Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4182/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı Ələkbərov Zakir Məcid oğlunun, onun nümayəndəsi və vəkili Əliyev Akif Zakir oğlunun, cavabdeh Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında DƏDRXnin nümayəndəsi Kəlbiyev İbrahim Xeyrulla oğlunun iştirakları ilə, İddiaçı Ələkbərov Zakir Məcid oğlunun cavabdeh Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında DƏDRX və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinə qarşı “artıq işləmiş iş vaxtına görə ödənişin edilməsi və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1169/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Ələkbərov Zakir Məcid oğlu cavabdeh Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında DƏDRX və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinə qarşı iddia ərizəsi və sonradan iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, əmək qanunvericilinə uyğun olaraq ona 36 gün məzuniyyət verildiyi halda, 2012, 2013 və 2014cü illərdə 22 gününü, 2015 və 2016-cı illərdə isə 36 məzuniyyət gününün 15 gününü işdə olmağa məcbur edilmiş, 2016-cı ildə məzuniyyətdə olduğu, lakin işlədiyi günlərin əmək haqqını tələb etdiyinə görə cavabdeh qurumun rəhbərliyinin ona münasuibəti dəyişmiş və təqibə məruz qalmışdır. Göstərilənləri nəzərə alaraq, 2012-2014-cü illərdə məzuniyyətdə olduğu vaxt işlədiyi 66 gün, 2015-2016-cı illərdə məzuniyyətdə olduğu vaxt işlədiyi 30 gün üçün əmək haqqının cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1980-ci ildən Bakı şəhər Texniki İnventarlaşdırma Bürosunda mühəndis, 01.07.2009-cu il tarixindən 2011-ci ilin may ayınadək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Daşınmaz Əmlakın Texniki İnventarlaşdırılması şöbəsinin texniki inventarlaşma sənədlərinin təhlili və pasportların hazırlanması sektorunda mühəndis-inventarlaşdırıcı, 08.06.2011-ci il tarixindən qeydiyyat sənədlərinin qəbulu və ilkin ekspertizası şöbəsində və 05.01.2016-cı il tarixindən qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlaraxidmətin təşkili şöbəsinin sənədlərin qəbulu sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş ekspert vəzifəsində işləyir. 08.06.2011-ci il tarixdən sonra vəzifəsi dəyişsə də, onunla həmin vəzifələrinə uyğun olaraq yeni əmək müqaviləsi bağlanmamışdır. İşlədiyi dövrdə heç bir intizam pozuntusuna yol verməmişdir. Lakin rəhbərlik tərəfindən ona qarşı olan qərəzli münasibət sağlamlığında ciddi problemlər yaratmışdır. İşlədiyi dövr ərzində tədricən səhhəti pozulmuş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının 06.11.2017-ci il tarixli rəyinə əsasən ona İİ dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələblərinə müvafiq olaraq İİ dərəcəli əlil olması barədə həkim ekspert-komissiyasının sistemdən əldə edilmiş məlumatını iş yerinə təqdim edərək qısaldılmış iş gününün tətbiq edilməsini xahiş etsə də, cavabdeh təşkilat buna məhəl qoymamış, hamı kimi gündəlik iş vaxtının səkkiz saatını işlədikdən sonra evə buraxılmışdır. Cavabdeh qurum tərəfindən ona qarşı edilən bu qanunsuzluqla bağlı AR ƏƏSMN-ni DƏMX-nə 10.12.2019-cu il, 10.02.2020-ci il tarixlərdə elektron məktubla, bundan sonra isə Azərbaycan Respublikası Prezidentinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə şikayətlərlə müraciət etmiş, şiklayətlərin hamısı elə cavabdehin özünə göndərilmişdir. Bildiyinə görə AR ƏƏSMN-nin DƏMX tərəfindən ona qarşı edilən qanunsuzluğun aradan qaldırılması üçün məktub göndərilmiş, lakin bu günə qədər cavabdeh tərəfindən heç bir tədbir görülməmiş, əmək müqaviləsinə dəyişikliklər olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə etdiyi şikayət cavabdeh quruma göndərilmiş və cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, guya Əmək Məcəlləsinin 91-ci maddəsinə riayət olunaraq ona 7 saatlıq iş günü tətbiq edilmiş və ona əmək müqaviləsinə dəyişikliyin edilməsi təklif olunmuş, o isə bu dəyişıklikləri qəbul etməmişdir. Bunların hamısı yalandır. İşə gəlib-getməsi vaxtı idarənin girişində quraştırılmış elektron qeydiyyatçıda (turniketdə) qeydə alınmışdır. Cavabdehin müraciətlərinə və qanunvericiliyin tələbinə məhəl qoymadan onu qanunsuz olaraq gündəlik 7 saatın əvəzinə 8 saat ışlətməsi xəstəliyinin pisləşməsinə səbəb olmuş (nevroloji amillər xəstəliyin ağırlaşmasına), təcili yardımın iş yerinə gəlib, ona yardım göstərilməsi ilə nəticələnmişdir. Bununla belə 02.12.2019-cu il tarixində ərizə ilə müraciət edərək, 09.12.2019-cu il tarixdən etibarən əmək məzuniyyəti verilməsini xahiş etmiş, DƏDRX-nin 02.12.2019-cu il tarixli əmri ilə 09.12.2019-cu il tarixindən 05.01.2020-ci il tarixinədək 25 təqvim günü (01.07.2018-01.07.2019-cu ilindən qalan) əmək məzuniyyəti verilmişdir. Məzuniyyətə buraxılması barədə əmr 09.12.2019-cu il tarixdə verilməsinə baxmayaraq qurumun Ərazi İdarəsinin rəhbərliyi sözügedən əmrlə onu qərəzli olaraq tanış etməyərək 09.12.2019-cu il, 10.12.2019-cu il və 11.12.2019-cu il tarixlərində qanunsuz olaraq məcburi işlətmişlər. Məzuniyyət pulu gecikdirilərək ona 13.12.2019-cu il tarixdə verilmişdir. Bu hal da təsdiq edir ki, məzuniyyət barədə əmri sonradan rəsmiləşdirilmiş, 11.12.2019-cu il tarixdə, iş vaxtı isə ona məlumat verilmişdir ki, anıq 09.12.2019-cu il tarixdən məzuniyyətdədir. Əmrlə tanış olmaq istəmiş, verməmişlər. Şifahi verilən məlumata əsasən artıq üçüncü gündür ki, qanunsuz olaraq işlədiyini onlara irad tutmuş, verilən cavab aralarında narazılığa səbəb olmuşdur. Nəticədə səhhətində nasazlıq baş vermiş, halı pisləşmiş, iş yoldaşları durumu görərək təcili yardım çağırmışlar. İlkin tibbi yardım aldıqdan sonra 5 nömrəli şəhər xəstəxanasına yerləşdirilmişdir. Qan təzyiqinin normalalşması və nəfəs darlığı aradan qalxdığından ərizə yazaraq, həkimin razılığı ilə ev şəraitində müalicə olunmaq üçün evə buraxılmışdır. 12.12.2019-cu il tarixdən 30.12.2019-cu il tarixədək sahə həkiminin nəzarəti altında evdə müalicəni davam etdirmişdir. Ümumiyyətlə, cavabdeh qurum xəstə olmasını ciddiyə almamış, hər vasitə ilə bunu şübhəyə alıb yersiz hərkətləri ilə onu əsabləşdirmişdir. Məsələn 2017-ci iln may ayında xəstəliyi ilə bağlı cavabdehə bülletenin təqdim olunmasına baxmayaraq, cavabdehin bir neçə əməkdaşı evinə gələrək evdə müalicə alması barədə 17.05.2017-ci il tarixli akt tərtib etmişlər. Cavabdeh qurumun rəhbərliyinin onun əmək qanunvericiliyi ilə müəyyən edilmiş qısaldılmış iş vaxtının, məzuniyyətə çıxmaq, səhhətinin qeyd9inə qalması hüuqularına məhəl qoymamaqda məqsədi onu bezdirərək işdən çıxmasına nail olmaq olmuşdur ki, bu onun həm artıq işlədiyi 313 saatın, məzuniyyətdə ola-ola 3 gün işlədiyi iş saatına görə ödənişin və bu əməlin səhhətinə mənfi təsir göstərdiyi üçün vurulmuş mənəvi ziyanı tələb etmək hüququnu verir. Beləliklə, 14.11.2017-ci il tarixindən 16.09.2020-ci il tarixədək tabeldə 313 gün, bayram günləri qabağı 6 gün olmuşdur. Göründüyü kimi sözügedən müddət 313 saat əlavə, qanunsuz olaraq işlədilmişdir. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələri ilə əmək məzuniyyətinin verilməməsi və bir tərəfli qaydada əmək məzuniyyətinin başqa vaxta keçirilməsi yolverilməzdir. Cavabdeh qurumun rəhbərliyi iş yoldaşları arasında onu demaqogiyada günahlandıraraq barəsində xoşagəlməz məlumatların yayılmasında maraqlı olubdur. Sadalanan qanunvericilik aktlarına əsasən hesab edir ki, cavabdeh şirkətir rəhbərliyinin ona qarşı qərəzli münasibəti, kollektiv arasında həqiqətə uyğun olmayan və onun şərəf və ləyaqətini ləkələyən məlumatlar yaydığına görə cavabdeh ondan üzr istəməli, mənəvi zərərə görə ona 50.000 manat məbləğində təzminat verməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1169/2021 saylı, 11 fevral 2021ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla yanaşı bildirmişdir ki, hazırda o, cavabdeh qurumunun işçisi olaraq bu günə qədər də onun əmək müqaviləsi qüvvədədir. Cavabdehlə əmək münasibətim davam etdiyinə görə iddia müddəti tədbiq edilməməlidir. Eyni zamanda qeyd edir ki, məzuniyyət vaxtı məcburi olaraq işləməyi, cavabdeh qurumun işdən azad olunma təhdidi ilə olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı həmçinin onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh təşkilatın nmüayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı hazırki iddia üzrə iddia müddətini ötürmürdür. Həmçinin, o, məzuniyyətdə olduğu dövrdə rəsmi olaraq işə çağırılmamışdır. İddiaçı hazırki iddiası təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İT-İ seriyalı ******* saylı əmək kitabçasına əsasən iddiaçı Ələkbərov Zakir Məcid oğlu 14.03.1980-ci il tarixdə Bakı şəhər Texniki İnventarlaşdırma Bürosunda texnik-inventarizator vəzifəsinə işə qəbul edilmiş, həmin tarixdən qeyd olunan təşkilatda və onun hüquqi varisi olan təşkilatlarda müxtəlif vəzifələrdə işləmiş, 05.01.2016cı il tarixindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin sənədlərin qəbulu sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş ekspert vəzifəsində işləyir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair 08.11.2017-ci il tarixli məlumatdan görünür ki, Ələkbərov Zakir Məcid oğluna “Digər xroniki obstruktiv ağciyər xəstəliyi, Xroniki obstruktiv ağaciyər xəstəliyi, Ağciyərin xroniki obstruktiv xəstəliyinin aşağı tənəffüs yollarının kəskin respirator infeksiyası ilə birgə müşahidə olunması. Ağciyərin xroniki obstruktiv xəstəliyi (AXOX) İİİ mərhələ ağır gedişli. Ağ ciyərin emfizeması, Xroniki respirator çatmamazlıq. T.Ç-İİ dərəcə.Pon retinopatiyaları və retinal damar dəyişiklikləri. OU hipertonik anglopatiya.Hıpertenziv ensefalopatiya. Dissirkulyatar emsefalopatiya. Ürəyin xroniki İşemik xəstəliyi” diaqnozu ilə 06.11.2017-ci il tarixdən İİ dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi kimi ümumi xəstəlik qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 23.01.2020-ci, 02.03.2020-ci və 01.05.2020-ci il tarixli məktublarından görünür ki, iddiaçının işlədiyi dövr üçün növbəti əmək məzuniyyətinin verilməsi və həftəlik iş vaxtının mövcud qanunvericiliyə uyğun olaraq müəyyən edilməsi barədə 14 yanvar 2020-ci il tarixli müraciətinə baxılmış, Bununla əlaqədar bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 02.12.2019-cu il tarixli əmri ilə ərizəsi əsasında 09.12.2019-cu il tarixdən 05.01.2020-ci il tarixədək 25 təqvim günü (01.07.2018-01.07.2019-cu iş ilindən qalan) əmək məzuniyyəti verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təqdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 12-ci bəndinə əsasən məzuniyyət dövründə, yəni 12.12.2019-cu il tarixdən 30.12.2019-cu il tarixədək xəstə olması ilə bağlı təqdim etdiyi əmək qabiliyyətinin olmaması vərəqəsinə uyğun olaraq həmin dövr üçün (14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına) müavinətin ödənilməsi təmin edilir. Eyni zamanda bildirilmişdir ki, 2-ci qrup əlil olduğuna görə iddiaçıya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91-ci maddəsinin 2-ci hissəsinə əsasən həftə ərzində qısaldılmış iş vaxtı tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 17.07.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçının işlədiyi dövr üçün növbəti əmək məzuniyyətinin verilməsi və əlillik dərəcəsinə görə qısaldılmış iş rejiminin tətbiq edilməməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ünvanladığı müraciətə baxılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq əmrləri ilə ona 2-ci qrup əlil olduğuna görə 2018/2019-cu iş ili üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 119-cu maddəsinin 2-ci hissəsinə əsasən 42 təqvim günü müddətinə əmək məzuniyyəti verilmişdir. Eyni zamanda bildirilmişdir ki, 2-ci qrup əlil olduğuna görə iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91-ci maddəsinin 2-ci hissəsinə əsasən həftəlik qısaldılmış iş vaxtı tətbiq edilməsi ilə bağlı əmək müqaviləsinə edilmiş dəyişiklikləri imzalamaqdan imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 25.09.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçının 11.09.2020-ci il tarixli ********** qeydiyyat nömrəli ərizəsinə cavab olaraq aşağıdakılar bildirilmişdir: 1. İddiaçı Azəbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında əlilliyin qiymətləndirilməsi barədə sonuncu müayinəyə dair 06.11.2017-ci il tarixli 0108003AAC2A nömrəli məlumatın surətini 14.11.2017-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmişdir. İİ qrup əlil kimi qısaldılmış iş vaxtının tətbiq olunması barədə ərizə ilə 26.11.2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciəti həmin gün Xidmətin Kadrlar şöbəsinə göndərilmiş, 08.06.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən onun əmək müqaviləsinə qısaldılmış iş vaxtının tətbiq olunması barədə dəyişikliklər və əlavələr edilməsi barədə məlumat göndərilmiş, iddiaçı həmin əlavəni imzalamaqdan imtina edərək, müqavilənin tam şəkildə dəyişdirilib göndərilməsini və yalnız bundan sonra həmin müqaviləni imzalayacağını bildirmişdir. 2. 14.11.2017-ci il tarixdən 16.09.2020-ci il tarixədək tabeldə iddiaçının gündəlik iş saatı 8 saat, bayram günləri qabağı iş saatı 7 saat göstərilmişdir. Həmin müddətdə işlədiyi günlərin sayı 313, bayram günləri qabağı 6 gün olmuşdur. 3. İddiaçının 2018-2019-cu iş ilindən qalan məzuniyyətin verilməsi üçün 26.11.2019- cu il tarixli ərizəsi həmin gün Xidmətin Kadrlar şöbəsinə göndərilmiş, Xidmət rəisinin 02.12.2019-cu il tarixli 1003/Ş nömrəli əmrinə əsasən iddiaçıya 09.12.2019-cu il tarixdən məzuniyyət verilmiş, müvafiq olaraq 9, 10, 11 dekabr 2019-cu il tarixli günlər tabeldə məzuniyyət günləri kimi göstərilmişdir. İş materiallarında olan Bakı Şəhər Ərazi idarəsinin Kadrlar şöbəsinin müdiri X.Hüseynova, Kadrlar şöbəsinin kadrlar üzrə mütəxəssisi U.Bolotnikova və Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkiii şöbəsinin Vətəndaşlara xidmət sektorunun hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçısı A.Abbaszadə tərəfindən tərtib olunmuş 17.05.2017-ci il tarixli aktın məzmunundan görünür ki, həqiqətən Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkil şöbəsinin Sənədlərin qəbulu sektorunun hüquqların dövlət qeydiyyatı üzrə baş eksperti Zakir Məcid oğlu Ələkbərov 08.02.2017-ci il tarixindən işə gəlməmişdir. Kadrlar şöbəsinin əməkdaşları tərəfindən ona zəng olunduğunda ağciyərlərin xroniki obstruktiv xəstəliyi ilə əlaqədar otaraq xəstəxanaya yerləşdirildiyini, təkrar zəng zamanı evdə müalicəsini davam etdirdiyini bildirmişdir. 17.05.2017-ci il tarixində Kadrlar şöbəsi tərəfindən təşkil edilmiş komissiya Z.Ələkbərovun ünvanında (ünvan 1, evdə xəstə olduğu, danışarkən nəfəs ala bilmədiyi, xırıltılı bəlğəmli öskürdüyü müşahidə olunmuşdur. Xəstə müalicəsini davam etdirdiyinə görrə hələlik işə çıxa bilməyəcəyini söyləmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşayaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Əmək Məcəlləsinin 17-ci maddəsinin 1-ci hissəsinə əsasən hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Həmin Məcəllənin 46-cı maddəsinin 5-cı hissəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Kollegiya qeyd edir ki, əmək qanunvericiliyinin tələblərinə əsasən əmək müqaviləsinə dəyişikliklərin yalnız tərəflərin razılığı ilə edilməsi nəzərdə tutulduğundan, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini “qısaldılmış iş vaxtı tədbiq edilməklə onunla bağlanmış əmək müqaviləsinə dəyişikliyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində təmin etməmişdir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. Həmin Məcəllənin 91-ci maddəsinin 1-ci hissəsinə görə işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu Məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Həmin Məcəllənin 91-ci maddəsinin 2-ci hissəsinə əsasən, Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci dərəcə əlilliyi olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, cavabdeh şirkətdə işlədiyi dövrdə iş vatından əlavə işlərə cəlb edilmiş olduğunu və bu saatların iddia etdiyi müddətdə olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Kollegiya qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-dən qarşı 14.11.2017-ci il tarixindən 02.12.2020-ci il tarixədək 313 gün, 09.12.2019-cu il tarixdən 11.12.2019-cu il tarixədək 3 gün, 2012-2014-cü illərdə məzuniyyətdə olduğu vaxt 66 gün, 2015-2016-cı illərdə məzuniyyətdə olduğu vaxt 30 gün artıq işlədiyini iddia etsə də, iddia ərizəsinə qeyd olunan halları təsdiq edən heç bir mötəbər sübut əlavə etməmiş, məhkəmə baxışında isə nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmişdir Bundan əlavə kollegiya qeyd edir ki, iddiaçı iddia tələbi üzrə iddia müddətini buraxmışdır. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296.4-cü maddəsinin tələbinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Kollegiya iddiaçının hazırki dövrədək cavabdeh müəssisədə işləməsi arqumentini əsassız hesab edir, belə ki, onun hazıradək həmin müəssisədə işləməsi müddət axımını dayandıran hal kimi qəbul edilə bilməz. Kollegiya iddiaçının mənəvi ziyan tələbi ilə bağlı tələbi üzrə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla əlaqədar əlavə araşdırma aparılmasına zərurət görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlar və hallar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1169/2021 saylı, 11 fevral 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4182/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4182/2021
21.04.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver