Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4176/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X3 və X1 ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı Cavabdeh1, Cavabdehin nümayəndəsi və vəkili Səfərov Rövşən Hətəməli oğlunun iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-605/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qətnaməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4286/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı Cavabdeh1 (bundan sonra iddiaçı) cavabdeh İddiaçı (bundan sonra cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-605/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərardadı ilə Bakı şəhər Xətai Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər dayandırılmışdır. İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 36 saylı Notariat Kontoruna qarşı “müqavilənin etibarsızlığı tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4286/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apelyasiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 36 saylı Notariat Kontoruna qarşı “müqavilənin etibarsızlığı tələbinə”dair mülki iş, onunla əlaqəli olan iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair 2(103)-256/2020 saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili R.Səfərov apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki işdə olan xx xxxx 2016-cı il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında kredit müqaviləsi bağlanmış və “borc verən” “borcalana” 170000 ABŞ dolları məbləğində pulu borc vermiş, “borcalan” krediti xx xxxx 2017-ci il tarixədək “borcverənə” qaytarmağı öhdəsinə götürmüşdür. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Sabunçu Rayon Məhkəməsinin 2(008)-605/2018 saylı, xx xxxxx 2018ci il tarixli qətnaməsini və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4286/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsini cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətlərinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, qətnamələr dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiası üzrə mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, xx xxxx 2016-cı il tarixli kredit müqaviləsi ilə tərəflər arasında kredit müqaviləsi bağlanmış və “borc verən” “borcalana” 170000 ABŞ dolları məbləğində pulu borc vermiş, “borcalan” krediti xx xxxx 2017-ci il tarixədək “borcverənə” qaytarmağı öhdəsinə götürmüş, lakin “borcalan” 45300 ABŞ dolları məbləğində pulu qaytarsa da, müqavilə öhdəliklərini pozaraq, qalan 124700 ABŞ dolları məbləğində borcu qaytarmamışdır. Kollegiya qeyd edir ki, iddiaçının iddia tələbinin qanuni əsasını MM-nin 739-cu maddəsi (borc müqaviləsi) təşkil edir. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (Mülki Məcəllə, maddə 739.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında borc müqaviləsi olduğundan və müqavilə öhdəlikləri cavabdeh tərəfindən yerinə yetirilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 36 saylı Notariat Kontoruna qarşı “müqavilənin etibarsızlığı tələbinə” dair iddiası üzrə Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçının tələbi sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Belə ki, mülki işdə olan sübutlarla təsdiq edilir ki, tərəflər arasında xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 36 saylı Notariat Kontorunda kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin etibarsızlığına əsas ola biləcək hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçı müqavilənin formal olaraq bağlanmasını, hər hansı pul məbləğini almamasını, əslində cavabdehin hədə-qorxu gəlməsi ilə müqavilənin bağlanmasını bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən tərəflərin izahatlarından və işdə olan sübutlardan müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə aralarında bağlanmış müqavilə üzrə etirafedici hərəkətlər edərək, mübahisə edilən müqavilə üzrə borcdan artıq bir qismini cavabdehə ödəmişdir. Birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşan Kollegiya hesab edir ki, tərəflər arasında xx.xx.2016-cı il tarixdə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslində müəyyən edilmiş əqdlərin etibarsızlığının əsasları hazırkı iş üzrə müəyyən edilməmişdir. Belə ki, həmin Məcəllənin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.1-337.4). Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, hesab edir ki, məhkəmə iş üzrə düzgün nəticəyə gəlmiş, qətnamələr qanuni və əsaslı, apellyasiya şikayətləri isə əsassız olmaqla, qətnamələrin ləğvinə səbəb olmadığından şikayətlər təmin edilməməli və qətnamələr dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onların verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayətləri vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-605/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qətnaməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4286/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi onun apellyasiya şikayətlərinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov
Məhkəmə qərarları › İş №2(103)-4176/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4176/2020
10.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver