Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4184/2024 12.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-373/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. 28.08.2022-ci il tarixli qəbzin surətindən görünür ki, həmin tarixdə 100 manat məbləğində pul Cavabdeh məxsus bank kartına köçürülmüşdür.
2. Sadə yazılı qaydada olan iltizamdan görünür ki, Cavabdeh ona məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı satdığını, İddiaçı isə 25000 manat məbləğində pul aldığını təsdiq etmişdir. İltizama Cavabdeh, İddiaçı, şahid qismində X8 və X3 imza etmişlər.
3. xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh ünvan 2 ünvanına aid olan (012) *** ** ** saylı telefonun X1 adına keçirilməsinə, sənədləşdirilməsinə etirazı yoxdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 25000 manat məbləğində, əlavə təmir xərclərinə görə 3000 manat məbləğində və ödənilmiş dövlət rüsumu olan 174 manat məbləğdə pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh istifadəsi və sahibliyində olmuş Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X5 fərdi yaşayış evini xx.xx.2022-ci il tarixdə 25 000 manat ödəməklə almışdır. Sözügedən ev Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmadığından aralarında şifahi “alqısatqı” müqaviləsi bağlanmış, pulun verilməsinə dair yazılı “iltizam” tərtib edilmişdir. Daha sonra cavabdeh ona evə dair inventarlaşdırmaya dair hesabat cədvəlini vermiş, evin kommunal xidmətlərini adına keçirilməsi üçün etibarnamə vermiş, sənədləşmənin adına olmasına etiraz etməməsinə dair ərizə vermişdir. Daha sonra o, həmin etibarnamə və ərizə əsasında kommunal xidmətləri öz adına sənədləşdirmişdir. Pulu ödədikdən sonra cavabdeh evindəki əşyaların çıxarılması və özünün də evdən çıxması üçün 15 gün vaxt verməsini xahiş etmişdir. Daha sonra evdə rütubət olduğundan o, evə ustalar gətirərək bəzi təmir işlərini görmüşdür. 2022-ci ilin sentyabr ayının sonlarında evin dam örtüyünün təmiri zamanı cavabdehin anası fərdi yaşayış evinə gələrək səs-küy salmış, onları evi tərk etməklərini bildirmiş, ona orada şər-böhtan atmışdır. Həmin təmirlərə onun 3000 manat xərci çıxmışdır. Daha sonra cavabdehin anası onu polisə vermişdir. Bütün olanlardan sonra cavabdeh Nur da evdən çıxmamış və verdiyi etibarnaməni ləğv etdirmiş, bəzi kommunal abonent adlarını yenidən öz adına keçirmişdir. Bu günə qədər ya evin tərk edilməsini, ya da pulunu geri qaytarılmasını təklif etsə də bundan imtina etmişdir. Həmçinin, həmin evdə onun bəzi aşyaları qalmışdır. Evi almazdan əvvəl ayın 28-də 100 manat behi cavabdehin kartına atmışdır. Daha sonra notariat orqanına gedərək 25000 manatı ödəmiş və iltizama hər ikisi qol çəkmişdir. Notariat orqanına Nur və onun əri İlkin gəlmişlər. Həmin vaxt o, 25000 manatı Nura vermiş və sonuncu da pulu çantasına qoymuşdur. Ev orta təmirli olduğundan təmirə ehtiyacı olmuşdur. Cavabdeh ona digər evini təklif etmiş, lakin o, razılaşmamışdır. Daha sonra cavabdeh öz anası ilə birlikdə onun aldığı evə köçmüşdür. Köçdükdən sonra cavabdeh ona pul vermədiyini bildirmişdir. Həmin evdə onun tikinti materialları qalmışdır. Cavabdeh hələ də onun əşyalarını qaytarmaqdan imtina edərək evdə yaşamağa davam edir.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-373/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 25000 manat və ödənilmiş dövlət rüsumuna görə 165 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması,ödənilmiş dövlət rüsumunun qalan 9 manat hissəsi iddiaçının özünə aid edilməsi və iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, 2022-ci il tarixdə iddiaçı cavabdehə məxsus evi almaq üçün ona 25000 manat məbləğində pul vermiş, lakin cavabdeh evi ona təhvil verməyərək özü yaşamağa başlamış, ödənilən pul məbləğini isə geri qaytarmayaraq əsassız olaraq varlanmışdır. Eyni zamanda məhkəmə qeyd edir, tərəflər arasında mümkün alqı-satqı müqaviləsinin bağlanması qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilməməsinə baxmayaraq, iddiaçı tərəfindən cavabdehə pulun verilməsi və cavabdeh tərəfindən həmin pulun qaytarılmadığı müəyyən edildiyindən, cavabdeh tərəfindən qaytarılmamasının heç bir əsası olmadan iddiaçının əmlakını (pulunu) əldə etməklə, yəni əsassız varlanmaqla onun iddiaçı qarışısında öhdəliyi yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 25000 manat pulun iddiaçıya cavabdeh tərəfindən qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, cavabdeh, əsassız varlanmış şəxs kimi həmin pul məbləğini iddiaçıya qaytarılmalıdır. Məhkəmə, iddia tələbinin evin təmiri üçün 3000 manat xərc qoyularaq yaxşılaşdırma edilməsi ilə bağlı həmin pulun cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin hissədə iddia təmin edilməməlidir. İddiaçının tələbinin hüquqi əsası kimi evi təmir etdirərək pul xərcləməsi ilə bağlı nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən evin təmiri ilə bağlı pul xərcləməsi ilə bağlı iddiaçı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Nəzərə almaq lazımdır ki, bu halda, sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq buna dair sübutları təqdim etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. İddiaçı tərəf isə belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Həmçinin, iddiaçının özü tərəfindən izahatında qeyd olunur ki, cavabdeh tərəfindən ev ona təhvil verilməmiş, cavabdeh orada yaşamağa davam etmişdir. Belə olan halda, iddiaçı tərəfindən həmin daşınmaz əmlakın təmirinə pul xərclənərək yaxşılaşdırma edilməsi real görünmür.
8. Məhkəmə gəldiyi nəticəni N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı, Mülki Məcəllənin 157.7,324.1,324.4,386.1,1091,1092.1,1092.2-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2,76.1,76.2,77.1,95.1,95.2,119.1, 216-220, 227, 233, 360cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-373/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı X1 iddiası əsassız, şər və böhtan xarakterlidir. Məhkəmə, buna sübut olaraq Xəzər Rayon Pİ-nin 1-ci Polis şöbəsindən olan qərarlara istinad edir. İddiaçı, qərəzli şəkildə Cavabdeh barəsində tək onun barəsində iddia qaldırmışdır. Buna səbəb iddiaçının özü dələduz qrupunun üzvüdür. İddiaçının həyat yoldaşı Kazımova Rahidə səs yazısındada bildirir ki, pul Cavabdeh yox, İlkin Məmmədova verilib. Qeyd etmək istəyir ki, vətəndaş İlkin Məmmədov ailəli ola-ola Cavabdeh istifadə etmək, yəni əmlakların ələ keçirməkdən ötrü onunla tanış olmuş, öz planına tanışı olan iddiaçını, yəni Vüqar Salmanovuda daxil edərək İltizam yazılmış və Cavabdeh həmin iltizama qol çəkməsini, daha sonradan pulu bank hesabına köçürüləcəyini bildirmişdir. Cavabdeh İltizama məcburi şəkildə qol çəkdikdən sonra sonuncu tərəfindən Vüqar Salmanovdan pulu tələb etmiş, həmin zaman X12 Məmmədova verdiyini bildirmişdir. İddiaçı Vüqar Salmanov Prokurorluqda bildirmişdir ki, pulu İlkin adlı şəxsə verib. Hətta İlkinin əmisi Məmmədov Ədalətin də səs yazısında aydın açıq eşidilir ki “Vuqarın pulunu qaytaracayıq onlara haram pul lazım deyil”. İlkinin atası polisin yanında bildirmişdir ki, ona 2023-cü il yanvar ayına kimi vaxt versinlər, o, Vuqarın pulunu qaytaracaqdır. Bu dələduz qrupun onu aldadaraq yazdırdıqları ərizə də əsassızdır. Çünki tarixlər fərqli yazılmışdır. Evin satılması ilə əlaqədar razılaşdırılan məbləğ ərizə yazıldıqdan sonra bank vasitəsi ilə şəxsin hesab nömrəsinə köçürülməli idi. Lakin İlkin adlı şəxs Cavabdeh xəbəri olmadan pulu Vüqar Salmanovdan alaraq mənimsəmişdir. Vuqarın özünün yazdığı polisə olan ərizəsində də qeyd edir ki, Nurun anası Abasəliyeva Səidə onları evə buraxmır köçməklərinə maneə yaradır. Bu da onu sübut edir ki, onlar heç vaxt sözügedən evdə yaşamayıblar. Qonşuları da buna sübut olaraq notarial qaydada bunu təsdiqləyiblər. Vuqar onun kartına cəmi 100 manat pul göndərmişdir. O, iltizamı ayın 22-i yazmışdır. İddiaçı 100 manat məbləğində behi ayın 28-də ona göndərmişdir. O, pulu soruşduqda Vuqarın arvadı pulu İlkinə verdiklərini bildirmişdir. Ev alqı-satqısı ilə əlaqədar ilkin hazırlıq işləri qismində Cavabdeh tərəfindən etibarnamə verilmiş, lakin pulun İlkin adlı şəxs tərəfindən ələ keçirildiyini bildikdən sonra o, etibarnamələri dərhal ləğv etdirmişdir. Eyni zamanda, iddiaçı tərəfindən Cavabdeh yüksək məbləğdə pul verilməsi ididasına əlavə olunmuş İltizamdan başqa heç bir sənəd, pulun təhvil-təslim aktı mövcud deyildir. Hal-hazırda Cavabdeh müraciəti əsasında Xəzər Rayon Pİ-nin 1-ci Polis şöbəsi tərəfindən qəbul edilmiş qərar ləğv edilmişdir. İş yenidən araşdırmaya qəbul edilmişdir. Hal-hazırki vəziyyətdə bu iddia rədd edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirir ki, məhkəmə hərtərəfli, tam araşdırma aparmadan,sübutları tədqiq etmədən, cavabdehin xeyrinə qətnamə qəbul edib. İlkin Məmmədov, əmisi Ədalət Məmmədov, Nurun anası Səidə Abasəliyeva, iltizama şahid kimi imza edən Kazımov Amil, Kazımova Rahidə hadisənin şahidi olublar amma, məhkəmədə şahid qismində dindirilməyiblər.Buna görə vəsatətlərini müdafiə edir, onların şahid qismində dindirilmələrini xahiş edir. Birinci instansiya məhkəməsi qətnaməsində iddiaçının yoldaşının səs yazılarınıa əsaslanıb. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsaslanıb. Məhkəmə Kazımova Rahidəyə səs yazılarının aid olub-olmamasını araşdırmayıb, şahid kimi dindirməyib. Hesab edir ki, qətnamə əsassızdır. Cavabdeh məhkəmədə bildirmişdir ki, o, iltizamı imza etməyib. Məhkəmə bu hala qiymət verməyib. O, demişdir ki, imza onun deyil. Rayon məhkəməsi adı çəkilən şəxsləri çağırmadan, xəttşünaslıq ekspertizası təyin etmədən qətnamə qəbul edib. İltizamda tarixdə və imzada ziddiyətlər var. Vəsatətlərin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəməyə verilən etirazda, izahatında Polis şöbəsinə müraciət edildiyini bildirib. Həm də prokurorluqda araşdırma olub, məhkəmə bu halı da araşdırmayıb. Məhkəmə sorğu verib materialı tədqiq etməli idi. İltizamı cavabdeh yazıb, imzanı özü etməyib. İmza onun deyil, bunu da rayon məhkəməsində izahatında bildirmişdir.Cavabdeh sənədləşdirməni edib,pulu gözləyib. İlkin vasitəçi olub. Pul İlkinə verilib. Cavabdehə pul verilməyib. Obyektiv araşdırmaq üçün İlkin Məmmədovun dindirilməsi zəruridir.İddiaçının yoldaşı Kazımova Rahidə səs yazmada deyib ki, pul İlkinə verilib.
13. Məhkəmə iclasında iştirak edən İddiaçı çıxış edərək bildirdi ki, vəsatətlərə etiraz edir.İltizamda tarixdə səhvlik var. İltizam ev alınanda yazılmamışdır. Pulu cavabdehə avqustun 29-u vermişdir. Məhkəməyə səs yazılarını da təqdim etmişdir. O, cavabdehə etibar edirdi. İlkin Məmmədovu cavabdeh onlara həyat yoldaşı kimi təqdim etmişdi. Evə baxanda İlkin yox idi. Onlar qiymətlə bağlı cavabdehlə razılaşdı. Cavabdehin kartına 100 manat beh kimi göndərdi, ertəsi gün notariat ofisinə getdilər. İlkin də o zaman cavabdehin yanında idi, cavabdeh İlkinin onun yoldaşı olduğunu bildirdi. Qaz, işıq, su və s. özünün adına keçirdi. Evi aldı və ona dedilər ki, cavabdehə 10-15 gün vaxt versin, o da razılaşdı və vaxt verdi. Daha sonra evdə nəmişlik olduğunu gördü,ustaları çağırmaq istəyəndə bir qadın gəldi, hay-küy saldı, onu təhqir etdi, evini dağıtdı, yoldaşının cehizlərini sındırdı. Həmin qadın cavabdehin anası idi. O, onlara evi satmadığını dedi. Cavabdehə yığdı bu məsələni bildirdi. Cavabdehin anası ona şər atdı, bununla bağlı cinayət işi açıldı. Sonra cavabdehin anası cərimə olundu. Aldığı evlə cavabdehin anasının evi qonşuluqda idi. Cavabdehin anası dediyinə görə cavabdeh utandığından öz adını dəyişib.Cavabdeh onlara dedi ki, anasını polisə şikayət etsinlər, çünki evi özü tikib. Onlar da dedi ki, iltizam yazılsın, əllərində bir sübut olsun. Cavabdeh də dedi ki, yaza bilər. Cavabdehin anasının çıxardığı davaya görə polisə şikayətə getdilər. Sonra cavabdehi çağırdı, gəldi onunla həyətdə oturdu. O zaman cavabdehlə birlikdə İlkin də gəlmişdi. Sonradan gördü ki, portalda qaz, işıq və s. onun adından cavabdehin adına keçirilib. Cavabdehdən soruşanda dedi ki, pulu İlkinə verib. Belə güman edir ki, yəqin İlkinlə dalaşıblar, ondan qisas almaq istəyib. Onu polisə verdilər ki, guya o, onları döymüşdür. Cavabdeh özü səsyazmada deyib ki, onlardan aldığı pulu nə edib.Vəsatətdə göstərilən Məmmədov Ədaləti isə ümumiyyətlə tanımır.İlkinlə birlikdə cavabdeh gəlmişdi. Evdə bəzi əşyalar qalmışdı.İlkin dedi ki, ev cavabdehindir. Onda şübhələndi ki, belə ailə ola bilər.Pulu cavabdehə vermişdir.İlkini o, tanımamışdır.İltizamda qeyd olunanlar onun yaxın qohumlarıdır. Cavabdehə inandığı üçün gec iddia qaldırdı. Ev məsələsi çox uzandı, cavabdeh neçə dəfə dedi ki, anasıyla barışacaq, məsələni həll edəcək, amma heç bir nəticə olmadı. Sonra cavabdeh ona başqa ev verməyi təklif etdi. Amma, o razılaşmadı. Buna görə məsələ bu qədər uzandı, sonra da iddia qaldırdı.Onlar ev axtarırdı, yoldaşına bildirilmişdi ki, belə ev var. Pul veriləndə İlkin orada idi. Pulu Cavabdeh vermişdir.
Tətbiq edilən hüquq normaları:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apellyasiya baxışının hədləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə cavabdehə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, hazırkı iddiasında iddiaçı cavabdehdən onun xeyrinə 25000 manat məbləğində, əlavə təmir xərclərinə görə 3000 manat məbləğində pulun tutulmasını xahiş edir.
21. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilərək, Cavabdeh 25000 manat pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir.
22. İş materiallarından müəyyən olunur ki, sadə yazılı qaydada olan iltizama əsasən Cavabdeh ona məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı satdığını, İddiaçı isə 25000 manat məbləğində pul aldığını təsdiq etmişdir.
23. Cavabdeh ilkin olaraq verdiyi apellyasiya şikayətində qeyd edir ki, vətəndaş İlkin Məmmədov ailəli ola-ola Cavabdeh istifadə etmək, yəni əmlaklarını ələ keçirməkdən ötrü onunla tanış olmuş, öz planına tanışı olan iddiaçını, yəni Vüqar Salmanovu da daxil edərək İltizam yazılmış və Cavabdeh həmin iltizama qol çəkməsini, daha sonradan pulu bank hesabına köçürüləcəyini bildirmişdir. Cavabdeh İltizama məcburi şəkildə qol çəkdikdən sonra sonuncu tərəfindən Vüqar Salmanovdan pulu tələb etmiş, həmin zaman X12 Məmmədova verdiyini bildirmişdir. (i.v. 137)
24. Daha sonra isə Cavabdeh təkrarən verdiyi apellyasiya şikayətində iddia tələbinin əsassız olması, onun aldanılması, pulun İlkinə verilməsini qeyd etmişdir.
25. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədə qeyd edilir ki, hərbiçi qardaşının tikdiyi anasına məxsus fərdi evi 60 000 manata sataraq ondan sadəcə etibarnamə istəyirdi. Həmin gün onu Vüqargilin evinə apardı, orada kağız yazdırdı ki, güya pulun yarısını 25000 manata alıb. İlkin ona dedi ki, 25000 manatı alıb və qalan pulu bu yazdığı kağızı notariusda təsdiqləyəndə qalan pulu verəcəklər. (i.v.44)
26. Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsində də həmçinin qeyd edilir ki, həmin gün onu Vüqargilin evinə apardı və orada kağız yazdırdı ki, guya pulun yarısını 25000 manatı alıb. İlkin ona deyib ki, 25000 manatı alıb və qalan pulu bu yazdığı kağızı notariusda təsdiqləyəndə qalan pulu verəcəklər. Oradan çıxanda 25000 manatını istəyəndə İlkin deyib ki, hələ götürməyib. O, həmin an artıq başa düşüb ki, orada onu aldadırlar və pulunu tələb etməyə başlayıb. Salmanov Vüqardan və ailəsindən pulunu istəyəndə dedilər ki, Məmmədov İlkinə veriblər. (i.v.88)
27. Cavabdeh işə birinci instansiya məhkəməsində baxılması zamanı izahatında bildirir ki, o, iltizamı ayın 22-i yazıb. İddiaçı 100 manat məbləğində behi ayın 28-də ona gördəmişdir. O, pulu soruşduqda Vüqarın arvadı pulu İlkinə verdiklərini bildirmişdir. İlkin onu aldadaraq etibarnamə vermişdir. Lakin ona pul verilməmişdir. (i.v. 127)
28. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh bir tərəfdən bildirir ki, iltizamda 25000 manatı almasını yazdıqdan sonra pulunu tələb etdikdə İlkin ona bildirdi ki, “hələ götürməyib. O, həmin an artıq başa düşüb ki, orada onu aldadırlar və pulunu tələb etməyə başlayıb. Salmanov Vüqardan və ailəsindən pulunu istəyəndə dedilər ki, Məmmədov İlkinə veriblər”. Cavabdeh həm də qeyd edir ki, iltizamı avqust ayının 22-də yazmışdır.
29. Digər tərəfdən isə xx.xx.2022-ci il tarixdə notarial qaydada ərizə verir ki, ünvan 2 ünvanına aid olan (012) *** ** ** saylı telefonun X1 adına keçirilməsinə, sənədləşdirilməsinə etirazı yoxdur.
30. Göründüyü kimi Cavabdeh işə birinci instansiya məhkəməsində baxılarkən iltizamı özü yazdığını bildirmişdir. Hətta ilkin apellyasiya şikayətində iltizamı məcbur olaraq imza etdiyini bildirmişdir. Lakin apellyasiya baxışında iltizamı imzalamadığından xəttşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət vermişdir. Halbu ki, bu hala birinci instansiya məhkəməsində istinad etməmişdir.
31. xx.xx.2023-cü il tarixli ərizəsindən də aydın görünür ki, Cavabdeh evi Salamanov Vüqara satmaq üçün iltizamı yazmışdır. Ərizədə qeyd edir ki, İlkin ona 25000 manatı aldığını demişdir. Qalan pulu isə notariusda təsdiqləyəndə verəcəyini bildirmişdir.
32. Müəyyən olunduğu kimi, Cavabdeh X4 evi satmaqla bağlı razılıq əldə edərək 2023cü ilin avqust ayında 25000 manatı Vüqardan almasını təsdiq edən ərizə yazmışdır. Daha sonra isə sentyabr ayında notarial qaydada ərizə verərək Qala qəsəbəsi, Salatın Əsgərova küçəsi, ev 5 ünvanına aid olan (012) *** ** ** saylı telefonun X1 adına keçirilməsinə, sənədləşdirilməsinə etirazının olmadığını bildirmişdir.
33. Beləliklə, nəzərə alınmalıdır ki, iddiaçı ilə qanunvericlikdə nəzərədə tutulmuş forma və qaydada daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanılmamış, o cümlədən ev də ona təhvil verilməmişdir. Hazırda cavabdeh iddiaçının pulunu qaytarmamaqla əsassız varlanmışdır.
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən onun xeyrinə 25000 manat məbləğində pulun tutulması ilə bağlı düzgün qənaətə gəlmişdir.
35. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-373/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-373/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev