və bununla bağlı reyestr kitabında müvafiq qeydiyyat aparılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar