Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-418/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “borcun silinməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı iştirakı ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-1084/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh İB-nə qarşı, Cavabdeh İB tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə əsassız hesablanmış 13618,52 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etmişdir. İddianın dəlillərin ondan ibarət olmuşdur ki, iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır.
3. Cavabdeh İB nümayəndələri tərəfindən sayğaca baxış keçirilən zaman həmin evə əlavə xətt və həmin evdə istifadə etmədikləri cihazları akta əlavə etmişdirlər.
4. İddiaçı həmin evdə yalnız su qızdırıcısı və dörd göz qaz sobasından istifadə edir. Həmin evdə istifadəyə görə yaranmış borclar aybaay ödənilmişdir.
5. Xətai Rayon Məhkəməsinin 2(011)-1084/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (X1) ilə iddia təmin edilmiş, Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə İddiaçı (abonent kodu **********00000) hesablanmış 13618,52 manat (on üç min altı yüz on səkkiz manat əlli iki qəpik) manat məbləğində borcun silinməsi, Cavabdehndən 130,85 (yüz otuz manat səksən beş qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi, Cavabdehndən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 64 (altmış dörd) manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi qərara alınmışdır.
6. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri:
7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Məhkəmə iclasında iddiaçı birliyə ziyan vurduğunu qeyd etsə də, məhkəmə öz mülahizəsinə uyğun qətnamə qəbul etmişdir. Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir, abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Eyni zamanda aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Bundan əlavə, əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Məhkəmə qətnaməsi iddiaçının izahatına və məhkəmənin qanuna söykənməyən mülahizəsinə dayanmaqdadır. Göstərilənlərə əsasən qətnamənin ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatı:
8. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Bildirdi ki, o, sayğaca heç bir müdaxilə etməyib.
9. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
10. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübuların tədqiqi: Mülki iş materiallarında olan:
11. İstehlakçı İddiaçı barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmiş, aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi qeyd edilmişdir. Bundan sonra Cavabdeh İB tərəfindən dəymiş ziyanın hesablanması məqsədi ilə hesabat aparılmış və abonentin **********000 2021-ci ilin iyun ayı üzrə 216 manat, oktyabr ayı üzrə 1188 manat, noyabr ayı üzrə 475,20 manat, dekabr ayı üzrə 648 manat, 2022-ci ilin dekabr ayı üzrə 8812,80 manat, 2023-cü ilin yanvar ayı üzrə 745,20 manat, fevral ayı üzrə 734,40 manat, mart ayı üzrə 734,40 manat, aprel ayı üzrə 734,40 manat məbləğində borc hesablanmışdır.
12. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyində müəyyən edilmişdir ki, tədqiqat obyekti olan qaz sayğacı və boruya ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində baxış keçirilmişdir. Tədqiqata təqdim edilmiş qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi.
13. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin 3-15-2-1/2-2735/2024 nömrəli, 3 dekabr 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, iddiaçının cavabdehə olan borcu 3018+1181,12-2032,80=2166,32 manat təşkil edə bilər. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
18. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
19. Qazpaylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qazpaylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə Qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (11-ci maddənin 6-cı bəndi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Qazpaylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallara adan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktlar rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7)
20. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
22. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
23. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
24. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
25. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
26. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
27. 6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi
28. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
33. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
34. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
35. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
36. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
37. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
40. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
41. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
43. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
44. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.
45. Rayon məhkəməsi iddia tələbini təmin edərkən qeyd etmişdir ki, iddiaçının istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcısına məxsus şəbəkəyə qoşularaq sayğacdan kənar qazdan istifadə etdiyi məhkəmədə öz təsdiqini tapmadığından, iddiaçı cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Buna görə də iddia təmin edilməlidir.
46. İddiaçı tərəfindən qazın sayğacdankənar talanması barədə cavabdehin təqdim etdiyi aktlar, saldo və fotoşəkillər mülki iş materiallarına əlavə edilmişdir.
47. MPM-in 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Kolegiya Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə görə tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməməsi barədə rəyinə tənqidi yanaşaraq hesab edir ki, müdaxilədən uzun müddət keçdikdən sonra, ekspert tərəfindən, həmin ünvanda o izlərin aşkar edilməməsi mümkün və ağılabatandır. Ən azından o səbəbdən ki, ekspertizanın keçirilməsini bilən iddiaçı tərəfindən tədqiqatın aparılmasına qədər orada “müəyyən təmizləmə işləri edilməsi” mümkün və realdır. 49.Hazırda araşdırmalı məsələ isə cavabdeh tərəfindən tərtib edilmiş aktda qeyd edilən borc məbləğinin əsaslı olub-olmaması ilə bağlıdır.
50. Mülki iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasını təmin etmək məqsədilə, eləcə də cavabdeh tərəfindən tərtib edilmiş aktda qeyd edilən borc məbləğinin əsaslı olub-olmamasının müəyyən edilməsi üçün mütəxəssis (ekspert) rəyinin alınması qərara alınmış və rəyin verilməsi Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinə həvalə olunmuşdur.
51. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin 3-15-2-1/2-2735/2024 nömrəli, 3 dekabr 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, iddiaçının cavabdehə olan borcu 3018+1181,12-2032,80=2166,32 manat təşkil edə bilər.
52. Göründüyü kimi qeyd olunan yetərincə əsaslandırılmış mütəxəssis rəyinə əsasən qoşulma halında iddiaçı tərəfindən ödənilməli olan borcun məbləğinin 2166,32 manat olması müəyyən edilmişdir.
53. Kollegiya qeyd edir ki, hesablanmış borcun məbləğinin 13618,52 manat təşkil etdiyini qeyd edən cavabdeh tərəfindən bununla bağlı əsaslı və şübhədənkənar sübut təqdim edilmədiyindən, mütəxəssis rəyi ilə isə abonentin istehlak borcunun 2166,32 manat təşkil etməsi müəyyən edildiyindən, Məhkəmə Kollegiyası hesab edir ki, həmin hissədə (13618,52 manatın silinməsi hissəsində) rayon məhkəməsinin qənaəti əsaslı olmamışdır.
54. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan məbləğin silinməsi tələb edilən məbləğdən çıxılmaqla (13618,52 manat - 2166,32 manat= 11.452,2 manat) iddiaçıya hesablanmış cəmi 11452,2 manat məbləğində borc silinməlidir.
55. MPM-nin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
56. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə:
57. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməklə iddia tələbi qismən təmin edilməli və Cavabdeh tərəfindən İddiaçı **********00000 saylı abonent koduna hesablanmış borcun 11452,2 manat məbləği silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
59. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 130,85 (yüz otuz manat səksən beş qəpik) manat məbləğində dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri olaraq 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir.
60. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Xətai Rayon Məhkəməsinin 2(011)-1084/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00000 saylı abonent koduna hesablanmış borcun 11.452,2 (on bir min dörd yüz əlli iki manat iki qəpik) manat məbləği silinsin. Cavabdehndən 130,85 (yüz otuz manat səksən beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Cavabdehndən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 64 (altmış dörd) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.